Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-14/2026 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X15 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2-1(116)-3378/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının, 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X7 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə İsmayıllı rayonunun Zeyvə (hazırda Basqal) bələdiyyəsinin qərarına əsasən həmin ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Onun həyətyanı torpaq sahəsi bir tərəfdən X21, əks tərəfdən isə Bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Qonşularından biri atası X13, digəri isə fərdi yaşayış evini hündür daş divarla hasara almış şəxsdir. 3 tərəfdən X21 torpaq sahələri ilə qonşu olan atası X11 məxsus torpaq sahəsinə yeganə yol onun mülkiyyətində olan torpaq sahəsindən keçir. 11 fevral 2025-ci il tarixdə ailə üzvünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona İsmayıllı icra və probasiya şöbəsindən e-icra bildirişi daxil olduğu üçün məlum olmuşdur ki, həmin ərazidə ona məxsus torpaq sahəsi ilə X26 ilə həmsərhəd olan hissədə dəmir dirəklər üzərində quraşdırılmış dəmir darvazanın və çəkdirdiyi metal tor setkanın sökülməsinə dair X4 atası-X11 qarşı iddia ərizəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 102/2024 saylı qətnaməsi qəbul edilmişdir. Həmin vaxta qədər heç bir məhkəmədən hər hansı mübahisə barədə ona bildiriş gəlmədiyindən bunu təəccüblə qarşıladı və öyrənmişdir ki, iş üzrə o, yox, cavabdeh kimi cəlb edilmiş atası X13 iştrak etsə də ona heç bir məlumat verilməmişdir. Bundan sonra vəkili vasitəsilə mülki işin materialları ilə tanış olarkən məlum olmuşdur ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarına istinad olunaraq 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X7 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmış və onun adına JN - 647 F saylı (kod ********) Şəhadətnamə tərtib edilmişdir. Həmin ərazi xx.xx.2005-ci ildə X1 və onun adına DTXK İsmayıılı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci ildə JN-851F saylı (kod ********) Şəhadətnamə verilmişdir. Sonuncu, 2021ci ildə məhkəmədə atası İkram Kərimova qarşı iddia qaldıraraq, həyətyanı sahəyə meşə ərazisindən vəhşi heyvanların girişinin məhdudlaşdırılması üçün tor məftildən çəkilmiş setkanın bir hissəsinin sökülməsini xahiş etmişdir. Halbuki, sökülməsi məhkəmə qətnaməsi ilə nəzərdə tutulan, dəmir dirəklər üzərində quraşdırılmış dəmir darvaza və tor məftildən çəkilmiş setka ona məxsus torpaq sahəsində yerləşməklə onun mülkiyyətindədir. Mülki iş materiallarından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarına əsasən 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X7 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmasına dair JN-647F saylı (kod ********) Şəhadətnamənin verilməsi kobud qanun pozuntuları ilə həyata keçirilmişdir.
3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarını və həmin qərara əsasən xx.xx.2005-ci il tarixli İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X7 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Basqal Qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahələrinə dair İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarının, həmin qərara əsasən xx.xx.2005-ci il tarixli İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X7 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin etibarsızlığının tanınması və onların qanunsuz hesab edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Eyni zamanda bildirilir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X7 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN- 647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında verilmiş 0.12 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 4-Ə-2-382 saylı notarial alqı-satqı müqaviləsi əsasında X1 və DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X4 adına verilmiş JN-851 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmişdir. JN647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılmır. Bu səbəbdən də qeyd olunan sənədləri məhkəməyə təqdim etmək tərəflərindən mümkün olmamışdır.
4. Şəki İnzibati Məhkəməsinin (hakim X20) 18 noyabr 2025-ci il tarixli 2-1(116)- 3378/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, X7 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının əsasında verildiyi halda, JN-647F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmişdir. - Mümkünlüyü ilkin şərti iddiaçının sözügedən qərarın və şəhadətnamənin etibarsızlığının tanınmasına dair iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun mövcud olmamasıdır. Hazırkı iş materiallarına əsasən iddiaçının belə bir subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçı iddia tələbinin əsas arqumenti olaraq mübahisəli torpaq sahəsinin X26 torpaqlarına aid olması ilə əsaslandırır ki, bu halda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ həmin inzibati orqana mənsubdur. - Hazırda iddiaçının etibarsız sayılmasını arzu etdiyi “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının qəbulundan 27 ilə yaxın müddət keçmişdir. - İnzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. - Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. - Göründüyü kimi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının mübahisələndirilməsi imkanı itirildiyindən onun əsasında X7 adına verilmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mübahisələndirilməsi də mümkün deyildir. - Qeyd etmək lazımdır ki, bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. - Məhkəmə qeyd etmişdir ki, “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən qərardadı qanunsuz və əsassız sayırlar. - Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-102/2024 saylı qətnaməsi ilə X4 cavabdeh X11 qarşı iddiası qismən təmin olunaraq 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh X13 tərəfindən dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvaza və dəmir tor hasarın (dəmir setka) cavabdeh X9 mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən 5 metr enində olan hissəsi onun öz hesabına sökülərək götürülməsi qət olunmuşdur. - Mülki işin icraatı zamanı qəbul edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3962/2022 saylı qərarının 67-ci bəndində göstərilir: “Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd olunan hala aydınlıq gətirmək üçün mübahisəli torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi zamanı onun ayrılmasına, qeydə alınmasına və sənədləşdirilməsinə məsul olan dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini müəyyən etmək üçün həmin orqanları işə cəlb etməmişdir”. - Məhz, Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarı ilə bağlı tərəfimizdən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X4 X11 qarşı iddiasının hüquqi əsasını təşkil edən, onun (X4) JN-647 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” üzrə X5 əldə etdiyi torpaq sahəsi, sonuncu “Torpaq islahatı” haqqında qanunvericiliklə nəzərdə tutlmuş subyektlər sırasına aid olmadığı halda ayrılmaqla yanaşı, həm də X25 aid ərazidə yerləşir. - Sorğularına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3-14-27/2-B-336-3/2024 №-li, 16 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, JN-647 F saylı “Şəhadətnamədə” göstərilən 0,12 ha torpaq sahəsi sxemə görə X25 aiddir. X21 torpaqlarının özgəninkiləşdirilməsinə səbəb olan hallara yol verilmir. - İddiaçılar X9, İddiaçı və X10 mübahisə predmeti ilə bağlı müştərək hüquqi maraqlara malik olduğunu nəzərə alaraq 3 inzibati işin bir icraatda birləşdirilməsi iddiaların obyektiv və hərtərəfli araşdırılmasına, hakimlərin iş yükünün azalmasına, iş üzrə vahid qərar qəbul edilməsinə xidmət edərdi. - Lakin hazırkı iş də daxil olmaqla inzibati işlərin eyni icraatda birləşdirilməsinə dair müvafiq vəsatətlə Şəki İnzibati Məhkəməsinə müraciət etsələr də, məhkəmə tərəfindən vəsatətləri əsassız olaraq təmin edilmədi. İddia ərizələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi maraqlı şəxs kimi göstərilsə də, həmin inzibati orqan prosesə cəlb edilməmiş, tələbləri bilavasitə onun nəzarətində olan X25 aid torpaq sahəsilə bağlı olsa da qurum məlumatlandırılmamışdır. - Bütün səylərinə baxmayaraq İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarının cavabdeh qurumdan alınması mümkün olmamış, Şəki İnzibati Məhkəməsi də həmin sənədi, və ya ondan müvafiq çıxarışı cavabdehdən tələb edərək almamışdır. JN-647 F saylı “Şəhadətnamə”də ayrılmış torpaq sahəsinin koordinatları (hüdudları) öz əksini tapmadığı üçün 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarın cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi vacib idi. Əslində cavabdeh qurum tərəfindən təqdim edilmiş etirazdan da göründüyü kimi, həmin qurum sözügedən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №li qərarından məlumatsızdır və ümumiyyətlə bu qərarın mövcudluğu ciddi şübhələr doğurur. Lakin məhkəmə bu xüsusata əhəmiyyət verməmişdir. - O da qeyd edilməlidir ki, JN-647 F saylı “Şəhadətnamə”də göstərilən, hazırda X8 məxsus, sənədlə yol nəzərdə tutulmamış torpaq sahəsi bu günədək 1 gün belə istifadə edilməmiş və hər hansı bir formada məskunlaşdırılmamışdır. - Şəki İnzibati Məhkəməsi iddiaçının iddia müddətlərini ötürməsini qeyd edərkən hansı kriteriyalara əsaslanması aydın deyildir. İddia müddətləri ilə bağlı ümumi prinsip ondan ibarətdir ki, iddiaçının özünün hüquq və azadlıqlarının, qanuni maraqlarının pozulduğunu bildiyi an iddia müddətinin axımının başlanğıcı sayılır. - Hesab edirlər ki, hazırkı mübahisə ilə bağlı iddia müddətinin axımı məhz 16 iyul 2024-cü il tarixdən, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin JN-647 F saylı “Şəhadətnamədə” göstərilən 0,12 ha torpaq sahəsinin sxemə görə X25 aid olması və Torpaq islahatı zamanı yol verilmiş digər qanunsuz hərəkətlər barədə xəbər tutduğumuz andan hesablanmalıdır. Əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - Məhkəmə hesab etmişdir ki, bir iddia ərizəsində bir cavabdehə qarşı bir neçə iddia irəli sürülmüşdür. Fikrimizcə bu halda məhkəmə cavabdehə qarşı iddiamızı hissəvi olaraq mümkün saymamaqla yanaşı, digər iddia (JN-647 F saylı “Şəhadətnamə”yə aid hissədə) mümkün sayılmalı idi. - Belə ki, Dövlət Reyestrinin məlumatlarına əsasən İddiaçı və onun yaxın qohumlarının hər birinin mülkiyyətində 0,12 ha olmaqla cəmi 0,36 ha torpaq sahəsi vardır. Torpaq sahələri bir-birinə bitişik olmaqla 3 tərəfdən Meşə Fondunun torpaqları ilə əhatə olunmuşlar. JN-647 F saylı “Şəhadətnamə” üzrə Nağıyev Ağabədəlin, daha sonra Musayeva Kəmalənin mülkiyyətinə keçmiş torpaq sahəsinə yol nəzərdə tutulmadığı üçün hazırda sonuncu, iddiaçıya məxsus ərazidən gediş-gəlişin təmin edilməsi üçün yol tələb edir. Ona görə də, bu hal İddiaçı və onunla eyni ərazidə torpaq sahələri olan yaxın qohumlarının, X4 tələbinin təmin edilməsini aradan qaldıran qarşılıqlı tələb irəli sürmək hüququnu istisna etmir. - Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi maraqlı şəxs kimi göstərilsə də, həmin inzibati orqan prosesə cəlb edilməmiş, tələbimiz bilavasitə onun nəzarətində olan X25 aid torpaq sahəsilə bağlı olsa da, qurum məlumatlandırılmamışdır. İddia ərizəmizdə qeyd edilən hallar mübahisələndirilən hüquqmüəyyənedici və hüquqtəsdiqedici sənədlərin etibarsızlığının tanınması və onların qanunsuz sayılmasında iddiaçının kifayət qədər maraqlı olduğunu təsdiq edir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə əlavə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3962/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarının 67-ci bəndində göstərilir: “...Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0.12 ha torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qeyd olunan hala aydınlıq gətirmək üçün mübahisəli torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi zamanı onun ayrılmasına, qeydə alınmasına və sənədləşdirilməsinə məsul olan dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilibedilmədiyini müəyyən etmək üçün həmin orqanları işə cəlb etməmiş, yaxud fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət ictimai mənafelərinin müdafiəsi məqsədi ilə işdə olan mübahisəli hallarla bağlı həmin orqanların rəy vermələri üçün yol verilən və zəruri prosessual hərəkətləri etməmişdir”. Qeyd olunan göstərişə əsasən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən Şəhadətnamə “Torpaq İslahatı haqqında” Qanunun 3.12-ci maddələrinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, adına Şəhadətnamə rəsmiləşdirilmiş Ağabədəl Nağıyev pay torpaq sahəsi almaq üçün hüququn subyekti olmamış, sənəd qanunsuz tərtib olunması ilə yanaşı özündə saxtakarlıqları ehtiva etmişdir. Bu baxımdan heç bir şəxsə belə bir Şəhadətnamənin mövcudluğu bəlli olmamışdır. X2 alınmasından imtina edilmiş və uzun müddət hərəkətsiz saxlanılmışdır. xx.xx.2021-ci ildə Şəhadətnamədən istifadə olunaraq qaldırılmış məhkəmə çəkişmələri zamanı hesab edilmişdir ki, bu sənədə hüquqi qiymət veriləcəkdir. Mülki iş üzrə iddiaçı göstərilən sənədə hüquqi qiymət verilməməsinə əmin olduqdan sonra icraatınızda olan iş üzrə iddia tələbini irəli sürə bilmişdir. Sənədin qanuna zidd tərtib olunmasına yəqinlik olmadan inzibati məhkəməyə müraciət etmək ağlabatan deyil. Odur ki, müddət axını da həmin vaxtdan hesablanmalıdır. Nə qədər ki, sözügedən Şəhadətnamədən istifadə olunmağa cəhd göstərilməmişdir, bu müddəti məhkəmə nəzərə almalıdır. Həmin sənəd əsasında iddiaçının mülkiyyət hüququna müdaxilə edilməsinə zəminlik yaradan vaxtdan müddət axını hesablanmalıdır. İddianın təmininin mümkünlüyü məsələsi məhkəmə təcrübəsində mübahisəli olmaqla yanaşı, bütün işlərə eyni tərzdə yanaşma başa düşülən deyil. Hesab edir ki, hər bir məhkəmə işi məhkəmə təcrübəsinin formalaşmasında rol oynayır. Fərqli məqamlar olduqda məhkəmə özü təcrübə yaratmaqla mübahisənin qanunun aliliyinə riayət etməklə ədalətli mövqe tutmalıdır. Bu beynəlxalq təcrübədə də mövcuddur. İnzibati işlər üzrə Avropa inzibati məhkəmələrində də eyni xarakterli olsa da oxşar işlər üzrə fərqli qərarların qəbulunun düzgünlüyü tövsiyə edilir. İnzibati işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında bu təcrübəyə riayət edilmişdir. Qeyd olunan Şəhadətnamə iddiaçının hüquqlarını pozmaqla yanaşı, eyni zamanda dövlət mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur. Belə ki, mülki iş üzrə aparılan araşdırmalar zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X21 torpaqlarıdır. Həmin torpaq sahəsinin özəlləşdirilməsi Meşə Məcəlləsinin 11-ci maddəsinin pozulması ilə nəticələnə bilər. Şəhadətnamə üzrə hüquqların həyata keçirilməsi üçün ərazinin məskunlaşdırılmaması, onun Dövlət Qeydiyyatına alınmasına dair Çıxarışın verilməsindən imtina edilməsi, yerli icra hakimiyyəti orqanlarına həmin ərazidə hər hansı bir tikinti və sair işlərin aparılması üçün müraciət edilməməsi səbəbindən müvafiq qurumların (yerli icra hakimiyyəti, bələdiyyə, ekologiya nazirliyi) bu Şəhadətnamənin mövcudluğundan məlumatı olmamışdır, ola da bilməzdi. Odur ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçı bu barədə məhkəməni məlumatlandırmağı zəruri hesab etmişdir. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məhkəmə baxışına cəlb edilməsini iddia ərizəsində göstərmişdir. Bunun iddiaçıya irad tutulması və məhkəmənin həmin tərəfi məhkəmə baxışına cəlb etməməsi və onu məlumatlandırmaması başadüşülən deyil. Faydalı qazıntıların qanunsuz istifadə edilməsinə qarşı vətəndaşların Laçın dəhlizində həyata keçirdikləri fəallıq da məhz beynəlxalq təcrübəyə söykənirdi. Belə tələbləri vətəndaşların da irəli sürməsi yuxarıda qeyd olunan qanunun tələblərinə də uyğundur. Sözügedən Şəhadətnaməyə istinad edilərək, digər şəxslərin mülkiyyət hüquqları da pozulmaqda davam edilir. Bu barədə Şəki İnzibati Məhkəməsinin icraatında bir, Apellyasiya Məhkəməsinin icraatında iki iş vardır. Nə qədər ki, eyni Şəhadətnaməyə söykənilərək müxtəlif fərdi şəxslərin mülkiyyət hüquqları ayrı-ayrı vaxtlarda pozulmuşdur, hesab edir ki, həmin hər üç iş bir icraatda birləşdirilməlidir. Qanun buna yol verir. Eyni inzibati iş üzrə bir neçə cavabdehin və ya tələbin olması isə proses gedişində aradan qaldırılması mümkün olan hallardır. Odur ki, apellyasiya şikayətinə yuxarıda qeyd etdikləri əlavələrin nəzərə alınmasını, eləcə də başqa məhkəmə prosesində iştirakları ilə bağlı iddiaçı tərəf olmadan şikayətlərinə baxılmasını xahiş etmişlər.
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə 2-1(3-10)-14/2026 nömrəli iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2026-cı il tarixli 2-1(3-10)-14/2026 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı rayon Zeyvə bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmələri barədə vəsatət təmin edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2-1(116)-3378/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi (vəkili) gəlməmişlər. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə göndərərək, kollegiyanın iclasında iştirak edə bilməyəcəklərini və apellyasiya şikayətlərinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.
15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 22. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
25. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
26. Hazırkı mübahisədə iddiaçının tələbi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsinə yönəlmişdir. Yəni iddiaçı inzibati aktın etibarsızlığının tanınmasına nail olmaq istəyir və bu mənada həmin tələbi ifadə edən iddia tanınma haqqında iddia kimi qəbul olunmalıdır.
27. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
28. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
29. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın.
30. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.
31. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini, 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.
32. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı qəbulundan 27 ilə yaxın müddət keçdikdən sonra İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının etibarsız sayılması barədə iddia qaldırmışdır. Odur ki, həmin qərarın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı iddiaçının kifayət qədər marağınının olması müəyyən edilmir.
33. Eyni zamanda, xx.xx.2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
34. Belə ki, 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
35. Hazırkı iş üzrə mübahisə predmeti qismində İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının çıxış etdiyini diqqətə çatdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı tanımır.
36. Beləliklə, hər bir halda iddiaçının sözügedən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdiyi nəzərə alınmalıdır.
37. Bundan başqa, iddia tələbinin “JN647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, yalnız həmin sənədin verilməsinin əsasında duran İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının mübahisələndirilməsinə dair iddia uğurlu olduğu təqdirdə iddiaçı, Şəhadətnamə”nin etibarsız hesab edilməsinə nail ola bilərdi. Hazırkı halda sözügedən qərarın mübahisələndirilməsinə dair iddianın mümkün sayılmaması, həmin qərar əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı tələbin də mümkünsüzlüyünə səbəb olur.
38. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
39. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
40. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.
41. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində iddia tələbinin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş edir.
42. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün qaytarılması hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra asılı (törəmə) tələb olduğundan, həmin qərardad isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
43. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2-1(116)-3378/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2-1(116)-3378/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.