Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-309/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Cavabdehin nümayəndəsi Ərəbli İlkin Müşfiq oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ona yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF orqanına müraciət etsə də, qurum məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, hərbi xidmət və təhsil dövrü də daxil olmaqla onun sığorta stajı 21 il 5 ay 14 gün təşkil edir, əmək kitabçasının qrafalarında 1997–2003-cü illərə aid qeydlərdə səhvlərə yol verildiyindən, həmin müddətin sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinasını əsassız sayır və onu mübahisələndirir.
3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərə əsasən iddiaçı İddiaçı sığorta stajı (hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla) 21 il 5 ay 14 gün təşkil edir. Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğundan # ####### 1997-ci il tarixdən # ######## 2003-cü il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir. Nazirliyin elektron informasiya sistemindəki məlumatlara əsasən # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və müvafiq sosial müavinət təyin edilmişdir. İddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin mötəbərliyi sübut olunmur. Belə ki, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»ndan da görünür ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli və əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, # ####### 1997-ci il tarixdən # ######## 2003-cü il tarixədək olan dövrün doldurulma qaydasının pozulduğu (əmək kitabçasının 27 və 28-ci qeydlərində qaralama və orfoqrafik səhvlərə yol verilmişdir) görünür. Göründüyü kimi, qanunvericiliyin normalarına əsasən əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğundan # ####### 1997-ci il tarixdən # ######## 2003-cü il tarixədək olan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Nəticədə, iddiaçı tələb olunan ümumi iş stajına (25 il) və tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkün olmuşdur. Göstərilənlərə və Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarına, analoji iş üzrə Ali Məhkəmənin # ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarına əsaslanaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
4. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## ##### 2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı hüququnun yarandığı # ##### 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
5. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı İddiaçı # ####### 1955-ci il tarixdə doğulduğunu və 25 il sığorta stajına malik olduğunu əsas gətirərək 64 yaş 6 ay tamam olmuş şəxs ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını «Əmək pensiyaları haqqında» Qanunun 7 və 22-1.1-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na istinadən onun yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sığorta stajının toplanmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. - Məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. - Belə ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. - Lakin hazırkı halda inzibati orqan iddiaçıya məxsus əmək kitabçasında # ####### 1997ci il tarixdə işə qəbul və # ######## 2003-cü il tarixdə işdən azad olunma barədə qeydləri, “qəbul” sözündə cüzi şəkildə qaralama aparılması səbəbindən mötəbər saymamış və həmin tarixlər arasındakı dövrü sığorta stajına daxil etməmişdir. - Məhkəmə diqqətə çəkir ki, iddiaçıya məxsus əmək kitabçasında # ####### 1997-ci il tarix üzrə qeyddən əvvəlki və sonrakı sırada aparılmış yazılarda tarix ardıcıllığı gözlənilməklə onun işdən azad olunması qeydlərinin mövcudluğu və # ####### 1997-ci il tarixli qeyddə sözlərin düzülüşü məntiqi nəticə baxımından (“işə” və “edilsin” sözlərinin arasında “qəbul” sözünün olması) yalnız “işə qəbul edilmə”ni ehtiva etmiş olur. Odur ki, məhkəmə cavabdehin bu dəlilini formal mülahizələrə söykənən xüsusat qismində qiymətləndirir və hesab edir ki, imtina üzrə belə hal «İnzibati icraat haqqında» Qanunun 19 və 24.2-ci maddələrinin tələblərinə birbaşa ziddir. - Bundan başqa, iddiaçı İddiaçı işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi həmin (1997 – 2003-cü illər üzrə) dövrün bir hissəsi, yəni təxminən 4 il 2 ayı # ###### 2002-ci il tarixədək dövrə aid olduğundan, sözügüdən müddətin sığorta stajı kimi hesablanması üçün qanunvericilik məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtini də qoymur. - Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı # ####### 1997-ci il tarixdən # ######## 2003-cü il tarixədək * nömrəli Təmir Tikinti İdarəsində dülgər işlədiyi müddətin onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Həmin staj, o cümlədən onun # ###### 2002-ci il tarixədək olan hissəsi də nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (1997 – 2002-ci illər 4 il 2 ay, cavabdehin mübahisələndirmədiyi müddət 21 il 5 ay 14 gün). Həmin dövrlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. - Bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə iddiaçının # ##### 2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə alınmalıdır ki, iddiaçı # ####### 1955-ci il tarixdə doğulmuşdur. - Belə olan halda, iddiaçının 25 ildən artıq sığorta stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayı tamam olduğu # ##### 2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasındakı qeydlər dəqiq, ardıcıl, düzəlişsiz və təsdiqedici rekvizitlərlə aparılmalıdır. Həmin qaydaların tələblərinə görə əmək kitabçasında aparılmış qeydlərin hüquqi qüvvəyə malik olması üçün onların qanunvericiliyə uyğun formada rəsmiləşdirilməsi zəruridir. - İddiaçının əmək kitabçasının 27 və 28-ci qeydlərində qaralama və orfoqrafik düzəlişlərin mövcud olması həmin qeydlərin etibarlılığına əsaslı şübhələr yaradır. Mübahisəli qeydlərin qanunvericiliyin müəyyən etdiyi qaydada təsdiqlənməməsi və müvafiq düzəliş proseduruna əməl olunmaması həmin məlumatların mötəbər sübut kimi qəbul edilməsini istisna edir. - Sübutetmə yükünün düzgün müəyyən edilməməsi və İPM-in 14.3-cü maddəsinin yanlış tətbiqi Məhkəmənin “sübutetmə yükünün cavabdeh inzibati orqanın üzərinə düşməsi” barədə gəldiyi nəticə işin faktiki və hüquqi hallarına uyğun deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsi inzibati orqanın qərarının qanuniliyinin ümumi prezumpsiyasını təsbit etsə də, bu norma inzibati orqanın təqdim olunmuş sənədlərin hər birinin mütləq şəkildə doğru qəbul edilməsi öhdəliyini yaratmır. Əksinə, inzibati orqan təqdim olunan sənədlərin hüquqi etibarlılığını qiymətləndirmək və onların mötəbərliyinə dair əsaslı şübhə yarandıqda həmin sənədləri qəbul etməmək səlahiyyətinə malikdir. Hazırkı işdə cavabdeh əmək kitabçasında aşkar olunan texniki pozuntulara (qaralama, düzəliş və qeydin qeyri-dəqiq rəsmiləşdirilməsi) əsaslanaraq həmin məlumatların etibarlılığına dair əsaslı şübhə yaratmışdır. Belə olan halda sübutetmə yükü yalnız inzibati orqanın üzərinə qoyula bilməz, əksinə, mübahisəli sənədin həqiqiliyini təsdiq edən əlavə sübutları təqdim etmək iddiaçının vəzifəsidir. - Əmək kitabçasında formal ardıcıllığın “məzmun həqiqiliyi” kimi qiymətləndirilməsinin hüquqi əsassızlığı məhkəmənin əmək kitabçasında sözlərin məntiqi düzülüşünə əsaslanaraq “işə qəbul” nəticəsinə gəlməsi hüquqi baxımdan qənaət xarakterli və sübut standartlarına uyğun olmayan yanaşmadır. Əmək kitabçası normativ qaydalara əsasən formal-sənəd xarakterli rəsmi uçot sənədidir və onun hüquqi qüvvəsi yalnız məzmunun ehtimal edilən məntiqinə deyil, rəsmiləşdirilmə qaydasına uyğunluğuna əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarına əsasən əmək kitabçasında aparılan qeydlər heç bir düzəliş, qaralama və qeyri-müəyyənlik olmadan rəsmiləşdirilməlidir. Qeyddə “qəbul” sözünün yerləşməsi ilə bağlı məhkəmənin verdiyi məntiqi şərh hüquqi sübut standartını əvəz etmir. Hüquqda ehtimallar deyil, mötəbər və yoxlanıla bilən sübutlar əsas götürülür. Qeydin strukturunun subyektiv təfsiri onun hüquqi etibarlılığını bərpa etmir. - “İnzibati icraat haqqında” Qanunun 19 və 24.2-ci maddələrinin yanlış tətbiqi və hüquqi prezumpsiyanın hüdudları məhkəmənin istinad etdiyi “İnzibati icraat haqqında” Qanunun 15 və 19-cu maddələrində nəzərdə tutulan məlumatların düzgünlüyü prezumpsiyası mütləq xarakter daşımır və yalnız sənədin zahirən qanuni formada tərtib edildiyi hallara şamil edilir. Əgər sənədin özündə açıq-aşkar formal pozuntular, düzəlişlər və qeyri-müəyyənliklər mövcuddursa, həmin sənəd artıq avtomatik olaraq hüquqi prezumpsiya müdafiəsindən istifadə edə bilməz. Bu halda inzibati orqan tərəfindən sənədin etibarlılığının şübhə altına alınması tamamilə qanunauyğundur. Bundan əlavə, İPM-in 24.2-ci maddəsi inzibati orqanın qərarının qanuniliyi və əsaslandırılmasını tələb edir, lakin bu norma inzibati orqanın şübhəli və formal baxımdan qüsurlu sənədləri mütləq qəbul etməsini nəzərdə tutmur. Əks yanaşma inzibati orqanı faktiki araşdırma və qiymətləndirmə səlahiyyətindən məhrum etmiş olardı. Nəticə etibarilə, əmək kitabçasındakı mübahisəli qeydlərin yalnız formal məntiqə əsaslanaraq etibarlı hesab edilməsi maddi və prosessual hüquq normalarının yanlış tətbiqinə gətirib çıxarmış, inzibati orqanın qiymətləndirmə səlahiyyətini əsassız şəkildə məhdudlaşdırmışdır. - Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. - Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil. - Bundan başqa qeyd olunanlardan görünür ki, Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. - Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Ərəbli İlkin Müşfiq oğlu izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş İsayev Tural Fərhad oğlu ərizə göndərərək iddiaçının üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
17. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. İşin materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı # ####### 1955-ci il tarixində anadan olmuş və 25 il sığorta stajına malik olduğunu əsas gətirərək, 64 yaş 6 ay tamam olmuş şəxs kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina «Əmək pensiyaları haqqında» Qanunun 7 və 22- 1.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na istinad edilməklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajının toplanmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırılmışdır.
26. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilməyən hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, iddiaçının sığorta stajı 21 il 5 ay 14 gün təşkil edir.
27. Cavabdehin hazırda mübahisələndirdiyi dövr iddiaçının ##.##.1997-ci il tarixdən ##.##.2003-cü il tarixədək işlədiyi dövrlərdir.
28. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasının 27 və 28-ci qeydlərində qaralama və orfoqrafik düzəlişlərin mövcud olması həmin qeydlərin məzmununun və rəsmiləşdirilməsinin düzgünlüyünə və etibarlılığına əsaslı şübhələr yaradır. Mübahisəli qeydlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmaması və həmin qeydlərlə bağlı müvafiq düzəliş proseduruna əməl edilməməsi bu məlumatların mötəbər sübut kimi qəbul edilməsini istisna edir.
29. Belə ki, cavabdeh-inzibati orqan iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş # ####### 1997-ci il tarixində işə qəbul və # ######## 2003-cü il tarixində işdən azad olunması barədə qeydləri “qəbul” sözündə cüzi şəkildə qaralama aparılması səbəbindən mötəbər hesab etməmiş və həmin tarixlər arasındakı dövrü iddiaçının sığorta stajına daxil etməmişdir.
30. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan БТ-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı ##.##.1997-ci il tarixli * nömrəli əmrə əsasən * №-li Təmir-Tikinti İdarəsinə 9-cu dərəcəli dülgər peşəsinə işə qəbul edilmiş, ##.##.2003-cü il tarixli ** nömrəli əmrə əsasən isə * №-li Təmir-Tikinti İdarəsindən öz ərizəsinə əsasən işdən azad edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında # ####### 1997-ci il tarixli qeyddən əvvəlki və sonrakı sırada aparılmış yazılarda tarix ardıcıllığı gözlənilmiş, eyni zamanda, onun işdən azad olunmasına dair qeydlər də mövcuddur. Həmçinin # ####### 1997-ci il tarixli qeyddə sözlərin düzülüşü və məntiqi ardıcıllığı, yəni “işə” və “edilsin” sözlərinin arasında “qəbul” sözünün yerləşməsi həmin qeydin məzmun etibarilə yalnız “işə qəbul edilmə”ni ifadə etdiyini göstərir.
32. Məhkəmə kollegiyası hesab edir ki, “qəbul” sözündə cüzi qaralamanın (“b” hərfinin əvvəl latın qrafikalı hərflə yazılaraq üzərindən kiril qrafikalı hərflə düzəldilməsi) mövcud olması həmin qeydin mahiyyətini və məzmununu şübhə altına almağa əsas vermir. Əmək kitabçasındakı digər qeydlərin ardıcıllığı, habelə işə qəbul və işdən azad olunma barədə əmrlərin mövcudluğu nəzərə alındıqda, cavabdehin həmin dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı dəlili formal mülahizələrə əsaslanır və mübahisəli əmək münasibətlərinin faktiki mövcudluğunu təkzib edən kifayət qədər əsaslı sübutlarla təsdiq olunmur.
33. Göründüyü kimi, iddiaçının əmək kitabçasında ##.##.1997-ci il tarixdə işə qəbul və ##.##.2003-cü il tarixdə işdən azad olunmasına dair qeydlər mövcuddur və həmin qeydlərin məzmunu əmək kitabçasında aparılmış digər yazıların ardıcıllığı, eləcə də işə qəbul və işdən azad olunma barədə əmrlərlə uzlaşır. “Qəbul” sözündə cüzi qaralamanın mövcudluğu isə qeydin mahiyyətini və ifadə etdiyi məlumatı dəyişdirmir və iddiaçının həmin dövrdə əmək fəaliyyəti göstərməsi faktını şübhə altına almaq üçün kifayət qədər əsas yaratmır.
34. Bu baxımdan, yalnız formal xarakter daşıyan həmin hal əsas götürülməklə ##.##.1997-ci il tarixdən ##.##.2002-ci il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməməsi əsaslı hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasındakı qeydlərdə qaralamanın olması işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
36. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
37. Kollegiya qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının surətindən iddiaçının həmin müəssisədə işləməsi öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
38. Bundan əlavə əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı # ####### 1997-ci il tarixdən # ######## 2003-cü il tarixədək * nömrəli Təmir Tikinti İdarəsində dülgər işlədiyi müddətin onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Həmin staj, o cümlədən onun # ###### 2002-ci il tarixədək olan hissəsi də nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (1997 – 2002-ci illər 4 il 3 ay, cavabdehin mübahisələndirmədiyi müddət 21 il 5 ay 14 gün).
42. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçı İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-2-1(116)-2912/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.