Məhkəmə qərarları › İş №2-1(3-1)-32/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-32/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-32/2026 05.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və cavabdeh1 qarşı “çağırışaqədərki hazırlıq fənninə aid olan dərsdənkənar məşğələlərin verilməsi, çağırışaqədərki hazırlıq fənninə aid olan dərnəyin verilməsi və ibtidai sinif müəllimliyinə uyğun dərslərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və cavabdeh1 qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək dərsdənkənar məşğələlərin verilməsi, dərnəyin verilməsi və ixtisasa uyğun dərslərin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Prosessual məsələlər Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırkı iddia tələbi üzrə işə Babək Rayon Məhkəməsində baxılmış və inzibati mübahisə olduğu üçün icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardaddan şikayət etməmişdir. Qərardada əsasən Naxçıvan MR Inzibati Məhkəməsində iddia qaldırmışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının mübahisəsi əmək münasibətlərindən irəli gələn məsələlərdir. Həmçinin iddiaçı ibtidai sinif müəllimliyi ixtisasını bitirsə də, o, müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmədiyindən müəllim kimi təyinat almamışdır. O apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Iş materiallarında olan Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, */-** nömrəli məktubda qeyd edilmişdir ki, “siz ## ######## 2017-ci il tarixli, ** nömrəli əmrlə Qahab kənd tam orta məktəbinə gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri vəzifəsinə təyin edilmisiniz. Həmin tarixdən siz Qahab kənd tam orta məktəbinin X-XI siniflərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hər tədris ilinin başlanması ilə əlaqədar təsdiq etdiyi Tədris Planına uyğun olaraq çağırışaqədərki hazırlıq fənnini tədris edirsiniz. Məktəb direktoru tərəfindən verilmiş əmrdə sizin həmin dövr üçün pedaqoji profilli ixtisasınız olmadığından müəllim kimi təyin olunmağınız nəzərdə tutulmamışdır. Məlum olduğu kimi, çağırışaqədərki hərbi hazırlıq rəhbərləri “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1998-ci il tarixli, *** nömrəli qərarının V bölməsinin birinci abzasına əsasən hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələrinin direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas, hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2017-ci il tarixli, **-* nömrəli Kollegiya qərarı ilə təsdiq etdiyi “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-X5”nın Giriş hissəsinin Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunun XVII bəndinin (Təhsil müəssisələri üzrə ümumi vəzifələr) Mütəxəssislər bölməsində istər çağırışaqədərki hərbi hazırlıq rəhbəri və istərsə də dərnək rəhbəri ayrı-ayrılıqda vəzifə kimi göstərilməklə yanaşı, ödəniş dərəcələri diapazonu göstərilməklə verilmişdir. Həmçinin həmin bölmədə göstərilən vəzifələrin əmək funksiyaları, vəzifə funksiyaları, vəzifənin tutulma şərtləri “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-X5’nın 118 və 120-ci səhifələrində göstərilmişdir. Buradan aydın olur ki, çağırışaqədərki hərbi hazırlıq rəhbəri və dərnək rəhbəri ayrı-ayrılıqda ümumtəhsil məktəbinin vəzifəli şəxsləri hesab olunurlar. Qeyd edirik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ## #### 2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən dərnəkləri ümumtəhsil müəssisəsinin direktorunun əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad edilən dərnək rəhbəri idarə edir. Həmçinin həmin bənddə dərnək rəhbəri həmin məktəbin müəllimləri sırasından və ya kənardan dəvət olunan mütəxəssis təyin edilə bilər. Yuxarıda da qeyd etdiyimiz kimi sizin müvafiq əmrlə məktəbə müəllim yox, hərbi rəhbər təyin edilmisiniz. Sizin əsas gətirdiyiniz “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1998-ci il tarixli *** nömrəli qərarının II bölməsinin 9-cu abzasına əsasən Nazirlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və Idman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil edir. Qeyd olunan Əsasnamənin III bölməsinin hərbi rəhbərin vəzifələri abzasının birinci cümləsinə əsasən (IHH dərslərini vaxtında şəxsən təşkil edir, maraq üzrə kurslara və dərnəklərə rəhbərlik edir) II bölmədə göstərilən və ictimai əsaslarla təşkil olunan dərnəklərə rəhbərlik etməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası elm və təhsil nazirinin ## #### 2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın 2-ci maddəsinin 2.2-ci bəndində isə dövlət vəsaiti hesabına dərnəklər bir qayda olaraq, fənn və incəsənət sahələri, bədii və texniki yaradıcılıq, idman növləri üzrə yaradılır. Yuxarıda qeyd olunanlara əsasən bir daha məlum olur ki, hərbi rəhbər və dərnək rəhbəri ümumtəhsil məktəbində ayrı-ayrılıqda vəzifə olduğundan “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1998-ci il tarixli *** nömrəli qərarının III bölməsinin sonuncu abzasına əsasən (hərbi rəhbərlər təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər) siz Qahab kənd tam orta məktəbində ikinci vəzifə tuta bilməzsiniz. Siz 2022-ci il tarixdə X11 Ibtidai sinif müəllimliyi ixtisasını bitirmisiniz. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ####### 2023-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən hər il ölkə üzrə keçirilən mərkəzləşmiş işə qəbul imtahanlarında iştirak etmədiyinizdən müəllim kimi təyinat almamısınız. Qeyd edirik ki, siz məktəbə hərbi rəhbər kimi təyinat alarkən Azərbaycan Ali Hərbi Məktəbinin Idarətmə mühəndisliyi ixtisasını bitirmişdiniz ki, bu ixtisasın da Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası’nın təsdiq edilməsi haqqında” Qərarın əlavəsində göstərilən siyahıda heç bir uyğunluğu yoxdur”. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Inzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. Inzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Inzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarının” 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. 3.2. Hesabatlılıq müəssisənin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyini və vəzifə məsuliyyətini təmin edir. 3.3. Məsuliyyətin bölüşdürülməsi idarəolunma prosesində demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla, nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin tətbiqinə xidmət göstərir. 3.4. Inkişafın monitorinqi həyata keçirilən fəaliyyətlərin məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin edir. 3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır. 3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Bununla yanaşı, idarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti və s.) yaradıla bilər. 3.7. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı hərbi rəhbər vəzifəsində çalışdığı məktəbdə ona dərsdənkənar məşğələlərin və dərnəyin verilməsini, həmçinin ixtisasca ibtidai sinif müəllimi olduğundan ona həmin məktəbdən müvafiq dərslərin verilməsini tələb edir. Işin hallarından da məlum olduğu kimi iddiaçının tələbinin hüquqi əsası əmək münasibətlərindən irəli gələn fəaliyyət ilə əlaqədardır. Belə ki, inzibati məhkəmə icraatında inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı inzibati mübahisələrə baxılır. Lakin iddiaçının tələbinə münasibətdə yaranan hüquq münasibəti isə əmək münasibətlərindən irəli gəlməklə Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Iddiaçının tələbinin birinci və ikinci hissəsi olan dərsdənkənar məşğələlərin və dərnəyin verilməsinə münasibətdə qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən dərnək və məşğələlərin verilməsi şagirdlərin ehtiyacı nəzərə alınmaqla məktəbin tərkibində daimi fəaliyyət göstərməyən pedaqoji şuranın qərarı və məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Istər məktəbin pedaqoji şurasının, istərsə də məktəb direktorunun fəaliyyəti publik hüquq münasibətlərindən irəli gəlmədiyindən hakimiyyət səlahiyyətləri ilə müşayiət olunmur. Bu səbəbdən də həmin mübahisələr üzrə yaranan hüquqi münasibətlər inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Iddia tələbinin üçüncü hissəsi olan ibtidai sinif müəllimliyinə uyğun dərslərin verilməsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı bunun üçün müvafiq MIQ imtahanlarından keçməklə məktəb direktorunun əmri ilə işə qəbul edilməlidir ki, bu sahədə məktəb direktorunun fəaliyyəti və qəbul edəcəyi akt əmək münasibətlərinə aid olduğundan və inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən iddia bu hissədə də mümkün hesab edilə bilməz. Digər tərəfdən hazırkı iş üzrə cavabdeh qismində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və cavabdeh1 tanınsa da, iddiaçının tələblərinin icrası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin səlahiyyət sferasına aid deyil. Belə ki, həmin inzibati orqan tərəfindən məktəbdə hər hansı məşğələ və ya dərnəyin verilməsi, müəllimlərin işə qəbulu həyata keçirilmir. Bu səbəbdən də cavabdeh inzibati orqan düzgün müəyyən edilməmişdir. Digər cavabdeh olan cavabdeh1 hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar mübahisələr yuxarıda da qeyd edildiyi kimi publik hüquqi xarakter daşımır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi iddiaya cavab verməli olan inzibati orqan olmadığından və digər cavabdeh cavabdeh1 münasibətdə yaranan hüquq münasibətləri inzibati məhkəmə icraatının predmeti hesab edilmədiyindən iddia mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələbinin birinci və ikinci hissəsi olan dərsdənkənar məşğələlərin və dərnəyin verilməsi məktəbin tərkibində fəaliyyət göstərən pedaqoji şuranın qərarı və məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Istər məktəbin pedaqoji şurasının, istərsə də məktəb direktorunun fəaliyyəti publik hüquq münasibətlərindən irəli gəlmir. Bu səbəbdən də həmin mübahisələr inzibati məhkəmə icraatının predmeti hesab edilmədiyindən aidiyyəti üzrə ümumi məhkəmələrdə baxılmalıdır. Iddia tələbinin üçüncü hissəsi olan ibtidai sinif müəllimliyinə uyğun dərslərin verilməsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ibtidai sinif müəllimliyi ixtisasını bitirsə də, o, müəllimlərin işə qəbulu imtahanlarında iştirak etməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar