Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-228/2026 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Notariat, qeydiyyat və reyestr baş idarəsinə qarşı “notariat xidmətlərdən maneəsiz və məhdudiyyətsiz istifadə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “barəsində notariat hərəkətlərinin aparılmasına tətbiq edilmiş məhdudiyyətin qanunsuz hesab edilərək aradan qaldırılması və iddiaçının Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün notariat ofislərində qanunla nəzərdə tutulmuş notariat xidmətlərdən maneəsiz və məhdudiyyətsiz istifadə etməsinə şərait yaradılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, “cavabdeh inzibati orqan dövlətin pozitiv öhdəliklərinə aid olan notariat ofislərinin xidmətlərindən istifadə etmək hüququnun təminatını qanunsuz şəkildə məhdudlaşdırmışdır. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri cavabdehin nəzarətində olan Elektron Notariat Informasiya Sistemindən istifadə etməklə əhaliyə xidmət göstərirlər. Notariat ofisinə müraciət edərək hər hansı notariat hərəkətinin aparılmasını xahiş etdikdə (məsələn, etibarnamə verilməsi üçün), fərdi identifıkasiya kodu sistem vasitəsilə yoxlanılır və onun barəsində notariat hərəkətlərinə məhdudiyyət tətbiq olunduğu bildirilir. Bu səbəbdən notariat hərəkətinin aparılması mümkün olmur. Bu hal konkret bir və ya iki notariat ofisinin ona qarşı qərəzli münasibətindən irəli gəlmir. Məhdudiyyət mərkəzləşdirilmiş qaydada, cavabdeh inzibati orqanın tabeliyində olan informasiya sisteminə onun barəsində daxil edilmiş məlumat əsasında tətbiq olunur. Notariuslar tərəfindən bildirildiyinə görə, sistem tərəfindən qoyulmuş bu məhdudiyyət aradan qaldırılmadan hər hansı notariat hərəkətinin aparılması texniki baxımdan mümkün deyil. Diqqətəlayiq haldır ki, hətta xüsusilə ağır cinayət törətmiş və təqsiri məhkəmə hökmü ilə sübuta yetirilmiş şəxslər belə notariat xidmətlərindən istifadə edə bildikləri halda, onun barəsində heç bir məhkəmə qərarı və ya qanuni əsas olmadan belə bir ümumi məhdudiyyət tətbiq edilmişdir. Notariat xidmətlərindən istifadə hüququnun bu cür məhdudlaşdırılması mexanizmi qüvvədə olan heç bir normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 35-ci bəndinə əsasən, notarius yalnız konkret hallarda — notariat hərəkəti qanuna zidd olduqda, müraciət edən şəxs fəaliyyət qabiliyyətinə malik olmadıqda, nümayəndənin səlahiyyəti olmadıqda, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmədikdə və digər bu kimi hallarda notariat hərəkətinin aparılmasından imtina edə bilər. Göründüyü kimi, həmin normada şəxsin ümumi şəkildə notariat xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Hazırkı vəziyyətdə isə notariat ofisləri notariat hərəkətini aparmaqdan hüquqi əsaslarla imtina etmirlər, sadəcə olaraq, sistem tərəfindən onun barəsində qoyulmuş məhdudiyyət səbəbindən notariat hərəkətinin icrasının texniki cəhətdən mümkün olmadığını bildirirlər. Bu isə faktiki olaraq qanunda nəzərdə tutulmayan inzibati qadağanın informasiya sistemi vasitəsilə tətbiqi deməkdir. Bu məsələ ilə bağlı cavabdeh inzibati orqana ünvanladığı yazılı müraciət cavabsız qalmışdır. Beləliklə, cavabdeh inzibati orqan həm hüquqlarını məhdudlaşdırmış, həm də müraciətinə cavab verməməklə hərəkətsizlik göstərmişdir. Hesab edir ki, göstərilən hallar onun hüquq və qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir və bu səbəbdən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalı, onun barəsində Elektron Notariat Informasiya Sistemində tətbiq edilmiş məhdudiyyət qanunsuz hesab edilərək aradan qaldırılmalıdır.” birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## #### 2026-cı il tarixli *-*(*- **)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Iddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
5. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *- *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBIQ EDILƏN HÜQUQ
8. Inzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
10. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarının 8-ci bəndinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, Inzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5)..
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
13. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1. Inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
17. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (IPM-2.2.3, 34.1, 35.1).
18. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
19. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
20. IPM-in 35.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
21. Yuxarıda sadalanan normalardan da göründüyü kimi hazırda aparılmış notariat hərəkətləri və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsi ilə bağlı yaranmış mübahisələrin qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
23. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.