Məhkəmə qərarları › İş №2-1(3-10)-272/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-272/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-272/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, Üçüncü şəxs üçüncü şəxs2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər üçüncü şəxs2 və X2 mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxslər üçüncü şəxs2 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. (zəruri cəlbetmə).

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, ona həmin mənzilə dair mülkiyyət sənədi verilmişdir. Lakin mülkiyyətində olan fərdi yaşayış evində üçüncü şəxslərin istifadə hüququ olmadan qeydiyyatda olmaları məlum olmuşdur. Üçüncü şəxslər ona məxsus mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Bununla bağlı o, Şəki Şəhər Polis Şöbəsinə müraciət edərək üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin oradan ona bunun mülki məsələ olduğunu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. O, üçüncü şəxsləri başqa yolla mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxara bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki üçüncü şəxslər sözügedən fərdi yaşayış evində qeydiyyatda olsalar da, orada yaşamırlar. Onların fərdi yaşayış evinə qeydiyyatı formal xarakter daşıyır.

4. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ##.##.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. - ****/**** nömrəli ##.##.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin surəti

6. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər üçüncü şəxs2 və X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Şəki Şəhər Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. - Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər halhazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Üçüncü şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da faktiki olaraq həmin ünvanda yaşamırlar, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericiliyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. - Belə olan halda məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. - Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. - Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan üçüncü şəxslin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

8. Üçüncü şəxs üçüncü şəxs2 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, onun yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsini, Şəki şəhərində yerləşən yaşayış evi üzərində onun hüquqlarının və maraqlarının qorunmasının təmin edilməsini və iş üzrə yeni qərar qəbul edilməklə tələblərinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və İddiaçı ataanalarını uşaq yaşlarında itirmişlər və uzun illər nənə himayəsində yaşamışlar. ünvan 1 ünvanında yerləşən ev atalarının nənəsi X1 tərəfindən ## ###### 1993-cü il tarixdə ataları X5 bağışlanma müqaviləsi əsasında verilmişdir. Sonradan həmin ev satılmış və həmin vəsait hesabına ## ###### 2006-cı il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ******* nömrəli alqı-satqı müqaviləsi əsasında alınmışdır. - Həmin dövrdə onun yaşı az olduğundan ev formal olaraq X4 adına rəsmiləşdirilmişdir. Bu isə yalnız texniki xarakter daşımış, onun həmin əmlak üzərində hüquq və qanuni maraqlarını aradan qaldırmamışdır. Faktiki olaraq əldə edilmiş əmlak ailənin ümumi yaşayış ehtiyaclarının təmin edilməsi məqsədi ilə alınmış və o da ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən onun yaşayış və əmlak hüquqları pozularaq qeydiyyatdan çıxarılmağı qanunsuz və əsassızdır. - Hazırda qardaşı onu yaşadığı ünvandan qeydiyyatdan çıxarmışdır. Onun başqa yaşayış yeri və qeydiyyata düşmək imkanı yoxdur. Faktiki olaraq yaşayış hüququndan məhrum edilmiş və sosial vəziyyəti ağırlaşdırılmışdır. - Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisəli yaşayış evinin ailəyə məxsus olmuş Gəncə şəhərindəki evin satılmasından əldə edilən vəsait hesabına alınmasını, həmin əmlakın ailənin ümumi maraqları və yaşayış ehtiyacları üçün əldə edilməsini nəzərə almamışdır. Halbuki, onun azyaşlı olmağı səbəbindən əmlakın formal olaraq İddiaçı adına rəsmiləşdirilməsi onun həmin əmlak üzərində hüquq və qanuni maraqlarını aradan qaldırmırdı. - Məhkəmə həmçinin onun uzun illər həmin yaşayış sahəsində ailə üzvü kimi yaşamasını, həmin evdən faktiki istifadə etməyini və başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Cavabdeh tərəfindən qeydiyyatdan çıxarılmağı nəticəsində o faktiki olaraq yaşayış yerindən məhrum edilmiş və ağır sosial vəziyyətdə qalmışdır. Hazırda qeydiyyata düşmək və yaşamaq üçün başqa yaşayış yeri yoxdur. - Birinci instansiya məhkəməsi bu mühüm hallara hüquqi qiymət vermədən yalnız formal mülkiyyət qeydiyyatına əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki məhkəmə işin faktiki hallarını, tərəflər arasındakı ailə münasibətlərini, əmlakın hansı vəsait hesabına əldə edilməsini və onun yaşayış hüququnu tam araşdırmalı idi. - Bundan əlavə, cavabdehin əvvəllər ailəyə məxsus əmlakla bağlı saxta bağışlama müqaviləsi əldə etməsi və həmin müqavilənin sonradan məhkəmə qaydasında ləğv olunması onun vicdansız davranışını göstərən mühüm hal olduğu halda, məhkəmə bu fakta da hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, onun yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunsuz hesab edilməsini, Şəki şəhərində yerləşən yaşayış evi üzərində onun hüquqlarının və maraqlarının qorunmasının təmin edilməsini və iş üzrə yeni qərar qəbul edilməklə tələblərinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh orqan ərizə göndərərək ##.##.2026-cı il tarixli məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli qərarı.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. İşin faktiki hallarından müəyyən olunur ki, üçüncü şəxs üçüncü şəxs2 iddiaçının bacısıdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və üçüncü şəxs həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Üçüncü şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməmişdir. İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Şəki Şəhər Polis Şöbəsinə müraciət etsə də, ona məsələnin məhkəmə qaydasında həll edilməli olduğu izah edilmişdir. Üçüncü şəxs (iddiaçının bacısı) istifadə hüququnun tanınması tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir.

28. Apellyasiya şikayətinin dəlili olaraq üçüncü şəxs iddiaçıya məxsus mənzildən istifadə hüququnun olmasını, uzun illər həmin yaşayış sahəsində ailə üzvü kimi yaşamasını, həmin evdən faktiki istifadə etməyini və başqa yaşayış yerinin olmamasını qeyd etmişdir.

29. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir.

30. İş materiallarında olan № ****/**** saylı qeydiyyat vəsiqəsindən də görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev **/** saylı ünvanda yerləşən, 2 otaqlı, 34,6 m² sahəsi olan yaşayış evi İddiaçı adına ## ###### 2006-cı il tarixində qeydə alınmışdır.

31. İş üzrə üçüncü şəxsin hal-hazıradək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Bununla belə, üçüncü şəxs qeyd olunan ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həmin yaşayış sahəsində yaşamır. Beləliklə, üçüncü şəxsin mübahisəli yaşayış sahəsində yalnız qeydiyyatda olması, həmin mənzildə faktiki yaşamaması və bu yaşayış sahəsindən istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmişdir.

32. Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 izahatında qeyd etmişdir ki, o, mübahisəli ev alındıqdan sonra müəyyən müddət həmin evdə yaşamış, 2006cı ilin təxminən ortalarında ailə quraraq Gəncə şəhərinə getmiş, daha sonra Şəki şəhərində Pedaqoji Texnikumda təhsil almış, həyat yoldaşı hərbi xidmətə getdikdən təxminən 3 ay sonra yenidən həmin evə qayıdaraq orada qalmış, daha sonra qardaşı ailə qurduğundan və ev iki otaqdan ibarət olduğundan həmin evdə daimi yaşaya bilməmiş, birdəfəlik Gəncə şəhərinə köçmüşdür. Lakin evə qonaq kimi tez-tez gəlmiş, həyat yoldaşının ayrıca yaşayış evinin olmadığını, həyat yoldaşının da nənəsinin evində qeydiyyatda olduğunu, nənəsinin vəfat etdiyini və həmin evdə qeydiyyata alınmadığını, həyat yoldaşı ilə rəsmi nikahda olduğunu, mübahisəli ev üzrə qeydiyyatdan çıxmaq istəmədiyini, həmin evdə qeydiyyatda qalmaq istədiyini və qeydiyyat məsələsi ilə əlaqədar hüquqlarının pozulduğunu bildirmişdir.

33. Göründüyü kimi, üçüncü şəxs mübahisəli yaşayış sahəsində qeydiyyatda olsa da, həmin yaşayış sahəsində faktiki yaşamamışdır. Üçüncü şəxs üçüncü şəxs2 öz izahatında müəyyən müddət həmin evdə yaşadığını, lakin sonradan qardaşının ailə qurması və evin iki otaqdan ibarət olması səbəbindən burada daimi yaşaya bilmədiyini, yalnız qonaq kimi tez-tez gəldiyini bildirmişdir.

34. Bu baxımdan, üçüncü şəxsin qeyd etdiyi hallar onun həmin yaşayış sahəsində faktiki yaşadığını və ya ondan istifadə hüququna malik olduğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz.

35. Həmçinin, şikayətdə qeyd edilmiş dəlillər “mübahisəli yaşayış evinin ailəyə məxsus olmuş Gəncə şəhərindəki evin satılmasından əldə edilən vəsait hesabına alınması, həmin əmlakın ailənin ümumi maraqları və yaşayış ehtiyacları üçün əldə edilməsini, tərəflər arasındakı ailə münasibətləri, iddiaçının mülkiyyət hüququnu əldə etdiyi sənədlərin qanunsuz olduğu” hazırki mərhələdə iddia tələbinin rədd edilməsi üçün yetərli əsas deyil.

36. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev **/** saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair № ****/**** saylı qeydiyyat vəsiqəsinin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qeydiyyat vəsiqəsi öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, üçüncü şəxs tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

37. Göründüyü kimi, üçüncü şəxs iddiaçının qanuni istifadəsində olan müvafiq mənzildə yaşamır və onun həmin mənzilə istifadə hüququ mövcud deyil.

38. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

40. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Kollegiya belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.

41. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş, məhkəmə də iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

42. Hazırda birinci instansiya məhkəməsinin qərarında qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

43. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən və üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir.

46. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar