Məhkəmə qərarları › İş №2-1(3-10)-214/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-214/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-214/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinə qarşı “X1 2025- 2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dövlət ümumtəhsil məktəbində rus bölməsinin 1-ci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsində təşkil olunmuş apellyasiya komissiyasının X1 barəsində qərarının ləğv olunması və onun 2025-2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə Oğuz şəhərində təşkil olunmuş tədrisin digər dillərdə aparılan müəssisələrə qəbulu üzrə müsabiqədə 5 yaşlı qızı X1 iştirak etmişdir. Müsabiqədə qızına verilən - Ulu öndərimiz, Prezidentimiz kimdir, bayrağımızın rəngləri, bucaqlar, koordinatlar haqqında suallara rus dilində sərbəst cavablar vermişdir. Müsabiqənin nəticələrinə görə komissiyanın qərarı ilə X1 qeyri-məqbul qiymətləndirilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya komissiyasına apellyasiya müraciəti edilmişdir. Apellyasiya müraciətinə əsasən Şəki-Zaqatala Regional Təhsil İdarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən ##.##.2025-ci il tarixdə təkrar qiymətləndirmə aparılmış və komissiyanın yekun qərarı ilə X1 müsabiqə nəticələri qeyriməqbul qiymətləndirilmişdir. Qızının müsabiqə nəticələrinin qeyri-məqbul qiymətləndirilməsinə əsas kimi isə bildirilmişdir ki, uşaq əzbərçidir, sözləri əzbərləyib. Çox acınacaqlı bir haldır. Uşaq haradan bilə bilərdi ki, ona hansı suallar veriləcək? Belə olan halda, yəni uşağın ona verilən suallar barədə məlumatı olmadığı halda hansı sözləri əzbərləyə bilərdi? Göründüyü kimi komissiya tərəfindən verilən suallara uşaq rus dilində tam sərbəst və düzgün cavablar vermişdir. Lakin nədənsə apellyasiya komissiyası tərəfindən müsabiqə nəticələri əsassız olaraq qeyri-məqbul qiymətləndirilmişdir.

3. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2025/2026-cı tədris ili üzrə ümümi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” müvafiq əmri icra və rəhbərlik üçün qəbul edilmiş və “2025/2026-cı tədris ili üçün region üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilmişdir. 2025/2026-cı tədris ili üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini, həmçinin müsahibənin nəticələri ilə bağlı yarana biləcək narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədi ilə idarədə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları yaradılmışdır. Müsahibənin uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlara uyğun keçirilməsi təmin edilmiş və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılmışdır. Müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər təchizat vasitələri ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmiş və hər bir uşaqla aparılmış müsahibənin videosu yaddaşa yazılmaqla arxivdə saxlanılmışdır. Meyarlara uyğun olmayan sualların verildiyi apellyasiya komissiyası tərəfindən aşkar edildiyi təqdirdə müsahibə komissiyaları barədə müvafiq tədbir görülməsi tapşırılmışdır. - Şəki-Zaqatala Regional Təhsil idarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən X1 apellyasiya şikayətinə ## ### 2025-ci il tarixdə baxılarkən müsahibə zamanı aparılmış videoçəkiliş təhlil olunmuş və onun 2025-2026-cı tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsinin məqsədə müvafiq hesab olunmaması qüvvədə saxlanılmışdır. Apellyasiya komissiyası tərəfindən videoçəkilişə baxılarkən həmçinin müəyyən edilmiş ki, müsahibə zamanı X1 şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə ümumi meyarlara, yəni fikirə münasibət bildirmə, ünsiyyət zamanı fikrini sərbəst ifadə etmə, ünisiyyət zamanı nitq etiketlərindən yerində istifadə etmə, özü, ailəsi və vətəni haqqında qısa məlumat vermə, təklif edilən əşya və hadisələr haqqında danışma və ya təklif edilən 3-5 cümlədən ibarət qısa mətn qurma kimi meyarlara uyğun cavab verməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinin ##.##.2026-cı il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**/F/**** nömrəli 2025- 2026-cı il tarixli tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şağird qəbulunun aparılması barədə əmrin surəti; - Apellyasiya komissiyasının yekun müsahibə protokolu.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək Dövlət ümumtəhsil məktəbində rus bölməsinin 1-ci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Şəki- Zaqatala Regional Təhsil İdarəsində təşkil olunmuş apellyasiya komissiyasının iddiaçının qızı X1 barəsində qəbul edilmiş qərarının ləğv edilməsi, iddiaçı İddiaçı uşağı X1 ilə keçirilmiş müsahibənin nəticələrinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsinin üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinifə qəbul olunmaq üçün müsahibədən keçirilən ##.##.2019-cu il təvəllüdlü X1 müsahibənin keçirildiyi tarixdə daha 6 yaşı tamam olmamışdır. - Cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvləri müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı bütün meyarlar üzrə X1 cavablarını qeyri-məqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır. - Belə ki, video görüntüyə baxış zamanı aydın olur ki, X1 müsahibə zamanı əsas etibarı ilə bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. X1 bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür. - Həmçinin, keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsnasında X1 azyaşlı olması, komissiya üzvləri ilə ilk dəfə ünsiyyətdə olması onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır. - Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir. - Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir. - İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalıdır. Yenidən qiymətləndirmə zamanı X1 yaşı, psixi və emosional durumu, verilən sualların uşağın dünyagörüşünə və söz ehtiyatına uyğun olması, habelə mürəkkəb olmayan sadə sualları başa düşmək və onlara cavab vermək bacarığı nəzərə alınmalıdır.

7. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Oğuz şəhərində təşkil olunmuş tədrisin digər dillərdə aparılan müəssisələrə qəbulu üzrə müsabiqədə iddiaçının 6 yaşlı övladı X1 iştirak etmişdir. Müsahibə zamanı iddiaçının övladı X1 əvvəlcədən müəyyən edilmiş və bütün namizədlərə eyni qaydada tətbiq olunan qiymətləndirmə meyarları əsasında dəyərləndirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, müsabiqədə iştirak edən bütün namizədlər eyni yaş kateqoriyasına aid olmuş və vahid meyarlar üzrə qiymətləndirilmişdir. Bu hal qiymətləndirmə prosesində bərabərlik, şəffaflıq və obyektivlik prinsiplərinin tam təmin olunduğunu açıq şəkildə təsdiq edir. - Aparılmış qiymətləndirmə nəticəsində iddiaçının övladının tələb olunan göstəriciləri kifayət qədər nümayiş etdirə bilmədiyi müəyyən edilmişdir. Belə ki, X1 fikirlərini sərbəst, ardıcıl və məntiqi şəkildə ifadə etməkdə ciddi çətinliklər yaşamış, təqdim olunan suallara əsasən qısa, məhdud və əksər hallarda əzbər xarakterli cavablar vermişdir. Açıq tipli suallar üzrə məntiqi təhlil aparmaq, fikir əsaslandırmaq və mövzunu genişləndirmək bacarıqlarının zəif olması onun sərbəst düşünmə və kommunikativ qabiliyyətlərinin tələb olunan səviyyədən əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərmişdir. - Bununla yanaşı, ünsiyyət zamanı nitq etiketlərindən yerində və müstəqil istifadə etməməsi, bir çox hallarda isə suallara ümumiyyətlə cavab verə bilməməsi onun dil bacarıqlarının və ünsiyyət vərdişlərinin müsabiqənin tələblərinə cavab vermədiyini bir daha sübut edir. Qeyd olunan hallar təsadüfi xarakter daşımayıb, sistemli şəkildə müşahidə olunmuşdur. - Beləliklə, eyni yaş qrupuna aid digər namizədlərlə müqayisədə iddiaçının övladının nəticələrinin müəyyən edilmiş meyarlara uyğun gəlmədiyi tam əsaslı şəkildə müəyyən edilmişdir. Bu baxımdan, X1 müsabiqədə uğursuz hesab olunması yalnız formal deyil, həm də məzmun etibarilə obyektiv, qanunauyğun və əsaslandırılmış qərar olmuşdur. - Müsabiqənin nəticələrinə görə komissiyanın qərarı ilə X1 qeyri- məqbul qiymətləndirilmişdir. Bundan sonra, iddiaçı tərəfindən apellyasiya komissiyasına apellyasiya müraciəti edilmişdir. Apellyasiya müraciətinə əsasən Şəki-Zaqatala Regional Təhsil İdarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən ##.##.2025-ci il tarixdə təkrar qiymətləndirmə aparılmış və komissiyanın yekun qərarı ilə X1 müsabiqə nəticələri qeyriməqbul qiymətləndirilmişdir. İddiaçının qızının müsabiqə nəticələrinin qeyri-məqbul qiymətləndirilməsinə əsas kimi isə bildirilmişdir ki, uşaq əzbərçidir və şablon sözləri əzbərləyib. - Hesab edirlər ki, qərarın əsaslandırılmasına dair məhkəmənin gəldiyi nəticə yalnız subyektiv yanaşmadır və işin faktiki halları baxımından təhsil haqqında qanunvericiliyin tələblərini özündə əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2025/2026-cı tədris ili üzrə ümümi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” müvafiq əmri icra və rəhbərlik üçün qəbul edilmiş və “2025/2026-cı tədris ili üçün region üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilmişdir. - 2025/2026-cı tədris ili üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini, həmçinin müsahibənin nəticələri ilə bağlı yarana biləcək narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədi ilə idarədə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları yaradılmışdır. Müsahibənin uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlara uyğun keçirilməsi təmin edilmiş və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılmışdır. Müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər təchizat vasitələri ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmiş və hər bir uşaqla aparılmış müsahibənin videosu yaddaşa yazılmaqla arxivdə saxlanılmışdır. Meyarlara uyğun olmayan sualların verildiyi apellyasiya komissiyası tərəfindən aşkar edildiyi təqdirdə müsahibə komissiyaları barədə müvafiq tədbir görülməsi tapşırılmışdır. - Şəki-Zaqatala Regional Təhsil idarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən İddiaçı apellyasiya şikayətinə ## ### 2025-ci il tarixdə baxılarkən müsahibə zamanı aparılmış videoçəkiliş təhlil olunmuş və iddiaçının övladının 2025-2026-cı tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsinin məqsədə müvafiq hesab olunmaması qüvvədə saxlanılmışdır. - Apellyasiya komissiyası tərəfindən videoçəkilişə baxılarkən həmçinin müəyyən edilmişdir ki, müsahibə zamanı X1 şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə ümumi meyarlara, yeni fikirə münasibət bildirmə, ünsiyyət zamanı fikrini sərbəst ifadə etmə, ünisiyyət zamanı nitq etiketlərindən yerində istifadə etmə, özü, ailəsi və vətəni haqqında qısa məlumat vermə, təklif edilən əşya və hadisələr haqqında danışma və ya təklif edilən 3-5 cümlədən ibarət qısa mətn qurma kimi meyarlara uyğun cavab verməmişdir. - Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yoi verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

14. “xxxx” Azərbaycan Respublikasının Qanunu: 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.3. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər.

15. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

21. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı X1 2025-2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.

22. Kollegiya ilk olaraq qeyd edir ki, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci bəndinə əsasən şagirdlərin İ sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir.

23. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.

24. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarını yoxlamaq məqsədilə xüsusi müsahibələr təşkil edilir. Müsabiqədə uşağın dil anlama və ünsiyyət qabiliyyətləri qiymətləndirilir.

25. İş materiallarında olan ##.##.2025-ci il tarixdə keçirilən müsahibə protokolunun surətindən görünür ki, X1 münasibətdə Komissiyanın hər 4 üzvü (X17, X5, X11 və Cəbrayılova İradə Zahid qızı) tərəfindən “qeyri-məqbul” rəyi verilmişdir.

26. Daha sonra, həmin müsahibə komssiyasının rəyindən narazı olan iddiaçı tərəfindən apellyasiya komissiyasına müraciət edilmişdir.

27. İş materiallarında olan ##.##.2025-ci il tarixli apellyasiya komissiyasının müsahibə protokoluna əsasən müəyyən edilmişdir ki, X1 dil bilgiləri 5 meyar – (1) fikrə münasibət bildirməsi, (2) ünsiyyət zamanı fikrini sərbəst ifadə etməsi, (3) ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edilməsi, (4) özü, ailəsi və vətəni haqqında qısa məlumat verməsi, (5) təklif edilən əşya və hadisələr haqqında danışması və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurması əsasında qiymətləndirilmişdir. Komissiyanın hər 3 üzvü (X2, X4 və Şəmsiyyə İlham qızı) “yekun” qrafasında qeyri-məqbul nəticəyə gəlmişlər.

28. Məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfindən müsahibə zamanı aparılmış video çəkiliş materiallardakı görüntülər araşdırılmışdır.

29. Kollegiya bildirir ki, cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvləri müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı bütün meyarlar üzrə X1 cavablarını qeyriməqbul hesab etsələr də, iş materiallarında olan video görüntüyə baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır.

30. Belə ki, iş materialları araşdırılan zaman video görüntülərə baxış zamanı aydın olmuşdur ki, X1 müsahibə ərzində əsas etibarilə təqdim olunan sualların böyük əksəriyyətinə münasibət bildirmiş, onun reaksiyaları verilən sualların məzmununa adekvat olmuşdur. Bu isə onun sualları dinləyib anlama qabiliyyətinə malik olduğunu təsdiqləyir.

31. Belə ki, uşağın müsahibə zamanı dinləyib-anlama bacarığının (sadə tapşırıqları dinləyib yerinə yetirir; qısa (3-5 cümlədən ibarət) mətni dinləyir və suallara cavab verir; sualı diqqətlə dinləyib uyğun cavab verir;), rabitəli danışma bacarığının (özünü təqdim edir; ailəsi və vətəni haqqında danışır; şəkil əsasında sadə cümlə qurur;), söz ehtiyatının (əşyaların adlarını düzgün adlandırır; heyvan, bitki, meyvə–tərəvəz, peşə adları kimi ümumi anlayışları tanıyır; xüsusiyyət bildirən sözlərdən istifadə edir (rəngləri adlandırır, ölçü və keyfiyyət bildirən sözləri bilir); ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir edir;), hərf və səsləri anlama və tələffüz etmə (səslərdən söz düzəldir; hərfi formasına görə tanıyır (böyük və kiçik); danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirir; sözləri aydın tələffüz edir) qabiliyyətinin olmasını inkar edən hər hansı hallara rast gəlinmir.

32. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, müsahibə prosesində komissiya üzvləri tərəfindən Azərbaycan dilindən demək olar ki, istifadə edilməmişdir. Buna baxmayaraq, X1 anlama səviyyəsi onun mimikaları və reaksiyaları vasitəsilə aydın şəkildə müşahidə olunmuşdur.

33. Bundan əlavə, müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edən hallar, o cümlədən X1 azyaşlı olması, komissiya üzvləri ilə ilk dəfə ünsiyyətdə olması və bu səbəbdən yaranan psixoloji gərginlik, utancaqlıq və həyəcan kimi təbii emosional vəziyyətlərin onun cavablarının gecikməsinə və ya natamam şəkildə ifadə olunmasına təsir göstərə bilməsi ehtimalı komissiya tərəfindən lazımi qaydada nəzərə alınmamışdır. Halbuki, bu kimi hallar qiymətləndirmə prosesində obyektivliyin təmin edilməsi baxımından mühüm faktorlar hesab edilməlidir.

34. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, işin yuxarıda göstərilən faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir.

35. Göründüyü kimi, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir.

36. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

37. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hər hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır.

38. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

39. Eləcə də, qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır.

40. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

41. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

42. Bununla yanaşı qeyd edilməlidir ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlər çərçivəsində qəbul edilmiş qərarlar məhkəmələr tərəfindən həyata keçirilən qanuniliyin yoxlanılmasına dair nəzarətə tabedir. Qanun inzibati orqana seçim imkanı versə də, məhkəmə nəzarəti əsasında inzibati orqanlara verilmiş diskresion səlahiyyətlərdən qanun çərçivəsində istifadə olunub-olunmadığı yoxlanılır.

43. Belə ki, inzibati orqan səlahiyyətin qanunvericiliklə müəyyən olunmuş hədlərinə əməl etməli, həmin səlahiyyət hədlərini keçməməlidir. Başqa sözlə, inzibati orqan qanunun ona tanıdığı səlahiyyət çərçivəsində hərəkət etməli, qanunun müəyyən etdiyi mülahizə sərbəstliyinin hüdudlarından kənara çıxmamalıdır. İnzibati orqan diskresion hüququnu qanunla müəyyən edilmiş səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməlidir. Qanunun müəyyən etdiyi məqsəddən kənara çıxan səlahiyyətdən istifadə yolverilməzdir.

44. Eyni zamanda seçilmiş tədbir qarşıya qoyulan qanuni məqsədə çatmaq üçün zəruri, yararlı və uyğun olmalı, fərdi maraqla ictimai maraq arasında ədalətli balans təmin edilməlidir. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul edilə bilməz (İİQ 14.3-cü maddə).

45. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən işin faktiki halları, normativ hüquqi aktların tələbləri, eləcə də aparılmış araşdırmanın nəticələri birgə qiymətləndirildikdə aydın olur ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar diskresion səlahiyyətlər çərçivəsində verilmiş olsa da, həmin səlahiyyətlər qanunvericiliyin müəyyən etdiyi hədlərə və məqsədlərə uyğun şəkildə həyata keçirilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını qismən təmin etməkdə haqlı olmuşdur.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regioal Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar