Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-50/2026 01.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun ##.##.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı “onun ##.##.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edliməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına göndərilmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, 10 il hərbi xidmət keçmişəm. Qüvvədə olan qanunvericiliyin müvafiq normasına əsasən, hərbi qulluqçu 10 il xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxılması barədə raportla müraciət etdikdə, heç bir əlavə imtiyaz (pensiya hüququ, mənzillə təminat və s.) tələb etmədən, öz iradəsinə uyğun olaraq tutduğu hərbi vəzifədən azad edilməli idi. Lakin xidmət müddətinin başa çatmasına bir il qalmış qanunvericiliyə edilmiş dəyişiklik əsas gətirilərək, əvvəlki dövrdə rezidentura təhsili aldığı müddətin xidmət illərinə daxil edilməməsi bəhanəsi ilə ehtiyata buraxılmağından imtina edilmişdir. Halbuki, mübahisənin həlli üçün hansı tarixdən xidmət keçməyi və hansı dövrdə təhsil almağı (rezidentura təhsilinə başladığı və bitirdiyi dövr) barədə məlumatların müəyyən edilməsi kifayət idi. Bu hallar iddia ərizəsində və ona əlavə edilmiş rəsmi sənədlərdə ətraflı şəkildə göstərilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsində də həmin faktlar inkar edilməmiş, əksinə təsdiq olunmuşdur. Beləliklə, mübahisə faktiki hallarla deyil, yalnız qanunun geriyə qüvvəsinin tətbiqinin mümkün olub-olmaması məsələsi ilə bağlıdır. Daha dəqiq qanundakı dəyişikliyin 10 il müddətlə bağlı olmaması, dəyişikliyin təhsil müddətinin xidmət illərinə əlavə edilməsi ilə bağlı olduğundan, təhsil müddətinin qanundakı dəyişikliklikdən əvvəlki dövrü əhatə etməsini nəzərə almaqla, iddianın əsaslı olması və birinci instansiya məhkəməsinin düzgün mövqeyinin apellyasiya instansiyasında qanuna uyğun şəkildə təsdiq edilməsi labüd olmalı idi. Qeyd edilməlidir ki, ali və magistr təhsilli həkimdir. Bu baxımdan, məhkəmə işə baxarkən peşə fəaliyyətinin ictimai əhəmiyyətini və məsuliyyətini də nəzərə almalı, Inzibati Prosessual Məcəllənin 68.1-ci maddəsini düzgün tətbiq etməklə, Konstitusiyada təsbit olunmuş qanunun (ağırlaşdırıcı hallarda) geriyə qüvvəsinin olmaması prinsipini, habelə Inzibati Icraat haqqında Qanunda nəzərdə tutulmuş bərabərlik prinsipini rəhbər tutaraq iddianın təmin edilməsi qənaətinə gəlməli idi. 10 illik xidmət dövründə rezidentura təhsili almışdır. Həmin təhsil müddətinin xidmət illərinə təsiri barədə məlumatlandırılmamışdır. Halbuki Əsasnamədə edilən dəyişiklikdən sonra rezidentura təhslilnə göndərilən zabitlərə iltizama imza etdirməklə xəbərdarlıq edilir ki, onların təhsil müddətləri xidmət illərinə hesablanmayacaqdır. Bununla da həmin zabitlər bir sıra hərbi xidmət vəzifələrindən azad edilmiş olurlar (lakin ona xəbərdarlıq edilmədiyindən, təhsil dövründə də xidməti vəzifələrinin icraasını davam etditmişdir). Məhz yuxarıda qeyd edilən səbəbə görə təhsil dövründə hərbi hissə üzrə xidmətinin bir növü olaraq növbətçi olmuş, yeni hərbi rütbə verilmiş, növbətçi həkim kimi fəaliyyət göstərmiş, ezamiyyətlərdə olmuş, müharibə dövründə ön cəbhə hospitalında komandirin sərəncamında olmuş, xidmət müddətinin 10 il tamamında "Qüsursuz xidmətə görə" 3-сü dərəcə medal almış, veteranliq adı vəsiqəsi və statusu verilmişdir. Müdafiə Nazırliyi qanunvericilikdəki dəyişikliyinə qədər xidməti dövründə rütbə veribsə, xidməti vəzifənin icrası olaraq növbəyə çıxarıbsa, qüsursuz 10 xidmət ili münasibəti ilə medalla təltif edibsə ("Qüsursuz xidmətə görə" 3-cü dərəcə medal yalnız 10 il xidmətə görə verilir) deməli, həmin dövrü xidmət stajı kimi qəbul edib. Əks təqdirdə sonradan həmin dövrü xidmət saymamaqla hüquqi müəyyənlik prinsipinə zidd olaraq, legitim gözləntiləri pozmaqla dövlət qurumu kimi ziddiyyətli davranış nümayiş etdirir. Cavabdeh tərəfindən bəzi zabitlərin rezidentura təhsil müddəti xidmət stajına daxil edilməklə onların 10 illik xidmət müddətini tamamlamış hesab edilməsi və bu əsasla ehtiyata buraxılması faktları mövcuddur. Bu yanaşma təsadüfi xarakter daşımır və cavabdehin öz praktikasında təhsil müddətini xidmət stajına daxil etdiyini açıq şəkildə göstərir. Lakin eyni hüquqi və faktiki vəziyyətdə olan digər zabitlərə, o cümlədən ona münasibətdə fərqli mövqe tutulmuşdur. Rezidentura müddətində hərbi xidmət vəzifələrindən azad edilmədiyi halda həmin müddətin xidmət stajı kimi nəzərə alınmamasına cəhdlər edilir. Məhkəmənin bu yanaşması hüquqi müəyyənlik və qanunun geriyə qüvvəsinin olmaması prinsipləri baxımından ciddi suallar doğurur. Belə yanaşma məntiqi olaraq o nəticəyə gətirib çıxarır ki, xidmət müddəti davam etdiyi hər hansı bir anda qanunvericiliyə edilən dəyişikliklər əvvəlki dövrdə formalaşmış hüquqi vəziyyətə də tətbiq edilə bilər. Bu isə gələcəkdə qanunvericilikdə edilə biləcək istənilən dəyişiklik nəticəsində artıq formalaşmış və davam edən hüquqi münasibətlərin qeyri-müəyyən müddətə uzadılması təhlükəsini yaradır. Hüquqi dövlət prinsipinin əsas tələblərindən biri hüquqi sabitlik və şəxsin qanunla qorunan gözləntilərinin təmin edilməsidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş qanunun geriyə qüvvəsinin olmaması prinsipi də məhz bu məqsədə xidmət edir. Hüquq münasibətlərinin yarandığı və inkişaf etdiyi dövrdə qüvvədə olan normativ tənzimləmə sonradan şəxsin vəziyyətini ağırlaşdıran qaydada dəyişdirilərsə, həmin dəyişikliklərin əvvəlki dövrə tətbiqi yolverilməz hesab edilməlidir. Bu baxımdan, mübahisələndirilən hüquqi vəziyyətin qiymətləndirilməsi zamanı xidmət və təhsil dövrdə qüvvədə olmuş normativ-hüquqi aktların müddəaları əsas götürülməli, sonradan edilmiş dəyişikliklər isə hüquqi vəziyyətimi ağırlaşdıran formada tətbiq edilməməli idi. Eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli qərarların qəbul edilməsi hüquqi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş məhkəmə qərarları və digər sənədlər inzibati orqanın analoji hallarda hansı hüquqi yanaşmanı tətbiq etdiyini göstərən mühüm sübutlar kimi qiymətləndirilməli idi. Məhkəmə isə təqdim edilmiş sübutları hərtərəfli araşdırmaq və onların iş üzrə əhəmiyyətini qiymətləndirmək əvəzinə, həmin sənədlərin "məcburi hüquqi qüvvəyə malik olmamasına istinad etməklə" faktiki olaraq onların araşdırılmasından imtina etmişdir. Halbuki məhkəmə tərəfindən həmin sübutlar üzrə araşdırma aparılsaydı, inzibati orqanın fəaliyyətində qanunçuluq, bərabərlik və hüquqi etimad prinsiplərinin pozulması halları aşkar edilə bilərdi. Bunun üçün sadəcə qeyd edilən şəxslərin xidməti və ehtiyyata buraxılma əsasları barədə sorğu göndərilməli idi. Həmçinin həmin şəxslərin rezidentura təhsili barədə məlumatın xüsusi qeyd edilməsi tələb edilməli idi. Bundan əlavə qeyd edilməlidir ki, təqdim edilmiş sübutların etibarsız olmasına və ya iş üzrə əhəmiyyət kəsb etməməsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslandırılmış etiraz və ya əks sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmənin təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməməsi və onları araşdırmadan kənarda saxlaması işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə uyğun hesab edilə bilməz. Digər tərəfdən, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsində nəzərdə tutulmuş xidmət müddəti də eyni hüquqi mahiyyətə malik olan təqvim üzrə hesablanan xidmət dövrünü ifadə edir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsi "Əsasnamənin əvvəlki redaksiyasına əsasən hərbi zabit 5 il xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxıla bilərdi. Sonradan edilmiş dəyişikliklə bu müddət 10 il olaraq müəyyən edilmişdir. Dövlət orqanı tərəfindən iddiaçının 10 illik qüsursuz xidmətə görə medal ilə təltif edilməsi faktı iddiaçının müvafiq xidmət müddətini faktiki olaraq yerinə yetirdiyini təsdiq edən mühüm hüquqi hal kimi qiymətləndirilməlidir. Əks yanaşma eyni hüquqi anlayış olan "hərbi xidmət müddəti"nin müxtəlif hüquqi münasibətlərdə fərqli məzmunla tətbiq edilməsi kimi nəticəyə gətirib çıxarar ki, bu da hüquqi müəyyənlik və hüquqi ardıcıllıq prinsiplərinə uyğun hesab edilə bilməz. Hazırkı halda isə qanunun geriyə tətbiqi ilə hüquqları məhdudlaşdırılmış, hüquqi vəziyyəti əsassız şəkildə ağırlaşdırılmış, inzibati orqanın geniş diskresion yanaşması nəticəsində seçici (selektiv) tətbiq həyata keçirilmişdir. Bu hallar inzibati orqan tərəfindən normativ hüquqi aktların tətbiqində qanunvericiliyin tələblərinə əməl edilmədiyini və sui-istifadə elementlərinin mövcud olduğunu göstərir. Hesab edilir ki, xidmət stajı əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğun hesablanmalı, sonradan edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilməməli, könüllü qaydada hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ təmin edilməlidir. Əlavə olaraq qeyd edilir ki, tələbə dair münasibətlər - o cümlədən hərbi zabit kimi xidmətə başlama tarixi, həmin dövrdə üzərinə düşən öhdəliklərin formalaşması, eləcə də rezidentura təhsilinin başlanma və bitmə müddətləri — tamamilə əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aiddir. Bir sözlə, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyəti 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməlidir. Hakim tərəfindən yeni qanunvericiliyə istinad edilməsi isə hüquqi münasibətlərin zamanına uyğun olmayan, retroaktiv tətbiq təəssüratı yaradır və işin düzgün həllinə mane olur. Bundan başqa bəzi zabitlər barədə məhkəmə qərarı olmadan belə ehtiyyata buraxılma barədə əmr inzibati orqanın öz təşəbbüsü ilə həyata keçirilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının vəkil və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Cavabdeh nümayəndəsi X1 Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Iş materiallarında olan; - Pulmonologiya bölməsinin ordinatoru R İddiaçı tərəfindən Pulmonologiya bölməsinin rəisinə ünvanlanmış ## ##### 2025-ci il tarixli raportdan aydın olur ki, o, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Pulmonologiya bölməsinin rəisi tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış ## ##### 2025-ci il tarixli raportdan məlum olur ki, R İddiaçı raportu əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi tərəfindən verilmiş ## #### 2015ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən məlum olur ki, ## #### 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2015-ci il tarixli, **** nömrəli əmri ilə “t/x Rı” hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin həmin əmrinə əsasən X4 Komandanının sərəncamına təyin edilmiş, ona N nömrəli hərbi hissənin ## #### 2018-ci il tarixli, ***P nömrəli əmrilə R, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## #### 2022-ci il tarixli, ***R nömrəli əmrilə R hərbi rütbəsi verilmişdir. - İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2024-cü il tarixli, ****t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. - “Mygov” portalından AT seriyalı, ****** nömrəli diplom məlumatlarına əsasən İddiaçı Azərbaycan Tibb Universitetində 2009/2010-2015-ci il tarixlərdə 050803-Hərbi həkim işi ixtisas kodu üzrə əyani bakalavr təhsili almışdır. - “Mygov” portalından AR seriyalı, ****** nömrəli diplom məlumatlarına əsasən İddiaçı Azərbaycan Tibb Universitetində 2018/2019-2022-ci il tarixlərdə hematologiya-060919 ixtisas kodu üzrə rezidentura təhsili almışdır. - Cavabdeh N nömrəli hərbi hissəsinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli məktubundan görünür ki, R İddiaçı hərbi xidmət üzrə ümumi stajı ##.##.2025-ci il tarixədək 12 il 17 gündür. (zabit kimi 10 il 1 ay 20 gün təşkil edir). Ümumi hərbi xidmət stajinın 4 il 3 ay 25 gününü Rezidentura təhsili təşkil edir (##.##.2018-ci il tarixdən-##.##.2023-cü il tarixədək). - Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, *** nömrəli arayışdan aydın olur ki, R İddiaçı ## #### 2015-ci il tarixdən hal-hazırki dövrədək onun xidmət dəftərçəsində Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti haqqında aşağıdakı məlumatlar verilmişdir: ##.##.2015-##.##.2015-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin № ****, ##.##.2015 əmrilə) N nömrəli hərbi hissənin komandirinin sərəncamında olmuş, ##.##.2015-##.##.2016-cı il tarixlərdə (Azərbaycan Respublikası MN-nin müavini ƏÜOK-nın № ***, ##.##.2015 əmrilə) N nömrəli hərbi hissədə tibb məntəqə rəisi-həkim, ##.##.2016-##.##.2017-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin müavini ƏÜOK-nın № ***, ##.##.2016 əmrilə) N nömrəli hərbi hissədə 4-cü motoatıcı taborun tibb məntəqə rəisi-həkim, ##.##.2017-##.##.2018-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin müavini ƏÜOK-nın *** №-li, ##.##.2017 əmrilə) N nömrəli hərbi hissədə 2-ci motoatıcı taborun qərargah bölüyünün tibb məntəqə rəisi, ##.##.2018-##.##.2018-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin *** №-li, ##.##.2018 əmrilə) N nömrəli hərbi hissədə tibb məntəqəsinin rəisi vəzifələrində xidmət etmiş, ##.##.2018-##.##.2023-cü il tarixlərdə (Azərbaycan Respublikası MN-nin **** №-li, ##.##.2018 əmrilə) Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində Hərbi Tibb fakültəsinin rezidenti kimi təhsil almış, ##.##.2023-cü il tarixdən hal-hazırkı vaxtadək (Azərbaycan Respublikası MN-nin *** №-li, ##.##.2023 əmrilə) N nömrəli hərbi hissədə Kardiologiya bölməsinin ordinator-hematoloq vəzifəsində xidmət edir. - Cavabdeh Milli Müdafiə Universitetinin ## ###### 2025-ci il tarixli, *-**-***/*-****/** nömrəli məktubla göndərilmiş Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin ## ###### 2025-ci il tarixli, ***/*-***/**** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2015-ci il tarixli, müvafiq nömrəli əmri ilə R hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmiş və X4 Komandanının sərəncamına keçirilmişdir. Bundan sonra iddiaçı İddiaçı, ## ######## 2018-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ###### 2023-cü il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında ## ###### 2023-cü il tarixdə dəyişiklik edilmiş və ## ###### 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanunun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorontura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir" göstərilmişdir. Yəni, iddiaçı İddiaçı ## ######## 2018-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ###### 2023-cü il tarixdə təhsilini bitirmişdir, bu da onu göstərir ki, iddiaçı 4 (dörd) il müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun halhazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 (altı) il təşkil edir və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j” bəndi ilə ehtiyata buraxılması üçün müraciəti əsassızdır. Belə ki, iddiaçı İddiaçı 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunma hüququnu əldə etməmişdir. - Cavabdeh ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli və ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktublardan məlum olur ki, iddiaçı İddiaçı tərəfindən Cavabdeh qarşı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə istinad edilməklə, 10 (on) il zabit kimi xidmət etməsi əsas götürülərək ehtiyata buraxılması tələbi irəli sürülmüşdür. Cavabdeh tərəf (Müdafiə Nazirliyi) hesab edir ki, iddiaçının bu tələbi qüvvədə olan qanunvericiliyə və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olu ki, İddiaçı ## #### 2015-ci il tarixdə R hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətə qəbul edilmişdir. ## ######## 2018-ci il tarixdə Azərbaycan Respublikasının Tibb Universitetinin Hərbi Tibb Fakültəsininn rezidentura təhsilinə qəbul olunmuş, ## ###### 2023-cü il tarixdə rezidentura təhsilini bitirmişdir. Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarına ## ###### 2023-cü il tarixdə edilmiş dəyişikliklər və ## ###### 2024-cü il tarixdən qüvvəyə minmiş normalar ilə qanunun 2.4.2ci yarım bəndinə "Qeyd" hissəsi əlavə edilmişdir. Həmin "Qeyd" hissəsində açıq şəkildə göstərilmişdir ki, Zabitlərin həqiqi hərbi xidmət dövründə ali təhsil müəssisələrinin, o cümlədən xarici ölkələrin analoji ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsil aldıqları müddət "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Iddiaçı tərəfindən müqayisə üçün göstərilən Sadiq Adışirinlinin hüquqi vəziyyəti iş üzrə iddiaçının vəziyyəti ilə eyni deyildir belə ki, Sadiq Adışirinli Hərbi Tibb Fakültəsində deyil Cavabdeh birbaşa göndərişi ilə, xarici ölkədə "ordinatura" təhsili almışdır. Həmin təhsil xidmətin tərkib hissəsi kimi Müdafiə Nazirliyinin əmrləri əsasında həyata keçirilmiş və həqiqi hərbi xidmət illərinə daxil edilmişdir. Bu səbəbdən, iddiaçı ilə Sadiq Adışirinli hüquqi statuslarının müqayisə edilməsi qanuni əsaslara malik deyildir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün qanuni əsas yaranmamışdır və sonuncu tərəfindən göstərilən müqayisə misalı hüquqi baxımdan əsassızdır. Iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddaçının hüquqi marağı və ondan irəli gələn tələbi “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulmasına yönəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 40.3. Zabitlər, Rlər və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim - mütəxəssis hazırlığının forması; 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli qanunu ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yuxarıda göstərilən məzmunlarda “Qeyd” əlavə edilmiş və həmin dəyişiklik 2024-cü il ######ın #-dən qüvvəyə minmişdir. Iş materiallarından aydın olur ki, iddiaçı İddiaçı ## #### 2015-ci il tarixdən ilkin “R” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Hematologiya” ixtisası üzrə rezidenturada əyani təhsil almış, Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2023-cü il tarixli, *** nömrəli əmri ilə N nömrəli hərbi hissənin Kardiopulmonologiya bölməsinin ordinatoru-hematoloq vəzifəsinə təyin edilmiş, ## ###### 2023-cü ildən fakültənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Naxçıvan şəhəri, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, ## ##### 2025-ci il tarixdə raportla komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ##.##.2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyası kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması üçün yalnız bir şərt – xidmət müddətinin azı 10 il olmasını nəzərdə tuturdu və həmin dövrdə maddədə rezidentura müddətinin xidmət stajına daxil edilməməsinə dair hər hansı məhdudlaşdırıcı qeyd mövcud deyildi. ##.##.2024-cü ildən etibarən qüvvəyə minmiş yeni redaksiyada isə 156-cı maddəyə “Qeyd” bölməsi əlavə olunmuş, rezidentura müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdə tutan yeni hüquqi tənzimləmə gətirilmişdir. Əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti ##.##.2024-cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti ##.##.2024-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən 1 (bir) il 5 (beş) ay sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müddəaları əsasında qiymətləndirərək belə hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçının zabit kimi xidmət müddətinin hesablanmasına münasibətdə qanunvericiliyə edilmiş yuxarıda qeyd olunan ## ###### 2023-cü il tarixli dəyişikliklərin hazırkı hüquqi münasibətə tətbiq imkanının müəyyən edilməsi zəruridir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı ## #### 2015-ci il tarixdən zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, həmin tarixdən etibarən onun zabit kimi xidməti başlamışdır. Iddiaçının ## ######## 2018-ci il tarixdən ## ###### 2023-cü il tarixədək rezidenturada təhsil alması mübahisəsizdir. Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklər nəticəsində zabitlərin həqiqi hərbi xidmət dövründə rezidentura səviyyəsində əyani təhsilalma müddətinin öz arzusu ilə ehtiyata buraxılma üçün tələb edilən 10 illik xidmət müddətinə daxil edilməməsi təsbit edilmiş və həmin dəyişiklik ## ###### 2024-cü il tarixdən qüvvəyə minmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi “Rezidentura təhsilinin başlanma və bitmə müddətlərinin əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aid olması, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyətinin 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməli olması” dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən öz arzusu ilə ehtiyata buraxılma barədə müraciət ## ##### 2025-ci il tarixdə edilmiş və onun təqvim hesabı ilə zabit kimi xidmətinin 10 ili ## #### 2025-ci ildə tamam olmuşdur. Həmin tarixdə artıq yuxarıda göstərilən Qanuna ## ###### 2023-cü il tarixdə edilmiş dəyişiklik ## ###### 2024-cü il tarixdən qüvvədə olmuşdur. Iddiaçının rezidenturada təhsilini bitirməsi yuxarıda istinad olunan Qanuna edilmiş dəyişiklikdən əvvəl olsa da, həmin vaxt zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi qanunvericilikdə nəzərdə tutulmuş xidmət müddəti tamam olmadığından onun 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılma hüququ olmamışdır, 10 il zabit kimi xidmət müddəti tamam olduqda yeni tənzimlənmə qüvvədə olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya münasibətdə öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı hüquq münasibətinə onun zabit kimi 10 illik xidmət müddətinin tamam olduğu vaxt qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. ## ###### 2024-cü il tarixdən qüvvədə olan hüquq normalarına əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 il olmadığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olaraq onun tələbinin təmin edilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən “2024-ci ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən 5 il xidməti ilə əlaqədar onun ehtiyyata buraxılmaq hüququnun 2020-ci il tarixdə yaranması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının ## ###### 2023cü il tarixli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu ilə qeyd olunan Əsasamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmiş və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilmişdir. Iddiaçı həmin dəyişiklik qüvvəyə mindikdən sonra ##.##.2025-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq ehtiyata buraxılması barədə müraciət etmişdir. Mübahisəli hüquq münasibəti də məhz həmin müraciət əsasında yaranmışdır. Belə olan halda həmin dəlil kollegiya tərəfindən müzakirə edilərək əsassız hesab edilir. Iş üzrə iddiaçı və iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilən digər şəxslərin barəsində olan məhkəmə qərarları və müxtəlif sənədlərə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən həmin sənədlər hazırkı iş üzrə məhkəmə üçün məcburi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin.
Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.