Məhkəmə qərarları › İş №2-1(3-10)-111/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-111/2026

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-111/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1964-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə ##.##.1985-ci ildə keçmiş “Qutqaşen” kolxozuna üzv olmaqla başlamışdır. O, ##.##.1990-cı ildə “Qutqaşen” kolxozuna üzvlükdən azad edilmiş, ##.##.1991-ci il tarixində Qəbələ “xxxx” tikinti kooperativinə (Qəbələ 1№-li Yol tikinti-təmir kiçik müəssisəsi) fəhlə vəzifəsinə qəbul edilmişdir. ##.##.1993-cü ildə Qəbələ 1№-li Yol tikinti-təmir kiçik müəssisəsindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. ##.##.1994-cü il tarixində ** saylı Yol Tikinti İdarəsinə IV dərəcəli operator köməkçisi işinə qəbul edilmiş, ##.##.2000-ci il tarixində ** saylı Yol Tikinti İdarəsindən işdən azad edilmişdir. ##.##.2000-ci il tarixində “xxxx” DŞ-nin ##.##.2000-ci il ** saylı əmrinə və “xxxx” DŞ-nin ## ###### 2000-ci il tarixli ** saylı əmrinə əsasən struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış ** saylı Yol İstismar İdarəsinə V dərəcəli operator (asfalt beton bişirən) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2017-ci il tarixli, **** nömrəli Fərmanınına uyğun olaraq “xxxx”ASC ləğv edildiyi üçün köçürmə yolu ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə operator vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda da həmin müəssisədə işləyir. Cavabdeh orqana hazırkı tələbə dair ərizə ilə müraciət etmiş, sonuncusu isə imtina cavabı vermişdir və hazırki mübahisə yaranmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ##.##.1964-cü il təvəllüdlü iddiaçı İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına ##.##.2024-cü ildə çatmışdır. Beləliklə iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: Azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; azı 12 il 06 ay güzəştli iş stajı. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) fəhlələr bəndində (a) asfalt və beton bişirənlər vəzifəsi nəzərdə tutulmuşdur. - İddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin “xxxx" MMC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli **- */*-**-**/**** nömrəli arayışında ##.##.1994-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator köməkçisi, ##.##.2000-ci il tarixdən bugünədək isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifəsinə uyğun deyildir. Buna görə də, iddiaçının güzəştli iş stajı mövcud deyil. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu; - İddiaçıya məxsus 0241048 seriya nömrəli əmək kitabçası; - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, - АЗ ****** nömrəli doğum haqqında şəhadətnamənin surəti; - “** №-li Yol İstismarı” MMC-nin ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli arayışları; - Cavabdehin ##.##.2025-ci il tarixli etirazı; - “** №-li Yol İstismarı” MMC-nin ##.##.2025-ci il tarixli məktubu.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını ümumiyyətlə qəbul etməmişdir. - İş materiallarından görünür ki, iddiaçı ##.##.1994-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində ** saylı Yol-tikinti idarəsində operator köməkçisi, ##.##.2000-ci il tarixdən bugünədək isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2017-ci il tarixli, **** nömrəli Fərmanınına uyğun olaraq iddiaçının işlədiyi “xxxx”ASC ləğv edildiyi üçün köçürmə yolu ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə işə qəbul edilmişdir. - Cavabdeh orqan yuxarıda adıçəkilən dövrlərdən iddiaçının fəaliyyət göstərdiyi dövrləri güzəştli iş strajı kimi qəbul etmir. Cavabdeh orqan iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifələrinə uyğun olmaması ilə əsaslandırır. Lakin məhkəmə bu dəlili əsassız hesab etmişdir. - Belə ki, iddiaçının əmək kitabçasından da görünür ki, iddiaçı ##.##.1994-##.##.2000-ci il tarixləri arasındakı dövr ərzində ** saylı Yol-tikinti idarəsində operator köməkçisi, ##.##.2000ci il tarixdən bugünədək isə operator vəzifəsində çalışmışdır. - Müəssisənin ##.##.2024-cü il tarixli arayışı ilə iddiaçının həmin vəzifələrdə güzəştli şərtlərlə çalışdığı təsdiq edilmiş və həmin peşələrin müvafiq Siyahıda (29-cu bölmədə) nəzərdə tutulduğuna istinad edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq “** №-li Yol İstismarı” MMC-nin ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Vətəndaş İddiaçı ##.##.2000-ci il tarixdən fasiləsiz olaraq cəmiyyətə məxsus Asfalt-beton zavodunda operator (asfalt-beton bişirən) vəzifəsində işləmişdir. - Vətəndaş bu dövrlər ərzində ödənişsiz məzuniyyətdən istifadə etməmişdir. "Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən asfalt və beton bişirənlər" vəzifəsi ilə işlədiyi operator vəzifə funksiyasının arasında heç bir fərq yoxdur. - Asfalt-beton zavodu ##.##.2000-ci il tarixədək ** saylı Yol Tikinti İdarəsinə məxsus olmuş və vətəndaş İddiaçı həmin zavodda operator köməkçisi vəzifəsində işləyərkən də eyni vəzifə funksiyasını yerinə yetirmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “asfalt və beton bişirənlər” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. - Beləliklə, iddiaçının cəmi 12 il 6 aydan artıq güzəştli stajı, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi dövrdə (##.##.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı ##.##.1964-cü ildə doğulub). - Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. - Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin “xxxx" MMC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli **-*/*-**-**/**** nömrəli arayışında ##.##.1994-##.##.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator köməkçisi, ##.##.2000-ci il tarixdən bugünədək isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. - Operator texniki idarəetmə funksiyası daşıyır. Mexanizm, qurğu və ya xəttə nəzarət edir. Birbaşa fiziki istehsal prosesi icraçısı olmaya bilər. Asfalt-beton bişirən isə istehsalat prosesində bilavasitə iştirak edir. Zərərli mühitdə işləyir. Əmək şəraiti normativ siyahılarla müəyyən olunur. - Göründüyü kimi, iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifəsinə uyğun deyildir. Buna görə də, iddiaçının güzəştli iş stajı mövcud deyil. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

15. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara * nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

16. (##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ##.##.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı

17. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı»nın: - XXVII. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (22900000) hissəsi: 2290000a—11141 Asfalt beton bişirənlər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın: 29-cu bölməsi bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) fəhlələr: “asfalt və beton bişirənlər”.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

28. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2006-cı il tarixdən sonrakı dövrdə iddiaçının ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də ## ###### 2024-cü il tarixdən pensiya təyin edilməsinə etiraz etmədiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin ##.##.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.

30. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.

31. Müəyyən edilir ki, iddiaçı ##.##.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.

32. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.

33. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur.

34. Cavabdeh orqanın mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçının işlədiyi operator köməkçisi və operator vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan asfalt və beton bişirənlər vəzifəsinə uyğun deyildir. Operator texniki idarəetmə funksiyası daşıyır. Mexanizm, qurğu və ya xəttə nəzarət edir. Birbaşa fiziki istehsal prosesi icraçısı olmaya bilər. Asfalt-beton bişirən isə istehsalat prosesində bilavasitə iştirak edir. Zərərli mühitdə işləyir. Əmək şəraiti normativ siyahılarla müəyyən olunur.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin “xxxx" MMC-nin ## ###### 2024-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı “xxxx" MMC-də ##.##.1994-cü il tarixdən hal-hazıradək Asfalt-beton zavodunda asfalt-beton bişirənlər vəzifəsində işləyir. “Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Asfalt-beton zavodunda asfalt-beton bişirənlər vəzifəsində 30 il 8 ay işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çöl şəraitində Asfaltbeton zavodunda asfalt-beton bişirənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin a yarımbəndinə uyğundur.

36. İş materiallarına əlavə edilmiş "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin “xxxx" MMC-nin ## ###### 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ##.##.2000-ci il tarixdən fasiləsiz olaraq cəmiyyətə məxsus Asfalt-beton zavodunda operator (asfalt-beton bişirən) vəzifəsində işləmişdir. Vətəndaş bu dövrlər ərzində ödənişsiz məzuniyyətdən istifadə etməmişdir. "Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən asfalt və beton bişirənlər" vəzifəsi ilə işlədiyi operator vəzifəsi funksiyasının arasında heç bir fərq yoxdur. Asfalt-beton zavodu ##.##.2000-ci il tarixədək ** saylı Yol Tikinti İdarəsinə məxsus olmuş və vətəndaş İddiaçı həmin zavodda operator köməkçisi vəzifəsində işləyərkən də eyni vəzifə funksiyasını yerinə yetirmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 29-cu bölmənin “a” bəndinə əsasən fəhlələr “asfalt və beton bişirənlər” vəzifəsinə, eyni zamanda Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVII bölməsinin Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (22900000) hissəsinin Asfalt beton bişirənlər (2290000a—11141) vəzifəsinə uyğun gəlir.

38. İşdən də göründüyü kimi, iddiaçı ##.##.1994-cü il tarixdən etibarən operator və operator köməkçisi vəzifələrində işləmişdir. Güzəştli şərtlə əmək pensiyasının təyin edilməsini tələb etdiyi ##.##.2024-cü il tarixə kimi 30 ilə yaxın müddət təşkil edir. Bu müddət də xüsusi iş stajı olaraq qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 aydan artıq təşkil edir. Həmin peşənin əmək funksiyası Asfalt beton bişirənlər ilə eyni olduğundan qeyd olunan peşə yuxarıda göstərilən bəndin təsir dairəsinə düşür.

39. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “asfalt zavodunda operator köməkçisi və operator” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyalarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı»nın - XXVII. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (22900000) hissəsinin “asfalt beton bişirənlər” (kod 2290000a11141) vəzifəsinin funksionallığı eynilik təşkil edir.

40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş arayışlara əsasən müəyyən edilə bilər. Qeyd olunan tələblərə cavab verən arayış da müəssisədən alınaraq işə əlavə edilmişdir. Odur ki, həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.

41. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

43. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.

45. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.

47. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatları zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

48. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

49. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

50. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

51. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.

52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17ci maddələri).

53. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

54. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

55. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsində iddia tələbi təmin edilsə də, məhkəmə tərəfindən “iddianın təmin edilməsi” ifadəsi göstərilməmişdir. Lakin qərarın nəticə hissəsində iddia təmin edildiyindən, həmin ifadənin ayrıca olaraq məhkəmə qərarının nəticə hissəsində göstərilməməsini Kollegiya texniki səhv olaraq qəbul edir. Bu əsasla da, məhkəmə qərarının dəyişdirilməsinə lüzum görmür.

56. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar