Məhkəmə qərarları › İş №2-1(3-10)-269/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-269/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-269/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon Şöbəsi və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehlər cavabdeh1 ##.##.2024-cü il tarixli və cavabdeh2 ##.##.2025-ci il tarixli qərarlarının ləğvi, DTSERA-nin üzərinə İddiaçı barəsində yekun tibbi şəhadətnaməyə dair “C” kateqoriyası üzrə qərarın qəbul edilməsi, cavabdeh2 üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət ederək “cavabdehin 1-ci dərəcəli skoliozu xəstəsi olmağı və hərbi xidmətə yararlı olmağı barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ərizəni dəqiqləşdirərək cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon şöbəsinin tanınmasını və dinc dövrdə hərbi xidmətə yararlı olması barədə qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Iddiaçının vəkili (nümayəndəsi) ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin də göstərilməsini, DTSERA-nın ##.##.2024-cü il tarixli qərarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon şöbəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon şöbəsinin üzərinə İddiaçı dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - O, ##.##.1999-cu ildə anadan olmuşdur, onurğa sütununda anadan gəlmə skoliozu xəstəliyi vardır. O, çoxsaylı müalicə müəssisələrində müayinədən keçmiş və bütün müayinələrdə ona 2-ci dərəcəli skoliozu diaqnozu qoyulmuşdur. Onun onurğa sütununda 2-ci dərəcəli skoliozu xəstəliyi olduğu üçün o, dinc dövrdə hərbi xidmətə yararsız, hərbi dövrdə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2024-cü il tarixdə ona 1-ci dərəcəli skoliozu diaqnozu qoyularaq hərbi xidmətə yararlı olmağı barədə qərar qəbul edilmişdir. Cavabdehin qəbul etdiyi qərar qanunsuzdur, çünki müayinədən keçdiyi bütün tibb müəssisələrində ona 2-ci dərəcəli skoliozu diaqnozu qoyulmuşdur. Həmin xəstəlik sağalmır, əksinə ağırlaşma gedir. Bu vəziyyətdə cavabdeh tərəfindən onun düzgün müayinəsi aparılmamış və düzgün olmayaraq 1-ci dərəcəli skoliozu diaqnozu qoyularaq hərbi xidmətə yararlı olmağı barədə qanunsuz qərar qəbul edilmişdir. Bildirir ki, cavabdehə dəfələrlə müraciət etsə də o, təkrar müayinədən keçirilməmiş və qəbul edilmiş qərar ona verilməmişdir.

7. Onun dəfələrlə etdiyi müraciətlərinə verilən cavablarda Nazirliyin Mərkəzləşdirilmiş Elektron Informasiya Sistemində qərarla tanış ola biləcəyi qeyd edilsə də, lakin qərar həmin sistemdə yerləşdirilməmişdir. Mövcud vəziyyətdə həmin qərarın məhkəmə tərəfindən tələb edilərək əldə edilməsi zəruridir. Beləliklə, cavabdeh tərəfindən ona düzgün olmayaraq 1-ci dərəcəli skoliozu diaqnozu qoyularaq hərbi xidmətə yararlı olmağı barədə qəbul ediyi qərar qanunsuz və əsasızdır.

8. Cavabdeh SHXÇDX-nin Ismayıllı rayon şöbəsi iddia tələbinə münasibətini aşağıdakı kimi bildirmişdir: - SHXÇDX-nin Ismayıllı rayon şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, SHXÇDX-nin Ismayıllı rayon şöbəsinin qeydiyyatında olan Ismayıllı rayon Cülyan kənd sakini ##.##.1999-cu il təvəllüdlü İddiaçı tibbi müayinələrdən keçirilmiş, əlavə müayinə olunması üçün Bakı şəhərində yerləşən X3 göndərilmişdir. Həmin tibb müəssisəsindən daxil olmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən rayon çağırış komissiyası tərəfindən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Qərar təsdiq olunması üçün ƏƏSMN tabeliyində DTSERA-ya təqdim olunmuşdur. Agentliyin yekun qərarına əsasən çağırışçı həqiqi hərbi xidmətə yararlı sayılmışdır. Qərar qəbul edildikdən sonra çağırışçı aprel 2025-ci il çağırışına cəlb edilmiş, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq xidmətə getməkdən boyun qaçırmışdır. Çağırışçının əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Rayon Prokurorluğuna göndərilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndələri iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki Inzibati Məhkəməsinin (hakim X4) ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onurğa sütununun rentgenoqrafiya müayinəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi daxil olmaqla bütün qurumlarda uzanıqlı vəziyyətdə aparılmışdır. Uzanıqlı vəziyyətdə onurğa sütunu nisbətən düzəlir və əyrilik dərəcəsi aşağı olur. Hərbi xidmət keçən şəxs xidməti uzanıqlı vəziyyətdə keçməyir, ayaq üstə olur, hərəkət edir, əyilir, müəyyən ağırlıqda yük daşıyır. Mütəxəssislərin bildirdiyinə görə həqiqi struktur skoliozun təyini üçün onurğa sütununun rentgenoqrafiya müayinəsi ayaq üstə aparılmalıdır. Mövcud vəziyyətdə onun onurğa sütununun rentgenoqrafiya müayinəsi uzanıqlı vəziyyətdə aparıldığı üçün həqiqi struktur skoliozun təyini hesab oluna bilməz. Bu müayinələr düzgün aparılmadığı üçün Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli rəyində L2 fəqərə cismi olmaqla onurğanın sağa 5,8 dərəcə təsbit olunmayan əyriliyi qeyd edildiyi halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində İ mərhələ 8 dərəcə skoliozu qeyd edilmişdir. Bu fərqli və ziddiyətli nəticələr müayinənin düzgün aparılmadığını təsdiq edir. Məhkəmə tərəfindən bu ziddiyətli hallar araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Bundan əlavə o, müalicə ilə əlaqədar ##.##.2025-ci il tarixdə Istanbul NS Klinikasında rentgenoqrafiya müayinəsi olunmuşdur, həmin müayinəyə əsasən döş fəqərələrinin sola II dərəcəli skoliozu Th4-Th 11. 12 dərəcə və bel-oma fəqərələrinin sağa II dərəcəli skoliozu L1- L5. 11 dərəcə diaqnozu qoyulmuşdur. Bu diaqnozla onun II mərhələ skolioz olduğu, çoxsaylı fəqərələrinin deformasiya olduğu, “Xəstəliklər cədvəli”nin 59c maddəsinə və ƏTC-yə əsasən C kateqoriyası ilə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu müəyyən olunur. Göründüyü kimi onun çoxsaylı fəqərələrinin 11 və 12 dərəcə olmaqla skoliozdur, lakin məhkəmənin istinad etdiyi rəylərdə yalnız 1 fəqərənin skolioz olduğu qeyd edilmiş və əyrilik dərəcələri azaldılaraq birində 5,8 dərəcə, digərində 8 dərəcə göstərilmişdir. Istanbul NS Klinikasında rentgenoqrafiya müayinəsi məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə mühüm sübut əhəmiyyəti olan həmin tibbi sənədə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ziddiyyətli hallar aydınlaşdırılmamışdr və həqiqi halın müəyyən edilməsi üçün təkrar ekpertiza keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon Şöbəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və digər cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Iddiaçının nümayəndəsi və vəkili ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - ##.##.2018-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, X2 SHXÇDX-nin ##.##.2018-ci il tarixli *** №-li göndərişinə əsasən Ismayıllı RMX Cərrahiyyə şöbəsində ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək ambulator müayinədə olmuşdur. Şikayəti-daxil olarkən, onurğa sütununda olan deformasiya və ağrıdan şikayətlənir. Diaqnoz: Onurğa sütununun andangəlmə deformasiyası, döş bel tipli ikinci dərəcəli skoliozu. Ağrı sindromu ilə (onurğa sütununda) funksiyasının cüzi pozulması ilə. - ##.##.2024-cü il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, X2 SHXÇDX-nin ##.##.2024-cü il tarixli *** №-li göndərişinə əsasən X5 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ambulator müayinədə olmuşdur. Şikayəti-Onurğasında ara-ara ağrıları olur. Diaqnoz: Onurğanın skoliozu II dərəcə. - DTSERA-nın iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, onun 3-17-4/1-H-1676/2025 nömrə ilə qeydiyyata alınmış ona dair qəbul edilmiş qərar barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 'Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanına əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti Agentliyə həvalə edilmişdir. Aparılmış əyani tibbi müayinə nəticəsində ona "Funksiyaların pozulması olmayan onurğanın İ mərhələ skoliozu" diaqnoz təyin edilmişdir. Müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında onun həqiqi hərbi xidmətə yararlılıq vəziyyətini qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərar onun şəhadətləndirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Nəzərinə çatdırılmışdır ki, çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarına uyğun olaraq Nazirlik tərəfindən yaradılan Apellyasiya Şurasına və ya məhkəmə qaydasında şikayət verilə bilər. - SX seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, ##.##.2018-ci ildə Ismayıllı rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 66c maddəsinə əsasən (AR NK-nın ##.##.2008-ci il tarixli ** №-li qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təkrar tibbi müayinənin vaxtı ##.##.2021-ci il qeyd olunmuşdur. ##.##.2021-ci ildə Ismayıllı rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 66c maddəsinə əsasən (AR NK-nın ##.##.2008-ci il tarixli ** №-li qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təkrar tibbi müayinənin vaxtı ##.##.2024-cü il qeyd olunmuşdur. - Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və müvafiq altsistemə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişində vətəndaşa “Skolioz” diaqnozu qeyd edilmişdir. Agentlikdə aparılmış müayinə zamanı “Funksiyaların pozulması olmayan onurğanın İ mərhələ skoliozu” diaqnozu təyin edilmiş və həmin diaqnoz üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında çağırışçının həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş, nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmişdir. Vətəndaşın yekun tibbi müayinəsi (Tam onurğa (skolioz filmi): Həqiqi struktur skoliozun təyini üçün uzanıqlı vəziyyətdə aparılmış onurğa sütununun rentgenoqrafiya müayinəsində ölçümlər ** nömrəli əmrə əsasən «aklin metodu ilə aparılmışdır və ölçülmüş bucaq pasientin hazırki vəziyyətini əks etdirir. Onurğanın bel nahiyəsində zirvəsi L2 fəqərə cismi olmaqla onurğanın sağa doğru 5.8 (beş tam onda səkkiz) dərəcə təsbit olunmayan əyriliyi qeyd edilir.) zamanı onda “Funksiyaların pozulması olmayan onurğanın İ mərhələ skoliozu” diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş yekun tibbi müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli 59 nˆmrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq “Funksiyaların pozulması olmayan onurğanın İ mərhələ skoliozu” diaqnozu ilə göndərişdə (Forma-44) göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya (hərbi xidmətə yararlıdır) üzrə təsdiqlənməsinə dair ##.##.2024-ci il tarixli qərar qəbul edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, M41 XBT koduna əsasən (diaqnoz: skolioz) müayinə olunmuş, yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqləndiyi, diaqnoz- Onurğanın xəstəliklərivə onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa)" diaqnozu ilə maddə 59, bəndç, A-3 kateqoriyasına uyğun gəldiyi qeyd edilmişdir. - Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı yerli çağırış komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə Cdinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin ##.##.2024-cü il tarixli rəyinə əsasən C- dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, DTSERA-nın rəyinə əsasən Amüddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur (Məhdudiyyət dərəcəsi-3), Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən A- müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur (Məhdudiyyət dərəcəsi- 3). - SHXÇDX-nin Ismayıllı rayon şöbəsində Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli *-*/*** saylı protokolundan çıxarışdan görünür ki,1999cu il təvəllüdlü İddiaçı həqiqi hərbi xidmətə yararlı (A-3) hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı hazırda “Onurğa sütununun döş nahiyəsinin təsbit olunmayan İ (birinci) mərhələ 8 (səkkiz dərəcə) skoliozu” və “Anadangəlmə inkişaf qüsuru. Döş qəfəsinin “çəkməçi” döşü tipli deformasiyası (15 ((on beş) mm)” diaqnozlu xəstəliklərdən əziyyət çəkir və bu xəstəliklərlə o, “xəstəliklər cədvəlinin” 59ç maddəsinin ı qrafasına və ƏTC-nə əsasən A-3 məhdudiyyətlə hərbi xidmətə yararlıdır. TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli qərarı.

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. .... 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir. 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; 23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; 23.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. 23.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar: 23.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar; 23.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar; 23.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər. Qeyd: Bu Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrində nəzərdə tutulan vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. Iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (IPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (IPM-in 35-ci maddəsi).

24. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (IPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (IPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

25. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (IPM-in 38.1-ci maddəsi). APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı işə əlavə olunan diaqnoz və tibbi müayinə sənədlərindən iddiaçının sağlamlıq vəziyyətinin həqiqi hərbi xidmət keçməsini istisna edən hal müəyyən edilməmişdir.

28. Belə ki, iddiaçıya skolioz diaqnozu qoyulsa da həmin xəstəlik sonuncunun hərbi xidmət keçməsinə maneə yaratmır. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi də təsdiq etmişdir. “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən II funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda A-3 kateqoriyası ilə hərbi xidmətə yararlıdır.

29. Göründüyü kimi, İddiaçı məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Belə ki, o xəstəliklər cədvəlinin 59ç maddəsinin İ qrafasına və ƏTC-yə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. (A-3). Bu, onun digər çağırışçılarla müqayisədə hərbi xidmətinin yüngül keçəcəyini və inzibati orqan tərəfindən onun sağlamlığının faktiki vəziyyətinin nəzərə alınmasını göstərir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, iş üzrə xüsusi bilik tələb edən məsələlərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Təqdim olunan ekspert rəyinə əsasən iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlı olmasına imkan verdiyi müəyyən edilmişdir. Iş materiallarında da qeyd olunan ekspert rəyinin düzgünlüyünü şübhə altına alan sübutlar mövcud deyildir.

31. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur, lakin bu zaman fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınmaldır. Hazırkı vəziyyətdə iddiaçının fərdi sağlamlıq vəziyyəti nəzərə alınaraq yüngülləşdirilmiş xidmət rejimi tətbiq edildiyindən mübahisələndirilən inzibati akt həm onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına), həm də dövlətin hərbi hazırlıq sahəsindəki qanuni maraqlarının balanslı şəkildə təmin olunmasına xidmət etmişdir.

32. Göründüyü kimi, iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.

33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktın ləğv edilməsinə dair iddia tələbi əsassız olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDI:

Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar