Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-99/2023 24.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı “cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 yanvar 2022-ci il tarixdən iddiaçının yaşa görə pensiya hüququ yaranmışdır. Ona pensiya təyin edilməsi üçün "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, ümumi 25 il sığorta stajı, fərdi hesabın sığorta hissəsində tələb olunan (34500 manat) pensiya kapitalı olmadığından və 2015, 2016, 2018, 2019 və 2020-ci illərdə mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya sistemində öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Bundan sonra iddiaçı 22 dekabr 2022-ci il tarixdə həmin quruma rəsmi olaraq yazılı şəkildə müraciət etmiş və ona eyni məzmunda məktubla cavab verilmişdir. İddiaçı bildirir ki, Ordubad Rayon Vergilər Şöbəsi tərəfindən 31 avqust 2020-ci il tarixdə verilən arayışdan da görünür ki, o, həqiqətən, Ordubad Rayon Vergilər Şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmuş, özəl pay torpağından istifadəyə görə 2019-cu ildə 137 (bir yüz otuz yeddi) manat, 2020-ci ildə 90 (doxsan) manat məcburi sosial sığorta haqqı ödədiyindən və qanunla nəzərdə tutulmuş pensiya kapitalına malik olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçı göstərilənlərə əsasən "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 23 yanvar 2023-cü il tarixli, 04/01-17 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının 2015, 2016, 2018, 2019 və 2020-ci illərdə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə, ödədiyi məcburi dövlət sosial sığorta haqları X1 Sistemində Sistemində (MİS) öz əksini tapmadığı üçün ona pensiya təyin edilməsi mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 may 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən Ordubad rayon Vənənd kənd sakini İddiaçı ünvanlanmış 29 dekabr 2022-ci il tarixli, 04/01-413 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun digər 22- 1-ci maddəsində isə qeyd olunur ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı ümumi 25 il sığorta stajı, fərdi hesabının sığorta hissəsində tələb olunan (34560 manat) pensiya kapitalı olmadığına və 2015-ci, 2016-cı, 2018-ci, 2019-cu, 2020-ci illərdə mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sistemində öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. - Ordubad Rayon Vergilər İdarəsi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli, **********239000 nömrəli arayışdan aydın olur ki, İddiaçı, həqiqətən, Ordubad Rayon Vergilər Şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatdadır. Özəl pay torpağından istifadəyə görə 2019-cu il üzrə 137 (bir yüz otuz yeddi) manat 40 qəpik, 2020-ci il üzrə 90 (doxsan) manat məcburi sosial sığorta haqqıı ödəmişdir. 01 avqust 2020-ci il tarixə sosial sığorta haqqından borcu yoxdur. - Ordubad Rayon İcra Hakimiyyətinin Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, 370 nömrəli arayışdan görünür ki, Babayev X3 rayonu, Vənənd kəndində yaşayır və qeydiyyatdadır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 20 noyabr 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində doğulmuş Babayev X3 rayonu, Vənənd kəndində pasport qeydiyyatındadır. - xx.xx.2014-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən aydın olur ki, İddiaçı tərəfindən MDSS haqqı qismində 41 manat ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 2015-2016-cı illər üçün MDSS haqqı qismində 82 manat ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən aydın olur ki, İddiaçı tərəfindən MDSS haqqı qismində 41 manat ödənilmişdir. - xx.xx.2020-ci il tarixli, ********* və ********* nömrəli mədaxil qəbzlərindən aydın olur ki, İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondu-NMR Ordubad rayon şöbəsinə 90 manat və 137 manat 40 qəpik ödənilmişdir. - xx.xx.2021-ci il tarixli, 72275349 nömrəli mədaxil qəbzindən məlum olur ki, İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondu-NMR Ordubad rayon şöbəsinə 60 manat ödənilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin 17 fevral 2023-cü il tarixli, 04/03-38 nömrəli məktubundan məlum olur ki, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin olunması barədə 22 dekabr 2022-ci il tarixli ərizə ilə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmişdir. Müraciətə baxıldıqda məlum olmuşdur ki, İddiaçı ümumi 25 il sosial sığorta stajı olmadığı və 2015, 2016, 2018, 2019 və 2020-ci illərdə mülkiyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X1 Sistemində (MİS) öz əksini tapmadığı üçün ona pensiya təyin edilməsi mümkünsüz hesab edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilən arayışlara əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 15 il 8 ay 6 gün iş stajı vardır. İddiaçı əmək kitabçasındakı qeyd olunan 15 il 8 ay 6 gün iş stajına görə 11938.98 manat pensiya kapitalı vardır. Məktubda həmçinin İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan iş stajını əks etdirən cədvəl göstərilmişdir. - 25 yanvar 1999-cu il tarixli, JN-320, KOD 10707018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.27 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 mart 2023-cü il tarixli, **********316700 nömrəli məktubundan aydın olur ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) tərəfindən 2020-ci il ərzində 227.40 manat və 2021-ci il ərzində 60.00 manat məcburi dövlət sosial sığorta ödənişi aparılmış, lakin ödəyici tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmədiyindən həmin ödənişlər ödəyicinin şəxsi hesab vərəqəsinə işlənilməmiş və bu səbəbdən də elektron informasiya sistemində əks olunmamışdır. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqqına münasibətlər vergi orqanlarının səlahiyyətlərinə xx.xx.2019-cu ildən aid edilmişdir. Bu səbəbdən də 2015-2018-ci illərə dair məlumatların təqdim edilməsi imkan xaricindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək sığortaçının hüquqlarına, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının vəzifələrinə aid edilmişdir. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə mübahisəli məsələ iddiaçının kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta məbləğlərinin X1 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (buraya həmçinin aiddir məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas verən hal kimi təsbit edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın etirazında iddiaçının 25 il sığorta stajının olmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması barədə gətirdiyi dəlillərini əsaslı saymır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə, əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Odur ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı “cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-99/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-99/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver