Məhkəmə qərarları › İş №2-1(122)-98/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-98/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-98/2022 28.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı2, üçüncü şəxslər X9, X10, X7, X21 və X22 iştirakları olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X23 adına 18 oktyabr 2018-ci il tarixli, **********09-10301 reyestr nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən ünvan 1 ünvanında yerləşən X23 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli, **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun qismən etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Naxçıvan şəhər məhkəməsində X13 qarşı “mərhum ər-arvadın ümumi ½ paylarda mülkiyyət hüququnun tanınması, həmin paylarda olan mirasın qəbulu faktının təsdiqi, oğlu tərəfindən faktiki qəbul edilmiş mirasın irsi transmissiya ilə vərəsələr tərəfindən qəbul faktının təsdiq olunması tələbinə dair iddia qaldırılmışdır. X4, X18 və qeyriləri iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı1, X16 və X28 qarşı X23 mülkiyyətində olan daşınmaz əmlakın X37 və X29 birgə nikah dövründə qazanılmış əmlak olduğundan ½ paylarda mülkiyyət hüququnun tanınması, həmin ½ payın X45, X18 və X17 tərəfindən faktiki qəbulu faktının təsdiq olunması və digər tələblərə dair iddia qaldırmışdırlar. Qeyd edilən mülki işlər bir icraatda birləşdirilmiş və mülki iş üzrə mübahisə hal-hazırda davam etdirilir. İcraat birləşdirildikdən sonra onlara məlum olmuşdur ki, mülki iş üzrə cavabdeh X3 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanına aid olan X23 adına verilmiş texniki pasportu itmiş elan etdirərək həmin daşınmaz əmlaka dair yeni texniki pasport və o texniki pasport əsasında mərhum X23 adına çıxarış əldə etmişdir. Belə ki, X18 mövcud olan yuxarıda göstərilən evin texniki pasportunu itmiş elan etdirərək müvafiq inzibati orqana müraciət etmiş, inzibati orqanın əməkdaşları mübahisəli torpaq sahəsi və tikiliyə baxış keçirərək faktiki vəziyyətə uyğun texniki pasport və çıxarış tərtib edərək X13 təqdim etmişdirlər. Nəticədə 1962-ci ilə aid texniki pasportla sonradan verilmiş texniki pasport arasında uyğunsuzluq yaranmışdır. X8 hazırki iş üzrə iddiaçılar tərəfindən miras qoyanın ölümündən sonra (1994-cü ildən sonra) tikilən tikililəri də miras kütləsinə daxil etdirmiş və bu barədə müvafiq hüquqi sənəd almışdır. Halbuki həmin tikililər miras kütləsinə, yəni miras əmlaka (miras aktivinə) daxil deyildir və ola da bilməz. Yuxarıda qeyd olunanlara əsasən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həmin mübahisə olunan texniki pasportu verərkən səhvə yol vermiş, əvvəlki texniki pasportun dublikatını vermək əvəzinə, yeni tərtib edilən və faktiki vəziyyyətə uyğun texniki pasport tərtib etmişdir. Bu hal iddiaçıların həmin tikililər üzərində mövcud olan sahiblik, istifadə hüquqlarını pozmuş, həmçinin “tikililərə mülkiyyət hüququna gözlənti” hüquqlarını da şübhə altına atmışdır. Gözlənilən mülkyyət hüququ da pozulmuşdur. İddiaçılar yuxarıda qeyd edilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən ünvan 1 ünvanında yerləşən X23 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli, **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun qismən etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 27 aprel 2022-ci il tarixə təyin edilmişdir. 27 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı1 və iddiaçıların vəkili Vəkil cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən ünvan 1 ünvanında yerləşən X23 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli, **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun qismən etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv olunması tələbi”nə dair iddia qaldırdıqlarını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X23 adına 18 oktyabr 2018-ci il tarixli, **********09-10301 reyestr nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazılmış 27 aprel 2022-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdirlər. Məhkəmənin 27 aprel 2022-ci il tarixli, 2-1(122)-98/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 19 may 2022-ci il tarixli, 04/284 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi X23 adınadır. Həmin əmlaka dair 1962-ci ildə X23 adına 1756 inventar nömrəli texniki pasport verilmişdir. 28 sentyabr 2018-ci il tarixdə vərəsə X18 əmlaka dair texniki pasportun itməsini təsdiq edən və vərəsə olması ilə bağlı sənədləri təqdim etməklə əmlakın yenidən inventarlaşdırılması, dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. Müraciət əsasında əmlaka yerində baxış keçirilmiş və faktiki vəziyyətə uyğun inventarlaşma aparılmışdır. Nəticədə yeni texniki pasportdakı ölçülərlə 1962-ci ildə verilən texniki pasportdakı ölçülər arasında fərq yaranmışdır. Məhkəmənin 18 may 2022-ci il tarixli, 2-1(122)-98/2022 nömrəli qərardadı ilə X17, X14, X38, X18 və X39 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra, məhkəmənin 09 iyun 2022-ci il tarixli, 2-1(122)-98/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı2 və üçüncü şəxslərin ünvanlarına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmalarına baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən İddiaçı2 və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, övladları Gülnar və Anarla birlikdə aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində X13 qarşı mərhum qayınatasından miras qalan əmlakın birgə mülkiyyət hesab edilərək pay hüququn tanınması, mirasın irsi transmissiya qaydasında qəbulu faktı ilə əlaqədar iddia qaldırmış və hazırda həmin iş üzrə icraat dayandırılmışdır. Həmin iş üzrə iddia ərizəsinə qayınatasının adına olan texniki pasportun surəti də əlavə edilmiş, həmin texniki pasport hazırda onlardadır. Daha sonra isə mülki iddia üzrə cavabdeh Canpolad Bədəlov və onun bacı-qardaşları onlara qarşı iddia qaldıraraq mirasın qəbulu faktının müəyyən edilməsi və əmlakda birgə mülkiyyətin tanınmaqla pay hüququnun müəyyən edilməsi tələbi ilə iddia qaldırmış və həmin iddia ilə əlaqədar mülki iş ilkin mülki işə birləşdirilmişdir. Birləşdirilmiş mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər məhkəmədə elan edilən zaman onlara məlum olmuşdur ki, mülki iş üzrə cavabdeh ilkin texniki pasportun itmiş hesab edilməsinə dair elan vermişdir. Halbuki həmin texniki pasport onlarda olmuşdur. Canpolad Bədəlov mərhum qayınatasının adına texniki pasport mövcud ola-ola daşınmaz əmlaka müraciət etməklə, X23 vərəsəsi olduğuna və mərhum atasının adına olan texniki pasportun itməsinə dair sənədlər təqdim etmiş, inzibati orqan tərəfindən mübahisəli evin yerləşdiyi ünvanda ölçü aparılaraq ona yeni texniki pasport verilmişdir. Yeni texniki pasportla köhnə texniki pasport arasında uyğunsuzluq vardır. Belə ki, miras kütləsi artırılmış, onlar tərəfindən tikilən tikililər miras kütləsinə daxil edilmişdir. Onun qayınatası 1994-cü ildə vəfat etmiş, onun adına olan texniki pasportda sadəcə iki otaq göstərilmişdir. Onlar miras əmlakda yaşamaqla əlavə tikililər (sanitar qovşaq, depo) inşa etmiş, evin otaqlarında və mətbəxdə yaxşılaşdırmalar aparmışlar. Hazırda mirasın kütləsi əsassız olaraq əhəmiyyətli şəkildə artmışdır. Canpolad Bədəlov 1999-cu ildə evləndikdən sonra Bakıya getmiş, 2016-cı ildə Naxçıvana qayıtmışdır. Onun əlavə tikililərdən ümumiyyətlə məlumatı olmamışdır. Hazırki vəziyyətdə bir miras qoyanın adına iki texniki pasport möcvudddur və ikisi arasında uyğunsuzluq vardır. Belə ki, ilkin texniki pasport qayınatasında olmuş, cavabdeh inzibati orqanın səhvi nəticəsində qayınatasının ölümündən sonra qaynına verilmiş ikinci texniki pasporta isə sonradan tikilmiş tikililər əlavə edilmişdir. İddiaçı həmin texniki pasportun və üçüncü şəxs Canpolad Bədəlovun ikinci texniki pasport əsasında qeydiyyata aldıraraq əldə etdiyi yeni çıxarışın ləğv edilməli olduğunu bildirib qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X24 verdiyi izahatında bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1962-ci il tarixdə tərtib edilmiş texniki pasport əsasında X30 məxsus olması və bu barədə hər hansı mübahisə olmaması nəzərə alınaraq bütün tikililər onun adına sənədləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə mərhum Məhəmməd Bədəlovun vərəsəsi tərəfindən çıxarış verilməsi ilə bağlı müraciət olunduğu üçün onlar tərəfindən ölçü aparılmış, vətəndaş Məhəmməd Bədəlovun vəfat etməsinə baxmayaraq, səhvən mübahisəli evdə sonradan aparılmış bütün tikililər onun adına sənədləşdirilmişdir. Üçüncü şəxs Canpolad Bədəlov texniki pasportla bağlı Dövlət Xidmətinə müraciət edərkən ona köhnə texniki pasportun dublikatının verilməsinin mümkün olduğu izah edilmiş, lakin o, yenidən ölçü aparılaraq sonradan aparılmış tikililərin də texniki pasporta işlənməsini, heç bir mübahisə olmadığını bildirmişdir. Hazırda eyni əmlaka məxsus iki texniki pasport mövcuddur və hazırki vəziyyətdə vətəndaşların hüquqları pozulmuşdur. Əsas sənəd kimi ilkin texniki pasport hesab edilməlidir. Cavabdehin nümayəndəsi qeyd olunanları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 09 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X18 iddia tələbinə etiraz edərək izahatında o və bacıqardaşlarının dəfələrlə İddiaçı1 köhnə texniki pasportun harada olması barədə soruşduqlarını, məqsədlərinin həmin texniki pasport əsasında mirasın bölünməsi olduğunu, lakin İddiaçı1 onlara texniki pasportla bağlı heç nə demədiyindən həmin pasportun itmiş hesab edilməsi ilə bağlı qəzetdə elan verdiyini, sonra isə Xidmətə müraciət edərək yenidən ölçmə işləri aparılaraq 2018-ci ildə mərhum atasının adına yeni texniki pasport aldığını, həmin vaxt anası Güllü xanımın da sağ olduğundan niyyətlərinin evi anasının adına sənədləşdirmək olduğunu, İddiaçı1 onlardan miras tələb etdiyindən sənədləşdirib onun payını vermək istədikləri barədə fikirləşdiklərini, iddiaçıların hazırki iddiada onu və cavabdeh inzibati orqanı saxta texniki pasport çıxartdırmaqla günahlandırdığını, birinci və ikinci texniki pasportlar arasında ciddi fərqin olmadığını və ölçülərdə ciddi dərəcədə azalma və çoxalmanın mövcud olmadığını, atası Məhəmməd və anası Güllünün birgə nikahlarından 5 nəfər övladlarının olduğunu, iddiaçıların mərhum qardaşı Cavanşirin arvadı və qızı olduqlarını, köhnə tikililərdən sonra 1962-1969-cu illərdə əlavə bir otaq və şüşəbənd tikildiyini, böyük qardaşı Allahverdinin atasına köməyi ilə həmin şüşəbəndin yanında 1991-ci ildə mətbəx tikildiyini, həmin vaxtlar Cavanşir və ailəsinin Rusiyada yaşadıqlarını, 1992-ci ildə dönüb gəldiklərini, 1994-cü ildə atası vəfat etdikdən sonra qardaşı Allahverdinin onlara dayaq olduğunu və mərhum qardaşı Cavanşiri də onun saxladığını, anası Güllünün məsləhəti və göstərişi ilə 2012-ci ildə mətbəxə bitişik hamam-tualet və depo tikildiyini, bütün bunların atasının sağlığında və onun ölümündən sonra anasının sağlığında tikildiyini göstərərək, yeni texniki pasport əsasında anasının sağlığında tikilmiş tikililərin ölçülərək qeydiyyatının aparıldığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 10 iyun 2020-ci il tarixli, 208 nömrəli məktubdan məlum olur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X23 adınadır. Məhəmməd Bədəlovun vərəsəsi X11 04 iyul 2006-cı il tarixli müraciəti əsasında həmin əmlaka dair 1962-ci ildə tərtib olunmuş texniki pasportun dublikatı çıxarılaraq ona verilmişdir. 28 sentyabr 2018-ci il tarixdə vərəsə X18 əmlaka dair texniki pasportun itməsini təsdiq edən və vərəsə olması ilə bağlı sənədləri təqdim etməklə əmlakın yenidən inventarlaşdırılması, dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etmişdir. Müraciət əsasında əmlaka yerində baxış keçirilmiş və faktiki vəziyyətə uyğun inventarlaşma aparılmışdır. Nəticədə yeni verilən texniki pasportdakı ölçülərlə 1962-ci ildə verilən texniki pasportdakı ölçülər arasında fərq yaranmışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı2, İddiaçı1 və onların vəkili Vəkil ünvanlanan 11 mart 2022-ci il tarixli, 06/145 saylı imtina məktubundan məlum olur ki, onların müraciəti əsasında hüquqların dövlət qeydiyyatının ləğvinin qanunvericiliyin tələblərinə uyğun olmadığı qeyd edilərək aidiyyatı üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli, 1756 inventar nömrəli texniki pasportun surətindən aydın olur ki, Naxçıvan şəhəri, Əzizbəyov küçəsi, m 1, ev 8 (ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X40 adına qeydə alınmışdır. Texniki pasportda həmçinin X40 adına olan fərdi yaşayış evinin cəmi tikinti sahəsinin 121.7 kv.m., cəmi meydança sahəsinin 530.7 kv.m. olduğu, həmin ünvanda sahəsi 48.5 kv.m. olan yaşayış evinin, sahəsi 17.2 kv.m. olan tövlənin, sahəsi 15.9 kv.m. olan təndirin, sahəsi 7.5 kv.m. olan ayaqyolunun, sahəsi 21.3 kv.m. olan sərhəd barının (çəpərin), sahəsi 7 kv.m. olan hovuzun, sahəsi 0.5 kv.m. olan quyunun, sahəsi 3.8 kv.m. olan hinin, sahəsi 32.9 kv.m. olan bağın və sahəsi 80 kv.m. olan həyətin olduğu göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş 12 oktyabr 2018-ci il tarixli, 1756 inventar nömrəli texniki pasportun surətindən aydın olur ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi X23 adına **********09-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin texniki pasporta əsasən, sənəd üzrə torpaq sahəsi 524.17 kv.m., tikintialtı sahə 223.22 kv.m., digər sahə 300.95 kv.m. olaraq göstərilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri hissəsində tikildiyi il qrafasında 1955- 2000-ci illər, otaqların təsnifatı üzrə sahəsi 25.80 kv.m. olan salon, sahəsi 18.75 kv.m. olan otaq, sahəsi 12 kv.m. olan dəhliz, sahəsi 22.20 kv.m. olan otaq, sahəsi 3.70 kv.m. olan qarderob, sahəsi 10.58 kv.m. olan mətbəx, sahəsi 2.50 kv.m. olan dəhliz, sahəsi 5.12 kv.m. olan anbar, sahəsi 1.85 kv.m. olan dəhliz, sahəsi 3.79 kv.m. olan hamam, sahəsi 1.43 kv.m. olan sanitar qovşaq olaraq qeyd edilmiş, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri hissəsində isə sahəsi 64.91 kv.m. olan naves, 11.97 kv.m. sahəsi olan hasar öz əksini tapmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 oktyabr 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən 0.0524 ha torpaq sahəsi, ümumi sahəsi 107.72 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6629 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X46 tərəfindən tərtib edilmiş 09 dekabr 2020-ci il tarixli, 190/20 nömrəli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən aydın olur ki, Naxçıvan şəhəri, Behbud ağa Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında mərhum X23 adına verilmiş 1962-ci il tarixli texniki pasportda göstərilməyən mətbəx, hamam, sanitar qovşaq və depo olan köməkçi tikililərin “X61” proqramının orta foto görüntülərinə əsasən 24 iyun 2012-ci il tarixdə həmin görüntülərdə öz əksini tapmadığını, lakin həmin illərdən sonrakı yəni təxminən 24 iyun 2013-cü ildə mətbəx təyinatlı tikilinin orada öz əksini tapdığını, eyni zamanda 24 iyun 2016-cı ildə isə (3 ildən sonra) depo, (anbar) hamam, ayaqyolu və dəhliz təyinatlı tikililərin inşa edildiyi görüntülərinin əks olunduğu müəyyən edilmişdir. - Evlənmə haqqında Şəhadətnamədən məlum olur ki, X31 ilə X35 arasında 21 sentyabr 1982-ci il tarixində 26 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli, 01/2096 nömrəli arayışın surətindən görünür ki, mərhum X6 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələri vardır: X45 - həyat yoldaşı, 1932-ci il təvəllüdlü; X17 – oğlu, 1955-ci il təvəllüdlü; X25 – qızı, 1957-ci il təvəllüdlü; X26 – qızı, 1962-ci il təvəllüdlü; X31 – oğlu, vəfat etmiş və X18 – oğlu, 1968-ci il təvəllüdlü - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli, 01/2097 nömrəli arayışın surətindən görünür ki, mərhum X5 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında yaşayıb və onun aşağıdakı vərəsələri vardır: İddiaçı1 - həyat yoldaşı, 1962-ci il təvəllüdlü; X39 – oğlu, 1984-cü il təvəllüdlü və X27 – qızı, 1988-ci il təvəllüdlü - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli, 01/2053 nömrəli arayışdan görünür ki, X3 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 384 və 385 nömrəli arayışlardan görünür ki, İddiaçı1 və Babayeva X20 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatdadırlar. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 01 dekabr 2013-cü il tarixdə verilmiş verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx xxx 1962-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Bədəlova X36 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 24 may 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının Belqorod vilayətində doğulmuş Babayeva X20 şəhəri, Şahtaxtinski küçəsi, döngə 1, ev 3 ünvanında pasport qeydiyyatındadır. - 22 fevral 2022-ci il tarixli, 23739 nömrəli qəbzdən məlum olur ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Habelə, həmin məhkəmənin “Sporrinq və Lonnort İsveçə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 23.1 maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Naxçıvan Muxtar Respublikası X59 2020-ci il 17 iyun tarixli 23-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələblərini iş materialları ilə qarşılıqlı təhlil edib hesab edir ki, X23 adına 1962-ci ildə texniki pasportun işlənib hazırlanmasına baxmayaraq, daha sonra onun sağlığında və vəfatından sonra inşa edilən tikililərin onun adına sənədləşdirilməsi əsassız olaraq miras kütləsinin artımı ilə nəticələnməklə, həmin ünvanda tikilililəri inşa edən şəxslərin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Miras qoyanın sağlığında onun adına sənədləşdirilmiş texniki pasportda nəzərdə tutulan əmlakdan fərqli olaraq, sonradan verilmiş texniki pasporta X23 ölümündən sonra tikilən əmlaklar da daxil edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən X9 müraciəti əsasında 2018-ci ildə X2 mövcud olan və ölümündən sonra inşa edilən tikililər düzgün olmayaraq sənədləşdirilirək onun adına işlənmişdir. X1 1962-ci ildə tərtib olunmuş texniki pasportun dublikatı verilməli olduğu halda, 12 oktyabr 2018-ci il tarixdə yenidən tərtib edilmiş texniki pasport verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan ünvan 2 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın X23 adına 1962-ci ildə tərtib olunmuş texniki pasport olmasına baxmayaraq, həmin evin 12 oktyabr 2018-ci il tarixli, 1756 saylı inventar nömrəli texniki pasport və 18 oktyabr 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yenidən sənədləşdirilməsinin səbəblərini əsaslandıra bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Göründüyü kimi qeydiyyat orqanı ona təqdim edilmiş sənədləri lazımi qaydada araşdırmamış, mübahisəli evin və digər tikililərin kim tərəfindən, hansı vaxtlarda inşa edilməsi, kimlərin istifadəsində olması faktını konkret olaraq müəyyənləşdirməmiş, nəticədə səhvliyə yol vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən səhvliyə yol verilərək mərhum X23 adına 12 oktyabr 2018-ci il tarixli, 1756 saylı inventar nömrəli yeni texniki pasportun və 18 oktyabr 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərtib edilməsi nəticəsində iddiaçıların hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin iddiaçıların tələbinin icrasından imtinası iddiaçıların hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X23 adına 18 oktyabr 2018-ci il tarixli, **********09-10301 reyestr nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsinə qiymət verərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 81, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış X23 adına 18 oktyabr 2018-ci il tarixli, **********09-10301 reyestr nömrəli qeydin ləğv olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar