Məhkəmə qərarları › İş №2-1(3-10)-333/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-333/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-333/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ######## 1958-ci il tarixdə doğulmuşdur. İddiaçı, ərizəyə əlavə etdiyi əmək kitabçası və digər sənədlərə əsasən hesab edir ki, onun Rusiya Federasiyasında işlədiyi müddət nəzərə alınmaqla 25 ildən artıq əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və təhsil haqqında diplomunun tarixlərinə əsasən sığorta stajı (##.##.1975-ci il tarixindən ##.##.1978-ci il tarixədək əyani təhsil aldığı il və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 10 ay 4 gün təşkil edir. - İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü ##.##.2001-ci il tarixindən ##.##.2013-cü il tarixədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrü olmuşdur. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, imtina olunmuşdur; - AA******* nömrəli Şəxsiyyət vəsiqəsinin surəti; - ББ-****** nömrəli hərbi biletin təsdiqlənmiş surəti; - AT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - İddiaçıya məxsus З ****** nömrəli diplom; - Cavabdehin ##.##.2025-ci il tarixli məktubu; - Cavabdehin ##.##.2025-ci il tarixli etirazı və inzibati icraat materialları.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı dövrü (##.##.1975-ci il tarixindən ##.##.1978-ci il tarixədək əyani təhsil aldığı il və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 10 ay 4 gün təşkil edir. Cavabdeh tərəfindən həmin dövr üzrə mübahisələndirilən müddət mövcud deyildir. - İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü ##.##.2001-ci il tarixindən ##.##.2013-cü il tarixədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrü olmuşdur. - Məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin dövrü nəzərə alınamdan zəruri minimum sosial sığorta stajı mövcud deyildir. Mübahisələndirilən dövrə münasibətdə cavabdehin imtinası əsaslı hesab edilir. - Belə ki, Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixli, 579-VİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci ilin #####in ##-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq olunmuş və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il # ##### tarixli, 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir. - Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməsini (RFnin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz. - Məhkəmə kollegiyası nəzərə alır ki, 1999-cu il ######ın #-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. - Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il #####in ##-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq # ###### 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). - İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1. iddiaçı # ###### 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2. Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3. fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. - Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

6. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun Rusiya Federasiyasında ##.##.2001-ci il tarixindən ##.##.2013-cü il tarixinədək olan iş dövrünün sığorta stajına daxil edilə bilməyəcəyini əsaslandırmaq üçün ## ##### 2022-ci il tarixli Azərbaycan-X2 yalnız qüvvəyə mindiyi tarixdən etibarən hüquq yaratdığını və 1999-cu il Sazişinin heç vaxt qüvvəyə minmədiyini qeyd etmişdir. Lakin bu mövqe hüquqi cəhətdən qeyridəqiq və əsassızdır. - Azərbaycan Respublikasının # ##### 2001-ci il tarixli, 114-IİQ nömrəli Qanunu ilə "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş Milli Məclis tərəfindən təsdiq edilmişdir. Həmin Saziş ##.##.2022-ci il tarixinə qədər ləğv edilməmişdir. Rəsmi dərc tarixi ##.##.2001-ci il olan həmin Qanunla Sazişin təsdiq edilməsi onun daxili hüquq sisteminin bir hissəsinə çevrildiyini göstərir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almadan həmin Sazişi sanki mövcud olmamış kimi qiymətləndirmişdir. - Sazişin 1-ci maddəsinə əsasən "əmək (sığorta) stajı" anlayışına tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti daxildir. O, 2001-2003-cü illərdə Rusiya Federasiyasında sürücü vəzifəsində çalışmışdır. Bu dövr Sazişin qüvvədə olduğu dövrə tamamilə uyğun gəlir. - Müqavilələr hüququnun əsas prinsipinə görə "müqavilənin ləğvi geriyə şamil edilmir". Sazişin ##.##.2022-ci il tarixdə ləğv edilməsi, onun qüvvədə olduğu dövr ərzində (2001-2022) qazandığı hüquqlara xələl gətirə bilməz. 2022-ci il Müqaviləsinin 20-ci maddəsinin 4-cü bəndinə görə Tərəflər 1999-cu il Sazişinin iştirakçısı olmamaq niyyətini ifadə etmişlər, lakin bu, ləğvdən əvvəlki dövrə aid hüquqların ortadan qaldırılması anlamına gəlmir. Belə yozum hüququn geriyə şamil edilməsi yasağı ilə birbaşa ziddiyyət təşkil edir. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Eyni Qanunun 23.2-ci maddəsinə görə isə 1992-ci il ######ın #-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı heç bir əlavə şərt axtarılmadan ümumi qaydada sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi bu normaları işimin hallarına tətbiq edərkən kifayət qədər araşdırma aparmamışdır. - O, ##.##.2004-cü il tarixindən ##.##.2010-cu il tarixinədək Azərbaycan Respublikasının ərazisində Göyçay şəhərindəki Bələdiyyə müəssisəsində binaya qulluqçu işçisi, sonradan qarderob qulluqçusu vəzifəsində çalışmışdır. Həmin dövrün əmək kitabçasında müvafiq qeydlər mövcuddur: ##.##.2004-cü il tarixli ** nömrəli əmrə əsasən qəbul, ##.##.2006-cı il tarixli ** nömrəli əmrə əsasən qarderob qulluqçusu vəzifəsinə keçid, ##.##.2010-cu il tarixli ** nömrəli əmrə əsasən azad edilmə. - Bu dövr tamamilə Azərbaycan Respublikasının daxili ərazisinə aiddir. Heç bir beynəlxalq müqavilə problemi mövcud deyildir. Bununla belə, birinci instansiya məhkəməsi ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını müəyyən edərək bunu onun əleyhinə dəlil kimi istifadə etmişdir. Məhkəmə isə bu vəziyyətin niyə yarandığını, yəni işəgötürənin öhdəliklərini yerinə yetirib-yetirmədiyini araşdırmamışdır. - "Əmək pensiyaları haqqında" Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyən şəxslərin iş müddətləri sığorta stajına daxil edilir. Bu norma işçinin hüquqlarını işəgötürənin öhdəliklərindən asılı etmir. Bələdiyyə müəssisəsinin işəgötürən kimi sığorta haqlarını ödəməməsi onun günahı deyil, dövlət nəzarətinin zəifliyinin nəticəsidir. - Cavabdeh inzibati orqan 2006-2010-cu illərə aid əmək kitabçasını sübut kimi qəbul etməkdən imtina etmişdir. Bu imtina özlüyündə qanuna zidd olmaqla yanaşı, həm də birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Notariat qaydada təsdiq edilmiş əmək kitabçasının surəti etibarlı sübut hesab edilməlidir. - O, ##.##.2013-cü il tarixindən ##.##.2013-cü il tarixinədək yenidən Azərbaycan Respublikasının ərazisində gözətçi vəzifəsində çalışmışdır. Bu dövr də sığorta stajı hesablanarkən nəzərə alınmalıdır. Hər bir çalışma dövrünün ayrıca araşdırılması məhkəmənin öhdəliyidir. - Cavabdeh inzibati orqan onun mübahisəsiz sığorta stajını 17 il 10 ay 4 gün kimi hesablamış, bu rəqəm birinci instansiya məhkəməsi tərəfindən də qəbul edilmişdir. Lakin əmək kitabçasına görə o, ##.##.1977-ci il tarixindən mətbəə sexinə 2-ci kateqoriya şampçı vəzifəsinə qəbul edilmiş, ##.##.1977-ci il tarixdə həmin sexdən azad olunmuşdur. Bu müddət ##.##.1977ci ildən ##.##.1977-ci ilə qədər təqribən 3,5 ay texnikumda əyani təhsil aldığı dövrlə (01.09,1975 - ##.##.1978) qismən üst-üstə düşsə də, işin faktiki icra edildiyi dövrə aiddir. - "Əmək pensiyaları haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1977-ci ildəki iş dövrü SSRİ dövründə qazanılmışdır və əmək kitabçasında rəsmi surətdə əks olunmuşdur. Birinci instansiya məhkəməsi bu müddətin staj hesablamasına daxil edilibedilmədiyini araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətinə vermiş olduğu etirazı birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə eyni əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli 2- *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olmuş, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı oğu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (2017-ci il tarixdən qüvvədə olan redaksiyada); 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.1 Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

16. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il #####in ##-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ Bölmə ÜMUMİ MÜDDƏALAR Maddə 1. Anlayışlar

1. Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) "qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) "səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; ... 4) "sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; ... 7) "sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;

2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi

1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; ... Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar

1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.

2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.

3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi

1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.

4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq # ###### 1999cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir.

Apellyasiya şikayətinin mümkünlüyü

17. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

26. İş materiallarından görünür ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı dövrü (##.##.1975-ci il tarixindən ##.##.1978-ci il tarixədək əyani təhsil aldığı il və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 10 ay 4 gün təşkil edir. Cavabdeh tərəfindən həmin dövr üzrə mübahisələndirilən müddət mövcud deyildir.

27. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə, onun ##.##.2001-ci il tarixindən ##.##.2013-cü il tarixədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır.

28. Məhkəmə kollegiyası da hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməklə nəzərə alına bilməz.

29. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır.

30. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur.

31. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən ## #### 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə ## #### 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir.

32. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır.

33. Həmçinin, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, ## ##### 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” onun 20-ci maddəsinə uyğun olaraq ratifikasiya edilməlidir və Müqavilə ratifikasiya haqqında sənədlərin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Sözügedən Müqavilə Azərbaycan Respublikasının ***-VIQ nömrəli # #### 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Müqavilənin hər iki dövlət tərəfindən təsdiq olunmasına baxmayaraq, ratifikasiya fərmanlarının mübadiləsi indiyədək həyata keçirilməmişdir. Beləliklə, ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə hazırda qüvvədə deyil.

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən dövrlərin sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.

36. Kollegiya bildirir ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin ya fərdi şəxsi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması, ya da qanunla müəyyən edilmiş azı 25 il sığorta stajına malik olması tələb edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə iş müddətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mümkündür.

37. Həmçinin iddiaçı, şikayətində qeyd etmişdir ki, o, ##.##.2004-cü il tarixindən ##.##.2010-cu il tarixinədək Azərbaycan Respublikasının ərazisində Göyçay şəhərindəki Bələdiyyə müəssisəsində binaya qulluqçu işçisi, sonradan qarderob qulluqçusu vəzifəsində çalışmışdır. Qeyd olunan müddət sığorta stajı kimi nəzərə alınmalıdır.

38. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyasının iclasında araşdırma aparılan zaman iddiaçı verilən suallara cavab olaraq bildirdi ki, ##.##.2001-ci il tarixindən ##.##.2013cü il tarixədək Rusiya Federasiyası ərazisində olmuş, orada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Apellyasiya şikayətində yanlışlıqla Göyçay şəhərində işlədiyini qeyd etmişdir.

39. Həmçinin, iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini də istisna edir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir.

41. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

42. Odur ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövrlərin (##.##.2001-##.##.2013) sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən iddia əsaslı sayıla bilməz.

43. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar