Məhkəmə qərarları › İş №2-1(3-10)-370/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-370/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-370/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh xxxx PHŞ-yə qarşı “iddiaçıya təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək “iddiaçıya təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “iddiaçı Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən 1 Qarabağ döyüşlərində iştirak etmiş və həmin döyüşlərdə yaralanmışdır. Belə ki, o, N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ##.##.1994-cü il tarixdə döş qəfəsi nahiyyəsindən güllə yarası almışdır. Birinci dəfə ona 1997-ci il tarixdə əlillik təyin edilmiş və səbəb isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III qrup əlillik təyin edilmişdir. ##.##.2017-ci il tarixdə növbəti dəfə təkrar müayinə edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə yəni ##.##.2022-ci il tarixdə növbəti dəfə təkrar müayinə edilmiş və ona üçüncü qrup müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi ümumi xəstəlik gözdən əlil kimi qiymətləndirilmişdir. Belə ki, AR MN-nin tibbi sənədlər arxivinin ##.##.2024-cü il tarixli *** nömrəli arxiv arayışında qeyd edilmidir ki, vətəndaş İddiaçı ##.##.1995-ci il tarixdə MN-nin mərkəzi hərbi poliklinikasının (N nömrəli hərbi hissədə) hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: qalça nahiyyəsinin odlu silah kor güllə yaralanması nəticəsində bərkimiş çapıq. Güllə xaric edilməmişdir. Müdafiə Nazirinin 1987ci il tarixli *** nömrəli əmrinin İ bəndinə əsasən hərbi xidmətə yaralıdır. Yaralanma- Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. AR Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tramvatologiya və Ortopediya Institutunun ##.##.2025-ci il tarixli ********** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı hərbi əməliyyatlar nəticəsində odlu silah yaralanmasından sonrakı vəziyyəti - qasıq nahiyyəsində yad cisim (güllə). Aralıq nahiyyəsinin yumşaq toxuma zədələnməsi diaqnozu qoyulmuşdur. O, uzun müddət müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuş, buraxıldıqdan sonra ev şəraitidə öz müalicəsini davam etdirmişdir. Keçən müddət ərzində dəfələrlə komissiyalardan keçmiş və hər dəfəsində əlilliyi bir daha təsdiq edilmişdir. Məlumat üçün bildir ki, onun birinci Qarabağ müharibəsi zamanı xəsarətləri aldığı travma səbəbli olmuşdur.”.

3. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, “iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəki Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Anopsiya nəticəsində ambliopiya, OS yüksək dərəcəli ambliopiya. ##.##.2022-ci il tarixindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmışdır. Şəki rayon sakini ##.##.1975-ci il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1995-ci il tarixli ** nömrəli Arayış verilmişdir. Həmin arayışda "Aralıq nahiyyəsinin odlu silah kor qüllə yaralanması nəticəsində bərkimiş çapığı. Güllə çıxarılmamışdır” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hərbi Qərar/Şəhadətnamə təqdim edilməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilməmişdir. Qarnı palpasiyada yumşaq və ağrısız, boyu 168 sm, çəkisi 91 kq, aşağı ətraflarda əzələ gücü ~4,5-5,0 bal, tonusu normal, hərəkətlər sərbəst qeyd edilmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN Tabeliyində DTSERA ##.##.2022-ci il tarixdə Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsindən keçirilmiş, nəticədə "Bifazik axımlar” kimi müəyyən edilmişdir. Təqdim olunmuş hərbi biletə əsasən, AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” ##.##.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi xidmətinin ləğv edilməsi barədə məlumat qeyd olunmuşdur. Yanaşı olaraq zəif görmədən şikayətlənmiş, ƏƏSMN Tabeliyində DTSERA-da ##.##.2022-ci il tarixdə oftalmoloji müayinə aparılmış, diaqnoz “VIS QD=0,8 k/e. Başlanğıc katarakta. VIS QS=0,02 qarışıq astiqmatizm” kimi müəyyən edilmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, vətəndaşa əlillik təyin edilməsi barədə qərar 2022-ci ilin fevralında verilməsinə baxmayaraq, iddiaçı bu qərarı 2025ci ilin iyul ayında yəni 3 il 5 aydan sonra mübahisələndirmişdir. Bilindiyi kimi, 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.”.

4. Şəki Inzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ##.##.2026-cı il tarixli,*- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, “iş materialları, müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəli qərardan məlumatlı olmuş, lakin iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır.”.

6. Iddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Məhkəmə işin hallarını obyektiv araşdırılmadan ərizəni mümkün saymamışdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə məsələyə formal yanaşaraq hüquqlarımın bərpasına əsassız maneələr yaratmışdır. Belə ki, iddiaçıya MN-nin MHHK-nın arayış verilmiş, ona “Diaqnoz-qalça nahiyyəsinin odlu silah kor güllə yaralnması nəticəsində bərkimiş çapıq. Güllə xaric edilməmişdir.” Diaqnozu qoyulmuşdur. Həmin travmanın səbəbli əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Iddiaçıya əvvəllər həmin səbəbli əlaqə əsasında üçüncü dərəcə əlillik təyin olunmuş, 2017-ci ildən etibarən iddiaçının səhhətində baş vermiş ağırlaşmalara uyğun olaraq həmin meyar əsasında II dərəcə əlillik təyin edilmişdir. ##.##.2022-ci il tarixdə növbəti dəfə təkrar müayinə edilmiş və ona üçüncü qrup müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi ümumi xəstəlik gözdən əlil kimi qiymətləndirilmişdir. Hesab edirəm ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır.(Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı ərizə təqdim edilmişdir. Cavabdeh inzibati orqan elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, bildirmişdir ki, “icraatınızda olan inzibati iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmədən cavabdeh Cavabdeh publik hüquqi şəxsinin (VÖEN: **********) hüquqi varis olan “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edib müvafiq qərar çıxarmağınızı xahiş edirik.”. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh xxxx” publik hüquqi şəxsi əsl cavabdeh Cavabdeh publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin izahatları

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron sistemə ərizə yerləşdirərək mənkəmə prosesində iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

10. Inzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. Inzibati icraat haqqında Qanun: Maddə 73. Inzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. Inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

12. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi IPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli Qərarı

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarı

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.Idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati –Iqtisadi Kollegiyasının ## ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2015-ci il tarixli qərarı Apellyasiya şikayətinin mümkünlüyü

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

21. Məhkəmə kollegiyası tərəfindən iddiaçının apellyasiya şikayətinə nəzər yetirildikdə görünür ki, iddiaçı apellyasiya şikayətində işin mahiyyəti üzrə qərar qəbul edilməsi yönündə dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.

22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü IPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli ** nömrəli Qərarı).

24. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

25. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən prosessual müddətlərlə bağlı məhdudiyyətlərə tabedir.

27. Inzibati prosessual qanunvericiliyin tələbinə görə, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən iddia müddətlərinə riayət edilib-edilməməsi, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

29. Iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə nail olmaqdır.

30. Mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbul olunması səlahiyyətini xxxxnə aid etmiş və əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Əlilliyin təyin olunması barədə qərar inzibati aktın xassələrini daşımaqla yanaşı, şəxs üçün hüquqi nəticə yaradır.

31. Məhkəmə kollegiyası bildirir ki, ##.##.2022-ci il tarixdə "Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı inzibati icraatın yekunudur və öz-özlüyündə bütün əlamətlərinə görə inzibati akt hesab olunur. Bu baxımdan "Əlillik” altsistemində iddiaçının hüquqlarına müdaxilə edilməklə aparılan “dəyişiklik” inzibati akt olaraq mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.

32. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsi Icmal”ında qeyd olunmuşdur ki, “62. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyinin dəyişdirilməsinə dair iddia qaldıra bilər.”.

33. Iş üzrə müəyyən edilir ki, iddiaçı hazırkı tələblə birinci instansiya məhkəməsinə ## #### 2025-ci il tarixdə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən ona müddətsiz əlillik təyin edilməsi barədə qərar ##.##.2022-ci ildə təyin edilmişdir. Belə olduğu halda hazırkı qərarın 11-ci bəndində qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi iddiaçı hazırkı tələblə həmin normalarda məcburi şəkildə nəzərdə tutulan 1 aylıq prosessual müddəti ötürmüşdür.

34. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

35. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan halların olması da iddiaçı tərəfindən mübahisələndirilməmişdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır.

36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar