Məhkəmə qərarları › İş №2-1(3-1)-29/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-29/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-29/2026 29.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyətinin “Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, bank hesabları üzərinə qoyulmuş həbsin “qismən tətbiq edilməsi”nin qanunsuz hesab edilməsi və borcluya aid bütün mövcud bank hesablarının aşkar edilərək üzərinə həbs qoyulması öhdəliyinin icra orqanının üzərinə qoyulması, borcluya aid (mülkiyyətində olan) girovda olmayan bütün əmlakların müəyyən edilməsi və müvafiq həddə (məbləğdə) üzərinə həbs qoyulması öhdəliyinin icra orqanının üzərinə qoyulması, əmlakın əsassız qiymətləndirilməsi nəticəsində qəbul edilmiş icra tədbirinin ləğv edilməsi, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin üzərinə borclunun icra hərəkətlərindən yayınması faktı ilə əlaqədar hüquqi araşdırılmanın aparılması vəzifəsinin qoyulması, qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyana görə Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin Icra məmuru və ona göstəriş vermiş şəxslər barədə xüsusi qərar çıxarılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyətinin direktoru Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, bank hesabları üzərinə qoyulmuş həbsin “qismən tətbiq edilməsi”nin qanunsuz hesab edilməsi və borcluya aid bütün mövcud bank hesablarının aşkar edilərək üzərinə həbs qoyulması öhdəliyinin icra orqanının üzərinə qoyulması, borcluya aid (mülkiyyətində olan) girovda olmayan bütün əmlakların müəyyən edilməsi və müvafiq həddə (məbləğdə) üzərinə həbs qoyulması öhdəliyinin icra orqanının üzərinə qoyulması, əmlakın əsassız qiymətləndirilməsi nəticəsində qəbul edilmiş icra tədbirinin ləğv edilməsi, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin üzərinə borclunun icra hərəkətlərindən yayınması faktı ilə əlaqədar hüquqi araşdırılmanın aparılması vəzifəsinin qoyulması qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyana görə Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin Icra məmuru və ona göstəriş vermiş şəxslər barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir . Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli qərardadından narazı qalan iddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv edilərək iddiasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, icra məmurunun qanunsuz və özbaşına hərəkətləri nəticəsində avtomobillərin özgəninkiləşdirilməsi nəticəsində ona maddi ziyan vurulmuş, icra icraatı isə ədalətlilik və qanunilik prinsiplərinə zidd şəkildə aparılmışdır. Belə ki, icra məmurunun qərarı qüvvədə ola-ola özbaşına (qərara zidd) hərəkətlər edərək, məktubla dövlət yol polisində həbsin götürüldüyünü bəyan edib, hansı ki, həmin avtomobillərin üzərinə həbsin qoyulması haqqında qərar hazırda da qüvvədədir. Icraçının həmin məktubu yazması, həbsin götürüldüyünü bəyan etməsi özbaşına hərəkətlərdir. Həmçinin qiyməti bilmədən yeni əmlak üzərinə həbsin qoyulmasını bəyan etmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərarın icrasında icra məmurunun hərəkətləri ona zərər vurmaqdadır. Icra haqqında qanunun 87.1-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən inzibati məhkəməyə şikayət vermiş, bu həmin qanunla təsbit edilmiş hüququdur. Icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsinin xüsusi qaydaları Mülki Prosessual Məcəllədə təsbit edilməmişdir. Məhkəmə icra haqqında qanunun 87.1-ci maddəsini nəzərə almayaraq iddianı mümkün saymamışdır. Lakin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından deyil, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilmişdir. Qanunvericiliyə əsasən isə həmin şikayət inzibati məhkəməyə verilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iştirak etməmiş, cavabdeh Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirak etməmiş, ## ##### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən ərizə ünvanlanaraq cəmiyyətin direktoru və qanuni təmsilçisi Nümayəndə təlim toplantısına çağırıldığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və mahiyyəti üzrə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyəti cavabdeh Naxçıvan şəhər Icra və Probasiya Şöbəsinə qarşı Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsində iddia qaldırmışdır. Sözügedən hərəkətlər (hərəkətsizlik) Naxçıvan MR Kommersiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə başlanılmış icra işi üzrə qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa Insan Hüquqları Məhkəməsinin “Əfəndiyeva Azərbaycana qarşı” ## ####### 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının tərkib hissəsi” sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2017-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232)) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “Icra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “Icra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “Icra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “Icra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırıImalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və ya hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdir. “Icra haqqında” Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanunu məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “Icra haqqında” Azərbaycan Respublikası Qanunu deyil, Mülki Prosessual və Inzibati Prosessual Məcəllələr çıxış edir. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Inzibati orqanların Təsnifatı»nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. Icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən icra qurumunun icra məmurunun hərəkətləri (hərəkətsizliyi) mübahisələndirilməklə bank hesabları üzərinə qoyulmuş həbsin “qismən tətbiq edilməsi”nin qanunsuz hesab edilməsi, borcluya aid bütün mövcud bank hesablarının aşkar edilərək üzərinə həbs qoyulması və borcluya aid (mülkiyyətində olan) girovda olmayan bütün əmlakların müəyyən edilməsi və müvafiq həddə (məbləğdə) üzərinə həbs qoyulması öhdəliyinin icra orqanının üzərinə qoyulması, əmlakın əsassız qiymətləndirilməsi nəticəsində qəbul edilmiş icra tədbirinin ləğv edilməsi tələb edilir. Ona görə də, həmin hərəkətlərin (hərəkətsizliyin) hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən qərarın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Iddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Inzibati iddiaların ilkin ümumi mümkünlük şərti Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Iddiaçı "V.V.C.M. Consulting" Məhdud Məduliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar