Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-950/2025 07.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, iddiaçı X1 və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsi alınaraq adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsi alınaraq adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 07 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçı X2 25 iyun 2025-ci il tarixli yardım məktubu ünvanlayaraq, iddia tələbinin aydın ifadə olunmadığı bildirilmişdir. Belə ki, iddia tələbinin məzmunundan aydın olur ki, X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsinin alınaraq onun adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsi tələb edilmişdir. Lakin hansı əsasa görə həmin torpaq sahəsinin onun mülkiyyətinə işlənilməsi, bununla bağlı müvafiq subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmış, həmçinin bu halları sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materialları nəzərdən keçirilərkən məlum olmuşdur ki, iddiaçı hazırki tələb ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, imtina cavabı almış, lakin həmin inzibati orqanın müvafiq səlahiyyətə malik olması, tələbin icrasının həyata keçirilməsinin mümkünlüyü mübahisəli olaraq qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin və cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi üçün iddiaçıya 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edimiş, əks halda iddia tələbinin mümkünlük məsələsinə baxılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 məhkəmənin müvafiq yardım məktubunu aldığını, əsas məqsədinin sənəd əsasında onun mülkiyyətində olan 14.09 m2 torpaq sahəsi X5 faktiki istifadəsində olduğundan həmin torpaq sahəsinin ona qaytarılması olduğunu, qonşu ilə aralarındakı mübahisəni həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək, məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iddiaçının hazırki iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsi mümkün olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsi alınaraq adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsini tələb edir. İş materiallarına isə hüquq müəyyənedici sənəd qismində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əlavə edilmişdir. Həmin çıxarışa əsasən Naxçıvan şəhəri, Xətai məhəlləsi, 1-30A ünvanında yerləşən 0.0313 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 iyun 2025-ci il tarixli, 06/Ə-F- 133/1-5/2025 nömrəli məktubundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə hüquqi torpaq sahəsinin ölçüləri arasında hər hansı uyğunsuzluq mövcud deyil. Faktiki istifadə vəziyyətində həyətyanı torpaq sahəsinin cənub istiqamətində yerləşən, X7 məxsus torpaq sahəsinin 12,65 m2 hissəsi iddiaçının, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin 14,09 m2 hissəsi isə X5 həyətyanı torpaq sahəsinin texniki sənədlərində göstərilən sərhədləri daxilində yerləşir. Faktiki olaraq Bəxtiyar Əliyevin istifadə etdiyi 14,09 m2 torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ona verilən texniki və hüquqi sənədlərdə öz əksini tapmışdır. Qeyd edilməlidir ki, məhkəmənin əsas vəzifəsi iddiaçının əsas hüquqi marağının nədən ibarət olmasının müəyyən edilməsindən ibarətdir. Hazırki iddiaya münasibətdə iddiaçının əsas hüquqi marağı X5 həyətyanı torpaq sahəsinin texniki sənədlərində göstərilən sərhədləri daxilində yerləşən 14,09 m2 torpaq sahəsinin onun adına olan torpaq sahəsinin üzərində işlənilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın məktubundan da göründüyü kimi, qonşu torpaq sahələri arasında uyğunsuzluq əmələ gəlmiş, digər qonşusunun torpaq sahəsi İddiaçı, iddiaçının torpaq sahəsi isə X5 faktiki istifadəsində olan torpaq sahəsinə əlavə edilmişdir. Bu uyğunsuzluq sənəd üzərində deyil, faktiki vəziyyətdə öz əksini tapmışdır. Göründüyü kimi hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamış, qonşular arasında mülki hüquqi xarakterli uyğunsuzluq yaranmışdır. Həmçinin cavabdeh qismində qeyd edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin də məhkəmə iclasında qeyd etdiyi kimi müvafiq səlahiyyətə malik olan inzibati orqan deyil. Bu səbəbdən də iddiaçının tələbinin icrası mümkün deyil. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmadığından və iddiaçının hüquqi marağının təmin edilməsi üçün qonşu torpaq sahələri arasındakı uyğunsuzluğun aradan qaldırılması mülki hüquq münasibətlərinə aid olduğundan iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclasında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi müzakirə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsi alınaraq adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya müvafiq tələb ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X5 mülkiyyətində olan ünvan 1 ünvanına verilmiş texniki və hüquqi sənəddən 14.09 kv.m. torpaq sahəsi alınaraq adına olan Naxçıvan şəhəri, Xətai məhəlləsi 30 ünvanında yerləşən texniki və hüquqi sənədə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-950/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-950/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver