Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-99/2020 22.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin Cavabdeh qarşı “Cavabdeh və ailə üzvləri tərəfindən bələdiyyə mülkiyətinə aid 198 kv.m. zəbt etdikləri torpağı azad edərək ümumi istifadəyə qaytarılması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi iləməhkəməyə müraciət edərək Cavabdeh və ailə üzvləri tərəfindən bələdiyyə mülkiyətinə aid 198 kv.m. zəbt etdikləri torpağı azad edərək ümumi istifadəyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İlkin olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər dövlət orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsində cavabdeh qismində inzibati orqanı yox, fiziki şəxs Cavabdeh göstərmiş, nəticədə iddia tələbi üzrə onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən və hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmələr tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, məhkəməyə müraciət edən tərəf kimi, bir qayda olaraq vətəndaş, daha doğrusu fiziki və ya hüquqi şəxs çıxış edir. Çünki şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə, inzibati resurslara və məcburetmə vasitələrinə malik olan inzibati orqan daha güclü mövqeyə malikdir və onun məhkəmə qaydasında müdafiəsinə ehtiyac yoxdur. Göründüyü kimi, hazırki iş üzrə iddiaya predmet və subyekt baxımından inzibati icraat qaydasında baxılması mümkün sayılmır, çünki qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların heç birində inzibati orqanların iddiaçı qismində məhkəmədə iddia qaldırılmasına əsas verən hal nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin Cavabdeh qarşı “Cavabdeh və ailə üzvləri tərəfindən bələdiyyə mülkiyətinə aid 198 kv.m. zəbt etdikləri torpağı azad edərək ümumi istifadəyə qaytarılması tələbi”nə dair iddia ərizəsi düzgün tərtib edilməmiş və iddia fiziki şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş və bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin Cavabdeh qarşı Cavabdeh və ailə üzvləri tərəfindən bələdiyyə mülkiyətinə aid 198 kv.m. zəbt etdikləri torpağı azad edərək ümumi istifadəyə qaytarılması barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinin Cavabdeh qarşı “Cavabdeh və ailə üzvləri tərəfindən bələdiyyə mülkiyətinə aid 198 kv.m. zəbt etdikləri torpağı azad edərək ümumi istifadəyə qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Babək Rayon Naxışnərgiz Bələdiyyəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-99/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-99/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver