Məhkəmə qərarları › İş №2-1(3-10)-209/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-209/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-209/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı “##.##.2023-cü il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iddiaçıya ##.##.2018-##.##.2023-cü il tarixlərdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Iddiaçıya ##.##.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması”, ##.##.2023, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə “göndərişin natamam doldurulması”, sonuncu dəfə ##.##.2025-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə əliliyin müəyyən edilməsindən imtina edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “##.##.2023-cü il tarixindən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsinin əsaslarına görə iddiaçı, 1-ci Qarabağ döyüşçüsü olaraq özünü 2-ci qrup əlil hesab edir. Uzun illərdir ki, xəstəxanada stasionar və ambulator müalicə alır. Döyüş zamanı aldığı xəsarətlərdən indi də, əziyyət çəkir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı imtina qərarı qəbul edildikdən 1 il 8 aydan çox müddət keçdikdən və yeni göndərişlər verildikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Iddiaçının məhz 1 ildən artıq müddət keçdikdən ona əlilliyin təyin edilib-edilməməsi ilə maraqlanması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır). Iddiaçının iş materiallarına əlavə etdiyi Əlilik Altsistemindən çıxarışdan da görünür ki,o ən geci ## #### 2025-ci il tarixində barəsində imtina qərarı qəbul edildiyindən məlumatlı olmuşdur. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 1 ildən artıq müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Odur ki, iddiaçının cavabdeh orqanın qərarından məlumat almaq üçün mövcud vasitələrdən istifadə etməməsi onun passivliyi (hərəkətsizliyi) və məsələyə laqeyd yanaşması kimi qiymətləndirilməlidir ki, bu da iddia müddətinin buraxılmasına səbəb olur. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı exidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.

7. Iddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razılaşmır. Iddiaçı hesab edir ki, onun səhhətində, xüsusilə psixi vəziyyətində uzun illərdir davam edən ciddi pozuntular mövcuddur və bu hallar əlilliyin müəyyən edilməsi üçün əsas təşkil edir. O, aldığı xəsarət nəticəsində əlil olmuş, uzun müddət psixi və fiziki əziyyətlər çəkmiş, mütəmadi müalicə və müayinələrdən keçməsinə baxmayaraq səhhətində yaxşılaşma baş verməmişdir. Daimi baş ağrıları, halsızlıq, gərginlik, əsəbilik, yaddaş zəifliyi, deyilənləri anlamaqda çətinlik, təklik və aqressiyaya meyillilik, bir yerdə qərar tuta bilməmək, dəyişkən əhvalruhiyyə, depressiya, narahatlıq və sosial ünsiyyətdə çətinlik kimi əlamətlər hazırda da davam edir. Ona əvvəllər ikinci qrup əlillik müəyyən edilmiş, lakin sonradan əlilliyin müddəti bitmiş və ##.##.2025-ci il tarixli qərarla əlilliyin təyin edilməsindən imtina olunmuşdur. O, həmin imtinanı əsassız hesab edir və xəstə olmasına, mütəmadi dərman qəbul etməsinə, hazırkı psixi və fiziki durumunun ağır olmasına baxmayaraq əlilliyinin təmin edilməməsini ədalətsiz sayır. Birinci instansiya məhkəməsi onun səhhətində olan pozuntuları, əvvəlki əlillik vəziyyətini, uzunmüddətli müalicə və müayinələrini, habelə hazırkı ağır psixi durumunu düzgün qiymətləndirməmişdir. Buna görə də o, əlilliyinin ##.##.2023-cü il tarixindən müəyyən edilməli olmasını, işə apellyasiya qaydasında yenidən baxılmasını və münasibətdə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

10. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili bildirdi ki iddiaçıya 2021-ci ildə əlillik təyin edilmiş, əlillik müddəti başa çatmadan 2023-cü ildə əlilliyi dayandırılmışdır. Ona görə də, əlilliyin bərpa edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya və onun vəkilinə izah edilmişdir ki, hazırkı tələbdə iddiaçının əlilliyinin ##.##.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürülsə də, həmin tarixdə iddiaçının qüvvədə olan əlilliyi olmamışdır. Iddiaçı barəsində sonuncu dəfə belə göndəriş ##.##.2025-ci il tarixdə MIngəçevir PND tərəfindən verilmiş və ona “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina cavabı verilmişdir. Bundan sonra iddiaçının vəkili iddiaçıya 2018-ci ildən 5 illik əlilliyin təyin edilməsini əlillik müddəti bitdikdən sonra əlilliyin təyin edilməməsindən narazı olduğunu, mübahisə ilə bağlı eyni fikirdə qaldığını və apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Iddiaçı, vəkili ilə eyni fikirdə olduğunu bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan kollegiyanın iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/14623" \l ":~:text=T%C6%8FSD%C4%B0Q%20ED%C4%B0LM%C4%B0%C5%9ED%C4%B0R- ,H%C9%99rbi%2Dh%C9%99kim%20ekspertizas%C4%B1%20haqq%C4%B1nda,- %5B1%5D"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. Iddianın iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

22. Iş materiallarından görünür ki, hazırkı işdə iddiaçının tələb etdiyi ##.##.2023cü il tarix cavabdeh inzibati orqanın əlilliyin müəyyən edilməsindən imtina etdiyi tarix deyil, ##.##.2018-ci il tarixdə 5 il müddətinə müəyyən edilmiş əlilliyin başa çatdığı tarixdir.

23. ##.##.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilə edən hər hansı inzibati aktın qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərə yol verilməsi müəyyən edilmir (iddiaçının qüvvədə olan əlilliyi ləğv edilməmiş, dayandırılmamış və ya ona münasibətdə əlilliyin müəyyən edilməsindən imtina barədə yeni inzibati akt qəbul edilməmişdir).

24. Iş materiallarından görünür ki, iddiaçının əlilliyin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən cavabdeh orqana tibbi göndəriş sonuncu dəfə ##.##.2025-ci il tarixdə göndərilmiş və həmin tarixdə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Lakin iddiaçı və onun vəkili apellyasiya instansiyasında da, tələbin 2025-ci il tarixli sonuncu imtina qərarı ilə bağlı deyil, məhz 2023-cü ildən əlilliyin müəyyən edilməsi ilə bağlı olduğunu bildirmişlər.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili işin halları ilə bağlı ziddiyyətli ifadələr vermiş, bir tərəfdən iddiaçıya 2021-ci ildə əlilliyin təyin edilməsini və 2023-cü ildən ləğv edilməsini, buna görə də, əlilliyin bərpa edilməsi tələbini irəli sürməsini bildirmiş, müvafiq sənədlərin məzmunu ilə tanış edildikdən və iddiaçıya faktiki olaraq ##.##.2018-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilməsi, müddət başa çatdıqdan sonra isə əlilliyin müəyyən edilməsindən imtina edilməsi izah edildikdən sonra isə mövqeyini dəyişərək iddiaçıya 2023-cü ildən əlilliyin təyin edilməsini xahiş etdiyini bildirmişdir.

26. Hazırkı qərardadın 23-cü bəndində qeyd edildiyi kimi ##.##.2023-cü il tarixdə iddiaçının qüvvədə olan əlilliyi olmamış, həmçinin cavabdeh orqan tərəfindən ona imtina cavabı verilməmişdir. Həmin tarixə münasibətdə cavabdeh orqan hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının subyektiv hüquqlarına müdaxilə baş verməmişdir. Odur ki, faktiki olaraq iddiaçının hüquqi marağı ona əlilliyin təyin olunmasına nail olmaqdır.

27. Iş materiallarından görünür ki, iddiaçıya ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə əlilliyin müəyyən edilməsindən imtina qərarları verilmişdir. Əgər iddiaçının tələbi həmin imtina qərarları ilə bağlıdırsa, bu halda iddia qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə qaldırılmışdır. Belə ki, iddiaçı ##.##.2023-cü il tarixli imtina qərarından 2 il 4 ay, ##.##.2023-cü il tarixli imtina qərarından isə təxminən 2 il sonra məhkəməyə müraciət etmişdir.

28. Göründüyü kimi hər bir halda irəli sürülmüş tələb iddianın mümkünlük şərtlərini ödəmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz saymaqla düzgün nəticəyə gəlmişdir.

29. Kollegiya qeyd edir ki, iddiaçının əvvəllər ikinci dərəcə əlilliyinin müəyyən edilməsi onun əlilliyinin ##.##.2023-cü il tarixindən bərpa edilməsinə səbəb ola bilməz. Belə ki, əvvəlki əlillik müddətli olmuş və həmin müddətin başa çatması artıq yeni tibbi göndəriş əsasında əlilliyin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraatın başlanmasına səbəb ola bilərdi.

30. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yardım etmə vəzifəsinə görə iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

31. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

32. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinə dair mövqe iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmiş, lakin mübahisələndirilən qərardad qəbul edilənədək ötən 3 aydan artıq müddətdə məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Apellyasiya instansiyasında da işin faktiki halları, tələb düzgün müəyyən edilməsi və 2025-ci il tarixli sonuncu imtina qərarına münasibətdə hüquqi müdafiə imkanları iddiaçıya və onun vəkilinə izah edilmişdir. Bununla belə iddiaçı və onun vəkili eyni fikirdə qaldıqlarını bildirərək sonuncu (2025) imtina qərarına münasibətdə yox, 2023-cü ildə verilmiş imtinaya münasibətdə əlilliyi müəyyən edilməsində israrlı olmuşlar. Nəzərə alınmalıdır ki, iddiaçı, həm birinci instansiyada, həm də apellyasiya instansiyasında eyni vəkillə təmsil olunmuşdur.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.

34. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. Iddiaçının, onun barəsində tərtib edilmiş tibbi göndərişin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi.

35. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə həkim müayinələrində olması aşkar görünür. Belə olan halda iddiaçının - ona əlilliyin təyin edilməməsindən məlumatsız olması “ağlabatan gözləntiyə” uyğun ola bilməz (tibbi göndərişin tərtib edilməsi ilə bağlı iddiaçının müraciəti onun ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır).

36. Gözlənti müddətinin ağlabatanlığının nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq 2 ildən artıq müddətin keçməsi, o cümlədən məhkəmə araşdırması müddəti nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.

37. Xüsusilə qeyd olunmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan məlumatın alınması mümkündür. Bunun üçün iddiaçının “Elektron hökumət” portalına daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçməsi, müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixini qeyd etməsi kifayətdir.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Iddiaçı, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər mahiyyət etibarilə iddiaçının səhhətinin ağır olması, psixi vəziyyətində uzun müddətdir davam edən pozuntuların mövcudluğu, əvvəllər ona ikinci qrup əlilliyin müəyyən edilməsi, hazırda da mütəmadi dərman qəbul etməsi və buna görə əlilliyinin ##.##.2023-cü il tarixindən müəyyən edilməli olması barədə subyektiv mövqeyindən ibarətdir.

40. Lakin apellyasiya şikayətində göstərilən bu hallar iddia tələbinin mümkünlük şərtlərini aradan qaldırmır. Belə ki, əlilliyin müəyyən edilməsi ilə bağlı tələb “məcburetmə haqqında” iddia növünə aid olduğundan, həmin iddianın mümkünlüyü üçün ilk növbədə tələb olunan inzibati aktın qəbulundan imtina barədə qərarın və ya bu barədə yazılı məlumatın iddiaçıya təqdim edildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət olunmalı idi.

41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar