Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-35/2026 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2-1(116)-3041/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. İddiaçı, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-370 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.
2. İddiaçının şəxsi işində və ona məxsus hərbi biletdə onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01451 №-li əmri əsasında səfərbərlikdən tərxis edilməsi, həmçinin Vətən Müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtinasını iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi ilə əsaslandırmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranlarının və müharibə iştirakşılarının müvafiq siyahısına daxil edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1981-ci ildə anadan olmuşdur. Ali təhsillidir. 2003-cü ildə Qafqaz Universitetini bitirmiş və hərbi xidmətə getmişdir. 2003-cü ilin iyul ayından 2004-cü ilin aprelinə qədər N saylı hərbi hissədə əsgər, həmin ilin növbəti üç ayında isə ehtiyyat zabit hazırlığı kursunu bitirib leytenant rütbəsi alaraq tərxis olunmuşdur. xx.xx.2005-ci ildə təkrar ordu sıralarına qayıdaraq 2006-cı ilin 27 iyuluna qədər N saylı hərbi hissənin Artilleriya Divizionunda idarəetmə taqım komandiri vəzifəsində xidmət etmişdir. 28 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Qismən Səfərbərlik fərmanına uyğun olaraq 29 sentyabrda ordu sıralarına qayıtmış və xidmətini N saylı hərbi hissənin bütün növ təminatlarına daxil edilərək 5-ci taborun 14-cü bölüyündə taqım komandiri kimi davam etdirmişdir. Adının müharibə veteranı adını alacaq şəxslərin siyahısına daxil edilib-edilməməsini öyrənmək üçün Müdafiə Nazirliyinə məktub göndərsə də, hələ də ona cavab verilməmişdir. Ancaq bir neçə il əvvəl Müdafiə Nazirliyindən ona N saylı hərbi hissə komandirinin xidmət etdiyi taborun yazılı döyüş tapşırığı olmadığı üçün ona veteranlıq verilməyəcəyi bildirilmişdir. Hərbi biletində və şəxsi işində “Vətən müharibəsində gedən döyüşlərdə iştirak etmişdir” qeydi var. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Hesab edir ki, mövcud vəziyyətdə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi qanunauyğundur.
6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: -, Azərbaycan Respublikası Şəxsi Heyət Baş idarəsinin 6 oktyabr 2025-ci il tarixli 3- 25-14/2-6135/2025 nömrəli sorğusuna əsasən N nömrəli hərbi hissədən vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirak etmədiyi haqqında cavab daxil olmuşdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”si tərəfindən xx.xx.2025-ci tarixli protokolu ilə N nömrəli hərbi hissə komandirinin məktubuna əsasən vətandaş İddiaçı “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N avqust 2025-ci il tarixli 3-186/2- 2439/25 nömrəli məktubuna əsasən ehtiyatda olan İddiaçı Loğmaan oğlu, 5-ci taborun 14-cü bölüyünün 2-ci taqımının komandiri döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmişdir və heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “\/eteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılara aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2-1(116)-3041/2025 nömrəli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Belə ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır (Ali Məhkəmənin oxşar işlər üzrə 2-1(102) 2564/23 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102) 2869/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları). Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının “Laçın rayonun işğaldan azad edilməsinə görə” medalı ilə təltif edilməsi onun müvafiq əməliyyatlarla əlaqəli xidmətinin rəsmi qaydada tanındığını göstərir. Həmin medalın verilməsi üçün hərbi hissə tərəfindən təqdimat sənədləri hazırlanmış və Müdafiə Nazirliyi tərəfindən razılaşdırılmışdır. Bu baxımdan eyni hərbi hissənin sonradan şəxs barəsində döyüş əməliyyatlarında iştirak etməməsi barədə arayış təqdim etməsi inzibati orqanların mövqeləri arasında ziddiyyət yaratmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırki işdə iddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. Laçın rayonu 1 dekabr 2020ci tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında İddiaçı “Laçın rayonun azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərə cəlb edilməsini iddia ərizəsində göstərsə də, lakin onun döyüş əməliyyatlarının (maddi-texniki təminatı üzrə) iştirak etməsi müəyyən edilmir. İddiaçı Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına uğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon İdarəsi tərəfindən göndərilmiş əsgər İddiaçı, N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə 5-ci taborun 14-cü bölüyündə taqım komandiri vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Balakən rayon şöbəsinə göndərilmişdir "Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2361 Sərəncamına müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin əmrilə əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çtxardılaraq hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Nəzərə alınmalıdır ki, Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci taborun 14-cü bölüyündə taqım komandiri vəzifəsinə xidmətə qəbul edilmişdir şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. Laçın rayonu xx.xx.2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında ehtiyatda olan iddiaçı “Laçın rayonun azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət keçdiyi N nömrəli hərbi hissə “Vətən müharibəsi" zamanı Tərtər rayonu Suqovuşan yaşayış məntəqəsinə müvəqqəti dislokasiya olmuş, döyüş əməliyyatları bitdikdən sonra isə Laçın rayonunda olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. xx.xx.2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən xx.xx.2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. xx.xx.2020-cı üdə N nömrəli hərbi hissə Laçın rayonuna daxil olmuşdur. Bu səbəbdən döyüş əməliyyatlarında iştrak etməməsinə baxmayaraq, həvəsləndirmə qaydasında hərbi hissənin bütün şəxsi heyəti o cümlədən, ehtiyatda olan leytenant İddiaçı “Laçın rayonun azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti nəticəsində düşməni kaputulasiya aktını imza etməyə məcbur edərək xx.xx.2020-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Laçın, Ağdam və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Xüsusilə qeyd etmək istəyirəm ki, məhkəmə Əsasnamənin qeyd hissəsinin tələblərinə əməl etməyərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə bir başa İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2- 1(116)-3041/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İddiaçı məhkəmə kollegiyasının iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respubilkasının Müdafiə Nazirliynin üzərinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
tətbiq edilən hüquq
14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə: 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (77 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.
23. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmət etsə də, faktiki olaraq nə döyüş əməliyyatlarında, nə də həmin əməliyyatların maddi-texniki təminatı üzrə tapşırıqların icrasında iştirak etmişdir. Belə ki, onun xidmət etdiyi 5-ci taborun 14-cü bölüyünün şəxsi heyəti döyüş əməliyyatları dövründə hərbi hissənin daimi dislokasiya məntəqəsində – Tərtər rayonu Sarov yaşayış məntəqəsində yerləşmiş və aktiv döyüşlərə cəlb olunmamışdır. Eyni zamanda Laçın rayonu 01 dekabr 2020-ci il tarixdə döyüş əməliyyatları aparılmadan nəzarətə keçmiş, N nömrəli hərbi hissə də, həmin əraziyə məhz döyüşlər başa çatdıqdan sonra daxil olmuşdur. İddiaçının “Laçın rayonunun azad olunmasına görə” medalı ilə təltif olunması onun döyüş əməliyyatlarında iştirakı ilə bağlı deyil və həvəsləndirmə məqsədi ilə verilmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-370 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.
25. Apellyasiya şikayətində iddiaçıya “Laçın rayonunun azad olunmasına görə” medalının həvəsləndirmə məqsədi ilə verilməsi barədə irəli sürülmüş dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncamının məzmunundan açıq şəkildə görünür ki, iddiaçı və digər hərbi qulluqçular məhz Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə həmin medalla təltif olunmuşlar.
26. İddiaçının Laçın rayonunun azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı və təltif olunmasının hüquqi əsası birbaşa istinad olunan Sərəncamla müəyyən edilir. Sərəncamda “döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə” ifadəsinin açıq və birmənalı şəkildə göstərilməsi bu təltifin həvəsləndirici xarakter daşımamasını, iddiaçının döyüş əməliyyatlarında iştirakının dövlət tərəfindən tanınması göstərir.
27. Belə olan halda, təltifin məqsədi istinad olunan Sərəncamla dəqiq müəyyən edildiyi halda cavabdeh orqanın subyektiv mülahizələr əsasında bu məqsədi iddiaçının ziyanına fərqli şəkildə şərh etməsi tamamilə əsassız olmuşdur.
28. Bundan başqa, iddiaçıya məxsus hərbi biletdə və digər sənədlərdə onun səfərbərlik sərəncamı əsasında xx.xx.2020-ci ildə hərbi xidmətə cəlb edilməsi, xx.xx.2020xx.xx.2020-ci illərdə hərbi xidmətdə olması, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən” müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak etməsi qeyd olunmuşdur.
29. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır.
30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamış və birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.
31. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddia tələbi təmin edilərkən cavabdeh orqanın üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi qoyulmuşdur.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3571/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə “Müharibə veteranı” adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçıya münasibətdə “Müharibə veteranı” adının məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
33. Bununla yanaşı, həmin Əsasnamənin 2-ci hissəsinin qeydində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
34. Qeyd olunan normanın tətbiqinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində “Müharibə veteranı” adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə “Müharibə veteranı” adının verilməsi ilə bağlı məsələni həll edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
35. Bundan fərqli olaraq, şəxsə “Müharibə veteranı” adının verilməsindən imtina olunduqda, yəni hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının “Müharibə veteranı” adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda, cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 2-1(116)-3041/2025 nömrəli qərarı dəyişdirilir. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respubilkasının Müdafiə Nazirliynin üzərinə qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.