Məhkəmə qərarları › İş №2-1(3-10)-101/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-101/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-101/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh Feyzullayev Daşqın Sərvər oğlunun iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 cavabdeh Feyzullayev Daşqın Sərvər oğluna qarşı “istifadəyə verilən aktivlərin qaytarılması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Feyzullayev Daşqın Sərvər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Özünüməşğulluq proqramı çərçivəsində cavabdeh Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ##.##.2022-ci il tarixli ****/ÖM/***** nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh“Mebel-1 (Kəsmə)” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd Mebel istehsalı üçün laminat və MDF kəsici mişar (2800mm,MJ6128 90/45, maksimum kəsmə uzunluğu– 2800-3200 mm, maksimum kəsmə eni 1150 mm, maksimum kəsmə qalınlığı – 80 mm, ilkin və ikincil mühərrik gücü 4KW-0.75KW, çəki 500- 800kq,ARTEMA 2800) natura şəklində verilmişdir.

2. “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.2-ci bəndinə uyğun olaraq ##.##.2024-cü il tarixli monitorinq zamanı Feyzullayev Daşqın Sərvər oğluna verilmiş “Mebel-1 (Kəsmə)" zərfinə daxil olan aktivlərin yerində aşkar edilməməsi və vətəndaş tərəfindən 3-cü şəxsin istifadəsinə verilməsi müəyyən edilmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir.

3. Cavabdehə təqdim edilmiş ##.##.2024-ci il tarixli *-**-*/*-F-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə istifadəyə verilmiş əmlakların 30 gün ərzində qaytarılması tələb olunsa da, sözügedən əmlaklar qaytarılmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Agentlik tərəfindən cavabdehə verilmiş eyni növlü və keyfiyyətli 1 ədəd Mebel istehsalı üçün laminat və MDF kəsici mişarın (2800mm,MJ6128 90/45, maksimum kəsmə uzunluğu – 2800-3200 mm, maksimum kəsmə eni 1150 mm, maksimum kəsmə qalınlığı – 80 mm, ilkin və ikincil mühərrik gücü 4KW-0.75KW, çəki 500-800kq,ARTEMA 2800) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Həm “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il ## ###### tarixli *** nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Işin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

6. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununudan irəli gələn və inzibati müqavilə hesab olunan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ##.##.2022-ci il tarixli ****/ÖM/***** nömrəli müqavilə əsasında yaranmışdır. “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələr ictimai ehtiyacların ödənilməsinə və ictimai xidmətlərin icra edilməsinə yönəldiyindən onlarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Iş üzrə müəyyən edilir ki, “Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Feyzullayev Daşqın Sərvər oğlu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ##.##.2022-ci il tarixli ****/ÖM/***** nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Feyzullayev Daşqın Sərvər oğluna “Mebel-1 (Kəsmə)” zərfinə daxil olan aktivlər, natura şəklində verilmişdir. Bu fakt “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair” ##.##.2022ci il tarixli təhvil-təslim aktı ilə təsdiq olunur. Tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ##.##.2022-ci il tarixli ****/ÖM/***** nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin predmetini “Mebel-1 (Kəsmə)” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra- Əmlak) Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. Müqavilənin 1.1.1-ci bəndində qeyd edilmişdir ki, həmin müqavilənin 3.3.4-cü bəndinə əsasən cavabdeh bu müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X3 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmağa öhdəlik götürmüşdür. “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.2-ci bəndinə uyğun olaraq ##.##.2024cü il tarixli monitorinq zamanı Feyzullayev Daşqın Sərvər oğluna verilmiş “Mebel-1 (Kəsmə)" zərfinə daxil olan aktivlərin yerində aşkar edilməməsi və vətəndaş tərəfindən 3cü şəxsin istifadəsinə verilməsi müəyyən edilmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Cavabdehə təqdim edilmiş ##.##.2024-ci il tarixli *-**-*/*-F-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə istifadəyə verilmiş əmlakların 30 gün ərzində qaytarılması tələb olunsa da, sözügedən əmlaklar qaytarılmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində müəyyən edilmiş tələblərin pozulması iş üzrə sübut olunur. Belə olan halda həmin iddia təmin edilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: Iddiaçı tərəf öz iddiasında mebel istahsalı üçün laminat və MDF kəsici mişar, 2800mm. MJ6128 90/45. Maksimum kəsmə uzunluğu 2800-3200 mm, Maksimum kəsmə eni 1150 mm, Maksimum kəsmə qalınlığı 80 mm, Ilkin və ikincil mühərrik gücü 4 KW- 0.75KW, çəki 500-800KG. ARTEMA 2800 təyinatı üzrə istifadə edilmədiyi aşkar edilmişdir. Cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-F*****/**** nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Cavabdeh həmin avadanlıqları heç vaxt təyinatdan kənar istifadə etməmişdir. Mebel istahsalı üçün laminat və MDF kəsici mişar olan avadanlıq təhvil alındığı tarixdən daim onun nəzarətində olmuşdur. Özünüməşğulluğa cəlb olunmuş şəxs olaraq keçən müddət ərzində fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşdaları tabeliyində tərəfindən dəfələrlə monitorinq keçirilmişdir. Ancaq məhkəmə qərar qəbul edərkən X3 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əmədaşlarının keçən müddət ərzində fəaliyyəti barədə tərtib etmiş olduğu müvafiq sənədlərin (akt,foto,video və.s) surətlərini tələb etməmişdir. Cavabdeh bildirmişdir ki, “özünüməşğulluğa kömək göstərilməsinə dair” təşkilat ilə aralarında ## ##### 2022-ci il tarixdə ****/ÖM/***** nömrəli müqavilə bağlanmışıdr. Müqavilənin 3-cü bəndinə əsasən tərəflərin vəzifələri və hüquqları mövcuddur. Belə ki, müqavilənin 3.1.Filialın vəzifələri: 3.1.1. Əmlakı bu Müqavilə bağlandıqdansonra 10 (on) iş günü müddətində tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsə vermək; 3.1.2. Özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda Əmlakı Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə vermək; 3.2. Filialın hüquqları: 3.2.1. müqavilə müddəti ərzində monitorinqin keçirilməsi üçün əmlakın yerləşdirildiyi məkana daxil olmaq və özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti ilə tanış olmaq; 3.2.2. bu Müqavilənin 3.3.5-ci maddəsində nəzərdə tutulmuş hallar baş verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq tədbirlər görmək. ## ##### 2022-ci il tarixli ****/ÖM/***** nömrəli müqavilənin 3.1.2-ci bəndinə əsasən Özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda əmlakı Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilməli idi. Cavabdeh qeyd edir ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə akt nəyə görə ## ###### 2024-cü il tarixdə tərtib edilmişdir. ## ##### 2022-ci il tarixdə ****/ÖM/***** nömrəli müqaviləyə əsasən mebel istahsalı üçün laminat və MDF kəsici mişar olan avadanlıq ## #### 2022-ci il tarixdə təhviltəslim aktı ilə ona təqdim olunduğu halda 1 il 7 aydan müddətdən keçdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşdaları tərəfindən Akt tərtib edilmişdir. ## ##### 2022-ci il tarixdə ****/ÖM/***** nömrəli müqaviləyə əsasən mebel istahsalı üçün laminat və MDF kəsici mişar olan avadanlıq ## #### 2022-ci il tarixdə təhviltəslim aktı ilə ona təqdim olunduqdan sonra müqavilənin 3.1.2. Özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda Əmlakı Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilməli idi. Keçən müddət ərzində isə həmin avadanlıqların onun mülkiyyətinə verilməməsinin səbəbləri bəlli deyil. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdimedilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək özməşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Cavabdehin məhkəmədən xahişi avadanlığın təyinatı üzrə istifadə edilmədiyi barədə sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşdaları tərəfindən ## ###### 2024-cü il tarixdə monitorinq barədə akt tərtib edilən zaman da onlar özləri etiraf etmişdilər ki, biz monitorinqə gec gəlmişik. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, monitorinq aparılan zaman video-çəkiliş zamanı həyəcanlı olmuş, buna görə də yanlışlıqla 1 ildən çoxdur ki, avadanlığın satdığını bildirmişdir. Sözügedən əmlakı əmlakı 2023-cü ilin oktyabr ayında Şəmkirdə yaşayan dostunun sexinə aparmışdır. Orada onunla birlikdə avadanlıqdan istifadə etdikdən 3 ay sonra avadanlığı dostuna satmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, ##.##.2024-cü ildə keçirilən monitorinqdə cavabdeh 1 ildən artıq müddətdir ki, avadanlığı satdığını bildirmişdir. Bu isə, qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi sonuncu monitorinqin 1 il 10 ay sonra (yəni ##.##.2024-cü il tarixdə) aparılmasının səbəbini işlərin çox olması ilə əlaqələndirmişdir.

tətbiq edilən hüquq

12. “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 46.1. Inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. ...

13. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.3. fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd; Maddə 1.1.27. məqsədli proqramlar – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiri. Maddə 24.1. Işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Maddə 24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Maddə 24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Maddə 24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Maddə 24.5. Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Maddə 24.6. Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən satılır. Maddə 24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”: 3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X3 (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. 7.1. Işsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. 7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. 8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhviltəslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları ƏMAS-a daxil etməlidir. 8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. 8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi, özgəninkiləşdirdiyi, digər şəxsin istifadəsinə verdiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 6 (altı) ay müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 8.5. Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 8.6. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən satılır. 9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Cavabdeh, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə Cavabdeh arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” ## ##### 2022-ci il tarixli, ****/ÖM/***** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə “Mebel-1 (Kəsmə)” zərfinə daxil olan aktiv — 1 ədəd mebel istehsalı üçün laminat və MDF kəsici mişar təhvil-təslim aktı ilə naturada verilmişdir.

21. Müqavilə 1 il müddətinə bağlanmışdır (7.1). Müqavilənin 2.2-ci bəndinə görə, cavabdeh özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş əmlakdan biznes-planda nəzərdə tutulmuş qaydada və təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

22. Müqavilənin 3.2.1-ci bəndində Agentliyin müqavilə müddəti ərzində monitorinqin keçirilməsi üçün əmlakın yerləşdiyi məkana daxil olmaq və özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti ilə tanış olmaq hüququ nəzərdə tutulmuşdur.

23. Müqavilənin 3.3.2-ci bəndinə əsasən, cavabdeh əmlakın verildiyi müddətdə onun saxlanılmasını, istifadəsini, ona ziyan vurulmasının qarşısını almağı öhdəsinə götürmüş, 3.3.3-cü bəndində isə cavabdehin ona verilmiş əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək vəzifəsi müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 2.1.4-cü bəndinə əsasən, özünüməşğulluğun təşkili üçün işsiz və işaxtaran şəxslərə material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında verilir.

25. Həmin Qaydanın 2.1.5-ci bəndində isə özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 il müddətində dövri monitorinqinin aparılması nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilənin 1 il müddətinə bağlanması həmin müddət başa çatdıqdan sonra əmlakın avtomatik olaraq cavabdehin mülkiyyətinə keçməsi anlamına gəlmir.

26. Qaydanın 8.1-ci bəndinə görə, Agentlik tərəfindən 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

27. Qaydanın 8.2-ci bəndinə əsasən, monitorinq ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə edilməklə aparılır.

28. Göründüyü kimi özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın hüquqi taleyi iki mərhələli qaydada müəyyən edilir. Birinci mərhələdə əmlak şəxsə özünüməşğulluq fəaliyyətinin təşkili üçün 1 il müddətinə verilir. Ikinci mərhələdə isə müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyətinin biznes-plana uyğun olubolmadığı müəyyən edilir. Yalnız fəaliyyət biznes-plana uyğun olduqda və bu nəticə müvafiq qaydada rəsmiləşdirildikdə, əmlak təhvil-təslim aktı əsasında şəxsin mülkiyyətinə verilə bilər.

29. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, ona verilmiş mebel istehsalı üçün laminat və MDF kəsici mişardan təyinatı üzrə istifadə etmişdir. Birinci instansiya məhkəməsi əvvəlki dövrlərdə aparılmış monitorinqlərə dair sənədləri tələb etmədən qərar qəbul etmişdir. Cavabdeh həmçinin müqavilənin 1 il müddətinə bağlanmasını, müqavilə şərtlərinə əməl etdiyinə görə əmlakın onun mülkiyyətinə verilməli olmasını, lakin yekun monitorinqin ## ###### 2024-cü ildə, yəni 1 ildən artıq müddət keçdikdən sonra keçirilməsini qeyd etmişdir. Belə ki, Agentlik 1 illik müddət ərzində monitorinq aparmaq və əmlakın hüquqi taleyini müəyyən etmək vəzifəsini vaxtında icra etmədiyindən, bu gecikmənin mənfi nəticələri onun üzərinə qoyulmamalıdır.

30. Göründüyü kimi cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, avadanlıq 1 il tamam olduqdan sonra satılmış və iddiaçı inzibati orqan “Özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi”ni gec həyata keçirmişdir.

31. Iş materiallarından görünür ki, cavabdehin ona verilmiş aktiv üzərində mülkiyyətçi kimi sərəncam vermək hüququ yaranmamışdır. Tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 2022ci ilin dekabr ayında monitorinq aparılmış və həmin monitorinq zamanı cavabdehə verilmiş aktivin yerində olması, fəaliyyətin həyata keçirilməsi və həmin mərhələdə pozuntunun aşkar edilməməsi müəyyən edilmişdir. Qeyd olunan hal aktivlərin ən azı 2022ci ilin dekabr ayına qədər cavabdehin istifadəsində olmasını sübut edir. Odur ki, mübahisənin olmadığı dövr üzrə (əvvəlki dövrlərdə aparılmış monitorinqlərə dair) sənədlərin tədqiq edilməsi zərurəti yoxdur.

32. Növbəti monitorinq isə 2024-cü ilin fevral ayında aparılmışdır. Həmin monitorinq zamanı “Mebel-1 (Kəsmə)” zərfinə daxil olan aktivlər yerində yoxlanılma zamanı aşkar edilməmiş, cavabdeh monitorinq zamanı video görüntüdə aktivin satıldığını bildirmişdir. Kollegiya hesab edir ki, video görüntüdə cavabdehin aktivləri satmasından 1 ildən artıq müddət keçməsini bildirməsi müqavilə şərtinin pozulması və 1 illik müddət daxilində (##.##.2022-##.##.2023) özgəninkiləşdirilməsi kimi başa düşülməlidir.

33. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh məhkəmə iclasında sonradan dəzgahı 2023-cü ilin oktyabr ayında Şəmkir rayonunda digər şəxsə 3000 manata satdığını bildirmiş, video görüntüdə “1 ildən artıqdır satmışam” deməsini isə həmin vaxt həyəcanlı olması ilə izah etmişdir. Lakin cavabdeh 2023-cü ilin oktyabr ayında satışın baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 2024-cü ilin fevral ayında verdiyi izahat - aparılan icraata daha yaxın zamanda və əmlakın yerində aşkar edilmədiyi şəraitdə alınmışdır. Cavabdeh sonradan məhkəmə iclasında satış tarixini 2023-cü ilin oktyabr ayı kimi bildirsə də, qeyd olunan hal iş üzrə hər hansı sübutla təsdiqlənmir (ümumiyyətlə satışın həqiqətən baş verib-verməməsi sübut olunmur). Odur ki, kollegiya, cavabdehin sonuncu izahatını inandırıcı hesab etmir və özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir.

34. Belə olan halda yekun monitorinq ## ###### 2024-cü ildə, yəni 1 ildən artıq müddət keçdikdən sonra keçirilsə də, cavabdehin müqavilə şərtlərini pozan hərəkətləri ona verilmiş əmlakdan biznes-planda nəzərdə tutulmuş qaydada və təyinatı üzrə istifadə etməyi öhdəsinə götürdüyü 1 il müddət daxilində baş verdiyindən, monitorinqin gecikmə ilə aparılması mövcud vəziyyəti cavabdehin xeyrinə dəyişmir və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Feyzullayev Daşqın Sərvər oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar