Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-28/2026 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 2-1(116)-1898/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının 55 yaşının tamam olduğu 2019-cu il tarixdən hesablanmaqla güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi texniki peşə məktəbində oxumuşdur. xx.xx.1983cü ildən əmək fəaliyyətinə başlamış, Abşeron Montaj İdarəsinin X7 trestində boru xətti çilingəri peşəsi üzrə xx.xx.1983-cü ilə kimi əmək fəaliyyətində olmuşdur, 1983-cü ildən 1985-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyətində olmuşdur. Hazırda da əmək fəliyyətini davam etdirir. Ümumi stajı 40 ilə yaxındır. Bu ümumi stajın 13 il 6 ayını zərərli sahələrdə (2 nömrəli siyahı üzrə) çalışmışdır. Bu əmək fəaliyyəti güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün şərait yardır.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 2 nömrəli Siyahı üzrə kişilərə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır:
1. xx.xx.1997-ci il tarixədək 55 yaşı tamam olmalıdır,
2. xx.xx.1997-ci il tarixədək 25 il ümumi iş stajı,
3. xx.xx.1997-ci il tarixədək 12 il 06 ay güzəştli iş stajı mövcud olmalıdır. - Birinci şərtə münasibətdə qeyd edirik ki, İddiaçı 55 yaşı xx.xx.1997-ci il tarixdən sonra xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Həmçinin İddiaçı xx.xx.1997-ci il tarixədək həm ümumi iş stajı, həm də güzəştli iş stajı tamamlanmır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbölməsində (a) sənaye dəmir-beton borularının boruçəkənləri, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları və daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar vəzifələri nəzərdə tutulmuşdur. - Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 01-PH/260 nömrəli arayışında xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Təmir və Quraşdırma sahəsində quraşdırıcı çilingər, “AZFEN” BM-in xx.xx.2023-cü il tarixli AZF-2023/60-K nömrəli arayışında xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə daşçı, xx.xx.2015-xx.xx.2016-cı il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Mexaniki emal zavodunun Metal yarımfabrikatların hazırlanması sexinin Metal təbəqələrin əymə və kəsmə sahəsində və xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki emal zavodunun Xüsusi avadanlıqların təmiri sahəsində boru üzrə quraşdırıcı və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli SCR-STP-82-OL/24 nömrəli arayışında isə xx.xx.2020- xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. - Lakin “AZFEN” BM-in arayışında İddiaçı daşçı vəzifəsində işlədiyi dövrdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan daş frezerçiləri, o cümlədən daş emalı ilə, quraşdırıcı çilingər və quraşdırıcı vəzifələrində işlədiyi dövrlərdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, işlədiyi boru üzrə quraşdırıcı vəzifəsi "xxxx" MMC-nin arayışında istinad edilən, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, boruçu vəzifəsi isə sənaye dəmirbeton borularının boruçəkənləri vəzifələrinə uyğun deyildir. - Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 3 ay 28 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 25 noyabr 2025-ci il tarixli 2- 1(116)-1898/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. - İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh üçüncü şərtə münasibətdə iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az- 6 il 3 ay 28 gün (xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) qəbul edir. - İddiaçının əmək kitabçasından da görünür ki, iddiaçı “AZFEN” birgə müəssisəsində xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində daşçı, xx.xx.2015-xx.xx.2016cı il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu vəzifəsində çalışmışdır. Müəssisənin AZF-2023/60-K nömrəli arayışı ilə iddiaçının həmin vəzifələrdə güzəştli şərtlərlə çalışdığı təsdiq edilmiş və həmin peşələrin müvafiq Siyahıda (29-cu bölmədə) nəzərdə tutulduğuna istinad edilmişdir. Odur ki, iddiaçının əlavə olaraq daş emalı ilə, habelə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olubolmamağı barədə əlavə məlumatın qeyd edilməməsi həmin dövrlərin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. - Beləliklə, iddiaçının cəmi 12 il 6 gün (cavabdeh tərəfindən mübahisələndirilməyən 6 il 3 ay 28 gün və məhkəmə tərəfindən müəyyən edilən 5 il 8 ay 8 gün) güzəştli stajı olduğundan 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964cü ildə doğulub). - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “quraşdırıcı” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. - İddiaçının AZFEN” BM və "xxxx" MMC-də əmək fəaliyyəti göstərdiyi dövrlərdə müxtəlif dərəcəli quraşdırıcı peşəsində çalışması həmin kodla eyniləşdirilməsi imkanını yaradır. - Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 2-1(116)-1898/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə bildirirlər ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. - Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. - Bildirirlər ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 2-1(116)-1898/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 2- 1(116)-1898/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
16. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.
2. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
26. İş materiallarından görünür ki, iddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.
27. Müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
28. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2024-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
29. Cavabdeh orqan tərəfindən iddiaçının ümumi iş stajı bütövlükdə qəbul edilmiş, həmçinin xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010cu il, xx.xx.2010-xx.xx.2013-cü il, xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrləri (6 il 3 ay 28 gün) güzəştli iş stajı kimi qəbul etmiş və mübahisələndirilməmişdir.
30. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin etiraz ərizəsində təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Təmir və Quraşdırma sahəsində quraşdırıcı çilingər, xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə daşçı, xx.xx.2015-xx.xx.2016-cı il və xx.xx.2018xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Mexaniki emal zavodunun Metal yarımfabrikatların hazırlanması sexinin Metal təbəqələrin əymə və kəsmə sahəsində və xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki emal zavodunun Xüsusi avadanlıqların təmiri sahəsində boru üzrə quraşdırıcı və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur.
31. “AZFEN” BM-in arayışında İddiaçı daşçı vəzifəsində işlədiyi dövrdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan daş frezerçiləri, o cümlədən daş emalı ilə, quraşdırıcı çilingər və quraşdırıcı vəzifələrində işlədiyi dövrlərdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, işlədiyi boru üzrə quraşdırıcı vəzifəsi "xxxx" MMC-nin arayışında istinad edilən, yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, boruçu vəzifəsi isə sənaye dəmirbeton borularının boruçəkənləri vəzifələrinə uyğun deyildir.
32. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Təmir və Quraşdırma sahəsində quraşdırıcı çilingər, “AZFEN” BM-in xx.xx.2023-cü il tarixli AZF2023/60-K nömrəli arayışında xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə daşçı, xx.xx.2015-xx.xx.2016-cı il və xx.xx.2018- xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışında xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Mexaniki emal zavodunun Metal yarımfabrikatların hazırlanması sexinin Metal təbəqələrin əymə və kəsmə sahəsində və xx.xx.2019-xx.xx.2020-ci il Mexaniki emal zavodunun Xüsusi avadanlıqların təmiri sahəsində boru üzrə quraşdırıcı və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli SCR-STP-82-OL/24 nömrəli arayışında isə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifələrində işləmişdir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin 07 iyun 2023-cü il tarixli 01-PH/260 nömrəli işin xarakteri haqqında güzəştli arayışdan görünür ki, iddiaçı, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Təmir və Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Həmin peşədə işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmir-beton konstruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcı-çilingərlərin işi və 35-ci “Ümumi peşələr” fəslinə əsasən qazla kəsicilərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 02 il 11 ay 23 gün.
34. Məhkəmə kollegiyası iddiaçının quraşdırıcı çilingər və quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə iddiaçının məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməməsi” barədə cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən arayışdan da görünür ki, iddiaçı qeyd olunan vəzifədə işləyərkən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması işləri ilə məşğul olmuşdur. Həmçinin, eyni arayışla istinad olunan iddiaçının xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “qaz kəsici” peşəsində işlədiyi dövr güzəştli iş stajı kimi cavabdeh orqan tərəfindən nəzərə alınmışdır. Odur ki, cavabdeh orqanın hazırda qeyd edilən arayışın qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi barədə dəlili əsassız olmuşdur.
35. Bundan başqa, cavabdeh orqan apellyasiya şikayətini arayışlarda iddiaçının xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində daşçı vəzifəsində işlədiyi dövrdə müvafiq Siyahıda nəzərdə tutulan daş frezerçiləri, o cümlədən daş emalı ilə məşğul olub-olmamağı barədə hər hansı məlumatın göstərilməməsi, eyni zamanda, işlədiyi boru üzrə quraşdırıcı vəzifəsinin polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, boruçu vəzifəsinin isə sənaye dəmir-beton borularının boruçəkənləri vəzifələrinə uyğun olmaması ilə əsaslandırır.
36. Bununla bağlı isə qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının məlumatlarından görünür ki, o, “AZFEN” birgə müəssisəsində xx.xx.2015– xx.xx.2015-ci il tarixləri arasında daşçı, xx.xx.2015–xx.xx.2016-cı il və xx.xx.2018– xx.xx.2018-ci il tarixləri arasında isə boruçu vəzifələrində çalışmışdır. Həmçinin müəssisə tərəfindən verilmiş AZF-2023/60-K nömrəli arayışla iddiaçının qeyd olunan vəzifələr üzrə güzəştli şərtlərlə əmək fəaliyyəti göstərdiyi təsdiq edilmiş və həmin peşələrin müvafiq Siyahının 29-cu bölməsində nəzərdə tutulduğu göstərilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunmuş arayış iddiaçının qeyd edilən vəzifələr üzrə güzəştli şərtlərlə işlədiyini təsdiq edən rəsmi sənəd olmaqla, həmin dövrlərdə onun əmək fəaliyyətinin xarakterini müəyyən etməyə imkan verir. Kollegiya hesab edir ki, arayışda iddiaçının əlavə olaraq daş emalı, eləcə də polad və dəmir-beton konstruksiyalarının quraşdırılması işləri ilə məşğul olub-olmaması barədə ayrıca məlumatın əks etdirilməməsi, özlüyündə həmin dövrlərin güzəştli iş stajına daxil edilməməsi üçün əsas kimi qiymətləndirilə bilməz.
38. Bundan əlavə cavabdeh orqan iddiaçının işlədiyi boruçu vəzifəsinin sənaye dəmir-beton borularının boruçəkənləri vəzifələrinə uyğun olmadığını qeyd etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
40. İstinad olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr”in siyahısından görünür ki, 29-cu bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) yarımbəndində, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar, sənaye dəmir-beton borularının boruçəkənləri vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir.
41. İddiaçıya münasibətdə vəzifələrinin adlarının quraşdırıcı, daşçı, boruçu kimi qeyd edilməsi onun yuxarıda qeyd edilən işlərdə işləməməsinə dəlalət edə bilməz. Bu halllar onun hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.
42. Odur ki, cavabdeh orqan iddiaçının quraşdırıcı, daşçı və boruçu olaraq fəaliyyət göstərdiyi müddəti xüsusi iş stajına daxil etməməkdə səhvə yol vermişdir.
43. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
45. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
47. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
48. İş materiallarında olan sübutlar iddiaçının zəruri güzəştli iş stajının mövcud olduğunu sübut edir, həmin arayışların mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
49. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). 51 Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
53. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli 2-1(116)-1898/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.