Məhkəmə qərarları › İş №2-1(122)-97/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-97/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-97/2020 18.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçını vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli, 0506 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, buraxılmış 6 ay hərbi xidmət müddətini başa vurmaq üçün hərbi xidmətə bərpa edilməsinin təmin edilməsi və hərbi qanunvericilikdə kadr olmayan zabitlər üçün nəzərdə tutulmuş 1 il 6 ay hərbi xidmət müddətinin qalan 6 ayına görə zabitlər üçün müəyyən edilmiş bütün təminat xərclərini hesablayaraq ona dəymiş maddi ziyanın tam ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli, 0506 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, buraxılmış 6 ay hərbi xidmət müddətini başa vurmaq üçün hərbi xidmətə bərpa edilməsinin təmin edilməsi və hərbi qanunvericilikdə kadr olmayan zabitlər üçün nəzərdə tutulmuş 1 il 6 ay hərbi xidmət müddətinin qalan 6 ayına görə zabitlər üçün müəyyən edilmiş bütün təminat xərclərini hesablayaraq ona dəymiş maddi ziyanın tam ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2532/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və xx xxxxxxxx 2020-ci il tarixə iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası təyin edilmişdir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini bildirərək iddianın mümkün sayılmasını xahiş etdilər. Məhkəmə, iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “E.Həkimovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi xx xxxx 2017-ci il tarixli, 0506 nömrəli əmrinə əsasən xidmətdən xaric edildiyindən xəbərdar olmuşdur və həmin əmrin surətini almaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə uzun müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüququnun məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 2 ildən artıq müddət keçəndən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin xx xxxx 2020ci il tarixli, 2-1(112)-2532/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. İşin hallarından və sadalanan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğv üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı, iddiaçının vəkili və nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli, 0506 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, buraxılmış 6 ay hərbi xidmət müddətini başa vurmaq üçün hərbi xidmətə bərpa edilməsinin təmin edilməsi və hərbi qanunvericilikdə kadr olmayan zabitlər üçün nəzərdə tutulmuş 1 il 6 ay hərbi xidmət müddətinin qalan 6 ayına görə zabitlər üçün müəyyən edilmiş bütün təminat xərclərini hesablayaraq ona dəymiş maddi ziyanın tam ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2017-ci il tarixli, 0506 nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi, buraxılmış 6 ay hərbi xidmət müddətini başa vurmaq üçün hərbi xidmətə bərpa edilməsinin təmin edilməsi və hərbi qanunvericilikdə kadr olmayan zabitlər üçün nəzərdə tutulmuş 1 il 6 ay hərbi xidmət müddətinin qalan 6 ayına görə zabitlər üçün müəyyən edilmiş bütün təminat xərclərini hesablayaraq ona dəymiş maddi ziyanın tam ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar