Məhkəmə qərarları › İş №2-1(3-10)-182/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-182/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-182/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı “iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. O, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı aşağıdakı tarixlərdə Yevlax rayon Qaraməmmədli kənd Bakı kolxozunda işləmişdir. 1982-ci il 239 adam günü, 1983-cü il 233 adam günü, 1985-ci il 26 adam günü, 1986-cı il 273 adam günü, 1987-ci il 291 adam günü, 1988-ci il 298 adam günü, 1989-cu il 262 adam günü, 1990-cı il 304 adam günü, 1991-ci il 284 adam günü işləmiş, 1992ci il 257 adam günü, 1993-cü il 290 adam günü, 1994-cü il 360 adam günü, 1995-ci il 360 adam günü işləmişdir. İddiaçı Bakı kolxozunda dəmirçi işləmişdir. Əsas işi texnikaların bərpa edilməsi ilə bağlı idi. Texnikaların bərpasını əsasən kömürlə həyata keçirirdi. Yəni kömürü yandırmaqla dəmirçilik edirdi. Həmin peşə zərərli peşə hesab edilirdi. Buna görə əmək haqqından əlavə pul vəsaiti (hər 100 manata əlavə 20 manat) alırdı. İddiaçıya məlumdur ki, zərərli işlərdə işləmiş hər bir şəxsin 12 il 6 ay əmək stajı olduqda, həmin şəxs güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır. Hazırda ərizəyə əlavə etdiyi arxiv arayışından göründüyü kimi, iddiaçının zərərli işlərdə 12 il 6 aydan çox əmək stajı vardır. Odur ki, bütün yuxarıda göstərilənlərə əsaslanaraq cavabdeh inzibati orqana müraciət edərək iddiaçının güzəştli şərtlərlə əmək pensiyasına çıxmağının təmin edilməsini xahiş etmişdir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda qeyd edilən müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış # ####### 2025-ci il tarixli məktubda aşağıda göstərilən sənədləri təqdim etməyi bildirilmişdir. - Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ## ###### 2025-ci il tarixdə "güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında" məktub göndərildi və imtinanın əsasları olaraq bildirildi ki, Sizə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair işəgötürənin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyi üçün güzəştli iş stajının olmasını müəyyən etmək mümkün deyil. Eyni zamanda, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajının 25 ildən az (13 il 4 ay 17 gün (##.##.1983-##.##.1985-ci il tarixləri arasındakı dövrlər, kolxozda işlədiyi dövr üzrə 11 il 4 ay 18 gün) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080.00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13778.81 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdeh inzibati orqanın yuxarıda qeyd olunun məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı deyil. Odur ki, hazırkı iddia tələbini məhkəmədə irəli sürməyi zəruri hesab edir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan 12 il 6 aydan çox güzəştli və ümumi iş stajının olmasını əsas gətirərək inzibati orqanın verdiyi imtinanın əsassız olduğunu bildirmiş, məhkəmədən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatınızda olan *-*(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən, iddiaçı cavabdeh Mərkəzi Filiala sonuncu ##.##.2025ci il tarixdə ərizə ilə müraciət edərək işlədiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Mərkəzi Filial ## ###### 2025-ci il tarixli *-**-*/*-A- ******/**** nömrəli məktub ilə ümumi iş stajının 25 ildən az olması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün əsas hesab edilən müəssisə tərəfindən verilmiş güzəştli arayışın təqdim olunmaması səbəbilə pensiya təyininin mümkün olmadığı bildirilmişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdig edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçı İddiaçı yuxarıda qeyd olunan güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı onun tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (13 il 4 ay 17 gün (##.##.1983-##.##.1985-ci il tarixləri arasındakı dövrlər, kolxozda işlədiyi dövr üzrə 11 il 4 ay 18 gün)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13778,81 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı İbrahim oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Cavabdehin ##.##.2025-ci il tarixli məktubunun surəti; - AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İbrahim oğlu ##.##.1965-ci il təvəllüdlüdür; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli arayışının surəti; - İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti; - Yevlax rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-DA-**f/*-***/**** nömrəli arxiv arayışının surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı “iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halı iddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışının və ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. - Məhkəmədə müəyyən edilən hallardan görünür ki, iddiaçının hərbi xidmətdə və kolxozda işlədiyi dövr üzrə ümumi stajı 13 il 4 ay 17 gün təşkil edir. Bu hal isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin dispozisiya şərtinə (azı 25 il sığorta stajı) uyğun olmadığından iddiaçının tələbi əsaslı sayıla bilməz. - Bununla yanaşı iddiaçı Bakı kolxozunda dəmirçi işlədiyi peşənin güzəşli iş stajına saymağı tələb etsə də, bununla bağlı heç bir arayış təqdim etməmişdir. - Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir.

7. İddiaçı İddiaçı İbrahim oğlu həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Məhkəmənin tələbi üzrə əsaslandırması tamamilə düzgün deyildir. İddia tələbi üzrə işə birinci instansiya məhkəməsində birtərəfli və səthi yanaşılmışdır. Məhkəmə işin hallarını hərtərəfli araşdırmamışdır, o cümlədən mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. - Bildirir ki, iş materiallarında əmək əvəz edən arxiv arayışının əsli vardır. Habelə, arxiv arayışında göstərilən qaydada və arxiv arayışında göstərilənlərdən əlavə işləməyini təsdiq edən kifayət qədər şahidləri vardır ki, həmin şəxslər (ən əsası əmək günü yazan şəxs) məhkəmə iclasında şahid olaraq izahat vermək istəyirlər. Bununla bağlı vəsatəti təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-******-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. - Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. - Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. - İddiaçı İddiaçı yuxarıda qeyd olunan güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı onun tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Eyni zamanda, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (13 il 4 ay 17 gün (##.##.1983-##.##.1985-ci il tarixləri arasındakı dövrlər, kolxozda işlədiyi dövr üzrə 11 il 4 ay 18 gün)) təşkil edir. - Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13778,81 manat təşkil edir. - Həmçinin məhkəmə qərarın əsaslandırılması hissəsində iddiaçının hərbi xidmətdə və kolxozda işlədiyi dövr üzrə ümumi stajı 13 il 4 ay 17 gün təşkil etdiyini və bu halın isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin dispozisiva şərtinə (azı 25 il sığorta stajı) uyğun olmadığından iddiaçının tələbinin əsaslı sayıla bilmədiyini bildirmişdir. - Şərh olunanları nəzərə alaraq, iddiaçının apellyasiya şikayəti tam əsassız olduğundan şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. İddiaçı ##.##.2026-cı il tarixdə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli *** saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

28. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin yalnız azı 12 il 6 ay güzəştli iş stajına malik olması kifayət etmir. Həmin norma Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində tətbiq olunur. Qanunun 7-ci maddəsinə əsasən isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda, şəxsin azı 25 il sığorta stajına malik olması zəruridir.

29. İş materiallarından görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuş ümumi iş stajı 13 il 4 ay 17 gün təşkil edir ki, bu da qanunla tələb olunan 25 illik sığorta stajından azdır.

30. Göründüyü kimi, iddiaçının istinad etdiyi güzəştli iş stajının mövcudluğu fərz edilsə belə, onun əmək pensiyası hüququnun yaranması üçün zəruri olan digər şərtlərdən biri - azı 25 il sığorta stajının mövcudluğu təmin edilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün qanunla müəyyən edilmiş şərtlərin məcmusu mövcud deyildir.

31. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində əsas dəlili iddiaçının kolxozda işlədiyi dövrlərin və həmin dövrlərdə yerinə yetirdiyi işlərin şahid ifadələri və arxiv sənədləri ilə təsdiq oluna bilməsi ilə əlaqələndirilmişdir. Lakin həmin dəlillər mübahisənin həlli baxımından həlledici əhəmiyyət daşımır. Belə ki, iddiaçının istinad etdiyi hallar ən yaxşı halda (araşdırılma nəticəsində) onun güzəştli iş stajının müəyyən edilməsinə xidmət edə bilər. Halbuki hazırkı iş üzrə iddianın təmin edilməsinə mane olan müstəqil hüquqi əsaslardan biri iddiaçının qanunla tələb olunan 25 illik sığorta stajına malik olmamasıdır.

32. Bu baxımdan, iddiaçının əlavə şahidlərin dindirilməsi və ya əmək fəaliyyətinin digər sübutlarla təsdiqlənməsi barədə dəlilləri belə nəticəyə gəlməyə əsas vermir ki, həmin sübutlar əldə edildiyi halda mübahisənin nəticəsi dəyişə bilər. Çünki güzəştli iş stajının mövcudluğu müəyyən edilsə belə, iddiaçının ümumi sığorta stajının qanunla tələb olunan həddə çatmaması onun pensiya hüququnun yaranmasını istisna edir.

33. Bundan başqa, iş materiallarında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmasını təsdiq edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1.20-ci yarımbəndinin tələblərinə cavab verən işəgötürən arayışının mövcud olmadığı da müəyyən edilir. Həmin arayışın təqdim edilməməsi səbəbindən iddiaçının işlədiyi dövrün güzəştli iş stajına aid olub-olmamasını, eləcə də onun hansı istehsalat, peşə, vəzifə və ya göstərici üzrə müvafiq siyahılarda nəzərdə tutulan kateqoriyalara uyğun gəldiyini müəyyən etmək mümkün olmamışdır.

34. Beləliklə də, müəyyən edilir ki, iddiaçı ##.##.1965-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı da olmalıdır. Yekunda isə iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən azdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.

36. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

37. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar