Məhkəmə qərarları › İş №2-1(3-10)-206/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-206/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-206/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 il 11 ay müddətinə əlilliyə görə ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. ##.##.2015-ci il tarixdə iddiaçıya “ümumi xəstəlik” səbəbli III dərəcə əlillik təyin edilmiş, növbəti müayinə vaxtı ##.##.2016-cı il müəyyən edilmişdir. ##.##.2016-cı il tarixdə iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmiş və 5 il müddətinə III dərəcə əlillik təyin edilmişdir (növbəti müayinə vaxtı ##.##.2021-cı il müəyyən edilmişdir).

2. Göyçay RMX-nın ##.##.2023-cü il tarixli göndərişi əsasında ##.##.2023-cü il tarixdə iddiaçıya OFP-nin 65 % pozulması ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilmişdir.

3. Iddiaçı, cavabdeh orqana müraciət edərək ##.##.2021-##.##.2023-cü illər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmiş, lakin cavabdeh orqan ##.##.2025-ci il tarixli imtina cavabı vermişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik müddətinin ##.##.2021-ci ildə bitməsi ilə əlaqədar pensiya ödənişi ##.##.2021-ci ildən dayandırılmış, ##.##.2023-cü il tarixdən əlilliyi müəyyən edildiyindən əmək pensiyası bərpa edilmişdir. Hazırda ödənişlər davam etdirilir. Tələb olunan dövr üzrə əlillik müəyyən edilmədiyindən həmin dövr üzrə əmək pensiyasının hesablanaraq ödənilməsi mümkün deyildir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2021-ci il tarixdən dayandırılmış və ##.##.2023-cü ildə bərpa edilmiş, 1 il 11 ay müddətində ödənilməmiş əlilliyə görə əmək pensiyasının hesablanaraq ödənilməsini xahiş etmişdir.

5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Göyçay rayon icra şöbəsində və Şəki rayonu üzrə icra şöbəsində böyük icra məmuru vəzifələrində işləmişdir. O, ## #### 2014-cü il tarixdə uzunmüddətli xəstəliyi ilə əlaqədar işdən azad edilməklə ədliyyə orqanlarından qulluq keçməsinə xitam verilmişdir. Iddiaçıya ## ###### 2015-ci il tarixdə gözlərinin zəif görməsi və göz xəstəlikləri ilə əlaqədar müayinədən keçdikdən sonra Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən III dərəcə əlillik təyin olunmuşdur. Əlilliklə əlaqədar əmək pensiyasını ## ###### 2021-ci il tarixə kimi almış, lakin ## ###### 2021-ci il tarixdən, ödəniş dayandırılmışdır. Iddiaçı tibbi müayinələrdən keçdikdən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən orqanizminin fünksiyalarının 65% pozulması ilə bağlı qiymətləndirmə və təyinat tarixi ## ###### 2023-cü il tarixdən təsdiq edilməklə, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti ## ###### 2025-ci il tarixə kimi iki il müddətinə göz xəstəlikləri və gözlərinin görmə qabiliyyəti ilə əlaqədar II dərəcə əlillik təyin olunmuşdur. Iddiaçı bildirir ki, ## ###### 2021-ci il tarixdən, yəni III dərəcə əlilliyi dayandırılan tarixdən, ## ###### 2023-cü il yenidən əlilliyi bərpa olunan müddətə kimi, görmə qabiliyyəti və göz xəstəlikləri daha da ağırlaşmış və buna əsasən də ona Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən II dərəcə əlillik təyin edilmişdir. Iddiaçı ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixə qədər, 1 il 11 (23) ay müddətində ödənilməmiş əlilliyə görə əmək pensiyasının hesablanılması və ödənilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh imtina cavabı vermişdir.

6. Cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilmişdir ki, ## ###### 2015-ci il tarixdən etibarən İddiaçı göz xəstəlikləri ilə əlaqədar III dərəcə əlillik təyin olunmuş və ona həmin tarixdən əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin ## ###### 2021 -ci il tarixdən yəni əlillik müddətinin bitdiyi vaxtdan ona təyin olunmuş əlilliyə görə pensiya dayandırılmışdır.Daha sonra ## ###### 2023-cü il tarixdən İddiaçı təkrar qiymətləndirmə nəticəsində ## ###### 2025-ci il tarixədək II dərəcə əlillik təyin olunmuşdur. Lakin, İddiaçı ona təyin olunmuş əlilliyə görə pensiyanın onun əlillik dərəcəsi müəyyən olunmamış ## ###### 2021 -ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə də ödənilməli olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının tələbi onun əlilliyi müəyyən olunmadığı dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi ilə bağlıdır. Qeyd olunan əsas cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulmasına münasibətdə hər hansı hərəkətin edilməsinə siraət etmir. Bu səbəbdən hesab edirik ki, iddia mümkün sayılmamalıdır.

7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməyən əlilliyə görə əmək pensiyasının ödənilməsindən ibarətdir. Iş materiallarından görünür ki, iddiaçının ##.##.2016-cı il tarixdən 5 il müddətinə III dərəcə əlilliyi müəyyən edilmiş, əlilliyin müddəti ## ###### 2021-ci il tarixində başa çatmışdır.Növbəti əlilliyin müəyyən edilməsi ##.##.2023-cü ildən 2 il müddətinə, OFP-nin 65% pozulması kimi qiymətləndirilmişdir. Cavabdeh inzibati orqan həmin tarixdən ödənişi həyata keçirmişdir. Iddiaçı hesab edir ki, ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan müddətdə əsassız olaraq pensiya almamışdır. Bu səbəbdən də həmin müddətdə ödənilməyən ödənişlərin ödənilməsini tələb edir. Iddiaçı tələbinin hüquqi əsası olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə istinad edir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normalar pensiya ödənişi ilə bağlı deyil, pensiya təyinatına dair prosedur qaydalarını tənzimləyir. Iddiaçıya münasibətdə məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi altı aydan sonra baş verdiyi üçün əvvəlki dövrlər üçün pensiyanın ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmur.

9. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində iddiaçı hüquq normalarının düzgün tətbiq olunmadığını bildirmiş, qeyd etmişdir ki, ## ###### 2015-ci il tarixdən III dərəcə əlillik əsasında əmək pensiyası almış, lakin həmin pensiyanın ödənişi ## ###### 2021-ci il tarixdən etibarən dayandırılmışdır. Sonradan tibbi müayinədən keçdikdən sonra ## ###### 2023-cü il tarixdən yenidən orqanizmin funksiyalarının 65 faiz pozulması ilə əlaqədar II dərəcə əlillik müəyyən edilmişdir. Iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 33-cü maddəsinə istinad edərək əlilliyə görə əvvəllər təyin olunmuş əmək pensiyasının beş ildən artıq müddət keçmədən yenidən bərpa edildiyi hallarda dayandırılmış dövr üzrə ödənilməmiş məbləğlərin hesablanıb verilməli olduğunu göstərmiş, buna görə də ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının hesablanaraq ödənilməsindən imtinanı qanunsuz saymışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu özünün nizamnaməsinə uyğun olaraq, sadəcə sosial ödənişlərin həyata keçirilməsi prosesini tənzimlədiyindən, hesab edirik ki, iddiaçıya əliliyin təyin olunmaması Fondun səlahiyyət dairəsinə şamil edilmir. Belə olan halda, cavabdeh qismində cəlb olunmuş, Mərkəzi Filial tərəfindən hazırkı məsələyə münasibətdə qanunvericiliyə uyğun olaraq müvafiq ödənişlərin əlillik təyin olunduğu vaxtdan həyata keçirilməsini nəzərə alaraq, cavabdehə münasibətdə hər hansı hərəkətin edilməsinin tələb olunması və ya ona qarşı iddia tələbinin qaldırılması əsassız hesab olunur.

tərəflərin izahatları

12. Tərəflər məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 33. Əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi 33.1. Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 33.2. 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. 33.3. Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Maddə 41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları: 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin huquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bu müddəa həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara şamil olunur. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Iddiaçının nümayəndəsi və vəkili onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

21. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının faktiki marağı ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqdır.

23. Iddiaçının apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyası beş ildən artıq müddət keçmədən yenidən bərpa olunduğundan, ## ###### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək dayandırılmış dövr üzrə ödənilməmiş pensiya məbləğləri hesablanıb ona ödənilməli idi.

24. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1, 32.1-1, 32.2, 33.1, 33.2 və 41-ci maddələri, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müddəaları qarşılıqlı təhlil edilməlidir.

25. Iş materiallarından görünür ki, iddiaçıya ##.##.2016-##.##.2021-ci il tarixlərdə III dərəcə əlillik təyin edilmiş və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyası ödənilmişdir. Əlillik müddətinin başa çatması ilə həmin pensiyanın ödənilməsi 2021-ci ildə dayandırılmışdır. Əlillik müddəti bitdikdən sonra səhiyyə müəssisəsi tərəfindən verilmiş tibbi göndərişə əsasən ##.##.2023-cü il tarixdə iddiaçının 2 il müddətinə OFP-nin 65 % müəyyən edilmişdir.

26. Iddiaçı hesab edir ki, əvvəlki əlillik müddətinin bitməsi ilə növbəti əlilliyin müəyyən edilməsi arasında beş ildən az müddət keçdiyindən, ƏPHQ-nun 33.1-ci maddəsinə əsasən əlilliyə görə təyin edilmiş əmək pensiyası bərpa olunur. Buna görə də, ona 2021–2023-cü illər arasındakı dövr üçün də əlilliyə görə əmək pensiyası ödənilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsi əlilliyə görə əmək pensiyasının ilkin təyinatının maddi-hüquqi şərtlərini müəyyən edir. Həmin maddədə nəzərdə tutulan şərtlərin yoxlanılması dedikdə, şəxsin ümumilikdə azı 5 il sığorta stajının olub-olmaması, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələbinə cavab verib-verməməsi, eləcə də funksional pozuntu 31–80 faiz olduqda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsinin araşdırılması başa düşülür. Başqa sözlə, şəxsin əlilliyə görə əmək pensiyası almaq hüququnun olub-olmaması ƏPHQ-nun 12.1-ci maddəsi əsasında yoxlanılır.

28. Istinad olunan Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 33.2-ci maddənin tələbinə görə 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir.

29. Məhkəmə kollegiyası ƏPHQ-nun 33-cü maddəsində əmək pensiyası ilə bağlı işlədilən “bərpa olunur” və “ümumi əsaslarla təyin edilir” ifadələrinə münasibətdə izah edir ki, bu fərqləndirmənin hüquqi zərurəti zaman keçdikcə 12.1-ci maddədə nəzərdə tutulan ilkin təyinat şərtlərinin dəyişməsi ilə bağlıdır. Məsələn, şəxsin yaşı artır, əmək qabiliyyətli yaş dövrünün həcmi dəyişir, buna müvafiq olaraq hər tam ilə düşən 4 aylıq sığorta stajı tələbi yenidən hesablanmalı olur. Yəni, ilkin təyinat üçün əsas olmuş şərtlər sonradan dəyişə və eyni şəxsin pensiya hüququna sonrakı tarixə münasibətdə fərqli hüquqi qiymət verilməsinə gətirib çıxara bilər. Nəzərə alınmalıdır ki, qanunvericiliyə sonradan edilmiş dəyişikliklər də ilkin təyinat zamanı tətbiq edilən meyarlara təsir göstərə bilər.

30. Buna görə beş ildən artıq fasilə olduqda qanunverici 33.2-ci maddədə pensiyanın “ümumi əsaslarla təyin” olunacağını göstərməklə ilkin təyinat şərtlərinin yenidən tam həcmdə yoxlanılmasını tələb etdiyi halda, beş ildən az fasilə olduqda 33.1ci maddədə “bərpa olunur” ifadəsini işlətməklə həmin şərtlərin yenidən yoxlanılmasını istisna etmişdir.

31. Başqa sözlə, ƏPHQ-nun 33.1-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, əvvəllər ümumi xəstəlik nəticəsində əlilliyə görə əmək pensiyası almış şəxsin əlillik müddəti bitdikdən sonra beş ildən çox keçmədən yenidən əlilliyi müəyyən edilərsə, cavabdeh orqan məsələyə yeni pensiya hüququnun yaranması kimi deyil, əvvəlki pensiya hüququnun davamı kimi yanaşmalı və Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş ilkin təyinat şərtlərini yenidən tam həcmdə yoxlamamalıdır.

32. ƏPHQ-nun 12.1-ci maddədə nəzərdə tutulan ilkin təyinat şərtlərini yenidən tam həcmdə yoxlanılması yalnız 33.2-ci maddənin tətbiq edildiyi, yəni beş ildən artıq fasilə olan hallarda zəruri olacaqdır.

33. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, 33.1-ci maddədə nəzərdə tutulmuş “bərpa olunma” mexanizmi aralıq dövr üzrə ödənişin verilməsi öhdəliyini yaratmır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin məzmunundan görünür ki, əmək pensiyasının ödənilməsi məhz bu hüququnun yaranma anına və müraciətin edilmə tarixinə bağlıdır.

34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə görə isə şəxs bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində yenidən əlillik qiymətləndirilməsi aparıldıqda şəxs əvvəlki müddətin bitdiyi tarixdən əlilliyi olan şəxs sayılır. Göründüyü kimi qanunvericilik əlillik statusunun və buna müvafiq olaraq sosial təminat hüququnun yaranma anını dəqiq müəyyən etmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsindəki “şəxsin müraciəti əsasında” sözləri həmin normanın birinci hissəsinə, yəni “əlilliyə görə əmək pensiyasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün təyin olunması” hissəsinə aiddir. Yəni, həmin normada əlillik müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təqdirdə (yaşa görə pensiya hüququ olmadıqda) müraciətin imperativliyi nəzərdə tutulmuş, əlilliyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin olunması hissəsində şəxsin müraciətinin olması nəzərdə tutulmamışdır. Əlilliyə görə pensiya alan şəxs əmək pensiyası yaşına çatdıqda və həmin an onun əlillik statusu mövcud olduqda (əlilliyin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) inzibati orqan qanunvericiliyin müddəalarını pensiya alan şəxsə izah etməli, pensiya yaşı çatdığı üçün əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi, şəxsin hansı pensiya növünü seçməsi, həm də hər iki pensiya növündən hansı üzrə təyin ediləcək pensiyanın məbləği barədə ətraflı məlumat verməli, bundan sonra şəxsin mövqeyi nəzərə alınaraq ona əlilliyə görə ömürlük, yaxud yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul etməlidir.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqeni hazırkı işə tətbiq edərək qeyd edir ki, əgər iddiaçı əvvəlki əlillik dövründə artıq pensiya yaşına çatmış və həmin vaxt əlilliyi müəyyən edilmiş şəxs olsa idi, onda cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasını ömürlük təyin etmək və buna müvafiq olaraq mübahisələndirilən dövr üzrə müvafiq ödənişləri həyata keçirmək öhdəliyi yaranardı.

37. Lakin iş materiallarından görünür ki, iddiaçının ## ###### 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə qaldırdığı iddia təmin edilməmişdir. Buna görə də, iddiaçıya əvvəlki əlillik dövründə artıq pensiya yaşına çatmış şəxs hesab olunmadığından ona 32.2-ci maddə tətbiq edilə bilməz.

38. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki əlilliyinin müddətin bitməsi ilə yeni əlilliyin müəyyən edilməsi arasında 6 aydan artıq fasilə olduğundan o, əlilliyi olan şəxs sayıla bilməzdi. Həmçinin ƏPHQ-nun 33.1-ci maddəsində nəzərdə tutulmuş “bərpa” mexanizmi həmin Qanunun 12.1-ci maddədə nəzərdə tutulan ilkin təyinat şərtlərinin yoxlanılmamasını ehtiva etdiyindən, eləcə də iddiaçı, əvvəlki əlillik dövründə artıq pensiya yaşına çatmış şəxs olmadığından cavabdeh orqanın tələb olunan dövr üzrə ödəniş vermək öhdəliyi olmamışdır.

39. Buna görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar