Məhkəmə qərarları › İş №2-1(3-10)-374/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-374/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-374/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. SHXÇDX-nin Ismayıllı Rayon şöbəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdə Səfərbərlik xidmətinin Ismayıllı rayon şöbəsi tərəfindən Səfərbərlik üzrə həqiqi hərbi xidmətə göndərilmiş və ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş ##.##.2021-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə səfərbərlik üzrə xidmətdən ehtiyyata buraxılmışdır.

2. Iddiaçı, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-**** saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.

3. Iddiaçı, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan ##.##.2025-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Əsas olaraq iddiaçının döyüş əməliyyatların cəlb olunmaması qeyd edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “adının müharibə veteranlarının və müharibə iştirakçılarının müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, ##.##.1997-ci ildə anadan olmuşdur. ##.##.2018-cü il tarixdən ##.##.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon şöbəsində hərbi qeydiyyatdadır. Ehtiyyatda olan əsgərdir (sürücü) Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Rezidentinin Sərəncamına əsasən ## ######## 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ismayıllı rayon şöbəsindən xidmətə çağrılmışdır. ## ######## 2020 ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (N saylı hərbi hissə komandirinin 30 sentyabr *** nömrəli əmri). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Pezidentinin Sərəncamı və Nazirlər Kabinetinin *** nömrəli qərarına əsaslanaraq: -Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarım yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə "Müharibə veteranı" adı verilmişdir. Hərbi hissənin ştatınında olan, şəxsi heyətin siyahısına, bütün növ təminatlara adının salınmasına baxmayaraq ona Müharibə iştirakçısı adı verilmədiyi üçün ərizə ilə ##.##.2025 ci il tarixində Müdafiə Nazirliyi veteran adı və vəsiqəsinin verilməsi üzrə komissiyanın sədrinə müraciət etmişdir. Hərbi biletində ## ######## 2020-ci il tarixindən ## ###### 2021-ci il tarixədək Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Pezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Adının müharibə iştirakçısı siyahısına daxil edilib-edilməməsi barədə Müdafiə Nazirliyindən məlumat almaq istəmişdir, lakin ona bildirmişlər ki, həmin fərmanın tələbləri ona şamil edilmir. Səbəb isə adının döyüş əmrində olmamasıdır, ehtiyyatda olan taborda xidmət etdiyini əsas tuturlar. Döyüş nizamnaməsinə əsasən ehtiyyatda olan taborun vəzifəsi açıq şəkildə göstərilmişdir. Ehtiyat taborun tapşırığını araşdırmadan formal cavab məktubları göndərirlər. Əvvəlki məktublara Müdafiə Nazirliyindən verilən məlumata əsasən müharibə veteranı olmadığı üçün ona “Müharibə iştirakçısı" medalı verilməyəcək. ## ######## 2020-ci il tarixindən ## ###### 2021- ci il tarixədək, o, əsas hücum istiqamətində olan hərbi hissədə döyüş tapşırığı yerinə yetirmişdir. Məlumat üçün bildirir ki, N saylı hərbi hissə Talış-Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad olunmasında hücum əməliyyatlarında iştirak edib. N-ci tabor hərbi hissənin ümümqoşun ehtiyyatı olub hər zaman verilən tapşırıqların icrasına hazır olub. (Ümümqoşun ehtiyyatının tapşırığlarına əsasən). Hər zaman döyüşə hazır vəziyyətdə N saylı hərbi hissənin daimi yaşayış yerində hərbi hissənin ehtiyatını təşkil edib. 10 noyabr sazişindən sonra Tapqaraqoyunlu kəndində sonra isə Qubadlı rayonunda xidməti davam etmişdir. Bütün qeyd olunanlardan da göründüyü kimi Müdafiə Nazirliyinin veteran adı və vəsiqəsinin verilməsi uzrə komissiya tamamilə qanunsuz və əsassız olaraq onun adının müharibə veteranı adı verilməsi siyahısına salınmasından imtina edib. Laçın rayonunun işğaldan azad olunmasına görə verilən medalə həvəsləndirmə üçün verildiyini bildirirlər. N saylı hərbi hissənin bütün şəxsi heyətinə Laçın rayonunun işğaldan azad olunmasına görə medal verilmişdir. Belə başa düşmək olar ki, hərbi hissənin şəxsi heyətini medalla həvəsləndiriblər. Suqovuşan yaşayış məntəqəsinin işğaldan azad olunmasında N saylı hərbi hissəsinin şəxsi heyətinin müstəsna əməyi olub. Suqovuşan yaşayış məntəqəsində Azərbaycan bayrağını ilk olaraq N saylı hərbi hissəsinin hərbi qulluqçuları dalğalandırmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin bəndlərini sadalamış və qeyd etmişdir ki, iddiaçı İddiaçı səfərbərliklə qeydiyyata alındığı N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli ****/* nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsində xidmət etmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Laçın rayonu # ###### 2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olduğundan hərbi hissənin şəxsi heyəti və İddiaçı həvəsləndirilmə qaydasında “Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı İddiaçı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsində xidmətdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissənin daimi dislokasiya məntəqəsində qalıb heç bir döyüş əməliyyatlarına cəlb olunmadığı üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il ########ın ##-dən dekabrın 31- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Bundan başqa, SHXÇDX-nin Ismayıllı rayon şöbəsinin arayışında, ona məxsus hərbi biletdə və qeydiyyat kartasında onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və onun ##.##.2020-ci il tarixdən – ##.##.2021-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995- ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, 2020-ci il #######ın #-dən səfərbərliklə hərbi xidmətə cəlb olunaraq N saylı hərbi hissədə sürücü vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda iddiaçı İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalı ilə təltif olunmuşdur.

9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı İddiaçı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək konkret olaraq hansı ərazilərdə və hansı döyüş təminatı üzrə tapşırıqları icra etməsi araşdırılmamış, bu hal hərbi hissə tərəfindən təqdim edilmiş hər hansı arayış və əmrlə sübuta yetirilməmiş, yalnız iddiaçının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi ilə kifayətlənilmişdir. Belə ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barərədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

15. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ..... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: ….

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

24. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək konkret olaraq hansı ərazilərdə və hansı döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi araşdırılmamış, həmin hallar hərbi hissə tərəfindən təqdim edilmiş hər hansı arayış və ya əmrlə təsdiq olunmamış, yalnız iddiaçının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi əsas götürülmüşdür.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-**** saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir.

26. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, iddiaçı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Laçının azad olunmasına görə” medalla təltif edilmişlər.

27. Yəni, iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və hansı əsasla təltif olunması istinad olunan Sərəncamla birbaşa sübuta yetirilir. Sözügedən Sərəncamda “Laçının azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə” ifadəsinin açıq şəkildə qeyd edilməsi iddiaçının döyüş əməliyyatlarında faktiki iştirakının dövlət tərəfindən təsdiq edilməsi kimi qəbul edilməlidir.

28. Bundan başqa, iddiaçıya məxsus hərbi biletdə və digər sənədlərdə onun səfərbərlik sərəncamı əsasında iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək 281 və N nömrəli hərbi hissələrdə müharibə dövrü hərbi xidmət keçməsi və “Vətən” müharibəsində iştirak etməsi qeyd olunmuşdur.

29. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır.

30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamış və birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar