Məhkəmə qərarları › İş №2-1(3-10)-311/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-311/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-311/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrdə Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işlədiyi müddəti ümumi əmək stajına daxil etməklə onun yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, ##.##.1955-ci ildə anadan olmuşdur. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra ##.##.1973-cü ildə Ağsu rayon texniki peşə məktəbinə mühasibatlıq kursuna daxil olmuş və ##.##.1974-cü il tarixdə peşə məktəbini bitirmişdir. Təhsil aldıqdan sonra ## ###### 1974-cü ildə Ağsu rayon rabitə qovşağında telefonçu şagirdi vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. ##.##.1974-cü ildən ##.##.1975-ci ilə kimi Ağsu rayon rabitə qovşağında işləmişdir (5 ay 14 gün). ##.##.1975-ci ildən ##.##.1979-cu ilə kimi və ##.##.1980-ci ildən ##.##.1987-ci ilə kimi Ağsu rayon Istehlak Cəmiyyətində satıcı işləmişdir (10 il 6 ay 21 gün). ##.##.1987-ci ildən ##.##.1989-cu ilə kimi Ağsu rayon təhsil şöbəsində mühasib vəzifəsində işləmişdir (1 il 4 ay 9 gün). ##.##.1989-cu ildən ##.##.1993-cü ilə kimi bağça və təhsil şöbəsində müxtəlif vəzifələrdə işləmişdir (3 il 8 ay 20 gün). ##.##.1993-cü ildən ##.##.1998-ci ilə kimi Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işləmişdir (4 il 7 ay 8 gün). ##.##.2005-ci ildən ##.##.2007-ci ilə kimi Ağsu poçt filialında əməliyyatçı vəzifəsində işləmişdir (1 il 10 ay 16 gün). ##.##.2007-ci ildən ##.##.2015-ci ilə kimi Ağsu rayon əhalinin sosial müdafiə mərkəzində xidmətçi vəzifəsində işləmişdir (8 il 2 ay 12 gün). ##.##.2015-ci il tarixdən isə ona əmək pensiyası təyin edilmişdir. O, təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı 2024-cü ilin sonunda cavabdeh təşkilata müraciət etmişdir. Lakin, cavabdeh təşkilat tərəfindən ona ##.##.2024-cü il tarixli məktubla cavab verildi ki, guya ona əmək pensiyası təyin edilən vaxtı sığorta stajı düzgün hesablanmamış və nəticədə ona artıq ödəmə aparılmışdır. Cavabdeh təşkilat məktubunda bunu belə əsaslandırır ki, ''Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasında ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma rus dilində möhürlə təsdiqləndiyindən) sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş, guya ##.##.2006-cı il tarixinədək sığorta stajı 17 il 5 ay 26 gün nəzərə alınmalı olduğu halda 21 il nəzərə alınmış və bunun nəticəsində ona artıq ödəmə müəyyən olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır və məktubdan da görünür ki, müraciəti ciddi araşdırılmamış, əsassız olaraq ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövr sığorta stajına daxil edilməmiş və bunun nəticəsində artıq ödəmə müəyyən olunmuşdur. Belə ki, əmək kitabçasından görünür ki, ümumilikdə onun əmək stajı 30 il 9 ay 10 gün təşkil edir, ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək Ağsu rayon texniki peşə məktəbinə təhsil aldığı dövr də nəzərə alınmaqla, ümumilikdə onun əmək stajı 31 il 8 ay 27 gün təşkil edir. O, cavabdeh təşkilat tərəfindən əsassız olaraq, nəzərə alınmayan ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrdə Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işləmiş və bu barədə əmək kitabçasında qeyd də var. Lakin həmin qeyddəki müəssisənin möhürünün hansı dildə olmasının onun əmək stajına heç bir aidiyyəti olmamalıdır. Müəssisənin möhürünün qaydalara uyğun olmamasına o deyil, müəssisə və digər əlaqədar orqanlar cavabdehlik daşımalıdır. Cavabdeh təşkilatın möhürün qaydalara uyğun olmamasını əsas gətirərək ##.##.1993-cü il tarixindən ##.##.1998ci il tarixinədək olan dövrdə Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işləməyini əmək stajına daxil etməməsi və bunun nəticəsində onun pensiyasının azaldılması və hətta artıq ödəmə müəyyən etməsi qanunaziddir və bütün bunların nəticəsində onun sosial müdafiə hüquqları pozulur. Yuxarıda göstərilən hüquq normalarından aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərindən biri müəyyən müddət əmək stajına malik olmaq və buna uyğun olaraq sosial sığorta stajının ödənilməsi və hesablanmasıdır.

3. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onun ümumi sığorta stajını ##.##.2006-cı il tarixə kimi 17 il 5 ay 26 gün hesablayıblar, halbuki, əmək kitabçasına əsasən və təhsil müddəti nəzərə alınmaqla onun sığorta stajı ##.##.2006-cı il tarixə 21 il 9 ay 16 gün təşkil edir. Lakin cavabdeh təşkilat onun ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrdə Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işləməsini əsassız olaraq müəssisənin möhürünün qaydalara uyğun olmaması bəhanəsi ilə nəzərə almaqdan imtina edir. Hesab edir ki, bu qanunsuzdur və cavabdeh təşkilatın üzərinə onun ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrdə Ağsu rayon "xxxx" müəssisəsində baş mühasib vəzifəsində işlədiyi müddəti ümumi əmək stajına daxil etməklə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır.

4. Belə ki, onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. Cavabdeh onun qanuni tələbini icra etməkdən imtina edir və bununla da cavabdeh onun sosial təminat və mülkiyyət hüququnu pozur.

5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Iddiaçı İddiaçı Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-M******/**** nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilmişdir ki, icraatda olan *-*(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. Iş materiallarına əsasən iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək təhsil illəri də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 17 il 5 ay 26 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2015-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2793,05 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müraciətdən 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Həmçinin, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixindən 268.62 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 285.28 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək ##.##.2023-cü il tarixindən 327,21 manata, ##.##.2024-cü il tarixindən 363,86 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma rus dilində möhürlə təsdiqləndiyindən) sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə, İddiaçı müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən ##.##.2006-cı il tarixinədək sığorta stajı 17 il 5 ay 26 gün nəzərə alınmalı olduğu halda 21 il nəzərə alınmışdır. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müraciətdən 3 il əvvəl) ##.##.2024 il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi (bundan sonra - Nizamnamə) təsdiq edilmişdir. Nizamnamənin 2.14-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “Inzibati icraat haqqında” və “Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət əmək pensiyasının təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət əmək pensiyasının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Beləliklə, Mərkəzi Filial tədbirlər görərkən "Inzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əmək pensiyasından artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tutulmanın həyata keçirilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilmişdir. Həmin iş üzrə məhkəmə qəbul etdiyi qərarda qeyd etmişdir ki, məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 230.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Cavabdeh haqlı olaraq qeyd edir ki, işə mahiyyəti üzrə baxılan zaman iddiaçı tərəfindən ondan tutulmuş məbləğin geri qaytarılması barədə hər hansı tələb irəli sürülməmiş, iddiaçının tələbi sadəcə olaraq cavabdehin qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. Işin materiallarında inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının cavabdehdən hər hansı öhdəliyin yerinə yetirilməsini (hazırkı halda, iddiaçıdan tutulmuş pul məbləğinin geri qaytarılmasını) tələb etdiyinə dair məlumat yoxdur. Eyni ilə, məhkəmə qərarlarında həmin məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulduğuna dair göstəriş də yoxdur. “Inzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibatı akt məlumat verildiyi məzmunca hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Iddiaçı tərəfindən mübahisələndirilən hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "Inzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçıya dair aşkar edilmiş artıq ödəmə ilə bağlı qərar qəbul etməkdə inzibati orqan haqlı olmuşdur. Bundan əlavə tərəflərindən iddiaçının əmək pensiyasına dair heç bir tutulma aparılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim X3) # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək təhsil illəri də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 17 il 5 ay 26 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2015-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2793,05 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müraciətdən 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının məbləği ##.##.2023-cü il tarixindən 285,28 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək ##.##.2023-cü il tarixindən 327,21 manata, ##.##.2024-cü il tarixindən 363,86 manata çatdırılmışdır. Əlavə olaraq “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma rus dilində möhürlə təsdiqləndiyindən) sözügedən dövün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə, İddiaçı müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən ##.##.2006-cı il tarixinədək sığorta stajı 17 il 5 ay 26 gün nəzərə alınmalı olduğu halda 21 il nəzərə alınmışdır. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (##.##.2024-cü il tarixli müraciətdən 3 il əvvəl) ##.##.2024 il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrə dair əmək fəaliyyəti dövrünə dair aparılmış qeydlər qüvvədə olmuş normativ-hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilməmişdir. Belə ki, “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasında edilən bütün qeydlər müəssisənin məsul şəxsi tərəfindən düzgün rəsmiləşdirilməli, müvafiq əmrlə uyğunluq təşkil etməli və müəyyən edilmiş qaydada möhür və imza ilə təsdiq edilməlidir. Təqdim edilmiş sənəd araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunmasına dair qeyd rus dilində möhürlə təsdiqlənmiş, həmin qeyd üzrə rəsmiləşdirmə qanunvericiliyin müəyyən etdiyi forma tələblərinə tam uyğun aparılmamışdır. Sosial sığorta və pensiya hüquqlarının müəyyən olunması zamanı inzibati orqan yalnız hüquqi qüvvəsi və mötəbərliyi təmin edilmiş sənədlərə istinad edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sığorta stajı aidiyyəti sənədlərlə təsdiq olunmalı və həmin sənədlərin hüquqi etibarlılığı şübhə doğurmamalıdır. Bu baxımdan əmək kitabçasında aparılmış qeydlərin qanunvericiliyin müəyyən etdiyi forma və təsdiqləmə qaydalarına uyğun olmaması həmin məlumatların mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Inzibati icraat zamanı dövlət orqanı tərəfindən təqdim olunmuş sənədlərin formal və hüquqi uyğunluğu qiymətləndirilərkən müəyyən edilmişdir ki, qeyd olunan dövr üzrə əmək münasibətlərinin yaranması, davam etməsi və xitam verilməsi faktı qanunvericiliyin tələb etdiyi qaydada təsdiqlənməmişdir. Əmək kitabçasında mövcud olan uyğunsuzluqlar, xüsusilə işdən azad olunma qeydinin müvafiq qaydada rəsmiləşdirilməməsi həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasına hüquqi maneə yaradır. Bundan əlavə, inzibati orqan pensiya təminatı sahəsində fəaliyyət göstərərkən qanunçuluq və hüquqi müəyyənlik prinsiplərini rəhbər tutmağa borcludur. Dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına həyata keçirilən pensiya təminatı münasibətlərində yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiq edilmiş staj dövrləri nəzərə alına bilər. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına, habelə təsdiqedici sənədlərin hüquqi dövriyyədə etibarlılığına dair vahid inzibati praktikanın pozulmasına səbəb ola bilər. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövr üzrə aparılmış qeydlər normativ tələblərə uyğun qaydada rəsmiləşdirilmədiyindən həmin müddətin sığorta stajına daxil edilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirazına münasibətdə iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə istinad edərək iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu qeyd etmişdir. Lakin məhkəmə həmin normanı natamam və hüquqi mahiyyətindən kənar şəkildə tətbiq etmiş, əmək kitabçasının mövcudluğunu avtomatik olaraq onun tərkibində olan bütün qeydlərin hüquqi cəhətdən etibarlı və mötəbər hesab olunması kimi qiymətləndirmişdir. Belə ki, qeyd olunan normada əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd kimi nəzərdə tutulsa da, bu hal əmək kitabçasında aparılmış bütün qeydlərin istənilən halda, onların qanunvericiliyin forma və məzmun tələblərinə uyğun olub-olmamasından asılı olmayaraq, qeyd-şərtsiz qəbul edilməsini nəzərdə tutmur. Əmək kitabçasının hüquqi sübut qüvvəsi onun müəyyən edilmiş qaydada tərtib olunması və rəsmiləşdirilməsi ilə şərtlənir. Məhkəmə nəzərə almamışdır ki, pensiya və sosial təminat münasibətləri publik-hüquqi xarakter daşıdığından, bu sahədə hüquqların müəyyən olunması zamanı sübutların formal uyğunluğu və hüquqi etibarlılığı xüsusi əhəmiyyət kəsb edir. Dövlət orqanı yalnız mötəbərliyi və qanunauyğunluğu təmin edilmiş sənədlər əsasında sosial sığorta stajını müəyyən edə bilər. Əks yanaşma qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar. Bundan başqa, məhkəmə əmək kitabçasının mövcudluğu ilə onun daxilindəki qeydlərin normativ tələblərə uyğunluğunu fərqləndirməmişdir. Cavabdeh tərəfindən əmək kitabçasının ümumilikdə sübut kimi qəbul edilməməsi deyil, konkret olaraq ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövr üzrə qeydlərin qanunvericiliyin müəyyən etdiyi qaydada rəsmiləşdirilmədiyi əsas gətirilmişdir. Bu səbəbdən məhkəmənin yalnız əmək kitabçasının mövcudluğuna istinad etməklə həmin dövrün avtomatik şəkildə sığorta stajına daxil edilməli olması barədə nəticəyə gəlməsi işin hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Məhkəmə qərarında mübahisələndirilən dövr üzrə iddiaçının işləməsi barədə qeydlərin əmək kitabçasında göstərildiyini və möhürlərlə təsdiq olunduğunu qeyd edərək, qeydlərin rus dilində möhürlə təsdiqlənməsinin iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal hesab edilməməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmənin bu mövqeyi işin hallarının və tətbiq edilməli olan hüquq normalarının tam qiymətləndirilməməsinə əsaslanır. Belə ki, cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə həmin müəssisədə işləməsinin mümkünsüz və ya istisna edildiyi iddia edilməmişdir. Cavabdehin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmək kitabçasında mübahisələndirilən dövr üzrə aparılmış qeydlər qanunvericiliyin müəyyən etdiyi qaydada rəsmiləşdirilmədiyindən həmin məlumatlar sosial sığorta stajının müəyyən olunması üçün yetərli və mötəbər sübut hesab edilə bilməz. Məhkəmə isə “işləmənin təkzib olunmaması” ilə “stajın hüquqi baxımdan təsdiq olunması” anlayışlarını eyniləşdirmişdir. Halbuki pensiya təminatı münasibətlərində əsas məsələ şəxsin müəyyən dövrdə faktiki işləməsi ilə yanaşı, həmin əmək fəaliyyətinin qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirilmiş və təsdiq edilmiş sənədlərlə sübuta yetirilməsidir. Beləliklə, məhkəmənin yalnız əmək kitabçasında qeydlərin mövcudluğu və möhürlə təsdiqlənməsi faktına əsaslanaraq mübahisələndirilən dövrün sığorta stajına daxil edilməli olması barədə gəldiyi nəticə işin hallarının tam və obyektiv qiymətləndirilməsinə əsaslanmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *- *(***)-****/***** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).

13. Iddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. AT****** nömrəli diplomdan görünür ki, İddiaçı 1976-cı ildə SSRI Seniyrosoyuzun Bakı kooperativ texnikumuna sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisası üzrə tam kursu ##.##.1978-ci ildə bitirmişdir.

3. **** nömrəli attestatdan görünür ki, iddiaçı 1973-cü ildə Azərbaycan SSR Ağsu rayonunun *** №-li texniki məktəbinə daxil olmuş, ##.##.1974-cü ildə kənd təsərrüfat mühasibi sənəti üzrə tam kursunu bitirmişdir.

4. ##.##.1975-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: ##.##.1974 - ##.##.1975, ##.##.1975 – ##.##.1979, ##.##.1980 – ##.##.1981, ##.##.1981 – ##.##.1981, ##.##.1981 – ##.##.1981, ##.##.1981 – ##.##.1987, ##.##.1987 – ##.##.1989, ##.##.1989 – ##.##.1991, ##.##.1991 – ##.##.1993, ##.##.1993 – ##.##.1993, ##.##.1993 – ##.##.1998, ##.##.2005 – ##.##.2007, ##.##.2007 – ##.##.2015.

5. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1955-ci ildə anadan olmuşdur. TƏTBIQ EDILƏN HÜQUQ

14. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının ##.##.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 2017-ci il ####un #-dək qadınlarda pensiya yaşı 60 yaş müəyyən edilmişdir.

17. Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - əmək pensiyasının yenidən hesablanmasından ibarətdir.

25. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Ilk öncə qeyd edilməlidir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

27. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə ##.##.2015-ci il tarixdə çatmışdır. Iddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 60 yaş olması işin mübahisəsiz halıdır. Bununla yanaşı iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə çatdığı tarixədək Ağsu rayon Kəndtəsərrüfatı müəssisəndə işlədiyi 4 il 7 ay 8 gün (##.##.1993- ##.##.1998) iş stajı iş materialları ilə öz təsdiqini tapır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1993-cü il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma rus dilində möhürlə təsdiqləndiyindən) sözügedən dövrün sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, 186-cı qərarının 1.1ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

29. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən dövr ərzində də iddiaçının işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmiş, möhürlərlə də təsdiqini tapmışdır. Əmək kitabçasında əmək fəaliyyəti barədə qeydlərin rus dilində möhürlə təsdiqlənməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir.

30. Belə ki, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır.

31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.

32. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli qərarı).

33. Bununla yanaşı Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarında da oxşar hüquqi mövqeyə əsasən iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ““Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1987-ci il tarixindən ##.##.1994-cü il tarixinədək (işdən azadolma qeydi SSRI dövrünə aid möhürlə təsdiqləndiyindən), ##.##.1995ci il tarixindən ##.##.2005-ci il tarixinədək (əmək fəaliyyəti barədə qeydlərdə kiril və latın qrafikalı əlifbadan istifadə edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.” Lakin sonradan cavabdeh məhkəmə kollegiyasına vəsatət göndərərək bildirmişdir ki, mübahisə məhkəmədənkənar qaydada həll edilmiş və iddiaçıya Mərkəzi Filialın ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçıya 367,88 manat yaşa görə əmək pensiyası təyin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

34. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır..

36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar