Məhkəmə qərarları › İş №2-1(3-1)-91/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-91/2026

27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-91/2026 27.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 və cavabdeh Cavabdeh iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı "cavabdehə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsasən ##.##.2021-cü il tarixindən ##.##.2024-cü il tarixinədək ümumilikdə artıq ödənilmiş 6815.63 (altı min səkkiz yüz on beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsasən ##.##.2013-cü il tarixindən ##.##.2025-ci il tarixinədək ümumilikdə əsassız ödənilmiş 6.899.28 (altı min səkkiz yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizələr təqdim edilmiş, son olaraq iddiaçının nümayəndəsi X7 iddia tələbinə “Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsasən ##.##.2021-cü il tarixindən ##.##.2024-cü il tarixinədək ümumilikdə artıq ödənilmiş 6815.63 (altı min səkkiz yüz on beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi" məzmununda baxılaraq qərar qəbul edilməsini xahiş edərək ## ###### 2026-cı il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Həmin Məhkəmənin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Cavabdeh ## ####### 2024-cü il tarixli müraciəti əsasında onun pensiyası yenidən hesablanarkən müəyyən edilmişdir ki, əmək kitabçasında vətəndaşın # ###### 2000-ci il tarixinədək X3 işlədiyi qeyd olunmuşdur, lakin vətəndaş tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinin ##.##.2013-cü il tarixli, **/** nömrəli arxiv arayışının surətindən görünür ki, X4 sənədlərinə baxış zamanı Cavabdeh ## ###### 2000-ci il tarixli ** nömrəli əmrlə uzun müddət işə çıxmaması səbəbindən işdən azad edildiyi müəyyən edilmişdir. Vətəndaşın işdən azad olunma tarixini dəqiqləşdirmək məqsədilə Fond tərəfindən ## ######## 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinə məktub ünvanlanmışdır. Sonuncunun ## ####### 2024-cü il tarixli, **/**** nömrəli cavab məktubunda göstərilir ki, Cavabdeh X3 işlədiyi 1994 və 1997-2000-ci illərə aid əməkhaqqı kitablarında onun adına rast gəlinməmişdir. Nəticədə vətəndaşın ümumi və xüsusi iş stajı azalaraq 15 il 06 ay 29 gün ümumi stajı və 08 il 5 ay 20 gün xüsusi stajı müəyyən edilmişdir. Beləliklə, Cavabdeh qanunauyğun tələb olunan iş stajı olmadığı üçün Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*-*****/**** nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə Fondun Kəngərli rayon şöbəsinin ## ##### 2013-cü il tarixli, *** nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşının tamam olduğu ## ##### 2021-ci il tarixdə tələb olunan ümumi və xüsusi iş stajı olsa da qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin digər bir tələbi olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edildiyi ## #### 2022-ci il tarixdə yaranmışdır və həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh ##.##.2013-cü il tarixindən ##.##.2025-ci il tarixinədək ümumilikdə 35.669,44 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin məbləğin 19.029,52 manatı artıq ödənişin aşkar edildiyi tarixdən üç ildən artıq müddəti əhatə etdiyinə görə silinmişdir. Nəticədə 16.639,93 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Bu məbləğdən vətəndaşın hüququnun yarandığı ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək almalı olduğu 9.824,30 manat çıxılmışdır. Beləliklə, aparılmış hesablamalar nəticəsində Cavabdeh 6.815,63 (altı min səkkiz yüz on beş manat altmış üç qəpik) manat məbləğində artıq ödənilmiş vəsaitin mövcud olduğu müəyyən edilmişdir. Işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən hesab edirlər ki, Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1 (***)-***/**** saylı qərarı ləğv olunmalı, iddia tələbi isə təmin edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı orqanın nümayəndəsi X7 izahatında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Cavabdeh izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ Insan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ##.##.1961-ci il tarixdə doğulmuşdur. -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, ona Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən ## ##### 2013-cü il tarixli, *** nömrəli qərarla “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2024-cü il tarixli, *- **-*-*/*-*-*****/**** nömrəli qərarı ilə əmək pensiyası ləğv edilmiş və ona ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Nəticədə ona, ## ######## 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək 7107.81 manat artıq pul vəsaiti ödənildiyi aşkar edilmişdir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinə gəlməyi xahiş olunmuşdur. - ## ###### 2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər qəbul şöbəsində qəbul edilərək ona artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı qanunvericiliyə müvafiq qaydada izah verilmiş, vətəndaş artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasına etiraz etmiş, həmçinin tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ## ##### 2013-cü tarixində *** nömrəli qərarına əsasən Cavabdeh ##.##.2013-cü il tarixdən 129.30 manat pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2024-cü il tarixli, **-**-*-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, ##.##.1961-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş və Naxçıvan MR Kəngərli rayon, Böyükdüz kəndində yaşayan Cavabdeh ## ##### 2013-cü tarixində *** nömrəli qərara əsasən Fondun Kəngərli rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunsuz olaraq təyin edildiyi üçün ləğv edilmiş və ## #### 2022-ci il tarixdən güzəşli şərtlərlə yaşa əmək pensiyası təyin olunmuşdur. -Cavabdeh ****** nömrəli pensiya işinin materiallarından olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinin ##.##.2013-cü il tarixli, **/** nömrəli arxiv arayışının surətindən görünür ki, X4 sənədlərinə baxıldıqda müəyyən oldu ki, Cavabdeh ## ###### 2000-ci ildə ** №-li əmrlə uzun müddətə işə çıxmadığından işdən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli, *-**-*-*/*- *****/**** nömrəli məktubdan görünür ki, Cavabdeh # ### 2013-cü il tarixindən ## #### 2025-ci il tarixinədək ümumilikdə 35669,44 manat pul vəsaiti ödənilmişdir. Vətədaş Cavabdeh Fonda daxil olmuş ## ######## 2024-cü il tarixli müraciətindən 3 il əvvələ, yəni ## ######## 2021-ci il tarixindən ## #### 2025-ci il tarixinədək 16639,93 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ## #### 2022-ci il tarixində yarandığından həmin tarixdən ödənilib və ödənilməli olan pensiya məbləğləri əvəzləşdirildikdən sonra 6815,63 manat artıq ödənilmiş pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunan ödənişlər ilə bağlı tərtib olunmuş cədvəllər məhkəməyə təqdim edilmişdir. - “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2026-cı il tarixli, ** nömrəli məktubu ilə göndərilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan aydın olur ki, Cavabdeh "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə Naxçıvan Filiz Idarəsində (2010-cu ilin oktyabr ayından "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti), *** nömrəli əmrlə ##.##.1986-cı il tarixdə yeraltı şaxtaçı vəzifəsinə qəbul edilmiş, ** nömrəli əmrlə ##.##.2000-ci il tarixdə öz hesabına məzuniyyətdən sonra işdən azad edilmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il, 11 ay, 21 gün təşkil edir. Işlədiyi vəzifənin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri, ##.##.1986-##.##.2000-ci illərdə yeraltı dağ sexində qazma işlərinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.1.1 bəndinin (Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər), a) yarım bəndinə (yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) uyğundur. Işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ## ##### 2013cü tarixində *** nömrəli qərarına əsasən ##.##.2013-cü il tarixdən əmək pensiyası təyin olunmuşdur. Lakin pensiyasının yenidən hesablanması üçün iddiaçıya müraciəti ilə əlaqədar növbəti aparılan araşdırma nəticəsində Cavabdeh X3 işlədiyi 1994 və 1997- 2000-ci illərə aid əməkhaqqı kitablarında onun adına rast gəlinmədiyi, bununla da cavabdehin 15 il 06 ay 29 gün ümumi stajı və 08 il 5 ay 20 gün xüsusi stajı müəyyən olunmuşdur. Qeyd edilən səbəblərdən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2024-cü il tarixli, **-**-*-*/*-*-*****/**** nömrəli qərarı ilə cavabdehə Fondun Kəngərli rayon şöbəsi tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən qanunsuz təyin edilməsi əsası ilə ləğv edilmişdir. Iddiaçı ##.##.2021-cü il tarixindən ##.##.2024-cü il tarixinədək cavabdehə 6815.63 (altı min səkkiz yüz on beş manat altmış üç qəpik) manat məbləğində pul vəsaitinin qanunsuz olaraq ödənildiyini bildirərək həmin vəsaitin Fondun yığım hesabına geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin qanunla tələb olunan ümumi və xüsusi iş stajı olduğu hesab olunmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində cavabdehin hər hansı bir təqsiri olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh ****** nömrəli pensiya işinin materiallarından aydın olur ki, 2013-cü il tarixdə Cavabdeh ona pensiya təyin edilməsi barədə ərizə ilə müraciət edərkən Fondun Kəngərli Rayon şöbəsinə təqdim etdiyi müvafiq sənədlərin sırasında ## ###### 2000-ci ildə ** №-li əmrlə uzun müddətə işə çıxmadığından işdən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinin ##.##.2013-cü il tarixli, **/** nömrəli arxiv arayışı mövcud olmuş, beləliklə müvafiq qərarın sonradan ləğv edilməsi üçün iddiaçı inzibati orqanın əsas hesab etdiyi hal pensiya təyin edilən zaman da ona məlum olmuşdur. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsində cavabdehin qanunsuz müdaxiləsi olduğuna dair hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Əlavə olaraq cavabdeh kollegiyaya verdiyi izahatında da tələb edilən məbləği qaytarmaq imkanının olmadığını bildirmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərkən yalnız ona təqdim edilən sübutlarla kifayətlənməyərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Buna görə də hazırkı iş üzrə cavabdehin ona əmək pensiyası təyin edilməsində hər hansı təqsiri mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: -13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, “inzibati icraat haqqında” Qanunun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın vəzifəli şəxslərinin yanlış hərəkətlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq və ya səhv ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq və ya səhv ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən ödənilmiş vəsaitin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin pensiya hüququ əldə etməsi halı müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə cavabdehin inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olması da müəyyən edilmir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında etimadın qorunması prinsipinə münasibətdə göstərilmişdir ki, “...Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar)”. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz cavabdehin etimad göstərdiyi pensiya təyin olunması barədə inzibati orqanın qərarı əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiya məbləğini xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tələb edilməsi qanunsuzdur. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallara əsaslanmamış, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Inzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, iddiaçının “ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar