Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-970/2025 27.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına qarşı “cavabdehə 15 mart 2005-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək əsassız olaraq ödənilmiş 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1964-cü il tarixində anadan olmuş, Babək rayon, Nehrəm qəsəbəsində yaşayan İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 18 mart 2005-ci il tarixli, 180 nömrəli qərarına əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə müvafiq olaraq 15 mart 2005-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumatlarda onun 01 sentyabr 1984-cü il tarixdən 17 fevral 2005-ci il tarxədək (20 il 5 ay 16 gün) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Babək rayon Peşə məktəbində istehsalat təlim ustası vəzifəsində işlədiyi qeyd edilmişdir. İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına xidmət illərinə görə əmək pensiyası təyin olunması üçün əsas götürülmüş 01 sentyabr 1984-cü il tarixdən 17 fevral 2005-ci il tarxədək (20 il 5 ay 16 gün) Babək rayon Peşə məktəbində mövcud olan əmr və əməkhaqqı kitablarına əsasən yoxlanılmış, lakin qeyd edilən sənədlərdə adına rast gəlinməmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının qanunla tələb olunan 20 il pedaqoji stajı yoxdur. Bu səbəbdən də, ona Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 18 mart 2005-ci il tarixli, 180 nömrəli qərarı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı komissiyasinin 03 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-1-6561/2025 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına 15 mart 2005-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək əsassız olaraq ödənilmiş 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 fevral 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Pensiya təyinatı komissiyanın 03 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-İ-6561/2025 nömrəli qərarının surətindən məlum olur ki, Babək rayonu Nehrəm qəsəbə sakini İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə Fondun Babək rayon şöbəsinin 2005-ci il 18 mart tarixli 180 nömrəli qərarı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyul 2025-ci il tarixli, 3-48-NDA/1-2-1238/2025 nömrəli məktubdan məlum olur ki, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının Babək rayon 145 nömrəli Texniki Peşə Məktəbində işləməsi barədə məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1303/2025 nömrəli məktubdan məlum olur ki, Babək rayon 145 nömrəli Texniki Peşə məktəbinin 1984-1986-cı illərə aid əmr kitablarında, əməkhaqqı cədvəllərində İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinməmişdir. Babək rayon 145 nömrəli Texniki Peşə məktəbinin müəllimlərinin adının qeyd olunduğu 1984-1986-cı illərə aid əmrlərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sorğusuna cavab olaraq göndərilmiş 12 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1323/2025 nömrəli məktubdan məlum olur ki, Babək rayon 145 nömrəli Texniki Peşə məktəbinin 1984-2005-ci illərə aid əmr kitablarında, əməkhaqqı cədvəllərində İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinməmişdir. Babək rayon 145 nömrəli Texniki Peşə məktəbinin müəllimlərinin adının qeyd olunduğu 1984-1986 və 2001-2005-ci illərə aid əmrlərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 sentyabr 2025-ci il tarixli, 3-29-72/2-1176/2025 nömrəli məktubdan məlum olur ki, hazırda qüvvədə olan “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarında, eləcə də həmin qərarla qüvvədən salınmış 29 mart 1997-ci il tarixli 16- 4/3 nömrəli qərarda ödəniş dərəcələrinə ixtisas tələblərində 9-cu dərəcə üzrə ümumi orta təhsil, ixtisas üzrə 3 ildən az olmayan iş stajı və ya iş stajı nəzərə alınmadan orta ixtisas təhsili tələbi, 10-13-cü dərəcələr üzrə isə ali və orta ixtisas təhsil tələbi qoyulmuşdur. 1982ci ildə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul zamanı təhsil tələbi barədə məsələ araşdırılmış, lakin sözügedən dövrə aid sənəd mövcud deyil. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: -37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. -39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli***Qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə 15 mart 2005-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək əsassız olaraq ödənilmiş 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsi nəzərdə tutur ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Məhkəmə qeyd edir ki, qanunsuz inzibati aktın ləğvi onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Hazırkı işin materiallarından müəyyən edilir ki, cavabdeh X1 məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının məlumatlarında onun xx.xx.1984-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (20 il 5 ay 16 gün) Babək Rayon 145 nömrəli Texniki Peşə məktəbində istehsalat təlimi ustası vəzifəsində işləmədiyi halda, mübahisəli dövrə aid işə qəbul və işdən azad olunma barədə aparılmış qeydlər eyni əlifba, eyni yazı xətti və eyni tərtibat üslubu ilə aparılmışdır. Bu hal qeydlərin müxtəlif illərdə və müxtəlif əmrlər əsasında mərhələli şəkildə aparılması zərurəti ilə uzlaşmır. Əmək münasibətlərinin uzun illəri əhatə etdiyi hallarda sənədləşmə prosesinin dinamik xarakter daşıması gözlənildiyi halda, bütün qeydlərin vahid texniki icra ilə rəsmiləşdirilməsi onların sonradan və eyni vaxtda daxil edilməsi ehtimalını artırır. Bu isə sənədin etibarlılığına şübhə yaradan obyektiv göstərici kimi qiymətləndirilməlidir. Əmək kitabçasında N.Zeynalovanın xx.xx.1984-cü il tarixli, 13 nömrəli əmrlə işə qəbul edilməsi barədə qeyd aparılsa da, əldə edilmiş arxiv arayışından müəyyən edilmişdir ki, eyni tarixdə həmin təhsil müəssisəsi üzrə cavabdehin adının əks olunmadığı müəllimlərin saat hesabı ilə işə qəbul edilməsi barədə 189 nömrəli əmr qəbul edilimşdir. Həmçinin əmək kitabçasında N.Zeynalovanın xx.xx.2005-ci il tarixdə, 219 nömrəli əmrlə işdən azad olunması barədə qeyd aparılsa da, əldə edilmiş müəllimlərin məzuniyyətə buraxılması barədə arxiv arayışından məlum olur ki, xx.xx.2005-ci il tarixdə sayca 33 nömrəli əmr qəbul edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən əldə edilmiş 29 avqust 1983-cü il tarixli, 73 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”ndən görünür ki, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızı həmin dövrdə Kommunizm sovxozunda fəhlə işləmişdir. Aktın məlumatlar qrafasında isə onun “ümumi orta” təhsilli olması barədə qeyd aparılmışdır. Qeyd edilməlidir ki, müvafiq vəzifə üçün normativ aktlarda ali və ya orta ixtisas təhsili tələbi nəzərdə tutulmuşdur. Bu ziddiyyət onun həmin vəzifəyə qanuni əsaslarla qəbul olunmaması məsələsini və müvafiq iş stajının olmamasını bir daha təsdiq edir. Məhkəmə araşdırması nəticəsində əldə edilmiş Dövlət və Rayon Arxiv idarələrinin arayışlarından İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızının Babək Rayon 145 nömrəli Texniki Peşə məktəbinin əmr və əmək haqqı kitablarında istehsalat təlimi ustası işləməsi barədə hər hansı məlumata rast gəlinməmişdir. Başqa sözlə, Dövlət və Rayon Arxiv idarələrindən daxil olmuş sorğuya cavab məktubuna diqqət edildikdə aydın görünür ki, iddiaçının ümumiyyətlə, mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışdığı müəyyən edilmir. Halbuki işə qəbul və işdən azad olunma, habelə əməkhaqqının hesablanması barədə əmrlər iş stajının təsdiqi üçün əsas sübut mənbələridir. Arxiv sənədlərinin mövcudluğu və həmin sənədlərdə şəxsin adına dair hər hansı qeydin olmaması faktı onun mübahisəli dövrdə göstərilən vəzifədə işləməsini təsdiq edən rəsmi sübutun olmadığını göstərir. Bu halın özü də əmək kitabçasındakı qeydlərin qeyri-mötəbərliyini bir daha təsdiq edir. Diqqətə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edilə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan iddiaçının qeyd olunan müəssisədə işləmədiyi və sosial sığorta stajına malik olmadığı halda pensiyanın təyin olunmasının qanunsuz olduğunu bildiyi və ya ən azından bilməli olduğu halda onun etimad hüququnun qorunduğuna istinad edilə bilməz. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun” 60-cı maddəsi tətbiq edilərək cavabdehə xx.xx.2005-ci il tarixdən pensiya təyin edilmiş və o, müəyyən dövr ərzində yaşa görə əmək pensiyası almışdır. Cavabdeh tərəfindən həmin müddət ərzində iddiaçıya ümumilikdə 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat artıq ödəniş edilmiş, sonradan düzgün təyin edilməmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı iş üzrə iddiaçıya əmək pensiyasının ödənilməsinin sadəcə cavabdehin təqsirli davranışına bağlı olduğunu deyil, eləcə də, inzibati orqanın təqsirli davranışına bağlı olduğunu, təyin edilmiş pensiyanın onun səhvi nəticəsində təyin olunduğunu və hazırkı iş üzrə pensiya məbləğinin artıq ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqları nəzərə alınmalıdır. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçı cavabdehə qeyri-qanuni pensiyanın təyin olunması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl müvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmiş, iş üzrə şübhə doğuran sənədləri lazımi diqqət göstərərək araşdırmamışdir. Məlumatın əldə olunması üçün cavabdeh yalnız özündə olan sənədlərlə kifayətlənməli deyil, həm də pensiya təyinatının cavabdehdə mərkəzləşdirilməsinə qədər pensiya təyin etmək səlahiyyətinə malik olan müvafiq qurumlara da müraciət etməli idi. Məhkəmə qeyd edir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. İddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli oduğu nəzərə alınmalıdır. Qeyd edilənlərdən göründüyü kimi cavabdehə pensiya qismində mütəmadi pul ödəmələrinin aparılması təkcə cavabdehin təqsiri üzündən baş vermədiyi, həmçinin inzibati orqanın təqsirli davranışına bağlı olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibat icraat hüququnun yuxarıda istinad olunan müddəaları baxımından tərəflərin əmlak vəziyyəti tam qorunmağa layiq deyil. Məhkəmə həmçinin hesab edir ki, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin birinci cümləsinin kontekstində qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş əmək pensiyasının məbləği barədə məlumat vərəqəsindən görünür ki, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına təyin olunmuş əmək pensiyasının dayandırıldığı üç il əvvəlki dövr üzrə (xx.xx.2020-xx.xx.2023) ödənilmiş pensiya məbləğləri aşağıdakı kimidir: xx.xx.2020-ci il üzrə (xx.xx.2020 - xx.xx.2020 - 06 ay) 1399.20 manat, xx.xx.2021-ci il üzrə (12 ay) 3117.36 manat, 2022-ci il üzrə (12 ay) 3423.32 manat və 2023-cü il üzrə (xx.xx.2023 - xx.xx.2023 – 06 ay) 1963.20 manat. Bununla da, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına qanunsuz təyin edilmiş pensiya əsasında, son 36 ay ərzində ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul vəsaiti ödənilmişdir. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə məhkəmə hesab edir ki, İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına qanunsuz təyin edilmiş pensiya əsasında, son üç il (36 ay) ərzində ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tərəfləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. İnzibati icraat haqqında Qanunun 67.6-cı maddəsinə görə, maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunmasına istinad edə bilməz. İş materiallarından cavabdehin “istehsalat təlimi ustası” işləməsi təsdiq olunmur, bu səbədən məhkəmə cavabdehin ən azı qanunsuzluğu bilməli olduğu qənaətinə gəlir. Ona görə də, onun etimadı qorunmağa layiq deyil və ədalətli balans prinsipi baxımından əlverişli aktın ləğvi və artıq ödənilmiş məbləğin tutulması əsaslıdır. Odur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına qarşı “cavabdehə 15 mart 2005-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək əsassız olaraq ödənilmiş 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə iddiası qismən təmin edilməli, cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızından ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızına qarşı “cavabdehə 15 mart 2005-ci il tarixdən 01 iyul 2023-cü il tarixinədək əsassız olaraq ödənilmiş 31.779,01 (otuz bir min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə iddiası qismən təmin edilsin. Cavabdeh İbrahimova (Zeynalova) Nərgiz Zeynal qızından ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-970/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-970/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver