Məhkəmə qərarları › İş №2-1(3-1)-51/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-51/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-51/2026 13.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh qarşı ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-1991-ci illərdə Sədərək ərazisində gedən döyüşlərdə könüllü iştirak etmişdir. Həmin illərdə könüllü özünümüdafiə dəstələri yaradılmış, o da həmin könüllü özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmişdir. 2001-ci ildə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən hərbi biletində döyüşdə iştirak etməyi barədə qeydiyyat aparılmışdır. Onun döyüşlərdə iştirakı ilə bağlı döyüş yoldaşlarının 1990-1991-ci illərdə onunla birgə döyüşdüklərini təsdiq edən notariat ofisin təsdiq etdiyi ərizə də sübut kimi qiymətləndirilə bilər. Həmçinin döyüşlərdə iştirak etmiş yoldaşları ilə foto şəkilləri də vardır. Bütun bu faktlar onun müharibədə iştirak etməyini təsdiq edir və ona görə də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan heç bir əsası olmadan onun xahişini təmin etməmiş və imtina cavabı vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan iddiaçı İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ## ### 1958-ci il tarixdə doğulmuşdur. İşdə olan iddiaçı İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, 7-ci səhifədə onun 1990-1991-ci illərdə Sədərək uğrunda gedən döyüşlərdə yaxından iştirak etməsinə dair aparılmış qeyd R Aşurovun imzası və Şərur Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq olunmuşdur. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*-Z- *****-**/****/C-**** nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair ərizəsinə Xidmətin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” tərəfindən baxılmışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və “Müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarına əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara müvafiq dövlət orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair təsdiqedici hüquqi sənədlər olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1958-ci il təvəllüdlü İddiaçı ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Şərur Rayon İcra Hakimiyyətinin arxivində son 5 ilin sənədləri saxlanıldığından İddiaçı özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirakı barədə heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan Dövlət Müdafiə Komitəsinin Arxivində saxlanılan 1991-1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, 1990-1992-ci illərdə döyüşlərdə iştirak edən özünümüdafiə dəstələri və birləşmələri barədə sənədlər Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunmur. İşdə olan Naxçıvan MR Şərur rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *** nömrəli məktubda qeyd edilmişdir ki, Şərur sakinlərinin döyüşlərdə iştirakı ilə bağlı özünümüdafiə dəstələri və birləşmələrinin adlı siyahısı və digər sənədlər Şərur Rayon Dövlət Arxivində mühafizə olunmadığından İddiaçı döyüşlərdə iştirak edib-etməməsi barədə məlumat vermək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon şöbəsinin arxiv-uçot sənədlərində ##.##.1958-ci il təvəllüdlü İddiaçı hərbi biletində 1990-1991-ci illərdə Sədərək uğrunda gedən döyüşlərdə yaxından iştirak etməsinə dair aparılmış qeydin R Aşurovun imzalaması və keçmiş Şərur Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq olunması barədə məlumat aşkarlanmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Cavabdeh, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmçinin həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Cavabdeh tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi ilə bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair təsdiqedici hüquqi sənədlər olmadığından cavabdeh inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Lakin istinad olunan Əsasnamədən göründüyü kimi, bu hüquq yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və hərbi biletdə yazılan qeydlər səxsin döyüşlərdə iştirakını sübut edən digər müvafiq sənədlərlə birgə təqdim edildiyi hallarda müharibə veteranı adının verilməsi üçün əsas hesab oluna bilər. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İddiaçının Sədərək döyüşlərində iştirakı barədə özünümüdafiə dəstələrinin siyahısında olması faktı öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və əksinə ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında onun Sədərək döyüşlərində iştirak etməsi, döyüşlərə göndərilməsi barədə rayon icra hakimiyyətinin və o dövrdə fəaliyyət göstərən hərbi komissarlığın heç bir rolu olmadığını, döyüşlərə göndərilməsi barədə heç bir siyahının tərtib edilməməsini, onun adının heç bir siyahıda olmadığını israrla qeyd etmişdir. İş materiallarında olan hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1991-ci illərdə Sədərək uğrunda gedən döyüşlərdə yaxından iştirak etdiyi qeyd edilsə də, özünümüdafiə dəstələrinin tərkibində (siyahılarda) olması və döyüş bölgəsində iştirak etməsinin təsdiq edilməsi barədə sübutlar olmadığından qanunvericiliyin tələbi baxımından İddiaçı “müharibə veteranı” adı və vəsiqənin verilməsi qanunaziddir. Belə ki, iddiaçı məhkəmə iclasları zamanı verdiyi izahatlarda ona məxsus hərbi biletin 7-ci səhifəsində olan qeydin döyüşlərdə iştirak etdiyi vaxtda deyil, 2001-ci il tarixdən sonra aparıldığını təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi biletlərdə nəzərdə tutulmuş qeydlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, başqa sözlə digər sübutlarla təsdiq edidiyi halda sübut kimi əsas götürülə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, döyüşlərin getdiyi dövrdə və ya atəşkəs imzalandığı tarixdə (1994-cü ildə) deyil, təxminən 7 (yeddi) il sonra iddiaçının hərbi biletində onun Sədərək döyüşlərində iştirak etməsi barədə aparılmış qeydin hansı əsasla və ya hansı məqsədlə aparılmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş # #### 2001-ci il tarixdə onun döyüşlərdə könüllü iştirakı barədə tərtib edilmiş akta münasibətdə qeyd edir ki, akt rəsmi dövlət orqanları tərəfindən deyil, iddiaçının qonşuları tərəfindən iddiaçının idda etdiyi döyüşlərdə iştirak etdiyi tarixdən 9 (doqquz) il sonra tərtib edilmişdir. İddiaçı adının döyüşlərə göndərilməsi barədə yerli icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş siyahılarda olması və döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı da həmin sübutları əldə etmək mümkün olmamışdır. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçı İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar