Məhkəmə qərarları › İş №2-1(3-10)-344/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-344/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-344/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı ##.##.2026-cı il tarixli birinci instansiya məhkəməsinin iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “iddiaçı ##.##.1985-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. O, ##.##.2015-ci ildən Silahlı qüvvələrdədir. Müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmişdir. ##.##.2020-ci ildə başlayan “Ikinci Qarabağ müharibəsi" başladığı andan Respublikamızın ərazi bütövlüyü uğrunda gedən aktiv döyüşlərə qatılmışdır. ##.##.2020-ci ildə Talış istqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma, yuxarı və aşağı ətrafların çoxsaylı qəlpə yarası və qapalı kəllə-beyin travması” xəsarətləri travması almışdır. Qısa müddət müalicə olunaraq ##.##.2020-ci ildən təkrar olaraq xidmətə qayıdaraq döyüşlərə qatılmışdır. Bundan sonra müxtəlif dövrlərdə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. “B” virus hepatiti daşıyıcılığı” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur. Yekunda ##.##.2023cü ildə hərbi xidmətə yararsız hesab edilərək təxris olunmuşdur. Təxris olunduqdan sonar da müayinə və müalicə olunmaqda davam edir. Şəki rayon Psixatriya Xəstəxanasında müxtəlif vaxtlarda ##.##.2023-cü il tarixində, ##.##.2024-cü il tarixində, ##.##.2024-cü il tarixində, ##.##.2024-cü il tarixində və ##.##.2025-ci il tarixində müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasında ##.##.2023-ci il tarixində, ##.##.2024-cü il tarixində, ##.##.2024-cü il tarixində, ##.##.2024-cü il tarixində ambulator müalicələrdə olmuşdur. “xxxx” publik hüquqi şəxsində ##.##.2024-cü ildə müalicə olunmuşdur. Hərbi xidmət dövründə müxtəlif hospitallarda müalicələr almışdır. Bunlara baxmayaraq xəstəliyi davamlı ağırlaşmaya doğru gedir. Hal-hazırda iddiaçının səhhətində ciddi problemlər mövcuddur. Özü-özünü idarə etməkdə çətinlik çəkir. Əmək qabiliyyətini demək olar ki itirmişdir. Belə bir vəziyyətdə ona əlillik təyin edilməməsini başa düşə bilmir. Əlillik təyin edilməsi üçün sənədlərini elektron qaydada bir neçə dəfə göndərsə də sonuncu dəfə ##.##.2025-ci il ildə qiymətləndirmə aparılaraq imtina edilmişdir. Imtina səbəbi kimi, göstərilən diaqnozunda əlillik əlamətlərinin olmadığını bildirmişdirlər. Imtina barədə sənədi aldıqdan sonra razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materillarına əlavə edilən xəstəlik sənədlərindən göründüyü kimi, iddiaçı dəfələrlə stasionar və ambulator müalicələrdə olmuşdur. Döyüşlərdə iştirakına görə müxtəlif medallarla təltif edilmişdir. “Vətən müharibəsi iştirakçısı”, “Cəsur Döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Iddiaçı hesab edir ki, ona ümumi xəstəlik səbəbi kimi əlillik təyin edilməlidir.”.

4. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnoz: Üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi depressiv daxilolmalar davranış pozuntuları və intihar fikirləri ilə Mərkəzə göndərilmənin/ Imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Bildirilmişdir ki, Şəki rayon sakini ##.##.1985-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsilə. Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Barotravma (##.##.2020). Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020). Hər iki yuxarı və aşağı ətrafların çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sağ çiyin qurşağının yumşaq toxumalarının yad cisimləri (metal qəlpələri)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün miopiyası M 2,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Hepatit “B” virus daşıyıcısı. II (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə, BÇI- 32,1. Ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mikrositoz, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2025- ##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaşın pozulması, qıcolma, yuxusuzluqdan şikayətlənmişdir. Depakin, Truxal və başqa adını bilmədiyi dərmanları qəbul etdiyini söyləmişdir. Düşüncəsi aydın olmuş, ünsiyyətə anlaqlı qoşulmuşdur. Suallar dərinləşdikcə həyəcanlanmış, cavab tapa bilməmişdir. Heç bir klinik məlumat verə bilməmişdir. Qıcolmadan şikayətlənsə də, nə məlumat, nə də təsdiqləyici sənəd təqdim edə bilməmişdir. Instrumental müayinələr aparılmamışdır. Özünə və ətrafa xəsarəti olmamışdır. Bələdliyi bütün növlərdə qorunmuşdur. Patoloji affekt izlənilməmişdir. Nümayişkar müşahidə edilmişdir. Ailəsindən ayrıldığını, 6, 10, 15 yaşlarında üç övladı olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli (isterik tip) şəxsiyyət pozuntusu. Simulaytiv davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuları n, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər.”

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə əlaqədar əlilliyin təyin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi prossesual hüquq varisi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal, yəni diaqnozun təsdiqlənməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət ppzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn. MRT-də beynin atrofik dəyişiklikləri. EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy. üzvi hallüsinoz. üzvi katotonik pozuntu) və onların tezliyi ilə; aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Buna baxmayaraq bu patologiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsini ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsini ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBIQ EDILƏN HÜQUQ

13. Inzibati Prosessual Məcəllə: Maddə 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarınınpozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 3.1.1. 100 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 3.1.2. 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 3160 faiz.

19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. Inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (IPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsinə nail olmaqdır.

24. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Işin hallarından müəyyən olunur ki, iddiaçı ##.##.2015-ci ildən Silahlı qüvvələrdə xidmətdədir. Müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmişdir. ##.##.2020-ci ildə başlayan “Ikinci Qarabağ müharibəsi" başladığı andan Respublikanın ərazi bütövlüyü uğrunda gedən aktiv döyüşlərə qatılmışdır. ##.##.2020-ci ildə Talış istqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma, yuxarı və aşağı ətrafların çoxsaylı qəlpə yarası və qapalı kəllə-beyin travması” xəsarətləri travması almışdır. Qısa müddət müalicə olunaraq ##.##.2020-ci ildən təkrar olaraq xidmətə qayıdaraq döyüşlərə qatılmışdır. Bundan sonra müxtəlif dövrlərdə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. “B” virus hepatiti daşıyıcılığı” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur. Yekunda ##.##.2023-cü ildə hərbi xidmətə yararsız hesab edilərək təxris olunmuşdur.

26. Iddiaçının əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə ixtisaslaşmış müalicə tövsiyə olunmuşdur.

27. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.

28. Iddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixdə müayinə olunmuş və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

30. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

31. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

32. Həmçinin, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş üzrə əldə edilmiş “xxxx” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, “İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı təyin edimiş yaralanmanın nəticələridiaqnoz: “Yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar və X4” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, intihar fikirlərinin yaranması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Üzvi mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Koqnitiv funksiyaların enməsi ilə" diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. II. Yekun hissəsi: inzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Iddiaçı İddiaçı qoyulmuş “üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi depressiv daxilolmalar davranış pozuntuları və intihar fikirləri ilə” diaqnozu düzgündürmü? (əyani müayinə zamanı aşkar edilirmi? Cavab: Iddiaçı İddiaçı qoyulmuş “üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi depressiv daxilolmalar davranış pozuntuları və intihar fikirləri ilə” diaqnozu düzgündür. 2-ci sual: Diaqnoz düzgündürsə iddiaçı sağlamlıq vəziyyətində hansı qiymətləndici əlamətlər mövcuddur? Cavab: Yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar və X4 ilə” (F07.0) aşkar edilir. Bu pozuntuda koqnitiv funksiyaların enməsi, depressiv daxilolmalar, emosional labillik, sosial münasibətlərdə çətinlik və sair əlamətlər mövcud ola bilər. 3-cü sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə onun hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz nədir? Cavab: Yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar və X4 Ilə” (F07.0) aşkar edilir.”

34. Göründüyü kimi iddiaçıda hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Davranış Pozuntuları ilə” (F07.0) aşkar edilir.

35. Qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirməilə məhdudlaşır.

36. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“Inzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

37. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. IPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

38. Birinci instansiya məhkəməsi cavabdehin “şəxsdə diaqnozun olması, ona əlillik təyin edilməsinə əsas verməməsi” dəlilinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, “diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir. Başqa sözlə, əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.

39. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61– 80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).

40. Cavabdeh orqan tərəfindən iddiaçıda aşkar edilmiş xəstəliyin onun həyat fəaliyyəti kateqoriyalarında hansı dərəcədə məhdudlaşma yaratması və bu məhdudlaşmanın neçə faiz funksional pozuntu ilə nəticələndiyi göstərilmədiyi halda müvafiq qiymətləndirmənin ümumiyyətlə aparılıb-aparılmaması, aparıldığı halda isə hansı metodika ilə aparılması, yekun qərar qəbul edilənədək cavabdehin hansı qaydada davranması qeyri-müəyyən qalır.

41. Qeyd olunmalıdır ki, “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun iddiaçıda mövcudluğu işdə olan ekspert rəyi ilə sübut olunur.

42. Belə ki, iddiaçıya qoyulmuş diaqnoz F07.0 XBT kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. Iddiaçıya münasibətdə “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Həmin bənd isə OFP-nın 2 il müddətinə İ dərəcə məhdudlaşması halını (35-60 faiz) nəzərdə tutur.

43. Lakin birinci instansiya məhkəməsi iddiaçının əlillik dərəcəsi barədə düzgün nəticəyə gəlsə də qərarın nəticəvi hissəsində orqanizmin funksiyalarının pozulmasının 31-60 % müəyyən edilməsini göstərmişdir.

44. Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

45. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Odur, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

47. Beləliklə, cavabdeh əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir.

48. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə iddiaçı İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə əlaqədar ## ###### 2025-ci il tarixindən 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60 % müəyyən edilməsi) təyin edilməsi öhdəliyi qoyulsun. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar