Məhkəmə qərarları › İş №2-1(3-10)-10/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-10/2026

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-10/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh cavabdeh1 PHŞ-in ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, o cümlədən, tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Yevlax rayon Kövər Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçının bələdiyyənin mülkiyyətindən Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 120.00 kv.m torpaq sahəsinin satılması barəsindəki ## #### 2007-ci il tarixli ərizəsi nəzərə alınaraq, habelə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin hazırladığı sənədləri əsas tutaraq Yevlax rayon Kövər Bələdiyyəsinin sədri N.G.Mayılov tərəfindən qərara alınmışdır ki, Yevlax rayonu Kövər Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Kövər kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə 120.00 kv.m torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər və Kövər kənd sakini İddiaçı Bələdiyyənin büdcəsinə ödədiyi 102 manat vəsaiti nəzərə alınsın. Yevlax rayonu Kövər bələdiyyə mülkiyyətinin alqısatqı premeti olan əkinə yararsız çevrədə yerləşən 120 kv.m hektar torpaq sahəsinin Yevlax rayonu Kövər kənd sakini İddiaçı satılması, İddiaçı tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Kövər Bələdiyyəsinin bankdakı müvafiq hesabına ödəsin və ödəmə barədəki qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə təqdim edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi "Torpaqların alqı-satqı qaydalarına" əlavədə göstərilən nümunəsi əsasında "Torpaqların alqı-satqısına dair" üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. İlkin torpaqayırma sənədlərinin surəti D.T.X.K.-nin Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin. Yuxarıda qeyd edilən qərarın hüquqi nəticəsi olaraq aşağıda göstərilən hərəkətlər olmuşdur. ŞİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Baş memar X.Əhmədov tərəfindən rəy verilmiş və həmin rəydə göstərilmişdir ki, iddiaçıya sahibkarlıqla məşğul olmaq üçün (avtoyuyucu sexinin tikintisi) alqı-satqı qaydasında ayrılması nəzərdə tutulan 120.0 kv.m torpaq sahəsinə baxış keçirdilər. Baxış zamanı müəyyən olundu ki, həmin ərazidə tikinti işləri üçün maneəçilik törədən heç bir yeraltı və yerüstü kommunikasiya xətləri yoxdur. Odur ki, iddiaçıya avtoyuyucu sexinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab edirlər. Yevlax rayonu Kövər Bələdiyyəsinin ərazisindən 120.0 kv.m torpaq sahəsinin mənə satılması ilə bağlı "Torpaqların Alqı-satqısına dair" Akt tərtib edilmişdir. Və həmin X1 və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində ## ###### 2007-ci il tarixli 1595 nömrə ilə qeydiyyata alınmışdır. Habelə həmin torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək təstiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax rayon şöbəsi tərəfindən verilmiş ##.##.2007-ci il tarixli Rəydə bildirilmişdir ki, İddiaçı Oqtay oğluna satılması nəzərdə tutulan torpaq sahəsi 120.0 kv.m olmaqla Kövər Bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. ## #### 2007-ci il tarixdə ödənişin təyinatı torpaq alqı-satqısı olmaqla Kövər Bələdiyyəsinin hesabına 102 manat pul vəsaiti ödəmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli ** nömrəli Sərəncamı ilə Yevlax rayonu Kövər kənd sakini İddiaçı Oqtay oğlunun satın aldığı torpaq sahəsində avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. İddiaçı bildirir ki, ona Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Yevlax rayonu Kövər kəndində iddiaçı 120.0 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Odur ki, məhkəməyə müraciət etməmişdən öncə, cavabdeh inzibati orqana müraciət edərək, Yevlax rayonu Kövər Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 120.0 kv.m torpaq sahəsində yerləşən, o cümlədən tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınmasını təstiq edən Çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciəti, cavabdeh inzibati orqan tərəfdən cavablandırılaraq bildirilmişdir ki, Yevlax rayonu Kövər kəndində yerləşən 0.012 ha torpaq sahəsinə dair mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə cavabdeh1 ** saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Yevlax rayon Kövər bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı əsasında ayrılmış torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Yuxarıda qeyd olunan səbəbə görə 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinin” 16.4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilən qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəfər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. İddiaçı cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən məzmunda imtinasını qanunsuz və əsassız hesab edir. Çünki, həmin ərazi örüş, otlaq və biçənək sahələri deyildir. Yevlax rayon Kövər Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçıya verilmiş həmin ərazi sahibkarlıq məqsədilə məşğul olmaq üçün iddiaçıya verilmişdir. Habelə, Yevlax ŞİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar X.Əhmədov tərəfindən verilmiş rəydə, ona alqı-satqı qaydasında ayrılması nəzərdə tutulan 120.0 kv.m torpaq sahəsində tikinti işləri üçün maneəçilik törədən heç bir yeraltı və yerüstü kommunikasiya xətlərinin olmaması qeyd edilmişdir. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli ** nömrəli Sərəncamı ilə torpaq sahəsinin avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. Xüsusi olaraq onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia ərizəsinin predmeti təşkil edən əraziyə lap bitişik (yan-yana) İbrahimova Dilbər Bəhrəm qızının adına mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətçi Dilbər İbrahimovanın mülkiyyətçi olduğu əmlak - Yevlax rayonu Kövər kəndində yerləşməklə qeyri-yaşayış binasıdır, binanın ümumi sahəsi 55 kv.m.-dir, xüsusi mülkiyyətdədir. Torpaq sahəsinin məqsədli təyinatı - sənaye, nəqliyyat, rabitə, müdafiə - digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsinin ölçüsü 0.0065 ha-dir. Qonşuluq münasibəti olan ərazidə eyni mühüm faktiki hallara malik İbrahimova Dilbər Bəhrəm qızına mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçının müraciətinə isə yuxarıda qeyd edilən məzmunda imtina verilmişdir.”.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “iddiaçı Yevlax rayonu, Kövər kəndində yerləşən 0.0012 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh1 ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Yevlax rayon Kövər bələdiyyəsinin ## ###### 2007ci il tarixli ** nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Yuxarıda qeyd olunan səbəbə görə 0.00412 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyildir.”.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən 0,0065 ha torpaq sahəsi İbrahimova Dilbər Bəhram qızının mülkiyyətindədir. - ##.##.2012-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Yevlax rayonu Kövər Bələdiyyəsinin hesabına ödəmişdir. - ##.##.2007-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Yevlax rayonu Kövər Bələdiyyəsinin hesabına ödəmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısın sərəncamının ##.##.2012-ci il tarixli ** nömrəli sərəncamının surəti. - Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarından görünür ki, İddiaçı Oqtay oğluna 120 kv.m torpaq sahəsi ayrılmışdır. - İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 120.0 kv.metr torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı İddiaçı Oqtay oğluna Yevlax rayonu Kövər Bələdiyyəsi ərazisindən 120 kv.metr torpaq sahəsi ayrılmışdır. - AN 018458 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Yevlax rayon Kövər bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı 120 kv.m torpaq sahəsi verilmişdir. - ##.##.2020-ci il tarixli EL-**/**** nömrəli Lisenziyanın surəti. - Obyektin qəbul komissiyasl tərəfindən istismara qəbul edilməsi aktının surəti. - BA 882821 seriya nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surəti. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh cavabdeh1 X2 ** saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, avtomobillərə texniki və servis xidmət binalarına dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportunun verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı 120 kv.m torpaq sahəsi ayırılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, ümumi yığıncağın protokolu, habelə sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Yevlax rayonu Kövər Bələdiyyəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi tərəfindən A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. - Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli ** nömrəli Sərəncamı ilə Yevlax rayonu Kövər kənd sakini İddiaçı Oqtay oğlunun satın aldığı torpaq sahəsində avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. - Cavabdeh imtinasının əsası kimi Yevlax rayon Kövər bələdiyyəsinin ## ###### 2005ci il tarixli ** saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq olmasına istinad etmişdir. - Məhkəmə cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, “Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin DWJ və TEKUİS xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararsız) torpaq sahəsidir, uqodiyası - təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Kövər bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A ****** saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazidir. Müqayisəli ortofoto xəritəsindən çıxarış təqdim edilir. İddia olunan qeyri-yaşayış binası naturada mövcuddur və həmin tikili bələdiyyə tərəfindən iddiaçıya ayrılmış 120 kv metr torpaq sahəsi üzərində inşa edilmişdir. Tikilinin faktiki vəziyyəti sorğuya əlavə edilmiş plana uyğundur.”. - Göründüyü kimi, mübahisəli torpaq sahəsi plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazi olmaqla, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. - Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. - İddiaçının mübahisəli torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. - Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, qanuni ayırılmış torpaqların hüquqi və texniki sənədlərdəki kateqoriya göstəriciləri elektron bazadakı göstəricilərlə uyğunsuzluğu mövcudluğu şəxsin mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. - Yuxarıda qeyd olunan normalardan göründüyü kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. - Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan və kateqoriya göstəriciləri arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. - Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, zəruri inzibati icraatı aparmadan imtina etmişdir. - İddiaçının iddia tələbində hüquqi marağı Yevlax rayonu Kövər bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, o cümlədən, tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsindən ibarətdir və bunun üçün o zəruri hüquqmüəyyənedici sənədlərə malikdir.

7. Cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(*-**)-**/**** nömrəli iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilən sxemdən göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin və onda yerləşən tikililərin faktiki istifadə vəziyyəti belədir ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinin və onda yerləşən tikililərin ölçüsü 159.81 kv.m təşkil edir. Torpaq sahəsi və onda yerləşən tikililərin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması mümkün deyildir. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsində qeyd olunur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mövcud vəziyyəti nəzərə alsaq mübahisə predmeti üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı yoxdur və belə olan halda məhkəmə qərarında qeyd olunan Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, avtomobillərə texniki və servis xidmət binalarına dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportunun verilməsi mümkün deyildir və gələcəkdə məhkəmə qərarının icrası mükün olmayacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: ... 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 245. (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Belə ki, imtinadan fərqli olaraq apellyasiya şikayətinin başlıca və əsas dəlili kimi cavabdeh orqan qeyd etmişdir ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsində yerləşən tikililərin ölçüsü 159.81 kv.m təşkil edir. Torpaq sahəsi və onda yerləşən tikililərin vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması mümkün deyildir.

26. Məhkəmə kollegiyası tərəfindən ədalətli və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə cavabdeh1 PHŞ-in ** saylı Yevlax Ərazi İdarəsinə müvafiq sorğu edilmişdir.

27. cavabdeh1 PHŞ-in ** saylı Yevlax Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli *-**-*- **/*-****/**** nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər Bələdiyyəsinin DWJ (torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsində) xəritəsinə və TEKUİS məlumatlarına əsasən 120,0 kv.m. torpaq sahəsindən kənarda faktiki olaraq istifadə edilən 39,81 kv.m. torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararsız) torpaq sahəsi, uqodiyası – təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi – Kövər bələdiyyəsidir.

28. Məhkəmə Kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə qərarının “Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə dair hissəsi” cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir.

29. Daha sonra, qeyd edilir ki, iddia tələbinə əsasən, iddiaçı Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binasının vahid daşınmaz əmlak obyekti kimi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Beləliklə, iddiaçı yalnız özünə məxsus olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmişdir. Odur ki, iddiaçının cavabdehin etiraz etdiyi 39,81 kv.m.-ə münasibətdə mülkiyyət hüququnu qeydə aldırmağa dair iddia tələbi yoxdur, buna görə də, bu əsasla iddianın rədd edilməsi qanunsuz və əsassız olar.

30. Məhkəmə kollegiyasının iclasında da iddiaçı izahatında qeyd etmişdir ki, onun tələbi Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının qeydiyyata alınmasından ibarətdir. Digər, 120,0 kv.m. torpaq sahəsindən kənarda faktiki olaraq istifadə edilən 39,81 kv.m. torpaq sahəsini daha sonra bələdiyyədən müqavilə əsasında alacaqdır.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2024cü il tarixli qərardadından görünür ki, bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsində əks olunmaqla, heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Bərabərlik prinsipi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 12-ci maddəsində də öz əksini tapmışdır. Həmin normaya görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Fiziki və hüquqi şəxslərə bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etmək inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin əsas şərti kimi çıxış edir. Lakin bu diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Həmçinin oxşar məsələlərlə bağlı məhkəmələrin də eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı, hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin də pozulmasına gətirib çıxara bilər. - Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## #### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

2. “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

32. Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi məsələlərə dair vahid məhkəmə təcrübəsinin vacibliyinə toxunaraq qeyd etmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur (Padararu Rumıniyaya qarşı iş üzrə 2005-ci il # ###### tarixli Qərar, § 98).

33. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

34. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

35. Məhkəmə kollegiyası sonda hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının tələbindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin ##.##.2007ci il tarixli ** saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, o cümlədən, tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar