Məhkəmə qərarları › İş №2-1(122)-999/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-999/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-999/2025 28.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə dəyişdirilməsi, onun adına yeni Çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 7 dekabr 2000-ci il tarixli, 489 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən iddiaçının mərhum həyat yoldaşı X4 tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin İstiqlal küçəsinə baxan hissəsindən pəncərənin qapı ilə əvəz olunmasına icazə verilmişdir. X1 Şəhər İcra Hakimiyyətinə yazılı ərizə ilə müraciət etmiş və qeyd edilən mənzilin bərbərxana kimi fəaliyyət göstərilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin ərizə nəzərə alınaraq təmin olunmuş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 13 avqust 2012-ci il tarixli, 188 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən mənzilin bərbərxana kimi fəaliyyət göstərilməsinə icazə verilmişdir. Həmin sərəncamın verilməsindən artıq 13 ilə yaxın bir müddət keçmişdir. Qeyd edilən müddət ərzində mənzil müvafiq sərəncam əsasında qeyriyaşayış sahəsi (bərbərxana) kimi fəaliyyət göstərmişdir. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ondan qalan miras əmlak birinci növbə vərəsə olaraq İddiaçı tərəfindən qəbul edilmiş və ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və xx.xx.2025-ci il tarixli, **********73-093043 reyestr nömrəli Çıxarış verilmişdir. O, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi və adına yeni Çıxarış və texniki pasportun verilməsinə məqsədilə müvafiq inzibati orqana müraciət etsə də imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının vəkili və nümayəndəsi göstərilənləri rəhbər tutaraq, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə dəyişdirilməsi, onun adına yeni Çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 05 avqust 2025-ci il tarixli, 04/1094 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 480 nömrəli Sərəncamı ilə Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 115-də yerləşən 13 nömrəli mənzilin 2 otağının İstiqlal küçəsinə baxan hissəsində pəncərənin qapı ilə əvəz olunmasına, xx.xx.2012-ci il tarixli 188 nömrəli Sərəncamı ilə əmlakdan bərbərxana kimi istifadə edilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) qərarı əsasında həyata keçirilir. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sənəd təqdim etmədiyindən yuxarıda qeyd edilən sərəncamlar əsasında əmlakın qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması qanunvericiliyə uyğun deyil. 28 noyabr 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında elan olunmuş məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanan 22 iyul 2025-ci il tarixli, 06/7-A-179/1-1/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 480 nömrəli Sərəncamı ilə Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 115-də yerləşən 13 nömrəli mənzilin 2 otağının İstiqlal küçəsinə baxan hissəsində pəncərənin qapı ilə əvəz olunmasına, xx.xx.2012-ci il tarixli 188 nömrəli Sərəncamı ilə əmlakdan bərbərxana kimi istifadə edilməsinə icazə verilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sənəd təqdim edilmədiyindən yuxarıda qeyd edilən sərəncamlar əsasında əmlakın qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması qanunvericiliyə uyğun hesab edilməmişdir. - 2004-cü il tarixli, 4677 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 115-də yerləşən 13 nömrəli mənzil 01/26b qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. - 14 mart 2025-ci il tarixli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********73- 05101-093043) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 115-də yerləşən ümumi sahəsi 30.40 kv.m olan 13 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 07 dekabr 2000-ci il tarixli, 480 nömrəli sərəncamın surətindən məlum olur ki, Naxçıvan şəhər İstiqlal küçəsi bina 115 ev 13-də yerləşən mənzilin 2 otağının İstiqlal küçəsinə baxan hissəsindən pəncərənin qapı ilə əvəz olunmasına icazə verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyyəti başçısının 13 avqust 2012-ci il tarixli, 188 nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan şəhər İstiqlal küçəsi 115/13 №-li binanın birinci mərtəbəsində yerləşən X6 məxsus qeyri-yaşayış sahəsindən bərbərxana kimi fəaliyyət göstərilməsinə icazə verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 sentyabr 2025-ci il tarixli, 5-5/2-1581/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2000-2019-cu illərə aid sənədlərində 07 dekabr 2000-ci il tarixli, 480 nömrəli və 13 avqust 2012-ci il tarixli, 188 nömrəli sərəncamların ləğv edilməsi barədə məlumatlara rast gəlinməmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 oktyabr 2025-ci il tarixli, 5-5/2-1835/2025 nömrəli məktubdan məlum olur ki, X3 235 nömrəli Sərəncamda göstərilən xx.xx.2000-ci il tarixli ərizəsinə baxış keçirilmiş və həmin ərizədə yalnız onun yaşadığı müvafiq mənzilin 2 otağının İstiqlal küçəsinə baxan hissəsindən pəncərənin qapı ilə əvəz edilməsinə icazə verilməsinin qeyd edildiyi müəyyən edilmişdir. Mənzilin sxemi və vətəndaşın ərizəsi iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1 və139-1.1.8 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi və onun adına yeni çıxarış və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbi ilə uzlaşmadığı qənaətindədir. Müəyyən edilmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 7 dekabr 2000-ci il tarixli, 489 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən mənzilin İstiqlal küçəsinə baxan hissəsindən pəncərənin qapı ilə əvəz olunmasına, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 13 avqust 2012-ci il tarixli, 188 saylı digər sərəncamı ilə qeyd olunan mənzilin bərbərxana kimi fəaliyyət göstərilməsinə icazə verilmişdir. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi (bərbərxana) 13 ildən artıqdır ki, iddiaçının sahibliyində və istifadəsindədir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquq həmin əmlaka mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin əmlakı həmin sənədə əsaslanan müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə ki, yuxarıda qeyd olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları qüvvədədir və hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sərəncamı və digər hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan müraciətin təminini həyata keçirməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Ali Məhkəmənin 2-1(102)-263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarında Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində ...müəyyən hallarda əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılmasının mümkünlüyü əks olunmuşdur. (Centro Europa 7 S.R.L. X14 İtaliyaya Qarşı, Qərar 173.) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsindən və İddiaçı adına yeni çıxarış və texniki pasportun verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi, onun adına yeni Çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.40 kv.m olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi, onun adına yeni Çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar