Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-18/2026 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ya qarşı “çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi, fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə mərhum X3 adına çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(116)-111/2025 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. DT və XK-nın A № 118604 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1998,27 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon AİK-in xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə X4 verilmişdir.
2. İş materiallarında olan Zaqatala rayonu İcra Hamiyyəti Bəhmətli kənd İƏD-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 05 nömrəli təsərrüfatbaşına kitabın 95-ci səhifəsində X11 adına 1978-ci ildə tikilmiş, bir mərtəbəli, iki otaqlı, 85 kv.m ümumi, 50 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi olduğu görünür.
3. İş materiallarında olan ********** reyestr nömrəli xx.xx.2022-ci i l tarixli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 41,20 kv.m fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, ********** reyestr nömrəli xx.xx.2022-ci i l tarixli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi və sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması ilə bağlı qeydiyyatın aparılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan ərizədə qeyd edilən halların onun səlahiyyətləri daxilində olmadığını əsas gətirərək imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilərək, Zaqatala rayonu Bəhmətli kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə mərhum X3 adına hüququların dövlət qeydiyyatına alınaraq müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədinin və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-111/2025 nömrəli qərardadı ilə X6 hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
7. İddia ərizəsinə əsasən iddiaçının anası X10 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra sağ qalan vərəsələri iddiaçı və qardaşı X18 olmuş, qardaşı xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Belə ki, anasının sağlığında adına Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında (X18, X10 və X12) 0.8050 ha kənd təsərrüfatı təyinatlı, 0,1998 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 41.20 kv.m fərdi yaşayış evi olmuşdur. Qardaşının arvadı X12 2012-ci ildə vəfat etdiyindən o, ikinci dəfə X7 ilə evlənmişdir. X1 mərhum anası X3 adına olan fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum qardaşı X11 adına hüquqların dövlət qeydiyyatına almışdır. İddiaçı hesab edir ki, mərhum anası X3 adına olan fərdi yaşayış evi qardaşı X11 adına formal əsaslarla hüquqların dövlət qeydiyyatına alınmışdır. İddiaçı, birinci növbədə olan vərəsədir, bununla da onun vərəsəlik hüququ pozulmuşdur.
8. Cavabdeh orqan və üçüncü şəxs iddia tələbinə münasibət (etiraz) bildirməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(116)-111/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. ********** qeydiyyat nömrəli çıxarışın,əslində qeydiyyatın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi;
2. Zaqatala rayonu Bəhmətli kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın verilməsi; İddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış özlüyündə hüquqmüəyyənedici sənəd deyildir və reyestrdə mövcud olan qeydiyyatı əks etdirir. Yəni, sözügedən çıxarışın qanuniniliyini araşdırarkən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbində “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” göstərilsə də, məhkəmə bu xüsusatı formal xəta qismində qiymətləndirir və tələbi “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” kimi qəbul edir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu məsələsini araşdırmışdır.Müəyyən edilmişdir ki,iddiaçı anasından qalan miras paydan imtina ilə bağlı iradə ifadəsini bəyan etməmişdir. Bu isə mövcud məhkəmə təcrübəsinə əsasən iddiaçının subyektiv hüququnun mövcudluğunu əsasıdır. Məhkəmə hazırkı iddia tələbinə cavabdeh inzibati orqan tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyat və onun əsasında tərtib edilmiş çıxarışa münasibətdə faktiki hərəklər kimi qiymətləndirir. İş materiallarına əlavə olunan **********01-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 41,20 kv.m olan fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüququ, evin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi üzərində isə X18, X3 və X5 ümumbirgə mülkiyyət hüququ qeydə alınmışdır. Mübahisələndirilən fərdi yaşayış evi üzərində aparılmış qeydiyyatın Zaqataka RİHBin Bəhmətli KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışı əsasında aparıldığı müəyyən edilir. Həmin arayış isə tərtib edilmiş Təsərrüfatbaşına kitaba əsasən tərtib edilmişdir. Nəticə etibarı ilə, X2 Güllü Şirinbəy qızının oğlu olmaqla anasının vəfatından sonra həmin təsərrüfatın başçısı olaraq göstərilən ünvanda yaşamışdır. Aqrar islahat zamanı Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə A seriyalı 118604 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,1998 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətə verilərkən hüquq subyekti olmuşdur. Zaqatala Rayon Bəhmətli kəndinin 1995-2005-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X18, X3, X15 rayonu İcra Hamiyyəti Bəhmətli kənd İƏDnin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, 05 nömrəli təsərrüfatbaşına kitabın 95-ci səhifəsindən adına 1978-ci ildə tikilmiş, bir mərtəbəli, iki otaqlı, 85 kv.m ümumi, 50 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi olduğu görünür. Göründüyü kimi, fərdi yaşayış evinə mülkiyyət hüququna dair mərhum X11 adına aparılmış qeydiyyat ilkin sənədlər əsasına qanuni əsaslarla aparılmışdır. Sözügedən fərdi yaşayış evi vərəsəlik hüququnun predmeti deyildir, ona görə də cavabdeh orqandan bu əsaslarla qeydiyyatın ləğv edilməsini və fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum anasına məxsus olmasına dair arayışın verilməsini tələb etməkdə haqlı deyildir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin ərizənin dəlillərinə əsasən əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, 0,20 ha həyətyanı torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış və qeyd edilən həyətyanı torpaq sahəsinə baxış keçirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəmə kollegiyasının iclasına teleqram ünvanlayaraq, şifahi məhkəmə baxışı iclasının onun iştirakə olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.
tətbiq edilən hüquq
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X8 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.
18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;
19. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddia tələbi “çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi və fərdi yaşayış evinə tam mülkiyyət hüququ ilə mərhum X3 adına çıxarışın və plan-ölçü sənədinin verilməsi” kimi ifadə edilsə də, iddiaçının hüquqi marağı ********** nömrəli dövlət qeydiyyatının fərdi yaşayış evinə dair hissədə ləğv edilməsinə və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın verilməsinə nail olmaqdır.
26. Odur ki, məhz iddiaçının hüquqi marağı və arzuladığı hüquqi nəticə baxımından iddia tələbinə hüquqi qiymət verilmişdir.
27. Cavabdeh orqan tərəfindən təqdim edilmiş və mübahisəli fərdi yaşayış evi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərdən müəyyən edilir ki, həmin qeydiyyatın aparılmasına əsas Zaqatala rayonu Bəhmətli kəndi üzrə təsərrüfatbaşına kitabda aparılmış uçot məlumatları olmuşdur.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və onların yerləşdiyi torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarışlar hüququn dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Odur ki, mübahisənin düzgün həlli baxımından mübahisəli fərdi yaşayış evinin yerləşdiyi təsərrüfat üzrə 2001-ci il yanvarın 1-dək mövcud olmuş hüquqi vəziyyət müəyyən edilməlidir. Belə ki, təsərrüfatbaşına kitablarından verilmiş çıxarışlarda və ya həmin çıxarışlar əsasında tərtib olunmuş arayışlarda əks olunan məlumatlar məhz 2001-ci il yanvarın 1-dək olan vəziyyəti əks etdirməlidir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiyyatı ilə bağlı normativ tənzimləmənin mahiyyəti ondan ibarətdir ki, 2001-ci il yanvarın 1-dək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlar sonradan dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilir.
31. Təsərrüfatbaşına kitabın mahiyyəti isə ondan ibarətdir ki, bu sənəd müvafiq təsərrüfat üzrə faktiki sahiblik və idarəetməni əks etdirən rəsmi uçot sənədidir. Ev təsərrüfatlarının uçotu kitabı üzrə qeydlərin aparılması qaydalarına əsasən həmin kitabın birinci sətrində təsərrüfat başçısı, sonrakı sətrlərdə isə təsərrüfatın digər üzvləri göstərilir.
32. İş materiallarından müəyyən olunur ki, mübahisəli yaşayış evi 1978-ci ildə inşa edilmişdir. Təsərrüfatbaşına kitabda təsərrüfatın başçısı kimi ilkin olaraq ana (Güllü Muradova) göstərilmiş, digər üzvlər kimi isə oğlu və gəlini qeyd edilmişdir. Ana 1999-cu ildə vəfat etmiş və təsərrüfatbaşına kitabda onun adı üzərindən xətt çəkilmişdir. Bundan sonra təsərrüfatın idarə olunması oğlu tərəfindən həyata keçirilmiş, həmin şəxs mübahisəli evdə yaşamış və təsərrüfatı idarə etmişdir.
33. İş materiallarında olan Zaqatala rayonu Bəhmətli kəndi üzrə 1995-2005-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, 2001-ci il 1 yanvar tarixinədək olan dövr üçün təsərrüfat başçısı kimi (birinci sətrdə) X18 qeyd edilmişdir.
34. Göründüyü kimi, X11 mübahisəli fərdi yaşayış evi üzərində əmlak hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmışdır. Bu səbəbdən o, mübahisəli fərdi yaşayış evinə münasibətdə “həmin Qanun qüvvəyə minənədək daşınmaz əmlakı əldə edən şəxs” kimi qiymətləndirilməlidir.
35. Beləliklə, 2001-ci il yanvarın 1-dək olan təsərrüfatbaşına kitabdan çıxarışda X18 təsərrüfat başçısı kimi göstərildiyindən cavabdeh orqan haqlı olaraq fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnu dövlət qeydiyyatına almış və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(116)-111/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.