Məhkəmə qərarları › İş №2-1(3-1)-20/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-20/2026

20.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-20/2026 20.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı Iddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakları ilə, iddiaçı Iddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Iddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin “Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı Iddiaçı iddia tələbinə “dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, hərbi qulluqçulara pensiya təyinatının aparılması qayda və şərtləri müxtəlifdir, eləcə də onlarda pensiya məbləğinin hesablanması da dövlət qulluğuna görə əmək pensiyasından fərqlənir. Iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2ci bəndinə istinad edərək zabit qismində hərbi xidmət dövrünü (2 il 9 ay 22) dövlət qulluğu stajına daxil edilməsini iddia edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin “Ümumi müddəalar” bölməsində qeyd edilmişdir ki, “Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra - rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir.” Qeyd edilmiş normanın məzmunundan göründüyü kimi, norma şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, şəxsin pensiya təminatına şamil edilmir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarında dövlət qulluğu stajına və qulluq illərinə daxil edilərkən nəzərə alınan dövrlər müəyyən olunsa da, həmin dövrlərin daxil ediləcəyi təqdirdə pensiyanın və pensiyaya əlavələrin necə hesablanacağı ilə bağlı məsələlər həmin Qərarda və digər normativ hüquqi aktlarda öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunda, eləcə də dövlət qulluqçularının və xüsusi (hərbi) rütbəli şəxslərin pensiyasının hesablanması məsələsini tənzim edən digər normativ hüquqi aktlarda hər iki pensiya növünə münasibətdə fərqli tənzimetmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2026-cı il tarixli Qərardadından da görünür ki, dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi müvafiq icra hakimiyyəti orqanına tövsiyyə edilmişdir. Göründüyü kimi Konstitusiya məhkəməsi tərəfindən dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin birləşdirilməsi birbaşa təsdiq edilmir. Əgər mövcud hüquqi baza geniş şərhə imkan versəydi, Konstitusiya məhkəməsi birbaşa tətbiq qaydasını müəyyən edərdi. Qərardadda müvafiq icra hakimiyyətinə təkmilləşdirmə tövsiyəsi faktı göstərir ki, mövcud normativ baza məhkəmənin gəldiyi nəticəyə imkan vermir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu qərardadında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini dövlət qulluqçuları üçün pensiya hüququndan sui-istifadəyə gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun və “Əmək pensiyaları haqqında” Qanunun maddələri üzrə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı mövcud olmalıdır. Deməli, Iddiaçı ##.##.1994cü il tarixdən ##.##.1997-ci il tarixədək hərbi xidmət dövrünün dövlət qulluqçusu kimi qulluq stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından qeyri-mümkündür. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 oğlu izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı Iddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Iddiaçı ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**-**/*-A-****/**** nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Vətəndaşın dövlət qulluğu vəzifəsində qulluq stajı 12 il 8 ay 6 gün, zabit qismində hərbi xidmət dövrü isə 2 il 9 ay 22 gün təşkil edir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021 -ci il tarixli, ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın dövlət qulluqçusunun pensiya təminatında nəzərə alınması qeyd olunmamışdır. Bununla əlaqədar olaraq, dövlət qulluqçusunun dövlət qulluğu stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavələr hesablanması Qanunun tələbləri baxımından mümkün deyil. - Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin ## #### 2024-cü il tarixli, *-*/*- A-***-**-***/**** nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1 -ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRI Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində R hərbi rütbəsində həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon Idarəsi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, *** nömrəli arayışda göstərilmişdir ki, 1959-cu il təvəllüdlü istefada olan R Iddiaçı ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək N №-li hərbi hissədə, ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixədək N №-li hərbi hissədə zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. Müdafiə nazirinin ##.##.1997-ci il tarixli **** №-li əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “A ” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatda dayanır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Iddiaçı ## #### 1959-cu il tarixdə doğulmuşdur. - Iddiaçı məxsus ВП seriyalı, ****** nömrəli hərbi biletin iş materiallarına əlavə edilən surətində onun rütbə nəzərdə tutulan xidmət dövrü öz təsdiqini tapmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## #### 2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü kateqoriya dövlət orqanıdır. Iddiaçı ## ##### 2012-ci il tarixindən ## ######## 2020-ci il tarixinədək Nazirliyin Aparatının Əmək münasibətləri və əməyin mühafizəsi sektorunda qulluq keçdiyi “aparıcı məsləhətçi” vəzifəsi Qanuna əsasən dövlət qulluğunda inzibati vəzifələrin 6-cı, ## ######## 2020-ci il tarixindən ## #### 2023-cü il tarixinədək Nazirlik yanında X6 Xidmətinin (bundan sonra – Xidmət) Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektorunda qulluq keçdiyi “məsləhətçi-əmək müfəttişi” və ## #### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixinədək Xidmətin Aparatının Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunda qulluq keçdiyi “məsləhətçi-əmək müfəttişi” vəzifələri isə inzibati vəzifələrin 7-ci təsnifatına aiddir. Iddiaçı müvafiq tarixlərdə qulluq keçdiyi vəzifələr dövlət qulluğuna aid vəzifələrdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## #### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, Iddiaçı dövlət qulluğu vəzifəsində qulluq stajı 12 il 8 ay 6 gün, zabit qismində hərbi xidmət dövrü isə 2 il 9 ay 22 gün təşkil edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli, ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın dövlət qulluqçusunun pensiya təminatında nəzərə alınması qeyd olunmamışdır. Bununla əlaqədar olaraq, dövlət qulluqçusunun dövlət qulluğu stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavələr hesablanması Qanunun tələbləri baxımından mümkün deyil. Iddiaçı ****** nömrəli pensiya işi iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən Iddiaçı hazırda ödənilən aylıq pensiya məbləği 626,63 manat təşkil edir. Bundan başqa Iddiaçı Qanunun qeyd olunan maddələrinə əsasən dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aylıq əməkhaqları barədə arayışlarını təqdim etdiyi təqdirdə dövlət qulluğunda 15 il qulluq stajı olan şəxs kimi şərti əmək pensiyasının məbləği barədə məlumat verilə bilər. - Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin ## ###### 2026-cı il tarixli, *-*/*- */**** nömrəli məktubunda göstərilmişdir ki, 2012-2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı məsləhətçi vəzifəsində, Nazirliyin yanında X6 Xidmətində məsləhətçi-əmək müfəttişi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin # ###### 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinə əsasən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan vəzifələr inzibati vəzifələrin altıncı təsnifatına, 2.1.8-ci yarımbəndinə əsasən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin aparatlarında mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: (# ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyada) 1.1.2-ci maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydası: 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 7-1-ci hissəsinə görə, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRI Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.1.4. vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müddət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; 2.1.5. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.1.8. qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.9. qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.10. qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; 2.1.11. dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçı Iddiaçı hüquqi marağı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməklə ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmasından ibarətdir. Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaçının müraciətindən imtina edərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin ümumi müddəalarına istinad edərək, həmin normaların şəxsin pensiya təminatına şamil edilmədiyini əsas gətirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və qeyd edilmişdir ki, iddiaçının 12 il 8 ay 6 gün dövlət qulluğu stajının və zabit qismində hərbi xidmət üzrə 2 il 9 ay 22 gün stajının olması istər iddiaçı, istərsə də, cavabdeh tərəfindən mübahisələndirilmir və bunlar işin mübahisəsiz hallarıdır. Cavabdehin iddiaçının ərizəsindən imtina edərkən gətirdiyi hərbi xidmət dövrünün dövlət qulluğu stajına əlavə edilməsinin yalnız "fəaliyyət dövrü" üçün nəzərə alındığı, lakin bunun pensiya təyinatına təsir etməməsi barədə arqumenti hüququn tətbiqində məntiqi ziddiyyət yaratmışır. Cavabdehin arqumenti qəbul edilərsə, belə çıxır ki, eyni şəxsin işlədiyi dövrdə məsələn: əlavə haqq hesablanarkən və s. hallarda stajı 15 il qəbul edilməli, pensiya təyin edilərkən isə 12 il hesablanmalıdır. Bu, hüquqi müəyyənlik prinsipinin pozulması ilə razılaşmaq olmaz. AR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş “Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır” imperativ norma olmaqla, cavabdeh tərəfindən "pensiya təminatı halında istisna" kimi təfsir edilməsi yolverilməzdir. Işin hallarından müəyyən olunur ki, iddiaçıya ## #### 2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2025-ci il tarixli, *-**-*-*/*-A- ***/**** nömrəli ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə X2 pensiya məbləği 579.68 manat müəyyən edilmişdir. Hesablama zamanı iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək N nömrəli hərbi hissədə, ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixədək N nömrəli hərbi hissədə dövlət qulluğunun xüsusi növündə zabit kimi xidmət müddəti olan 2 il 9 ay 22 gün iş stajı nəzərə alınmamışdır. Iddiaçı ##.##.2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək münasibətləri və əməyin mühafizəsi sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul edilmiş və ##.##.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Aparatının Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun məsləhətçi əmək-müfəttişi dövlət qulluğu vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçı 12 il 8 ay 6 gün dövlət qulluğu stajı və zabit qismində hərbi xidmət üzrə 2 il 9 ay 22 gün staj əldə etmişdir. Iddiaçının qeyd edilən iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin əsas dəlili iddiaçının zabit qismində işlədiyi 2 il 9 ay 22 gün hərbi xidmət dövrünün pensiya təyinatı zamanı dövlət qulluğu stajına daxil edilməsi üçün əsasların mövcud olmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair 26 yanvar 2026-cı il tarixli qərardadında göstərilmişdir ki, “... Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir.... Konstitusiyanın 55-ci maddəsinin II hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır...Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı olan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır... Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir. Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları da rəhbər tutulmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmşdir ki, Bakı Inzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar qəbul edilməsinə zərurət yoxdur Işin sadalanan xüsusatlarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə qənaətə gəlir ki, hərbi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçmə dövlət qulluğunun xüsusi növündə qulluq keçməyə aiddir və dövlət qulluğunun xüsusi növündə hərbi rütbə nəzərdə tutulan xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalıdır. Yuxarıda adıçəkilən normaların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin tələbinə görə qeyd edilən dövr dövlət qulluğu stajı hesablanarkən nəzərə alınan dövrdür. Həmin dövr nəzərə alındıqda isə iddiaçının minimum dövlət qulluğu stajının 15 ildən artıq olması müəyyən edilir ki, həmin şərtin ödənilməsi dövlət qulluqçusu kimi pensiya təyinatı üçün əsasdır. Iddiaçı Iddiaçı ## #### 1959-cu il tarixdə doğulduğundan dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu ## #### 2024-cü ildə yaranmışdır. Kollegiya qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında da bildirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Qanunun 22.7-1ci maddəsinin tələbinə görə dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmçinin, Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1 və 3.1-ci bəndlərinə əsasən dövlət qulluğunda staj və dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən stajların qarşılıqlı olaraq nəzərə alınacağı təsbit edilmişdir...Pensiya məqsədləri baxımından stajların qarşılıqlı olaraq nəzərə alınmasının mümkünlüyünə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmaqla qiymət verilməlidir. Sözügedən məsələ məhz həmin Qanun və onunla birbaşa əlaqəli digər qanunvericilik aktlarına istinadla həll olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə münasibətdə pensiya hüququnun reallaşdırılmasının müxtəlif imkanları nəzərdə tutulmuşdur. Onlardan biri də xidmət illərinə görə pensiyanın təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə xidmət illərinə görə pensiyanın təyin edilməsinin həlledici şərti kimi həmin orqanlarda konkret müddətlərdə qulluq keçməni tələb edir. Beləliklə, qanunverici bu əsasla pensiya təyin edilməsini müstəsna olaraq sözügedən orqanlarda hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi konkret müddət ərzində qulluqdan asılı edir, pensiya yaşından asılı etmir. Bu, hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi qulluğun özünəməxsus xüsusiyyətlərindən və şərtlərindən irəli gəlir, həm də pensiya məqsədləri baxımından qanunvericinin idarəsini göstərir. Nəzərə alınmalıdır ki, stajların qarşılıqlı hesablanmasına münasibətdə qulluq münasibətlərinin davam etdiyi dövrdə və pensiya təyin edilməsi zamanı fərqli yanaşmanın tətbiq edilməsi qulluğun şərtlərindən irəli gəlir, ona görə də, mümkün və ağlabatan olmaqla, son nəticədə qanunvericinin mülahizəsindən asılıdır. Məhkəmə, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq bu məsələni qanunvericinin iradəsinin ziddinə həll edə bilməz. Bununla yanaşı, digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş şəxslər “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatının nəzərdə tutulduğuna istinadla həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış etməklə xidmət illərinə görə pensiyanın təyin edilməsini tələb edə bilərlər. Nəhayət, şəxslər dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin dövlət qulluğundakı qulluq stajının müddətinə daxil edilməsini tələb edə, bununla da, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilərlər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır. Əks yanaşma, dövlət qulluğunda uzun müddət işləmiş şəxslərin ümumiyyətlə, dövlət qulluqçusu kimi pensiya təminatından tamamilə mərhum olunması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərini onun dövlət qulluğundakı qulluq stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsini tələb etməkdə haqlı olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(122)-749/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və IPM-in 2, 58, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar