Məhkəmə qərarları › İş №2-1(3-1)-16/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-16/2026

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-16/2026 02.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədov Ələsgər Həbib oğlu, iddiaçı Əliyeva Telli İsmayıl qızının iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 yanvar 2026-ci il tarixli, 2- 1(122)-136/2025 nömrəli qərardadından iddiaçı Əliyeva Telli İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Əliyeva Telli İsmayıl qızının Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı daşınmaz əmlakların sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əliyeva Telli İsmayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 29 yanvar 2026-ci il tarixli, 2-1(122)-136/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı Əliyeva Telli İsmayıl qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 10 mart 1993-cü il tarixli, 138 nömrəli sərəncamı ilə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində 24 kv.m ölçülü kommersiya mağazası mərhum əri Süleymanov Elxan Hüseyn oğlu tərəfindən inşa edilərək “Pele” Kiçik Müəssisəsinin nəzdində fəaliyyət göstərmişdir. 2002-ci ildə Naxçıvan şəhərində həyata keçirilən tikinti abadlıq işləri çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həmin mağaza dəyəri ödənilmədən və digər əmlakla əvəzləşdirilmədən sökülmüşdür. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, imtina cavabı verilmişdir. Ötən 21 il ərzində həmin ticarət obyektinin illər üzrə dəyişən və indeksasiya olunmalı olan aylıq gəliri orta hesabla 500 manat olmaqla 252 ay üzrə 126000 manat, daşınmaz əmlakın hazırkı bazar dəyəri isə 150000 manat dəyərləndirilməklə, ümumilikdə dəymiş zərər 276000 manat təşkil etmişdir. Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza Süleymanov Elxan Hüseyn oğlunun istifadəsinə verilmişdir. 2012-ci ildə SU-6 qəsəbəsindən Xətai küçəsinə çəkilən avtomobil yolunun tikintisi ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həmin obyekt dəyəri ödənilmədən və digər əmlakla əvəzləşdirilmədən sökülmüşdür. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, lakin nəticəsi olmamışdır. Ötən 10 il ərzində həmin ticarət obyektinin illər üzrə dəyişən və indeksasiya olunmalı olan aylıq gəliri orta hesabla 700 manat olmaqla 120 ay üzrə 84000 manat, daşınmaz əmlakın hazırkı bazar dəyəri isə 164100 manat dəyərləndirilməklə, ümumilikdə dəymiş zərər 248100 manat təşkil etmişdir. Hər iki daşınmaz əmlakların sökülməsi nəticəsində ümumilikdə 524100 manat zərər dəymişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Əliyeva Telli İsmayıl qızı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsində iki ayrı daşınmaz əmlaka dair dəymiş zərərin ödənilməsi tələbi əhatə olunmuşdur. Lakin məhkəmə bu iki obyekti qarışdıraraq yalnız ikinci obyektə dair 2012-ci ildə ödənildiyi iddia edilən kompensasiyanı əsas götürmüş, birinci obyektə dair isə kompensasiya məsələsinə münasibət bildirməmişdir. Onun hüquqi marağı və subyektiv hüququ mövcuddur. Belə ki, mərhum həyat yoldaşının istifadəsində olan əmlakların qanunsuz sökülməsi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Onun hüquqi marağı sökülən əmlakların real bazar dəyərinin, habelə 21 və 10 il ərzində itirilmiş gəlirlərin və inflyasiya itkilərinin ödənilməsindən ibarətdir. Apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli, 2-1(122)-136/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı Əliyeva Telli İsmayıl qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 20 iyun 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə mərhum əri Elxan Süleymanovun istifadəsinə verilmiş 109,4 kv.m mağazanın sökülməsi ilə əlaqədar iki min manat kompensasiya verildiyi qeyd edilən ərizə, sərəncam, qəbz göstərilsədə, onun bu haldan məlumatı olmamışdır. Əmlakların bir-biri ilə bağlılığı yoxdur. Mərhum əri sözügedən əmlakların sökülməsini mübahisələndirməmişdir. Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 10.03.1993-cü il tarixli, 138 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş 24 kv.m mağazanın sənədləri, həmçinin həmin mağazanın mövcudluğu və fəaliyyəti barədə, həmçinin “Pele” kiçik müəssisəsinin fəaliyyəti ilə bağlı onda heç bir sənəd yoxdur. Ərinin 2002-ci ildə bu mağazanın sökülməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etməməsinin səbəbini bilmir. Əgər 109,4 kv.m mağazanın sökülməsi ilə əlaqədar iki min manat kompensasiya verilmişdirsə, hazırda da 24 kv.m mağazanın sökülməsi ilə əlaqədar kompensasiya ödənilməlidir. Qeyd etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Əliyeva Telli İsmayıl qızına ünvanlanmış 05 dekabr 2023-cü il tarixli, 5-5/2-Ə-289-8/2023 nömrəli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı ərizədə qeyd edilən ünvanda yerləşən əmlakın sökülməsinə və dövlət ehtiyacları üçün alınmasına dair İcra Hakimiyyətində heç bir inzibati akt, yaxud sənəd aşkar etmək mümkün olmamışdır. Əmlakın sökülməsi və kompensasiya ödənilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan 183463 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Süleymanov Elxan Hüseyn oğlu ilə Əliyeva Telli İsmayıl qızı 09.09.1971-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 10 mart 1993-cü il tarixli, 138 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, “Pele” kiçik müəssisəsinin direktoru E.Süleymanovun ərizəsi nəzərə alınaraq Ə.Əliyev küçəsi tərəfdə həmin kiçik müəssisəsinin 24 kv.m ölçüsündə mağaza tikməsinə icazə verilmişdir. İşdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza binası Süleymanov Elxan Hüseyn oğlunun istifadəsinə verilmişdir. İşdə olan Süleymanov Elxan Hüseyn oğlu tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı V.Səfərova ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Naxçıvan şəhər Su- 6 qəsəbəsində yerləşən mağaza binası Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmişdir. Həmin mağaza dövlət ehtiyacı üçün söküldüyünə görə ona kompensasiya ayrılmasına köməklik edilməsini xahiş etmişdir. İşdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamının surətindən görünür ki, Süleymanov Elxan Hüseyn oğlunun 05.11.2012-ci il tarixdə qeydiyyata alınmış ərizəsi nəzərə alınaraq Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar, Naxçıvan şəhər Su-6 qəsəbəsində yerləşən Süleymanov Elxan Hüseyn oğlunun istifadəsində olan mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nağd yolla kompensasiya ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində 01 noyabr 2012-ci il tarixə mədaxilin plandan artıq yaranmış hissəsindən 2000 manat azaldılaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin dördüncü rüb tədbirlər hesabının 226200 kod maddəsinə yönəldilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibinə sərəncamdan irəli gələn məsələlərin həllini təmin edilməsi, Naxçıvan şəhər Maliyyə şöbəsinə büdcədə dəyişiklik aparmaqla sərəncamın icrasının təmin edilməsi tapşırılmışdır. İşdə olan 05.11.2012-ci il tarixli, 3748 nömrəli ödəniş tapşırığının, 05.11.2012-ci il tarixli, 0319984 nöməli kassa mədaxil orderinin və 05.11.2012-ci il tarixli, 10 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Süleymanov Elxan Hüseyn oğluna 2000 (iki min) manat kompensasiya ödənilmişdir. İşdə olan 554601 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Süleymanov Elxan Hüseyn oğlu 29.08.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 18 aprel 2024-cü il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı İcra Hakimiyyəti tərəfindən iddiaçı Əliyeva Telli İsmayıl qızının mərhum əri Süleymanov Elxan Hüseyn oğluna məxsus olan Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Pele” kiçik müəssisəsinin nəzdində fəaliyyət göstərən 24 m2 sahəsi olan mağazanın 2002-ci il tarixdə sökülməsinə və ya dövlət ehtiyacları üçün alınmasına dair qərar və yaxud inzibati akt müəyyən olunmamışdır. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 16.02.2024-cü il tarixdə göndərilmiş sorğuya Komitənin 20 fevral 2024-cü il tarixli, 4/174 nömrəli məktubunda Naxçıvan şəhəri ərazisində qeyd olunan dövrlərdə təmir və abadlıq işləri ilə bağlı hər hansı zəruri sənədin və ya məlumatın müəyyən edilmədiyinə dair cavab göndərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə tərəflərindən verilən sorğuya cavab olaraq İdarənin 23 fevral 2024cü il tarixli, 02/186 nömrəli məktubunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı və əlavələrin təsdiq edilmiş surətlərinin ünvanlarına göndərildiyi qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinin göndərdiyi sənədlərə baxış zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Su-6 qəsəbəsində yerləşən Süleymanov Elxan Hüseyn oğlunun istifadəsində olan mağaza binası dövlət ehtiyacları üçün söküldüyündən ona nağd yolla 2000 manat kompensasiya ödənildiyi aşkar olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə tərəflərindən verilmiş sorğuya cavab olaraq 22 fevral 2024-cü il tarixli, 05/83 nömrəli məktubunda Xidmətin informasiya bazasında Süleymanov Elxan Hüseyn oğluna məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına, yaxud əvəzinin ödənilməsinə dair heç bir məlumat mövcud olmadığı bildirilmişdir. Beləliklə, iddiaçının istifadəsində olan mağaza dövlət ehtiyacları üçün alınaraq sökülərkən Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğluna öz ərizəsi əsasında ödəniş edildiyindən iddianı əsassız hesab edirlər. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29.04.2025-ci il tarixli, 3-21-2-24/2-14396/2025 nömrəli məktubda qeyd edilmişdir ki, “Pele” kiçik müəssisəsi hüquqi şəxs kimi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmadığından hər hansı bir məlumatın təqdim olunması imkan xaricindədir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə iddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğlunun istifadəsinə verilmiş Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nağd yolla kompensasiya ödənilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı mövcuddur. Belə ki, 05.11.2012-ci il tarixli, 10 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Süleymanov Elxan Hüseyn oğlu tərəfindən imza edilərək 2000 (iki min) manat kompensasiya alınmışdır. Belə olan təqdirdə iddiaçı tərəfindən iddia ərizəsinə Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən mağaza binasından başqa hər hansı digər əmlaka dair hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən məhkəmə tərəfindən iddia tələbində nəzərdə tutulmuş daşınmaz əmlakların nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı mübahisələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Həmin sərəncam hal-hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nağd yolla kompensasiya ödənilməsi barədə 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı qüvvədə olduğu halda, iddiaçının həmin əmlakın sökülməsinə görə əlavə olaraq dəymiş zərərin cavabdehdən tələb etmək imkanı istisna edilir. İddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğluna və ya özünə məxsus digər əmlakın mövcudluğuna dair hüquqmüəyyənedici sənədlər isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində), eyni zamanda iddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza binası iddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğlunun istifadəsinə verilmişdir. E.Süleymanov 05.11.2012-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza binasının dövlət ehtiyacı üçün söküldüyünə görə ona kompensasiya ayrılmasını xahiş etmişdir. Həmçinin iş materiallarında Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyul 1998-ci il tarixli, 471 nömrəli sərəncamına əsasən Süleymanov Elxan Hüseyn oğlunun istifadəsinə verilmiş Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109,4 kv.m sahəsi olan mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nağd yolla kompensasiya ödənilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı və 05.11.2012-ci il tarixli, 10 nömrəli kassa məxaric orderi mövcuddur. İddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğlu sağlığında 109,4 kv.m sahəsi olan mağaza binası haqqında hər hansı bir mübahisə qaldırmamışdır. Qeyd edilən mağaza 2012-ci ildə söküldüyündən, iddiaçının mərhum əri narazı olduğu təqdirdə bu halı mübahisələndirə bilərdi. Lakin mərhum söküntü ilə bağlı hər hansı bir mübahisə qaldırmamışdır. İddiaçının Ə.Əliyev küçəsində yerləşən 24 kv.m olan mağazanın sökülməsi barədə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 10 mart 1993-cü il tarixli, 138 nömrəli sərəncamı ilə “Pele” kiçik müəssisəsinə Ə.Əliyev küçəsində 24 kv.m ölçüsündə mağaza tikintisinə icazə verilmişdir. Lakin həmin mağazanın tikintisinin başa çatması, dövlət qeydiyyatına alınması ilə bağlı, həmçinin həmin mağazanın mövcudluğu və fəaliyyəti barədə, həmçinin “Pele” kiçik müəssisəsinin fəaliyyəti ilə bağlı hər hansı bir məlumat mövcud deyildir. Məhkəmə araşdırması zamanı bu hallar müəyyən edilməmişdir. Həmçinin iddiaçının mərhum əri sağlığında 24 kv.m sahəsi olan mağaza binası haqqında, onun sökülməsi ilə əlaqədar hər hansı bir mübahisə qaldırmamışdır. O cümlədən iddiaçı məhkəmə iclasında verdiyi izahatında da Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 10.03.1993-cü il tarixli, 138 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş 24 kv.m mağazanın sənədləri, həmçinin həmin mağazanın mövcudluğu və fəaliyyəti barədə, həmçinin “Pele” kiçik müəssisəsinin fəaliyyəti ilə bağlı onda heç bir sənədin olmadığını bildirmişdir. Ərinin 2002-ci ildə əgər mövcud olmuşdursa bu mağazanın sökülməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etməməsinin səbəbini də bilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əgər Ə.Əliyev küçəsində yerləşən 24 kv.m olan mağaza mövcud olsa və sökülmüş olsa idi, iddiaçının mərhum əri Süleymanov Elxan Hüseyn oğlu digər 109,4 kv.m olan mağazanın sökülməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etdiyi vaxt həmin mağazanın sökülməsi nəticəsində də ona kompensasiya ödənilməsini tələb edərdi. Həmçinin iddiaçının mərhum ərinin hər hansı bir mübahisəsinin olmadığı halda, iddiaçının uzun illərdən sonra hazırkı iddianı qaldırması qeyrimüəyyəndir. Beləliklə, aparılan araşdırma zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının qeyd etdiyi mağaza binalarının sökülməsinə görə kompensasiya tələbi üzrə subyektiv hüququ müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, bu istiqamətdə araşdırma aparılmış, lakin iddiaçının subyektiv hüququ müəyyən edilməmiş və iddiaçı subyektiv hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əliyeva Telli İsmayıl qızının apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli, 2- 1(122)-136/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar