Məhkəmə qərarları › İş №2-1(3-10)-410/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-410/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-410/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxsə birdəfəlik pul müavinətinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:

1. Iş materiallarında olan: Cavabdehin ##.##.2025 və ##.##.2025-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının sosial adaptasiyaya ehtiyacının olmasını müəyyən etmək mümkün olmadığından ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən gürünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin ##.##.2025-ci il tarixli ** №-li arayışından görünür ki, İddiaçı ##.##.2015-ci ildən ##.##.2025-ci ilədək cəza çəkmiş, cəza müddəti qurtardığına görə ##.##.2025-ci il tarixində azad olunmuşdur. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “o, Şəki Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmünün icrası üzrə cəzasını tam çəkmiş və Penitensiar xidmətin * saylı Cəzaçəkmə müəssisəsində saxlanmışdır. Cəza müddəti ## ### 2025-ci il tarixdə tam başa çatdıqdan sonra müəssisədən azadlığa buraxılmışdır. Bundan sonra o, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə şamil edilən tibbi və sosial yardıma ehtiyacı olan şəxslər kateqoriyasına aid edildiyindən, ona qanunvericiliklə nəzərdə tutulan birdəfəlik pul müavinətinin verilməsi üçün cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, qurum buna qanunvericiliklə müəyyən edilmiş şərtlərin mövcud olmamasını əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Halbuki, bu mövqe Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququna ziddir. Cavabdehin imtinası onun (iddiaçının) maddi vəziyyətinə, yenidən cəmiyyətə inteqrasiyasına mane olur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra hələ də işlə təmin olunmamışdır.”.

4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyasi, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunla tənzimlənir. Bu Qanun, sadəcə inzibati tədbir deyil, hüququn hümanist və utilitarist funksiyalarının ifadəsidir. Qanunun əsas fəlsəfi maqsədi: Hümanizm və ləyaqət prinsipi: Şəxsin cəzasını çəkdikdən sonra insan ləyaqəti və vətəndaş hüquqlarının bərpası, onu cəmiyyətin tamhüquqlu subyekti kimi qəbul etmək. Utilitarizm və residivin profilaktikası: Cəmiyyətə inteqrasiya dəstəyi verməklə, şəxsin yenidən cinayət törətmə riskini azaltmaq, bununla da ictimai fayda və təhlükəsizliyi təmin etmək. Restorativ ədalet: Cinayət səbəbindən pozulmuş sosial tarazlığın bərpasına nail olmaq. Belə ki, iddiaçının təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsində nəzərdə tutulan zorlamanın ağırlaşdırıcı hallarda törədilməsi, adaptasiya müavinətinin verilməsi məsələsində yuxarıda qeyd olunan fəlsəfi təməllərlə ciddi ziddiyyətlər yaradır. Ağırlaşdırıcı hallar (təkrar törətmə, zərərçəkmişin azyaşlı olması və s.) bu cinayətin xüsusi ictimai təhlükəlilik dərəcəsini göstərir. Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi üzrə məhkum edilmiş şəxslərin xüsusi ictimai təhlükəliliyi və törədilmiş cinayətin qurbanının ləyaqətinə vurduğu zərər nəzərə alınaraq, onlara sosial adaptasiya proqramları çərçivəsində pul müavinətinin verilməsi sosial ədalət prinsipinə birbaşa olaraq zidddir. Hərəkətin (cinayətkarın maliyyələşdirilməsi) arxasında duran prinsip universal qanuna çevrildikdə, o, ədalət və ləyaqət normaları ilə ziddiyyət təşkil edir. Zorakılıq cinayətkarının cəmiyyət tərəfindən maliyyə dəstəyi ilə "mükafatlandırılması" rasional ziddiyyətdir. Bu, cəza sisteminin məqsədlərinə zidd olaraq, cinayətkarın əməlinin nəticələrindən qismən azad edilməsi kimi qəbul edilə bilər. Cinayətkara dövlət vəsaiti ilə müavinətin verilməsi isə qurbanın çəkdiyi iztirabın fonunda cinayətkarın maliyyələşdirilməsi kimi qəbul edilərək, qurbanın ləyaqətinə yeni bir zərbə vurur. Dövlət müavinəti verərkən bilavasitə olmasa da, cinayətkarın rahat adaptasiyasını qurbanın uzunmüddətli psixoloji və sosial bərpasından üstün tutmuş olacaqdır. Həmin müavinətin verilməsi, dövlətin qurbanın hüquqlarına olan etik prioritetini təsdiqləyən yeganə deontoloji əsaslandırılmış yoldur. Sosial Fayda Perspektivinə nəzər salınan zaman isə utilitarizm (ən böyük xoşbəxtliyin ən böyük sayda insan üçün təmin edilməsi) aspektindən, CM-in 149.2.5-ci maddəsi üzrə məhkumlara maliyyə müavinəti verilməsi məqsədəuyğun deyil. X4: Bu şəxslərin adaptasiyasında əsas problem maddi yox, psixoloji və davranış pozğunluqlarıdır. Adaptasiya resursları (o cümlədan maliyyə) pul müavinətinə deyil, psixoloji reabilitasiya, davranış korreksiyası və peşə təhsili proqramlarına yönəldilməlidir. Şəxsi Məsuliyyət: Ağır cinayət törətmiş şəxs, öz adaptasiya yükünü özü daşımaqda daha məsuliyyətli olmalıdır. Müavinət bu məsuliyyəti zəiflədir. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanun adaptasiya tədbirlərini nəzərdə tutsa da, ictimai maraq və təhlükəsizlik prinsipləri bu dəstəyin məhdudlaşdırılmasına qanuni əsas verir. Iddiaçının məhkum edildiyi CM-in 149.2.5-ci maddəsindəki cinayətin xüsusi təhlükəliliyi ilə birləşdirildikdə, pul müavinətinin cinayətkarın adaptasiyasında maddi ehtiyacının şübhəli və ya müəyyən edilməyən hallarında, dövlət resurslarının bu kateqoriyaya yönəldilməsi hüquqi və etik cəhətdən əsassız olmaqdadır. Bu səbəbdən də ## #### 2025-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq adaptasiyaya ehtiyacının olmasını müəyyən etmək mümkün olmadığından ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.”.

5. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik pul müavinətinin verilməsi məsələsinə məhkəmənin qərarında göstərilmiş hüquqi mövqeyə uyğun baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır

6. “Məhkəmə iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən aparılmış inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: Cavabdeh inzibati orqan icraatda iddiaçının dindirilməsini, eləcə də onun istəyinə uyğun olaraq mülahizəsinin alınmasını təmin etməmişdir. Bununla da «Inzibati icraat haqqında» Qanunun 21.2-ci maddəsinin tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, müraciətdə qaldırılan məsələnin mahiyyəti və nəticə üzrə qərar «Inzibati icraat haqqında» Qanunun 21.3-cü maddəsinin tətbiq dairəsinə (maraqlı şəxslərin dinlənilməsi tələb olunmayan aktlar) aid edilmir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatda işin bütün halları araşdırılmamış, müavinətin verilməsindən imtina barədə qərar (məktub) əsaslandırılmamış, qərarda cavabdeh qanunvericiliyin aidiyyəti normalarını sadalamaqla kifayətlənmişdir. Halbuki, bu məsələdə iddiaçının «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun tətbiqi dairəsinə aid olub-olmaması, sosial adaptasiyaya ehtiyacı olan şəxs sayılıb-sayılmaması və digər bu qəbildən olan xüsusiyyətlər qiymətləndirilə və bundan sonra müavinətin verilməsi və ya verilməsindən imtina barədə qərar çıxarıla bilər. Məhkəmə diqqətə çəkir ki, qeyd olunan halların və xüsusatların müvafiq olaraq təmin edilməsi və qiymətləndirilməsi inzibati icraat çərçivəsində daha effektiv və adekvat sayıla bilər, nəinki məhkəmə icraatında. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının müraciəti üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal qismində dəyərləndirilməli və iddiaçıya sosial adaptasiya məqsədilə pul müavinətinin verilməsi üzrə məsələyə yuxarıda sadalan hallar təmin edilməklə, araşdırılmaqla və qiymətləndirilməklə yenidən baxılmalıdır.

7. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “ilk olaraq məhkəmənin “inzibati orqan icraatda iddiaçının mülahizələrini dinləməyə borcludur” mövqeyi ilə razılaşmayaraq bildirilir ki, “Inzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Sosial təminat hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısını dinləmək faktiki cəhətdən mümkün olmur. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin sosial təminat sisteminin əsas prinsiplərindən biri də ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində sosial müavinət alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Ikinci olaraq “cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatda işin bütün halları araşdırılmamış, müavinətin verilməsindən imtina barədə qərar (məktub) əsaslandırılmamış” mövqeyinə münasibətdə bildirmək istəyirik ki, Mərkəzi Filialın 3-17-1/2-C******/2025 nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının sosial adaptasiyaya ehtiyacının olmasını müəyyən etmək mümkün olmadığından cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Hesab edirlər ki, inzibati orqanın iddiaçıya ünvanladığı məktubda müavinətin təyin olunmama səbəbi kifayət qədər əsaslandırılmışdır. Oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarında “iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməmiş, Konstitusiyanın və Qanunun tələblərini pozmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmuş, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyrimütənasib müdaxilə vəziyyəti yaratmamışdır” qeyd edilmişdir. Həmin qərarda qeyd olunan mövqe birbaşa olaraq qanunvericilikdə göstərilməmişdir. Lakin qanunun tətbiqi zamanı onun yaranma səbəbi, xidmət etdiyi və tənzimlədiyi ictimai münasibətlərin dairəsi də nəzərə alınmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Maddə 4. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Maddə 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Maddə 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Maddə 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Maddə 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Maddə 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.

15. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2007-ci il Fərmanı Bənd 2.3. Həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

16. «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi» Bənd 3. Fondun vəzifələri və hüquqları 3.1.19. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;

17. “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.1. Inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icrası həyata keçirirlər. Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.2. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 21.3. Inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələri dinləlməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda: 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsi ilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

18. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs qismində ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsinə yönəlmişdir.

24. Hazırkı qərarın 14-16-cı bəndlərində göstərilən normalarla müəyyən edilir ki, qanunvericilik cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiyası məqsədilə tədbir qismində onlara minimum aylıq əməkhaqqının dörd misli miqdarında birdəfəlik pul müavinətinin verilməsini nəzərdə tutur və həmin tədbirin həyata keçirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs kimi Dövlət Sosial Müdafiə Fonduna həvalə edir.

25. Iş materiallarından göründüyü kimi, iddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə müraciətin təmin edilməsindən imtina etmişdir.

26. Cavabdehin apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri isə ondan ibarətdir ki, iddiaçının məhkum edildiyi CM-in 149.2.5-ci maddəsindəki cinayətin xüsusi təhlükəliliyi ilə birləşdirildikdə, pul müavinətinin cinayətkarın adaptasiyasında maddi ehtiyacının şübhəli və ya müəyyən edilməyən hallarında, dövlət resurslarının bu kateqoriyaya yönəldilməsi hüquqi və etik cəhətdən əsassız olmaqdadır. Bu səbəbdən də ## #### 2025-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq adaptasiyaya ehtiyacının olmasını müəyyən etmək mümkün olmadığından ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir.

27. Kollegiya apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan iddiaçının ümumiyyətlə sosial adaptasiyaya ehtiyacının olub-olmaması qənaətinə gəlmək üçün ilk növbədə bununla bağlı zəruri icraat apararaq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi.

28. Bu tələb bilavasitə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsindən də irəli gəlir.

29. Bununla yanaşı sözügedən Qanunda cavabdehə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirlərini cəzanın növləri üzrə diferensasiya edərək həyata keçirmək səlahiyyəti verilməmişdir.

30. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qurum iddiaçının «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun tətbiq dairəsinə aid olub-olmadığını, sosial adaptasiyaya ehtiyacı olan şəxs hesab edilib-edilmədiyini və digər xüsusiyyətləri qiymətləndirmək əvəzinə, formal olaraq qanun normalarını sadalayaraq imtina məktubu hazırlamışdır. Halbuki, inzibati orqan ona daxil olmuş müraciət üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırdıqdan sonra müavinətin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul etməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsində sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edilməsi ilə bağlı cavabdehə araşdırma səlahiyyəti verilmişdir.

32. “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı”nın 6.1-ci bəndində qeyd olunur ki, “məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyini müəyyən edərsə, IPM-in 12-ci maddəsinə uyğun olaraq qərar qəbul etmək üçün tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Işin faktiki hallarını obyektiv araşdırma aparmaqla müəyyənləşdirmək məhkəmənin xidməti vəzifəsini təşkil etsə də, heç bir halda inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Məhkəmənin rolu faktiki hallara dair natamamlığı tamamlamaqdır, inzibati orqanı əvəz etmək deyildir.”.

33. Ona görə də kollegiya iddiaçının müraciəti üzrə cavabdehin hərəkətlərinin formal mülahizələrə söykənən hal qismində dəyərləndirilməsi və yuxarıda sadalan hallar təmin edilməklə, araşdırılmaqla və qiymətləndirilməklə iddiaçıya sosial adaptasiya məqsədilə pul müavinətinin verilməsi üzrə məsələyə yenidən baxılmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar