Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-27/2026 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, Üçüncü şəxs X5 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «qeydiyyatdan çıxarılma» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli e-2-1(116)-2962/2025 nömrəli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan evdən X9, X14, X15 və X6 qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli qərardadı ilə X9, X14, X15 və X10 üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil ona məxsusdur. Belə ki, həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 01369 nömrəli, Qeydiyyat vəsiqəsi verilmişdir. 3-cü şəxslər X9, X14, X15 və X10 hazırda həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərdən X2 gəlinidir. Digər üçüncü şəxslər isə Samirənin uşaqlarıdır. Üçüncü şəxslər iddiaçının mənzilində yaşamırlar. 3-cü şəxslərin onun mənzilində qeydiyyatda olmaları mülkiyyətçinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır.
4. Cavabdeh inzibati orqan Cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim X20) 04 noyabr 2025-ci il tarixli e-2-1(116)- 2962/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X9, X14, X15 və X6 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. - Məhkəmə qeyd etmişdir ki, iddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2008-ci il təvəllüdlü X8 17 yaşı, xx.xx.2009-cu il təvəllüdlü X11 16 yaşı, xx.xx.2018ci il təvəllüdlü X6 7 yaşı vardır. Onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. - İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək X12 ilə X9 arasında xx.xx.2006-cı il tarixdə Qəbələ rayonu Zarağan kənd icra nümayəndəliyində bağlanmış və 25 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. Həmin qətnaməyə əsasən tərəflərin uşaqları, hazırki iş üzrə üçüncü şəxslər olan X8, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları X5 yanında qalması müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. - İş materiallarına əsasən hazırda ünvan 1 ünvanına sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxsin sözügedən mənzilə istifadə hüququnun qeydiyyata alınmadığı təsdiqini tapır. - Üçüncü şəxslər X9, X14, X15 və X6 iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslərin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. - Belə olan halda məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Cavabdeh İddiaçı müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır. - Beləliklə məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X9, X14, X15 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
7. Üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli e-2-1(116)-2962/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşadıqları mənzilin mülkiyyətçisi olan qaynatası, “sizi saxlamağa borclu deyiləm” deyib onu 3 azyaşlı uşağı ilə mənzildən çıxarıb küçəyə atdı. 3 uşaqla küçədə qaldığını görən hazırda yaşadıqları mənzilin mülkiyyətçisi onları özlərinin mənzilinə köçürüb onlara müvəqqəti sığınacaq verdi. Ərinin 220 manat gəliri ilə dolana bilmədiyi üçün məcburiyyət qaşısında qalıb banklardan 700 və 900 manat kredit almaq məcburiyyətində qaldı. Banklara krediti ödəyə bilmədiyi üçün banklara kredit borcu 3500 manatı keçibdir. - Qaynatasının etibarnamə ilə vəkili olan Nümayəndə məhkəmədə iddia tələbi irəli sürüb əri ilə onun arasında olan nikahlarını pozdurdu. Bu vəkil çox yaxşı bilirdi ki, onu və 3 uşağını cavabdeh qismində göstərib onların qeydiyyatdan çıxarılmaları barədə məhkəmədə iddia tələbi irəli sürsə onda məhkəmə onları Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - Ona görə də, onun və 3 uşağının qeydiyyatdan çıxarılmaları barədə polis şöbəsindən rədd cavab alıb, cavabdeh qismində polis Şöbəsini göstərib onu və 3 uşağını qeydiyyatda olduğu qaynatanın fərdi mənzilindən qeydiyyatdan çıxarılmaları barədə qərar çıxarmağı Şəki İnzibati Məhkəməsindən xahiş etmişdir. - Şəki İnzibati Məhkəməsi bu işi məxvi şəkildə apardı, sərəncamları və digər məlumatları Vahid Elektron Məhkəmə Portalına yerləşdirmədi, çünki bilirdi ki, xx.xx.2025ci il tarixli 2-1(116)-2615/2025 nömrəli işlə bağlı icraatında həyətyanı torpaq sahəsi ilə bağlı iddia tələbi var və bilirdi ki, onun elektron imzası var, bu sərəncamları, məlumatları əldə edib məxvi aparılan məhkəmə prosesinə müdaxilə edə bilər. - Odur ki, Şəki İnzibati Məhkəməsinin qəbul etdiyi qərar Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbininə zidd olduğuna, onun və 3 azyaşlı uşağının maddi rifahını birbaşa zərbə altına qoyduğu üçün həmin qanunsuz qərarı ləğv etməyi haqq-ədalət prinsipləri hər şeydən uca tutan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasından xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2-1(116)-2962/2025 saylı qərarından üçüncü şəxs X5 verdiyi apellyasiya şikayəti aşağıdakı məsələlərə görə qanunazidd və əsassız hesab edilməlidir. - Birincisi, üçüncü şəxs X5 verdiyi apellyasiya şikayəti daha çox ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı müraciət ərizəsinə bənzəyir. Yəni inzibati iş üzrə apellyasiya şikayətindən söhbət getmir, konkret olaraq hansı maddi və ya prosessual normanın pozulması, birinci instansiya məhkəməsinin hansı faktiki halları nəzərə almaması və ya sübut etməməsi kimi məsələlər bu ərizədə öz əksini tapmamışdır. - İkincisi, apellyasiya şikayətində işə baxan hakim haqqında böhtan xarakterli yazılar qeyd edilir, guya birinci instansiya məhkəməsi işə məxfi baxıb, iş üzrə sənədləri eməhkəmə sisteminə daxil etməyib. Bundan əlavə, onun vəkili Nümayəndə guya hiyləyə əl atıb və üçüncü şəxsləri qeydiyyatdan çıxarıb. Bütün bu ittihamlar əsassız və şərböhtan xarakterli yazılardır. - Bu apellyasiya şikayətində işə baxan hakimin və ya iddiaçının vəkilinin əsassız yerə ittiham edilməsi, şər-böhtan atılması ən azından etik davranış normalarına ziddir. - Üçüncüsü, apellyasiya şikayətində üçüncü şəxs X9 israrla bildirir ki, guya onun iddiaçının evindən istifadə hüququ var. Bu məsələ də əsassızdır, belə ki, işə baxan hakimin müvafiq dövlət orqanlarına verdiyi sorğular əsasında alınan sənədlərdən də görünür ki, üçüncü şəxs X5 qayınatası İddiaçı evindən istifadə hüququ yoxdur. - Belə ki,
1. Üçüncü şəxs xx.xx.2006-cı ildə nikaha daxil olub, mənzil isə xx.xx.2004-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat vəsiqəsi və nikah şəhadətnaməsi əlavə edir);
2. DƏDRX-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, üçüncü şəxslərin həmin əmlakdan istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır (DƏDRX-nin xx.xx.2025-ci il tarixli məktubunu əlavə edir);
3. X13 təqdim etdiyi arayışdan görünür ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyata alınmasında istifadə hüququ məsələsi olmamışdır, yalnız pasport qeydiyyatına düşmə olmuşdur (Cavabdeh arayışını əlavə edir);
4. Üçüncü şəxslər iddiaçıya məxsus evdə yaşamırlar. Mingəçevir şəhəri 7 saylı MİS-in Aktı, Mingəçevir MKT və Aİ-nin təqdim etdiyi sənədlərdən də görünür ki, üçüncü şəxslər iddiaçının mənzilində yaşamırlar. - Bütün bu sənədləri, sorğuya cavabları və ümumiyyətlə məhkəmənin bütün gedişatını üçüncü şəxs X9 izləyib və bütün bu proseslərdən, sənədlərdən xəbəri olubdur, ən azından özü etiraf edir ki, elektron imzası var və elektron məhkəmə portalından istifadə edir. - Məhkəmə prosesində tədqiq olunan sənədlərdən də görünür ki, üçüncü şəxsin iddiaçının mənzilindən istifadə hüququ yoxdur və heç vaxt da olmayıb, bu məsələ ilə bağlı heç bir məhkəmə işi də olmamışdır, üçüncü şəxs iddiaçının oğlu ilə rəsmi qaydada boşanmamışdan öncə də həmin mənzildən könüllü şəkildə çıxıb-getmişdir, üçüncü şəxslər həmin mənzildə yaşamırlar. - Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin rədd olunması barədə qərar çıxarmasını xahiş etmişlər. Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli e-2-1(116)- 2962/2025 nömrəli qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etdilər.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin, iddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə və apellyasiya şikayətinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh orqan da məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
16. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.
Apellyasiya şikayətinin mümkünlüyü
19. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. İş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. X9, X14, X15 və X1 şəhəri, N.Nərimanov küçəsi, ev 44, mənzil 57 ünvanında qeydiyyatdadır. İddiaçı mülkiyyətçisi olduğu həmin yaşayış sahəsində qeydiyyatda olan X9, X14, X15 və X6 qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 14 may 2025-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət edilməsinin mümkünlüyü tövsiyə olunmuşdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülən dəlilə qiymət verərək bildirir ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 44, 57 saylı mənzilə sahiblik, istifadə və sərəncamvermə hüquqları mülkiyyətçi kimi hazırkı iddiaçıya məxsusdur. Üçüncü şəxsin isə iddiaçının mülkiyyətində olan həmin mənzilə dair hər hansı hüququnun mövcudluğunu təsdiq edən sübut və ya dəlil nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 28 iyul 2025-ci il tarixli 3-21-3-35/2-2793/2025 nömrəli məktubunda qeyd olunur ki, üçüncü şəxslər X9, X14, X15 və X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu xüsusat da Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 44, 57 saylı mənzilə üçüncü şəxslərin istifadə hüququnun qeydiyyata alınmadığını təsdiq edir.
29. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxslər faktiki olaraq iddiaçıya məxsus mənzildə yaşamırlar və onların həmin yaşayış sahəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
30. Məhkəmə kollegiyası üçüncü şəxsin “həmin mənzildən istifadə hüququnun olması və onun kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 30 dekabr 2004-cü il tarixli qərarı ilə İddiaçı adına 01 fevral 2005-ci il tarixdə 01369 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının oğlu ilə hazırki iş üzrə üçüncü şəxs arasında isə 12 sentyabr 2006-cı il tarixdə nikah bağlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X12 ilə X9 arasında xx.xx.2006-cı il tarixdə Qəbələ rayonu Zarağan kənd icra nümayəndəliyində bağlanmış və 25 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. Üçüncü şəxs iddiaçının oğlu ilə rəsmi qaydada boşanmamışdan öncədən həmin mənzildən könüllü şəkildə çıxıbgetmişdir, üçüncü şəxslər həmin mənzildə yaşamırlar.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbinə əsasən, xx.xx.2000-ci il tarixdən sonra yaşayış sahəsinə hüquqlar o halda yaranmış hesab edilir ki, bu barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmış olsun və həmin razılaşmaya görə yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu hallar isə hazırki iş üzrə öz təsdiqini tapmır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
34. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
36. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında xüsusi mülkiyyətdə olan yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir.
37. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs X9 2000-ci il sentyabrın 1-dən sonra və 2009-cu il oktyabr ayının 1-dək yəni, 12 sentyabr 2006-cı ildə həmin evə gəlin köçmüşdür. Həmin mənzilin mülkiyyətçisi olan İddiaçı ilə aralarında mənzildən istifadəyə dair notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyildir. Eyni zamanda X9 iddiaçının ailə üzvü deyildir.
38. Göründüyü kimi, üçüncü şəxs və uşaqları (xx.xx.2008-ci il təvəllüdlü X8 17 yaşı, xx.xx.2009-cu il təvəllüdlü X11 16 yaşı, xx.xx.2018-ci il təvəllüdlü X6 7 yaşı vardır. Onların yaşayış yeri valideyninin (məhkəmə qətnaməsi ilə ananın yanında qalması müəyyən edilib) yaşayış yeri sayılır) iddiaçının qanuni sahibliyində və istifadəsində olan müvafiq mənzildə 24 dekabr 2024-cü il tarixdən faktiki yaşamırlar və həmin yaşayış sahəsindən istifadə hüququna malik olduqlarını təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilmir.
39. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
40. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçı, mübahisəli mənzil onun tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
41. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Kollegiya belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
42. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş, məhkəmə də iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
43. Hazırda birinci instansiya məhkəməsinin qərarında qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
44. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən və üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir.
47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli e-2-1(116)-2962/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.