Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-98/2020 03.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2001-ci ildə Şərur rayon, Arbatan kəndində doğulmuşdur. Həmin zaman valideynləri tərəfindən doğum haqqında şəhadətnamə alınarkən soyadı valideynlərinin soyadı kimi Nəbiyev deyil, Nəbizadə kimi qeyd edilmişdir. Bu səbəbdən də xx xxxxxx 2018-ci ildə şəxsiyyət vəsiqəsini alarkən Şərur Rayon Polis Şöbəsi tərəfindən ona Nəbizadə kimi kimlik verilmişdir. İddiaçı qeyd edir ki, Şərur rayon VVADQ şöbəsində ona doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə əsasən yazılmışdır. Belə ki, həmin maddənin tələbinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Bu səbəbdən də onun soyadı valideynlərinin istəyi ilə Nəbizadə kimi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində uzun müddətdir ki, soyadında “zadə” sonluğunu istəmədiyini, lakin yetkinlik yaşına çatmadığından bu barədə sərbəst müraciət edə bilmədiyini qeyd etmişdir. Həmçinin o, artıq yetkinlik yaşına çatdığından valideynləri kimi Nəbiyev soyadını daşımaq istədiyini, bununla bağlı Cavabdehnə müraciət etdiyini bildirmişdir. Ona cavab olaraq, xx xxxxxx 2020-ci il tarixli, 204/2 nömrəli məktubla “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması” haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli, 495 nömrəli qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kükündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilindiyi və həmin qərarda “-ov”, “-yev” soyad sonluqlarına dəyişiklik nəzərdə tutulmadığından onun tələbinin icrasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İddiaçı göstərilən əsaslara görə onun soyadının Nəbiyev olmasının müəyyən olunmasını, ona Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ləğv olunmasını, yeni şəhadətnamə verilməsini, şəhadənamədə soyadının Nəbiyev kimi yazılmasını istədiyini bildirmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla Cavabdehnə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdeh məhkəməyə xx xxxxxx 2020-ci il tarixli, 05/2-288-76 nömrəli məktub göndərərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 204/2 nömrəli məktubdan məlum olur ki, onun soyadının “Nəbizadə”dən “Nəbiyev”ə dəyişdirilməsi barədə Cavabdehnə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli, 495 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kükündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Belə ki, həmin qərarda “-ov”, “-yev” soyad sonluqlarına dəyişiklik nəzərdə tutulmadığından ərizənin Cavabdeh tərəfindən icrası mümkün deyildir. - Şərur Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2001-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Arbatan kəndində doğulmuş İddiaçı Şərur rayonu, Arbatan kəndində yaşayır. - Arbatan kənd X7 üzrə nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, Nəbizadə X1 yaşayır və qeydiyyatda durur. - xx xxxxxxx 2001-ci il tarixli, AZ-İ seriyalı, 176273 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 2001-ci ildə Şərur rayonu, Arbatan kəndində doğulmuşdur. - Arbatan kənd X7 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 155 nömrəli arayışdan aydın olur ki, İddiaçı X5, X3 ibarət ailə üzvləri vardır. - xx xxxxxx 2020-ci il tarixli, 53158 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Şərur filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödənilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, 245/2 nömrəli məktubdan aydın olur ki, Cavabdeh tərəfindən vətəndaş İddiaçı soyadını “Nəbizadə”dən “Nəbiyev”ə dəyişdirilməsi barədə müraciətinə baxılmışdır. Mövcud qanunvericiliyə əsasən ona “Nəbiyev” soyadına dəyişdirməsi barədə imtina məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarının 5-ci maddəsinin 5.10-cu bəndinə əsasən Qeydiyyat Şöbəsi soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşından sonra yol verilir. Soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Həmçinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 1993-cü il tarixli, 495 nömrəli qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kükündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Belə ki, həmin qərarda “-ov”, “-yev” soyad sonluqlarına dəyişiklik nəzərdə tutulmadığından ərizənin Cavabdeh tərəfindən icrası mümkün deyildir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli, 2/3593 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən elektron qaydada məhkəməyə ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli, 346 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4 və 1.7-ci bəndlərinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 1.15-ci bəndlərində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu Qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli, xx xxxx 2001-ci il tarixli Qərarına uyğun olaraq həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının soyadında dəyişiklik edilməsinə qanuni heç bir maneə yoxdur. Bununla əlaqədar olaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının doğum akt qeydində düzəliş edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 5.1 və 5.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Qaydaların 5.4-cü maddəsinə görə soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Qaydaların 5.10-cu bəndinə görə Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Həmin Qaydalarda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçı barəsində Qaydaların 6.5ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı halların olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.1, 58.7, 68, 69, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində xx xxxxxxx 2001-ci il tarixli, 1064 nömrəli doğum akt kitabında düzəliş aparılmaqla soyadının “Nəbiyev” yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-98/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-98/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver