Məhkəmə qərarları › İş №2-1(3-10)-25/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-25/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-25/2026 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı “xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq 1 ilin məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2-1(116)-1594/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçı və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan 2-si yetkinlik yaşına çatmamışdır.

2. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir.

3. İddiaçının xx.xx.2024-cü il tarixli **********6368-1 nömrəli müraciəti maddi-məişət şəraitinin yoxlanılması nəticəsində ailənin gəlirləri barədə məlumatın düzgün qeyd edilməməsi (2-ci məhkəmə qətnaməsi təqdim olunmamışdır) səbəbindən təmin edilməmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş qanunsuz qərarının ləğv edilməsi və ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən hər ay 840 manat olmaqla müraciət etdiyi 01 dekabr 2023-cü il tarixindən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq 1 (bir) ilin məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı 26 noyabr 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq 1 ilin məbləğinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolu ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır.

7. Cavabdeh etirazında qeyd etmişdir ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən təqdim edilən məhkəmə qətnaməsində ona xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşağa görə 135 mant olmaqla aylıq ümumilikdə 270 manat məbləğ aliment təyin edilib ödənildiyi halda ərizə bəyənnamədə onun aliment gəlirləri 810 manat qeyd edilmiş və əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəlirindən 1080 manat az olmuşdur. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə **********65201-197 nömrəli ərizə ilə müraciət etmiş, ərizə bəyənnamədə isə aliment gəlirlərini əvvəlki son 12 ay üzrə 1670 manat olaraq qeyd etmişdir. Daxil olan müraciətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi ona ümumi olaraq 320 manat məbləğində alimentin qət olunduğu, lakin hər ay 150-200 azn məbləğində aliment ödənişinin həyata keçirildiyini bildirsə də, bununla bağlı məhkəmə qərarı və icra sənədi təqdim etməmişdir. Sözügedən müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə **********6368-1 nömrəli ərizə ilə müraciət edərək, aliment gəlirlərini əvvəlki son 12 ay üzrə 1836,40 manat olaraq qeyd etmişdir. Sözügedən müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilmiş təmsilçiyə xx.xx.2023-cü il tarixdən başlayaraq aylıq 270 azn məbləğində aliment qət olunduğu, həmin ilin noyabr-dekabr aylarında aliment məbləğinin artırılaraq 320 azn təşkil etdiyini və qismən ödənişlər olduöunu bildirmiş, lakin müvafiq artım ilə əlaqədar məhkəmə qərarı və icra sənədi təqdim edilməmişdir. Qeyd edilən müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Qeyd edilənlərdən və işin faktiki hallarından məlum olduğu kimi iddiaçı onun tərəfindən təqdim edilən məhkəmə qətnaməsinə zidd olaraq əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki gəlirlərini xx.xx.2024-cü il tarixli **********57801-197 nömrəli müraciətində və maddi məişət şəraitinin yoxlanılması zamanı düzgün qeyd etməmiş, qətnamədə aylıq olaraq xx.xx.2023-cü il tarixdən hesablanmaqla aylıq ümumilikdə 270 manat məbləğ aliment təyin edilməsinə baxmayaraq, əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki aliment gəlirlərini 810 manat məbləğində göstərmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə **********65201-197 nömrəli müraciət ərizəsində aliment gəlirlərinin əvvəlki son 12 ay üzrə 1670 manat qeyd etməsinə baxmayaraq yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixdən 320 manat məbləğində aliment ödənişi qət olunduğunu bildirmiş, bununla bağlı məhkəmə qərarı və icra sənədi təqdim etməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli **********6368-1 nömrəli müraciət ərizəsində aliment gəlirlərini məhkəmənin qət etdiyi məbləğə zidd olaraq əvvəlki son 12 ay üzrə 1836,40 manat göstərmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2-1(116)-1594/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı (təmsil etdiyi ailəyə) 01 avqust 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin edilərək məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqanın iddiaya qarşı əsas dəlili - iddiaçının aliment gəlirlərinin təqdim edilməməsi, məhkəmə qətnaməsinin əlavə olunmaması ilə bağlıdır. Məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən aliment tələbinə dair müraciətin olması, məhkəmə tərəfindən aliment məbləğinin müəyyən edilməsi həmin məbləğin ödənilməsi ilə eyniləşdirilməməlidir. Cavabdeh tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı imtinada qeyd olunan xüsusatın araşdırılması, icra sənədinin mövcudluğu, alimentin ödənilmə vəziyyətinin müəyyənləşdirilməsi imkanı olduğu halda inzibati orqan bu imkanlarından istifadə etmədən formal əsaslarla tələbin icrasından imtina etmişdir. İşin hallarından da göründüyü kimi iddiaçının keçmiş ərinin alimentlə bağlı ödəliyinin icra vəziyyəti son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının aliment gəlirlərinin təqdim etməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə etirazın dəlillərinə istinad etmiş, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, vətəndaşlar tərəfindən daxil edilən məlumatların doğruluğunun elektron sistem vasitəsilə müəyyən edilməsi mümkün olmayan bir sıra hallar maddi-məişət şəraitinin müayinəsi zamanı yoxlanılır ki, bunlardan biri də şəxsin daxil etdiyi aliment məbləğinin həqiqliyi ilə bağlıdır. Buna görə də bu kimi hallarda aliment məbləğinin təsdiqi kimi məhkəmə qətnaməsi və müvafiq qətnamənin icrası ilə əlaqədar icra sənədi təqdim edilməlidir. Qeyd edilənlərdən əlavə iddiaçı tərəfindən inzibati icraat zamanı alimentin məbləği barədə arayış təqdim edilməsə də, sözügedən sənədlər birbaşa olaraq məhkəməyə təqdim edilmişdir. Bununla bağlı olaraq cavabdehə icraat zamanı təqdim edilməyən sənədin məhkəməyə təqdim edilməsi və qeyd olunan sənədlərə istinadən məhkəmə tərəfindən sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qanunvericiliklə mümkün hesab edilə bilməz. Eyni zamanda iddiaçının qeyd olunan arayışı hətta müraciətə imtina cavabı verildikdən sonra belə yenidən cavabdehə müraciət edərək təqdim etmək əvəzinə məhkəməyə müraciət etməsi onun sosial yardımın alınması ilə bağlı olan marağına nəzərən ziddiyət doğuran məqamdır. Bu halda daxil olan yeni müraciətə cavabdeh tərəfindən baxılaraq qərar qəbul edilməsi müddəti işin məhkəmə icraatından dəfələrlə azdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2-1(116)-1594/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi sədirlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, iddiaçıya 270 manat məbləğində alimentin ödənilməsindən xəbərdar olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2-1(116)-1594/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

15. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. ... Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. ...

17. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.

3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. ... 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.9. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər və kompensasiya xarakterli ödənişlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, aliment, sığorta ödənişi aiddir. 5.20. Faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır. 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”: Bənd 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. ... Bənd 3.1.31. Qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.

24. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.

25. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.

26. Hazırkı iş üzrə apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, sosial yardımın təyin edilməsi zamanı vətəndaş tərəfindən təqdim edilən bəzi məlumatların, o cümlədən aliment məbləğinin doğruluğu yalnız müvafiq təsdiqedici sənədlərlə müəyyən edilə bilər və bu məqsədlə məhkəmə qətnaməsi və onun icrası ilə bağlı icra sənədi təqdim olunmalıdır. Cavabdehin mövqeyinə görə, iddiaçı inzibati icraat zamanı həmin sənədləri təqdim etməmiş, onları yalnız məhkəmə mərhələsində təqdim etmişdir. Buna görə də icraat zamanı təqdim edilməyən sənədlərə əsaslanaraq məhkəmə tərəfindən sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyə uyğun hesab edilə bilməz. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçı imtina qərarından sonra sənədləri təqdim etməklə yenidən inzibati orqana müraciət etmək əvəzinə birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki müraciətə inzibati qaydada baxılması müddəti daha az olardı.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının aliment almaq imkanının mövcud olması və bu barədə məhkəmə qətnaməsinin qəbul edilməsi onun avtomatik olaraq “sosial yardıma ehtiyacı olmayan” şəxs kimi qiymətləndirilməsi üçün yetərli əsas sayıla bilməz. Qanunvericiliyin məqsədi ailənin faktiki gəlir vəziyyətinə əsaslanaraq sosial yardımın təyin edilməsindən ibarətdir. Buna görə də cavabdeh orqanın vəzifəsi iddiaçının real maliyyə vəziyyətini müəyyən etməkdən ibarət olmalıdır. Belə qiymətləndirmə zamanı potensial gəlir mənbələri – yəni aliment almaq imkanı, əmək qabiliyyəti olduğu halda işləməməsi və ya vərəsəlik hüququ kimi ehtimal olunan gəlirlər deyil, yalnız faktiki olaraq əldə edilmiş maliyyə vəsaitləri, başqa sözlə real gəlirlər əsas götürülməlidir. Bu baxımdan faktiki olaraq reallaşdırılmamış aliment almaq hüququnun mövcudluğu gəlir kimi qiymətləndirilə bilməz. Əks yanaşma ünvanlılıq prinsipinin mahiyyətinə birbaşa zidd olardı.

28. Kollegiya həmçinin qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunmuş “Ünvanlı dövlət sosial yardımının təyin edilməsi Qaydaları”nın 5.20-ci bəndinin məzmunundan da göründüyü kimi, ailənin məcmu gəlirinin hesablanması zamanı yalnız faktiki olaraq alınan aliment nəzərə alınmalıdır. Bu səbəbdən iddiaçı tərəfindən ikinci məhkəmə qətnaməsinin təqdim edilməməsi əsası ilə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsinə cavabdeh orqanın istinad etməsi əsassızdır.

29. İş materiallarında olan Göyçay regional ədliyyə idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2024cü il tarixli, 3(014)-335/2024 nömrəli qərarından müəyyən olunur ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş, aliment borcunun ödənilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 10 gün müddətinə inzibati həbs edilmişdir. Həmin tarixdə Sadiq Həsrətovun iddiaçıya olan aliment borcu 2490 manat olmuş, həmçinin qəbzlərə əsasən onun tərəfindən edilən aliment ödənişlərinin əsasən 50–100, 150 və 200 manat məbləğlərində olması qeyd olunmuşdur.

30. Cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki, iddiaçı ona təyin edilmiş alimentin məbləği və faktiki ödənilən məbləğ barədə cavabdeh orqanı məlumatlandırmışdır. Müayinə zamanı iddiaçı aliment məbləğinin 320 manat müəyyən edilməsinə baxmayaraq, faktiki olaraq ayda 150–200 manat ödənildiyini bildirmişdir. Beləliklə, iddiaçının cavabdeh orqana yanlış məlumat verməsi müəyyən olunmur və onun bildirdiyi məlumatlar Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(014)-335/2024 nömrəli qərarında əks olunan məlumatlarla uyğundur.

31. Kollegiya “faktiki alınan aliment” məsələsinə münasibətdə qeyd edir ki, Sadiq Həsrətov məhz alimenti iddiaçıya tam şəkildə ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının faktiki gəlirlərini deyil, ehtimal olunan və onun iradəsindən asılı olmayan səbəblərə görə ödənilməyən gəlirləri nəzərə almaqla sosial yardımın təyin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya sabit pul məbləğində aliment təyin edilmiş olsa da, həmin məbləğ borclunun əmək haqqına və ya digər mütəmadi gəlirlərinə yönəlmədiyindən ödənişlərin davamlılığı təmin olunmur və birbaşa borclunun iradəsindən asılıdır. Borclunun adətən hansı məbləğdə ödəniş etməsi barədə məlumat isə iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmişdir.

32. Kollegiyanın sorğusu əsasında Ağdaş rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli məktubunda bildirilmişdir ki, X4 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 2079,80 manat məbləğində aliment ödənilmişdir.

33. Nəzərə alınmalıdır ki, Sadiq Həsrətovun inzibati qaydada həbs edildiyi xx.xx.2024-cü il tarixdə iddiaçıya olan aliment borcu 2490 manat məbləğində idi. Buna görə də sonrakı dövrdə ödənilmiş 2079,80 manat məbləğində aliment əvvəlki dövr üzrə yaranmış borcun ödənilməsinə yönəlmiş hesab olunmalıdır. Bu isə onu göstərir ki, iddiaçı nəinki xx.xx.2024-cü il tarixdən sonrakı dövr üçün aliment almamış, hətta həmin tarixədək yaranmış aliment borcu da, ona tam şəkildə ödənilməmişdir. Belə olan halda ödənilən 2079,80 manat məbləğində aliment xx.xx.2024-cü il tarixədək yaranmış borca aid olduğundan, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı faktiki gəlirlərinin hesablanması zamanı nəzərə alına bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan aparılan inzibati icraat çərçivəsində “Qaydalar”ın 5.20-ci bəndinin tələblərinə uyğun olaraq alimentin ailənin məcmu gəlirində nəzərə alınıb-alınmamasına hüquqi qiymət verilməsi üçün onun faktiki ödənilib-ödənilməməsini araşdırmalı idi. İşin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı ərizə bəyannamə tərtib edərkən, o cümlədən müayinə zamanı alimentin faktiki olaraq hansı məbləğdə ödənildiyini gizlətməmiş və həmin məbləğləri səmimi şəkildə müraciət etdiyi dövrə aid gəliri kimi təqdim etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, həmin ödənişlər əslində əvvəlki dövr üzrə yaranmış aliment borcunun ödənilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq, cavabdeh orqan bu halı araşdırmadan və ödənilən məbləğin hansı dövrə aid olduğunu müəyyən etmədən formal mülahizələrə əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2-1(116)-1594/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar