Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-216/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsinə qarşı “X1 2025- 2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, “dövlət ümumtəhsil məktəbində rus bölməsinin 1-ci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Şəki- Zaqatala Regional Təhsil Idarəsində təşkil olunmuş apellyasiya komissiyasının oğlu X1 barəsində qərarının ləğv olunması və oğlunun 2025-2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Oğuz şəhərində təşkil olunmuş tədrisin digər dillərdə aparılan müəssisələrə qəbulu üzrə müsabiqədə 5 yaşlı oğlu X1 iştirak etmişdir. Müsabiqədə oğluna verilən - Ulu Öndərimiz, Prezidentimiz kimdir, bayrağımızın rəngləri, bucaqlar, koordinatlar haqqında suallara rus dilində sərbəst cavablar vermişdir. Müsabiqənin nəticələrinə görə komissiyanın qərarı ilə oğlu X1 qeyri-məqbul qiymətləndirilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya komissiyasına apellyasiya müraciəti edilmişdir. Apellyasiya müraciətinə əsasən Şəki-Zaqatala Regional Təhsil Idarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən ##.##.2025-ci il tarixdə təkrar qiymətləndirmə aparılmış və komissiyanın yekun qərarı ilə oğlu X1 müsabiqə nəticələri qeyri-məqbul qiymətləndirilmişdir. Iddiaçının oğlu müsabiqə nəticələrinin qeyri-məqbul qiymətləndirilməsinə əsas kimi isə bildirilmişdir ki, uşaq əzbərçidir, sözləri əzbərləyib. Çox acınacaqlı bir haldır. Uşaq haradan bilə bilərdi ki, ona hansı suallar veriləcək? Belə olan halda, yəni oğlunun ona verilən suallar barədə məlumatı olmadığı halda hansı sözləri əzbərləyə bilərdi? Göründüyü kimi komissiya tərəfindən verilən suallara oğlu rus dilində tam sərbəst və düzgün cavablar vermişdir. Lakin nədənsə apellyasiya komissiyası tərəfindən müsabiqə nəticələri əsassız olaraq qeyriməqbul qiymətləndirilmişdir.”.
3. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2025/2026-cı tədris ili üzrə ümümi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” müvafiq əmri icra və rəhbərlik üçün qəbul edilmiş və “2025/2026cı tədris ili üçün region üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilmişdir. 2025/2026-cı tədris ili üçün Şəki-Zaqatala Regional Təhsil Idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini, həmçinin müsahibənin nəticələri ilə bağlı yarana biləcək narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədi ilə idarədə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları yaradılmışdır. Müsahibənin uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlara uyğun keçirilməsi təmin edilmiş və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılmışdır. Müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər təchizat vasitələri ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin edilmiş və hər bir uşaqla aparılmış müsahibənin videosu yaddaşa yazılmaqla arxivdə saxlanılmışdır. Meyarlara uyğun olmayan sualların verildiyi apellyasiya komissiyası tərəfindən aşkar edildiyi təqdirdə müsahibə komissiyaları barədə müvafiq tədbir görülməsi tapşırılmışdır. Şəki-Zaqatala Regional Təhsil Idarəsində təşkil olunmuş apellyasiya komissiyası tərəfindən X1 apellyasiya şikayətinə ## ### 2025-ci il tarixdə baxılarkən müsahibə zamanı aparılmış videoçəkiliş təhlil olunmuş və onun 2025-2026-cı tədris ili üçün birinci sinifdə rus bölməsinə qəbul edilməsinin məqsədə müvafiq hesab olunmaması qüvvədə saxlanılmışdır. Apellyasiya komissiyası tərəfindən videoçəkilişə baxılarkən həmçinin müəyyən edilmişdir ki, müsahibə zamanı X1 şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə ümumi meyarlara, yəni fikrə münasibət bildirmə, ünsiyyət zamanı fikrini sərbəst ifadə etmə, ünisiyyət zamanı nitq etiketlərindən yerində istifadə etmə, özü, ailəsi və vətəni haqqında qısa məlumat vermə, təklif edilən əşya və hadisələr haqqında danışma və ya təklif edilən 3-5 cümlədən ibarət qısa mətn qurma kimi meyarlara uyğun cavab verməmişdir.”.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, uşaq dil öyrənmək üçün hazırlığa gedib. Videoçəkilişdə uşağın 5 yaşı təzə bitib. Uşaq hal-hazırda Azərbaycan sektorunda oxuyur.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, dövlət ümumtəhsil məktəbində rus bölməsinin 1-ci sinfinə keçirilən qəbul müsabiqəsinin nəticələri barədə Şəki- Zaqatala Regional Təhsil Idarəsində təşkil olunmuş apellyasiya komissiyasının iddiaçının oğlu X1 barəsində qəbul edilmiş qərarının ləğv edilməsi və iddiaçı İddiaçı övladı X1 ilə keçirilmiş müsahibənin nəticələrinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdeh Şəki-Zaqatala Regional Təhsil Idarəsinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
8. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsini ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsini ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsini ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Iddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsinin ##.##.2026-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsinin ##.##.2025 tarixli *-**-**/*-*-**/F/**** nömrəli 2025-2026-ci il tarixli tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şağird qəbulunun aparılması barədə əmrin surəti
3. Apellyasiya komissiyasının yekun müsahibə protokolu.
TƏTBIQ EDILƏN HÜQUQ
12. Inzibati Prosessual Məcəllə: Maddə 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. Ibtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. Ibtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
14. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
15. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (IPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı “X1 2025- 2026-cı tədris ili üçün 1-ci sinfin rus bölməsinə qəbul edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.
19. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Iş materiallarında olan ##.##.2025-ci il tarixdə keçirilən müsahibə protokolunun surətindən görünür ki, X1 münasibətdə Komissiyanın hər 3 üzvü tərəfindən “qeyri-məqbul” rəyi verilmişdir.
21. ##.##.2025-ci il tarixli müsahibə protokoluna əsasən müəyyən edilmişdir ki, X1 dil bilgiləri 5 meyar – (1) fikrə münasibət bildirməsi, (2) ünsiyyət zamanı fikrini sərbəst ifadə etməsi, (3) ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edilməsi, (4) özü, ailəsi və vətəni haqqında qısa məlumat verməsi, (5) təklif edilən əşya və hadisələr haqqında danışması və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurması əsasında qiymətləndirilmişdir. Komissiyanın hər 3 üzvü (X3, X6 və Şəmsiyyə Ilham qızı “yekun” qrafasında qeyri-məqbul nəticəyə gəlmişlər.
22. Cavabdeh tərəfindən müsahibə zamanı aparılmış video çəkiliş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən həmin materiallardakı görüntülər araşdırılmışdır.
23. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir.
24. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.
25. Iş materiallarına əsasən müəyyən edilmişdir ki, rus bölməsi üzrə birinci sinfə qəbul olunmaq üçün müsahibədən keçirilən ##.##.2019-cu il təvəllüdlü X1 müsahibənin keçirildiyi ##.##.2025-ci il tarixində daha 6 yaşı tamam olmamışdır.
26. Cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvləri müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı büyün meyarlar üzrə X1 cavablarını qeyri-məqbul hesab etsələr də, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır.
27. Belə ki, video görüntüyə baxış zamanı aydın olmuşdur ki, X1 müsahibə zamanı əsas etibarı ilə bütün suallara münasibət bildirmiş, reaksiyaları verilən suallara adekvat olmuş, bununla da dinlədiyini anlaması öz təsdiqini tapmışdır. Müsahibə zamanı demək olar ki, komissiya üzvləri tərəfindən Azərbaycan dilindən istifadə olunmur. X1 bütün sualları anlaması reaksiya və mimikalarından aydın şəkildə görünür.
28. Həmçinin, keçirilən müsahibənin nəticələrinin qiymətləndirilməsi əsnasında Nəcəfli Uğurun azyaşlı olması, komissiya üzvləri ilə ilk dəfə ünsiyyətdə olması onun müsahibə zamanı təbii olaraq gərginlik, utancaqlıq və sair şəkildə cavablarının gecikməsinə və ya natamam verilməsinə səbəb olacaq hisslər yaşama ehtimalı nəzərə alınmamışdır.
29. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, işin yuxarıda göstərilən faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir.
30. Göründüyü kimi cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir.
31. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
32. Inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hər hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır.
33. Inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“Inzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
34. Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır.
35. IPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
36. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“Inzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).
37. Bununla yanaşı qeyd edilməlidir ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlər çərçivəsində qəbul edilmiş qərarlar məhkəmələr tərəfindən həyata keçirilən qanuniliyin yoxlanılmasına dair nəzarətə tabedir. Qanun inzibati orqana seçim imkanı versə də, məhkəmə nəzarəti əsasında inzibati orqanlara verilmiş diskresion səlahiyyətlərdən qanun çərçivəsində istifadə olunub-olunmadığı yoxlanılır.
38. Belə ki, inzibati orqan səlahiyyətin qanunvericiliklə müəyyən olunmuş hədlərinə əməl etməli həmin səlahiyyət hədlərini keçməməlidir. Başqa sözlə, inzibati orqan qanunun ona tanıdığı səlahiyyət çərçivəsində hərəkət etməli, qanunun müəyyən etdiyi mülahizə sərbəstliyinin hüdudlarından kənara çıxmamalıdır. Inzibati orqan diskresion hüququnu qanunla müəyyən edilmiş səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməlidir. Qanunun müəyyən etdiyi məqsəddən kənara çıxan səlahiyyətdən istifadə yolverilməzdir.
39. Eyni zamanda seçilmiş tədbir qarşıya qoyulan qanuni məqsədə çatmaq üçün zəruri, yararlı və uyğun olmalı, fərdi maraqla ictimai maraq arasında ədalətli balans təmin edilməlidir. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul edilə bilməz (IIQ 14.3cü maddə).
40. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından, iddia qismən təmin olunmalı, cavabdehin X1 ilə keçirilmiş ##.##.2025-ci tarixli müsahibənin nəticəsinin qeyri-məqbul hesab edilməsi barədə yekun qərarı ləğv edilməli, X1 ilə ##.##.2025-ci il tarixində keçirilmiş müsahibənin nəticəsinin məhkəmənin bu qərarında ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi cavabdeh Şəki-Zaqatala Regional Təhsil Idarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
41. Bununla yanaşı məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nəzərinə çatdırır ki, yenidən qiymətləndirmə zamanı X1 yaşı, psixi və emosional durumu, verilən sualların uşağın dünyagörüşünə və söz ehtiyatına uyğun olması, habelə mürəkkəb olmayan sadə sualları başa düşmək və onlara cavab vermək bacarığı nəzərə alınmalıdır.
42. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Zaqatala Regional Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.