Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-988/2025 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və tibbi şəhadətləndirmə nəticəsində C-dinc dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə iddiaçıya çağırış vərəqəsi göndərilməsi, İddiaçı hərbi xidmətə çağırılması ilə bağlı müvafiq hərəkətlərin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir sağ qulağında eşitmə problemi yaşayır. Bu bir sıra lor rəyləri ilə də təsdiqlənmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli saf səs audometriyası nəticəsində müəyyənləşdirilmişdir ki, sağ qulağında çox ağır dərəcədə sensonerval tipli eşitmə azlığı vardır. Həmçinin, xx.xx.2025-ci il tarixində barəsində medikamentoz yuxuda BERA testi aparılmışdır. Beləliklə, sağ qulağında 90 db, sol qulağında isə 20 db nHL intensivlikdə V dalğa forması əldə edilmişdir. Nəticə etibarilə, ona sağtərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Həmçinin, aparılmış elektroakustik eşitmə beyin sapı testi (ABR) nəticələrinə əsasən, müxtəlif dərəcəli və tezlikli eşitmə cavablarının qeyri-sabitliyi və sinxronizasiyanın pozulması müşahidə edilmişdir. Sağ və sol qulaqlarda stimul səviyyəsinə (dB nHL) uyğun olaraq qeyd edilən dalğaların morfoloji quruluşunun deformasiyası, V dalğasının amplituda və latensiyasındakı dəyişikliklər eşitmə sinirinin funksional keçiriciliyində yavaşlama olduğunu göstərir. Bu hallar eşitmə eşiyinin artdığını və retrokochlear (mərkəzi sinir sistemi mənşəli) mənşəli neyrosensor eşitmə azlığının ilkin göstəricisi ola bilər. Eşitmə yollarında demiyenilizasiya və ya snaptik ötürmədə pozğunluq ehtimalı inkar edilə bilməz. Xüsusilə aşağı səviyyəli stimullarda (20-40 dB) sinxron cavablarının olmaması və ya zəif morfologiyalı olması, eşitmə analizatorunun aşağı intensivlikli səs siqnallarına cavab vermə qabiliyyətinin ciddi şəkildə zəiflədiyini təsdiqləyir. Odur ki, hazırda müayinə və müalicələrini davam etdirir və bunu hazırda dayandırmağı sağlamlığının bərpası üçün zərərlidir. Yuxarıda göstərilən sənədlərdən, həkim rəylərindən aşkardır ki, onun sağlamlığındakı qüsurlar onun hazırda hərbi xidmətə yararsız olduğunu təsdiq edir. Lakin ona hərbi xidmətlə bağlı çağırış vərəqəsi gəlmişdir. O, hərbi xidmətə getməyə hazırdır, lakin bunu indi edə bilmir. Odur ki, hesab edir ki, indiki sağlamlıq vəziyyəti ilə əlaqədar qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmalı və iş üzrə qanuni qüvvəyə minmiş ədalətli qərar qəbul olunanadək onun müddətli həqiqi hərbi xidmətə aparılmağı dayandırılmalıdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə iddiaçıya çağırış vərəqəsi göndərilməsi, İddiaçı hərbi xidmətə çağırılması ilə bağlı müvafiq hərəkətlərin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 03 sentyabr 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinə qarşı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin İddiaçı həqiqi hərbi xidmətə çağırış barədə qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı sağlamlıq vəziyyətinə görə 3 ilədək çağırışa möhlət verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Sonradan 03 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 03 oktyabr 2025-ci il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-988/2025 saylı iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 oktyabr 2025-ci il tarixli, 2-1(122)-988/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair məhkəməyə ünvanlanan 15 oktyabr 2025-ci il tarixli, 3-17-4/2-26522/2025 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və müvafiq altsistemə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişində vətəndaşa “Eşitmənin konduktiv və neyrosensor itirilməsi” diaqnozu qeyd edilmişdir. Agentlikdə aparılmış yekun tibbi müayinə zamanı həmin diaqnoz üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışçının həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş, nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya (A-hərbi xidmətə yararlı) üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmişdir. Vətəndaşın ətraflı müayinəsi: (audiometriya nəticəsi: İ-ci nəticə-sağ qulaq 66 db, sol qulaq 17 db. İİ-ci nəticə Nəticə: sağ qulaq 69 db, sol qulaq 19 db.) zamanı onda “Eşitmənin sağtərəfli neyrosensor tipli itirilməsi" diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq “Eşitmənin sağtərəfli neyrosensor tipli itirilməsi” diaqnozu təyin edilərək göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya (A-hərbi xidmətə yararlı) üzrə təsdiqlənməməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məktuba İddiaçı dair tibbi qiymətləndirmə sənədləri əlavə edilmişdir. Sonradan İddiaçı məhkəməyə 13 noyabr 2025-ci il tarixli ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və tibbi şəhadətləndirmə nəticəsində C-dinc dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi oxunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)-988/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)-988/2025 nömrəli digər qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 mart 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə göndərərək 10 mart 2026-cı il tarixdə təyin edilmiş məhkəmə iclasında Bakı şəhərində olduğuna görə iştirak edə bilmədiyini bildirib, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməməyinin üzrlü hesab edilməsi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi tərəfindən İddiaçı ünvanlanmış çağırış vərəqəsinin surətindən görünür ki, o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həqiqi hərbi xidmətə çağırılmış, ona xx.xx.2025-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) gəlməsi bildirilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1996-cı il tarixdə doğulmuşdur. - LOR Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli X6: Nətice: Sol qulaqda normal eşitmə səviyyəsi. Sağ qulağda çox ağır dərəcədə sensonevral tip eşitmə azlığı. - xx.xx.2025-ci il tarixli BERA testi Xəstəyə medikamentoz yuxuda BERA testi aparıldı. Sağ qulaqda 90 db, sol qulaqda 20 dB nHL intensivlikdə V dalğa forması əldə edildi. Nəticə: sağ tərəfli ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı. Sol tərəfli normal eşitmə - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 sentyabr 2025-ci il tarixli, 3-43-88/2- 17179/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı 2018-ci il tarixdə təhsilini bitirdiyi üçün 2018-ci ilin iyul çağırışına cəlb olunmuşdur və çağırışçı tibbi şəhadətləndirilmə zamanı əlavə tibbi müayinə olunmaq üçün Naxçıvan Muxtar Respublikası Xəstəxanasına müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən “Sağ tərəfli eşitmə sinirinin nevriti, eşitmə zəifliyi ikinci dərəcə” diaqnozuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin İ qrafasının 41-ci maddəsinə müvafiq olaraq “sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərək xx.xx.2019-cu il tarixədək möhlət verilmişdir. İddiaçı 2019-cu ilin yanvar çağırışına cəlb olunmuşdur və çağırışçı tibbi şəhadətləndirilmə zamanı əlavə tibbi müayinə olunmaq üçün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən “Sağ tərəfli xroniki üçüncü dərəcəli neyrosentoz ağır eşitmə. P.n AD-0m, p.n AS- 6m” diaqnozuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin İ qrafasının 40-cı maddəsinin “c” bəndinə əsasən Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı qəbul edilmişdir. İddiaçı 2022-ci il tarixdə təkrar tibbi müayinəyə cəlb olunmuşdur və hərbi vəzifəli tibbi şəhadətləndirilmə zamanı əlavə tibbi müayinə olunmaq üçün Naxçıvan Muxtar Respublikası Xəstəxanasına müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən “Sağ tərəfli eşitmə sinirinin nevriti, eşitmə zəifliyi ikinci dərəcə neyrosensor tip” diaqnozuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin İ qrafasının 40-cı maddəsinin “c” bəndinə əsasən Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı qəbul edilmişdir. İddiaçı 2025-ci il tarixdə təkrar tibbi müayinəyə cəlb olunmuşdur və hərbi vəzifəli tibbi şəhadətləndirilmə zamanı əlavə tibbi müayinə olunmaq üçün Naxçıvan Muxtar Respublikası X4 Şəxsinə müayinəyə göndərilmişdir. Müayinəin nəticəsinə əsasən “Sağ tərəfli eşitmə sinirinin nevriti, eşitmə zəifliyi üçüncü dərəcə” diaqnozuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şahbuz rayon bölməsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin İ qrafasının 38- ci maddəsinin “c” bəndinə əsasən Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı qəbul edilərək yekun tibbi müayinə üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyasında tibbi müayinədən keçirilərək barəsində “həqiqi hərbi xidmətə yararlı” qərarı qəbul edilmişdir. Çağırışçı Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyası tərəfindən qəbul edilmiş qərardan razı olmadığını və bu barədə aidiyyəti üzrə rəsmi müraciət etdiyini bildirmişdir. Çağırışçının müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyasında baxılmış və qərar dəyişdirilməmişdir. Məktuba İddiaçı sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktların surətləri və müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarış əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublika Xəstəxanasında tərtib edilmiş 20 iyul 2018-ci il tarixli, 2476 №-li Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXCDXnin Naxçıvan MR Şahbuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 141 №-li göndərişi ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında 20 iyul 2018-ci il tarixdə müayinədə olmuşdur. Diaqnoz: Sağ tərəfli eşitmə sinirinin nevriti. Eşitmə zəifliyi İİ dərəcə. OD mürəkkəb miopiya. Astiqmatizm. OS-orta dərəcəli miopiya. - Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 7616 №-li Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXÇDX-nin Naxçıvan MR Şahbuz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 21 №-li göndərişi ilə Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının LOR şöbəsinde xx.xx.2018-ci il tarixdə müayinədə olmuşdur. Diaqnoz: Sağ tərəfli xroniki İİİ (üçüncü) dərəcəli neyrosensor ağıreşitmə. P.n. AD – 0 metr. pn AS-6 metr - "Naxçıvan Muxtar Respublika Xəstəxanası" PHŞ-da tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 188 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXÇDX-nin Naxçıvan MR Şahbuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 5 №-li göndərişi ilə "Naxçıvan Muxtar Respublika Xəstəxanası" PHŞ-da xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinəde olmuşdur. Diaqnoz: Sağ tərəfli eşitmə sinirinin nevriti. Eşitmə zəifliyi İİ dərəcə neyrosensor tip. Burun çəpərinin əyriliyi. - "Naxçıvan Muxtar Respublika Xəstəxanası" PHŞ-da tərtib edilmiş xx.xx.2025-ci il tarixli 337 №-li Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXÇDXnin Naxçıvan MR Şahbuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 176 №-li göndərişi ilə "Naxçıvan Muxtar Respublika Xəstəxanası" PHŞ-da xx.xx.2025-ci il tarixdə müayinədə olmuşdur. Diaqnoz: Sağ tərəfli eşitmə sinirinin nevriti. Eşitmə zəifliyi İİİ dərəcə (üçüncü). Burun çəpərinin əyriliyi. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 noyabr 2025-ci il tarixli, 3-43-88/2- 29685/2025 nömrəli məktubdan məlum olur ki, Şahbuz rayonu Güney Qışlaq kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiyadan keçirilərək barəsində “həqiqi hərbi xidmətə yararlı” qərarı qəbul edilmişdir. Bu qərara əsasən İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılması barədə çağırış vərəqəsi göndərilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 15(122)-10/2025 nömrəli qərardadına əsasən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun hərbi xidmətə çağırılması və aparılması dayandırılmışdır. Məktuba müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarış əlavə edilmişdir. - Məhkəmənin iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə xx.xx.2026cı il tarixli, 2-1(122)-988/2025 nömrəli qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 13 fevral 2026-cı il tarixli, 90/752 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 1996-cı il təvəllüdlü İddiaçı komission məhkəmə-tibbi ekspertizasına dair tərtib olunmuş xx.xx.2026-cı il tarixli, K/53- 2026 nömrəli ekspert rəyinin nəticə hissəsindən aydın olur ki, İddiaçı hazırda "Sağ tərəfli neyrosensor tip davamlı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, "Xəstəliklər cədvəli"nin 38c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "13 may 2024-cü il tarixli 256 nömrəli dəyişikliyə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır". Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 76-cı maddəsinin 1-ci hissəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. - 12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: - 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; - 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. - 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X2 ötürülür. - 15.2-ci maddəsinə əsasən bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. - 15.2-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir. - 15.2-2-ci maddəsinə əsasən tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. - 15.3-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. - 18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə; 18.1.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə; 18.1.3-cü maddəsinə əsasən təhsili davam etdirmək üçün; 18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. - 20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. - 20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. - 20.3-cü maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. - 23.1.2-ci maddəsinə əsasən dinc dövrdə sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli, 2317 nömrəli Fərmanının: - 1-ci bəndinə əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. - 2-ci bəndinə əsasən müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur. - 2.3-cü bəndinə əsasən vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası X5, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X2 (bundan sonra – VEİS) inteqrasiya edilir. - 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların şəhadətləndirilməsi prosesində müayinələrin həyata keçirilməsi məqsədilə göndəriləcəkləri tibb müəssisələrinin siyahısı, habelə keçəcəkləri tibbi müayinələrin həcmi və qaydası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. - 2.5-ci bəndinə əsasən tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. - 2.15-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. - 2.18-ci bəndinə əsasən barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. - 2.19-cu bəndinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. - 2-1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edir. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. - 2-1.3-cü bəndinə əsasən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. - 2-1.7-ci bəndinə əsasən çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. - 2-1.17-ci bəndinə əsasən Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEİS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların rəsmiləşdirildiyi gün altsistemə daxil edilir. - 2-1.19-cu bəndinə əsasən çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. - 8.3-cü bəndinə əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və tibbi şəhadətləndirmə nəticəsində C-dinc dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq “Eşitmənin sağtərəfli neyrosensor tipli itirilməsi” diaqnozu təyin edilərək göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya (A-hərbi xidmətə yararlı) üzrə təsdiqlənməməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə icraatı zamanı toplanmış sübutlardan görünür ki, iddiaçı xx.xx.1996-cı il təvəllüdlü olmasına baxmayaraq, ona hazırki vaxtadək məhz səhhətində olan xəstəliklərə görə möhlət verilərək hərbi xidmətə aparılmamışdır. Hazırda isə hərbi xidmətə aparılması üçün çağırış vərəqəsi göndərilmişdir. Məhkəmə icraatı zamanı iddiaçının əyani müayinəsi aparılmaqla hərbi xidmətə yararlılığının müəyyən edilməsi barədə rəyin verilməsi məqsədilə xx.xx.2026-cı il tarixli, 2- 1(122)-988/2025 nömrəli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertləri qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda olan xəstəliyin diaqnozu və ağırlıq dərəcəsi müəyyən edilsin. 2) xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”də göstərilən və onun müddətli həqiqi hərbi xidmətə çağırılmasını istisna edən xəstəliklər varmı? 3) xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 38-ci maddəsinin b) bəndinin c kateqoriyasında 1-ci və ya 2-ci qrafasında, c) bəndinin c kateqoriyasında 1-ci və ya 2-ci qrafasında qeyd olunmuş halların hansı müəyyən olunur? 4) xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə əsasən “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş hərbi xidmətə yararlılığın kateqoriyaları nəzərə alınmaqla dinc və müharibə dövründə hərbi xidmətə yararlı hesab oluna bilərmi? İddiaçı komission məhkəmə-tibbi ekspertizasına dair tərtib olunmuş xx.xx.2026-cı il tarixli, K/53-2026 nömrəli ekspert rəyinin təsviri hissəsindən aydın olur ki, ekspertiza qarşısında qoyulmuş suallara tam və hərtərəfli cavab verilməsi üçün İddiaçı xx.xx.2026-ci il tarixli, 90/593 N-li göndərişlə MN BKH-na LOR bölməsinin rəisinin müayinəsinə göndərilmişdir. xx.xx.2026, LOR: D-z: Sağ tərəfli neyrosensor tip davamlı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi. sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Təkrar audiometriya və BERA testləri edilib (09.02.26) sağ 90 dB, sol 2 dB qeyd edilir. Diaqnoz BERA müayinəsi əsasında qoyulmuşdur. Ümumi xəstəlikdir. NK 59/08 qərarı 38c maddəsi ilə şəhadətləndirilməyə uyğundur. Ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, İddiaçı hazırda "Sağ tərəfli neyrosensor tip davamlı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda eşitməməsi, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, "Xəstəliklər cədvəli"nin 38c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "13 may 2024-cü il tarixli 256 nömrəli dəyişikliyə "Hərbi-həkim ekspertizasİ haqqında Əsasnamə"yə qoşma) əsasən, "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır". Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilənləri təkzib edən hər hansı obyektiv dəlillər cavabdeh tərəfindən təqdim edilmədiyindən, sözügedən rəy mötəbər sübut qismində qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Nihal Elbəyi oğlunun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarı qanunazidd olmaqla iddiaçının hüquqlarının məhdudlaşdırmasına səbəb olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və tibbi şəhadətləndirmə nəticəsində C-dinc dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Nihal Elbəyi oğlunun müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmağı barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində tibbi şəhadətləndirmə nəticəsində C-dinc dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-988/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-988/2025
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver