Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-380/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən * saylı ƏVI-nin ##.##.2025-ci il tarixli, *********** nömrəli qərarına əsasən ##.##.2025-ci il tarixdə Cavabdeh 6000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Qeyd edilən əmlakın siyahıya alınmasına dair ##.##.2025-ci il tarixli protokol tərtib edilmiş və eyni tarixdə iddiaçı izahat verərək, “Opel Astra H” markalı avtomobilin ona məxsus olmasını bildirmiş və onun siyahıya alınmasına etiraz etməmişdir.
2. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehə əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir.
3. ##.##.2025-ci il tarixli, ***************** qeydiyyat nömrəli bildirişlə cavabdehə 5 gün müddətində vergi borcunu ödəməli olduğu bildirmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2025 tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 2011.36 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, “Opel Astra H” markalı, “minik” modelli, ** RP *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, qara metallik rəngli, 6000 manat dəyərində avtonəqliyyat vasitəsi) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdeh borc məbləğlərinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2025 tarixə yaranan 2011.36 manat borcuna görə 6000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli, ********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın (bir ədəd, “Opel Astra H” markalı, “minik” modelli, ** RP *** dövlət qeydiyyat nişanlı, 2006-cI il buraxılışlı, qara metallik rəngli, 6000 manat dəyərində avtonəqliyyat vasitəsi) 2 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda və dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##.##.2025 tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə 2011.36 manat ödənilməmiş borcu qalmışdır. Iş materiallarında olan “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsində vergi uçotundadır. “Əmlakın siyahıya alınması haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd, “Opel Astra H” markalı, “minik” modelli, ** RP *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, qara metallik rəngli, 6000 manat dəyərində avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” ##.##.2025-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. Iş materiallarında olan iddiaçı orqanın ##.##.2025-ci il tarixli məlumat məktubundan görünür ki, cavabdeh barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar qüvvədədir. Iş materiallarında olan Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Cavabdeh “Opel Astra H” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin olması barədə BDYPI-nin mərkəzi informasiya sistemində məlumat qeydə alınmışdır.
6. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2025 tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 2011.36 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, “Opel Astra H” markalı, “minik” modelli, ** RP *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, qara metallik rəngli, 6000 manat dəyərində avtonəqliyyat vasitəsi) əmlakın icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışını təşkil etmək öhdəliyi iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: Iddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin Dövlət büdcəsinə ödənilməmiş 2011.36 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə onun 6000 manat dəyərində siyahıya alınmış əmlakı satılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Qeyd olunmalıdır ki, cavabdehə məxsus siyahıya alınmış həmin əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakların kateqoriyasına aid deyil. Məhkəmə qeyd edir ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, qəbul edilən qərarla onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh qeyd etmişdir ki, o borcunu ödəmək istədiyi halda, ailəsinin yeganə qazanc yeri olan avtomobilin üzərinə həbs qoyulması və əmlakından qanunsuz şəkildə məhrum edilməsi onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə tərəfindən düzgün araşdırma aparılmayaraq, onun avtomobilinə az qiymət müəyyən etmişdir. Eyni zamanda cavabdeh ##.##.2026-cı il tarixli məktubunda əlavə olaraq qeyd etmişdir ki, cavabdehin əmlakı onun iştrakı olmadan, əmlaka baxış keçrilmədən iddiaçı orqan tərəfindən xəyali qiymət təyin edilmişdir. Ümumiyyətlə həmin borcun ödənilməsi ilə bağlı ona hər hansı bir bildiriş göndərilməmişdirlər. Həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan avtomobili həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmişdir. Yəni əmlak birgə nikah dövründə əldə edilmişdir. Odur ki, həmin əmlakın iddia tələbində qeyd edildiyi kimi hərraca çıxarılması tamamilə qanuna ziddir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və maddi hüquq normaları sadalanmışdır. Əlavə olaraq qeyd etmişdrilər ki, cavabdehin apellyasiya şikayəti sadəcə formal olaraq verilmiş, heç bir əsaslandırma qeyd olunmamış, apellyasiya şikayətinin verilməsi sadəcə vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə yaranmış borcun ödənilməsindən boyun qaçırmaq məqsədi daşıyır.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Iddiaçı inzibati orqan tərəfindən məhkəmə kollegiyasına ərizə ünvanlanaraq qeyd edilmişdir ki, hazırkı məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Cavabdeh məhkəmə məhkəmə kollegiyasına ərizə ünvanlanaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə kollegiyasının iclasının təxiə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
14. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Cavabdeh onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh Cavabdeh dövlət büdcəsinə vergi, faiz və maliyyə sanksiyası üzrə ödənilməmiş borcu yaranmış, həmin borcun könüllü qaydada ödənilməsi təmin edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş təminat tədbirlərinin tətbiqinə başlanılmışdır.
21. Cavabdehə məxsus “Opel Astra H” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı avtonəqliyyat vasitəsi vergi orqanının əmlakın siyahıya alınması haqqında ##.##.2025-ci il tarixli qərarı əsasında ## ######## 2025-ci il tarixli protokolla siyahıya alınmış və həmin tarixli aktla məsul saxlanılması üçün cavabdehin özünə verilmişdir. Sözügedən avtomobilin cavabdehə məxsus olması mübahisəsizdir.
22. Əmlak siyahıya alındıqdan sonra vergi orqanının ## ######## 2025-ci il tarixli xəbərdarlığı ilə borcun 30 gün ərzində ödənilməyəcəyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəməyə müraciət ediləcəyi cavabdehə bildirilmiş, buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.
23. Iş materiallarından görünür ki, avtomobilin siyahıya alınmasına əsas olmuş dövlət büdcəsinə borc ümumilikdə 2011,36 manatdır. Həmin məbləğin 910,92 manatı vergilər, 100,44 manatı hesablanmış faizlər, 1000 manatı isə maliyyə sanksiyasından ibarətdir və satış tələbinə əsas olmuş vergi öhdəliyi davam edir.
24. Siyahıya alınmış avtomobilin 6000 manat məbləğində müəyyən edilmiş dəyəri vergi borcunun, onunla bağlı ödənişlərin və satış xərclərinin təmin edilməsi baxımından zəruri və kifayət edən həddədir. Avtomobilin satış üçün yararsız olması, öz əmtəə xassəsini itirməsi və ya qanunvericiliyə əsasən tələbin yönəldilməsi mümkün olmayan əmlak olması müəyyən edilmir.
25. Kollegiya cavabdehin apellyasiya şikayətində və ## ###### 2026-cı il tarixli müraciətində irəli sürdüyü məsələlərə münasibətdə qeyd edir ki, iş materiallarından cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı məlumatlandırılmasına dair sübutlar mövcuddur. Cavabdehin avtomobilin onun iştirakı olmadan siyahıya alınmasına gəldikdə isə iş materiallarından görünür ki, siyahıya almada cavabdeh özü bibrbaşa iştirak etmiş, bununla bağlı izahat yazmış, nəqliyyat vasitəsi akt tərtib edilməklə onun məsul saxlanmasına verilmişdir.
26. Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri baxımından hazırkı mübahisədə əhəmiyyət kəsb edən əsas hallar əmlakın vergi ödəyicisinə məxsusluğunun müəyyən edilməsi, onun səlahiyyətli vergi orqanının qərarı əsasında siyahıya alınması və siyahıyaalmanın qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsidir. Hazırkı işdə nəqliyyat vasitəsinin cavabdehə məxsus olduğu müəyyən edilmiş, əmlak Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq siyahıya alınmış və onun fotoşəkilləri çəkilmişdir.
27. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən hazırkı mübahisənin predmetini siyahıya alınmış əmlakın qiymətinin müəyyən edilməsi yox, vergi borcunun ödənilməsinin təmin olunması məqsədilə həmin əmlakın satılması üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğunun yoxlanılmasıdır.
28. Birinci instansiya məhkəməsinin qərarında avtomobilin 6000 manat dəyərində göstərilməsi əmlakın siyahıya alınması haqqında protokolda əks olunmuş məlumatın və satış predmeti olan əmlakın fərdiləşdirici göstəricilərinin təsvirindən irəli gəlmişdir. Məhkəmə tərəfindən avtomobilin bazar qiymətinin müəyyən edilməsinə yönəlmiş ayrıca araşdırma aparılmamış və qərarın nəticəvi hissəsində onun qiymətinin 6000 manat müəyyən edilməsi barədə nəticəyə gəlinməmişdir. Buna görə əmlakın dəyərinin qeyd edilməsi Vergi Məcəlləsinin 90.3-cü maddəsində nəzərdə tutulan “siyahıya alınmış əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi” hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcəkdir. Odur ki avtomobilə baxış keçirilmədən ona aşağı qiymət müəyyən edilməsi barədə dəlil də, əsaslı hesab edilə bilməz.
29. Avtomobilin ailənin yeganə qazanc mənbəyi olması barədə cavabdehin bildirdiyi hal da həmin əmlakı qanunvericiliklə tələb yönəldilməsi qadağan edilmiş əmlaklara aid etmir. Vergi Məcəlləsinin 89.6-cı maddəsində minik avtonəqliyyatı vergi borcunun təmin edilməsi məqsədilə siyahıya alına bilən əmlakın ardıcıllığında birbaşa nəzərdə tutulmuşdur. Cavabdehin borcu ödəmək niyyətində olması uzun müddət ərzində yerinə yetirilməmiş vergi öhdəliyinin mövcudluğunu və Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində nəzərdə tutulan təminat mexanizminin tətbiqini aradan qaldırmır.
30. Kollegiya cavabdehin mübahisə predmeti olan avtomobilin nikah dövründə əldə edildiyinə görə onun satışının qanunsuz olması barədə dəlilini də əsaslı hesab etmir. Vergi Məcəlləsinin 89.1-ci maddəsi vergi öhdəliyinin yerinə yetirilməməsi halında vergi ödəyicisinin əmlakının siyahıya alınmasına imkan verir. Həmin Məcəllənin 89.4-cü maddəsinə görə isə vergi ödəyicisi olan fiziki şəxsin qanunvericiliyə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Beləliklə, qeyd olunan normaların tətbiqi baxımından əhəmiyyətli hal - siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsus olması və həmin əmlakın tələb yönəldilməsi istisna edilmiş əmlaklar sırasına daxil olub-olmamasıdır.
31. Iş materiallarından görünür ki, “Opel Astra H” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdeh Cavabdeh məxsus nəqliyyat vasitəsi kimi dövlət qeydiyyatındadır. Cavabdehin avtomobilin nikah dövründə əldə edilməsinə istinad etməsi də həmin nəqliyyat vasitəsinin ona məxsusluğu faktını aradan qaldırmır. Buna görə cavabdehin qeyd olunan dəlili siyahıya alınmış avtomobilin Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən satışa mane olan hal kimi qiymətləndirilə bilməz.
32. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.