Məhkəmə qərarları › İş №2-1(3-1)-46/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-46/2026

12.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-46/2026 12.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı "cavabdehə ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Cavabdeh Fondun Naxçıvan şəhər şöbəsinin ## ###### 2016-cı il tarixli ***** nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş Cavabdeh xidməti siyahısından çıxarışda onun ##.##.1989-cu il tarixdən ##.##.1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, ##.##.1997-ci il tarixdən ##.##.1999-cu il tarixədək Naxçıvan Muxtar Respublikası DİN YMŞ-nin Naxçıvan şəhərinin mühafizəsi üzrə ** saylı MHYH-nin yanğınsöndürəni, ##.##.1999-cu il tarixdən ##.##.2004-cü il tarixədək Naxçıvan Muxtar Respublikası DİN DYTX- nin növbətçi yanğın-söndürmə xidmətinin baş yanğınsöndürəni, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək Naxçıvan Muxtar Respublikası DİN DYTl-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yanğın-söndürmə xidmətinin baş yanğınsöndürəni, ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası FHN DYTl-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yanğınsöndürmə xidmətinin baş yanğınsöndürəni, ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası FHN DYTl-nin Naxçıvan şəhər DYTŞ-nin növbətçi yanğın-söndürmə xidmətinin bölmə komandiri, ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası FHN X6 İdarəsinin rabitə qovşağının baş rabitə ustası vəzifələrində işlədiyi qeyd edilmişdir. Həmin siyahıda Cavabdeh təqvimlə 21 il 1 ay 21 gün, güzəştlə 4 il 1 ay 14 gün olmaqla, ümumilikdə 25 il 3 ay 5 gün xidmət illərinə görə iş stajının olduğu, həmçinin onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ## ####### 2016-cı il tarixli, ***/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü ilin may və iyun ayları ərzində fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri yoxlanılmışdır. Yoxlama nəticəsində Cavabdeh ##.##.2016-cı il tarixdə Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun ## #### 2017-ci il tarixinədək qüvvədə olmuş 9.7-2-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı ##.##.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Yoxlama nəticəsində, Cavabdeh ##.##.2016-cı il tarixindən ##.##.2023cü il tarixinədək ümumilikdə 8 280,30 manat məbləğində artıq pul vəsaitinin ödənilməsi aşkar olunmuşdur. Artıq ödəmənin aşkar olunduğu tarixdən geriyə 3 il ərzində (##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək) 2 590,07 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Məhkəmənin qərarına münasibətdə qeyd edilməlidir ki, cavabdehə pensiya təyin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, qəbul edilmiş inzibati aktın açıq şəkildə qanunsuz olduğu nəticəsinə gəlinir. İş materiallarından da göründüyü kimi, cavabdeh qanuni əsas olmadan pensiya vəsaiti almışdır. Son üç illik dövr üzrə artıq ödənilmiş məbləğin həcmi də iş üzrə müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə həmin halları qəbul etsə də, müvafiq hüquqi nəticə çıxarmamış və Fondun iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı orqanın nümayəndəsi X4 izahatında apellyasiya şikayətinə uyğun izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh X2 izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - xxxxnun Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2016-cı il tarixli, ***** nömrəli qərarından məlum olur ki, Cavabdeh yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2025-ci il tarixli qərarından məlum olur ki, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.72-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarı ləğv edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarından məlum olur ki, Cavabdeh hüququnun yarandığı ##.##.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumat vərəqindən məlum olur ki, ## ####### 1970-ci il təvəllüdlü R Cavabdeh xidmət illəri 21 il 1 ay 21 gün, güzəştli xidmət illəri 4 il 1 ay 0 gün olmaqla, cəmi iş stajı 25 il 2 ay 21 gündür. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş R Cavabdeh xidmət siyahısından çıxarışdan məlum olur ki, Cavabdeh SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət daxil olmaqla ümumi stajı 25 il 03 ay 05 gündür. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ## ####### 2016-cı il tarixli, ***/ş nömrəli əmrindən çıxarışdan məlum olur ki, R Cavabdeh, X6 İdarəsinin Rabitə Qovşağının Baş Rabitə ustası tutduğu vəzifədən azad edilmiş və fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun # #### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubuna əlavə edilmiş aylar üzrə Cavabdeh ödənilmiş pensiya məbləğləri haqqında çıxarışda göstərilmişdir ki, Cavabdeh 2016-cı ilin oktyabr ayından 2023-cü ilin iyun ayınadək ümumilikdə 36780,89 manat pensiya almalı olduğu halda 45061,19 manat almış, 8280,30 manat artıq almış, ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək isə 21168,24 manat almalı olduğu halda 23758,31 manat almaqla fərq 2590,07 manat olmuşdur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh Cavabdeh “xxxx" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin ##.##.2016-cı il tarixli, ***** nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən, “R Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2023-cü ildə aparılmış yoxlama nəticəsində təyin edilmiş pensiyanın "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun ## #### 2017-ci il tarixinədək qüvvədə olmuş 9.72-ci maddəsinin tələblərinə uyğun olmadığı aşkar edilmiş, sonradan həmin qərar qeyd edilən səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Həmçinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə Cavabdeh hüququnun yarandığı ##.##.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək ümumilikdə 8 280,30 manat məbləğində artıq ödənildiyini, artıq ödəmənin aşkar olunduğu tarixdən geriyə 3 il ərzində ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş pul vəsaitinin 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat olduğunu bildirərək, ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 2590,07 (iki min beş yüz doxsan manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, inzibati orqanın əvvəlki qərarının ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarar, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı inzibati orqan cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarını həmin pensiyanın əsassız olaraq təyin edildiyi ona artıq 2023-cü ildə məlum olmasına və bunla əlaqədar olaraq həmin pensiyanın dayandırılmasına baxmayaraq həmin qərarı ## ###### 2025-ci il tarixdə ləğv etmişdir. Beləliklə, inzibati akt qanunla nəzərdə tutulmuş 1 illik müddət keçdikdən sonra ləğv edilmişdir. Bu isə cavabdehə münasibətdə qəbul edilmiş əlverişli inzibati aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq ləğv edildiyini göstərir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin işlədiyi staj dövrlərinin güzəştli staj kimi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində cavabdehin hər hansı bir təqsiri olmamışdır. Belə ki, ona pensiyanın təyin edilməsində cavabdehin müdaxiləsi olduğuna dair hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərkən yalnız ona təqdim edilən sübutlarla kifayətlənməyərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Buna görə də hazırkı iş üzrə cavabdehin ona əmək pensiyası təyin edilməsində hər hansı təqsiri mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. - 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. - 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, “inzibati icraat haqqında” Qanunun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın vəzifəli şəxslərinin yanlış hərəkətlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq və ya səhv ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq və ya səhv ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən ödənilmiş vəsaitin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin pensiya hüququ əldə etməsi halı müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə cavabdehin inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olması da müəyyən edilmir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında etimadın qorunması prinsipinə münasibətdə göstərilmişdir ki, “...Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar)”. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz cavabdehin etimad göstərdiyi pensiya təyin olunması barədə inzibati orqanın qərarı əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiya məbləğini xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tələb edilməsi qanunsuzdur. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallara əsaslanmamış, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, iddiaçının “ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarından iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar