Məhkəmə qərarları › İş №2-1(3-10)-46/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-46/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-46/2026 25.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınan reyestr nömrəsi **********19-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m-lik qeyri yaşayış binasını, reyestr nömrəsi **********30-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m-lik qeyri-yaşayış binasını və reyestr nömrəsi **********84 qeydiyyat nömrəsi ********** olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha həyətyanı torpaq sahəsini birləşdirərək vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-2514/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınan reyestr nömrəsi **********19-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış binasını reyestr nömrəsi **********30-06301 qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m-lik qeyri-yaşayış binasını və reyestr nömrəsi **********84 qeydiyyat nömrəsi ********** olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha həyətyanı torpaq sahəsini birləşdirərək vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə ünvan 1 (yeni qaydalarla Şəki şəhəri, İstiqlaliyyət prospekti 307) ünvanında olan 33.5 kv.m-lik qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə, Şəki şəhəri, M.Müşfiq küçəsi 157B ünvanında yerləşən 81.8 kv.m-lik qeyri-yaşayış binası xx.xx.2024-cü il tarixdə və Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0,0273 ha həyətyanı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir. Həmin çıxarışlara əsasən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ əsasında iddiaçı tərəfindən üzərində qeyri-yaşayış binası inşa edilmişdir.

3. İddiaçı ərizəsində bildirmişdir ki, qeydə alınmış bu üç daşınmaz əmlak bir-birinə bitişik sahələrdir. Onların ikisinə – 0,0042 ha torpaq sahəsində yerləşən 33,5 kv.m-lik qeyri-yaşayış binasına və 0,0103 ha torpaq sahəsində yerləşən 81,8 kv.m-lik qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına müvafiq çıxarış və texniki pasport verilmişdir.

4. Həmin iki qeyri-yaşayış sahəsi bir dam altında tikilsə də ayrı-ayrılıqda qeydə alınmışdır. Digər 0,0273 ha həyətyanı torpaq sahəsi isə həmin iki qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə bitişik ərazi olmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Cavabdeh iddiaçıya 18 mart 2025-ci il tarixli imtina təqdim edərək tələbin icrasının mümkün olmadığını bildirmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətdə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binalarının, habelə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən torpaq sahəsinin vahid daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir.

6. İddiaçının müraciəti ilə bağlı təqdim etdiyi sənədlər toplusu (surətləri) ekspertiza edilərkən araşdırma zamanı məlum olmuşdur ki, tikililərin faktiki göstəricilərinin həmin tikililərin texniki pasportunda göstərilmiş göstəricilərə uyğun olmadığı, dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlərin dəyişdirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri göstərildiyindən və müraciətdə qeyd edilmiş tikililərdə aparılmış işlər qeyd olunan maddənin təsiri altına düşmədiyindən tikintiyə və tikinti obyektinin istismarına icazə barədə müvafiq sənədlər tələb olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və digər müvafiq qanunvericiliyin müddəalarını rəhbər tutaraq ərizənin icrasından imtina edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etçişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 dekabr 2025-ci il tarixli 2- 1(116)-2514/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tikililərin faktiki göstəriciləri həmin tikililərin texniki pasportunda göstərilmiş göstəricilərə uyğun deyil, qeyriyaşayış binalarının ölçüləri lazımi icazələr almadan artırılmışdır. Qeyri-yaşayış binalarının ölçüləri 2019-cu ildən tez olmayaraq genişləndirilmişdir. Texniki göstəricilərindən görünür ki, üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən qeyri-yaşayış binası tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid deyildir. Qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir. İddia olunan 33,5 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi hazırda 55,1 kv.m. təşkil edir. 33,5 kv.m və 81,8 kv.m olan qeyri-yaşayış binaları 360,7 kv.m-lik qeyri-yaşayış binasının tərkib hissəsidirlər. İş materiallarından görünür ki, qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-2514/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)- 2514/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;

2. İddiaçının adına qeydə alınmış ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddaçının mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2024-cü il tarixli çıxarışı;

3. ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2021-ci il tarixli çıxarışı;

4. Şəkişəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli çıxarışı;

5. A seriyalı 183094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü;

6. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı;

7. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilən mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tikililərin faktiki göstəriciləri həmin tikililərin texniki pasportunda göstərilmiş göstəricilərə uyğun deyil, qeyriyaşayış binalarının ölçüləri lazımi icazələr almadan artırılmışdır. Qeyri-yaşayış binalarının ölçüləri 2019-cu ildən tez olmayaraq genişləndirilmişdir. Texniki göstəricilərindən görünür ki, üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən qeyri-yaşayış binası tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid deyildir. Qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir. İddia olunan 33,5 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi hazırda 55,1 kv.m. təşkil edir. 33,5 kv.m və 81,8 kv.m olan qeyri-yaşayış binaları 360,7 kv.m-lik qeyri-yaşayış binasının tərkib hissəsidirlər. İş materiallarından görünür ki, qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m sahəsi olan qeyriyaşayış binası **********19-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m sahəsi olan qeyri-yaşayış binası **********30-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsi xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir və göstərilən əmlaklar bir-birinə bitişikdir.

28. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş 21 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddia olunan 360,7 kv.m qeyri-yaşayış binasının 33,5 kv.m olan hissəsi 2001-ci ildə, 81,8 kv.m olan hissəsi 2003-cü ildə, yerdə qalan hissəsi isə 2019–2022-ci illər ərzində inşa edilmişdir. Sözügedən 33,5 kv.m və 81,8 kv.m olan qeyri-yaşayış binalarına dair istismar aktlarının təsdiq olunmuş surətləri təqdim olunur. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü xüsusi mülkiyyət olub, torpaq sahəsinin ölçüləri təqdim olunmuş sxemdə öz əksini tapdığı və sözügedən 33,5 kv.m və 81,8 kv.m olan qeyri-yaşayış binalarının naturada mövcud olması və iddia olunan 360,7 kv.m-lik qeyri-yaşayış binasının tərkib hissəsi kimi müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hüquqi marağı 2019-2022-ci illər ərzində inşa edilmiş qeyri-yaşayış binasının hissələri üzərində mülkiyyət hüququnun qeydə alınması deyil, əvvəldən qeydə alınmış hüquqlarının vahid daşınmaz əmlak kimi çıxarışda göstərilməsindən ibarətdir. Bu baxımdan da əvvəlki tikililərin mövcudluğu da araşdırılaraq müəyyən edilmişdir ki, iddia olunan 33,5 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi 55,1 kv.m, 81,8 kv.m olan qeyri-yaşayış binasının faktiki ümumi sahəsi isə 70,7 kv.m-dir. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən qeyri-yaşayış binalarının ümumilikdə sahəsi 360,7 kv.m-dir. xx.xx.2021-ci il qeydiyyat tarixli və xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışlara əsasən üzərində mülkiyyət hüququ qeydə alınmış qeyri-yaşayış binalarının mövcud vəziyyəti həmin hüququn qeydə alındığı tarixdən dəyişmişdir. Rekonstruksiya və bərpa işləri aparılmışdır. Aparılmış işlər nəticəsində xx.xx.2021-ci ildə qeydə alınan binanın ümumi sahəsi artmış, xx.xx.2024-cü ildə qeydə alınan binanın sahəsi isə azalmışdır.

30. Göründüyü kimi vahid daşınmaz əmlak kimi qeydə alınması iddia olunan qeyriyaşayış binaları naturada mövcuddur. Həmçinin, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsi göstərilən torpaq sahələrinə bitişikdir.

31. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq işdə olan hüquqmüəyyənedici sənədlərə və mütəxəssis rəyinə istinad edərək qeyd etmişdir ki, fiziki, konstruktiv və funksional baxımdan bir bütöv olan tikili vahid daşınmaz əmlak kimi qiymətləndirilməlidir. Ayrı-ayrı ölçü, tarix və mərhələlərlə tikilməsi vahidlik prinsipini pozmur. Bu zaman üç əsas hala diqqət yetirilməldir : bitişik torpaq sahəsi olması, funksional baxımdan ərazinin və tikilinin bütövlüyü və faktiki olaraq bir bina kimi istifadə olunması. Hazırkı vəziyyətdə isə göstərilən işin halları nəzərdə tutulmuş şərtlərə uyğundur.

32. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapdığından hazırkı tələbin icrasını istisna edən, məhdudiyyət nəzərdə tutulan norma mövcud deyildir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ünvan 1 ünvanında 0.0042 ha torpaq sahəsində yerləşən 33.5 kv.m sahəsi olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında 0.0103 ha torpaq sahəsində yerləşən 81.8 kv.m sahəsi olan qeyri-yaşayış binası və Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.0273 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq İddiaçı Çıxarışın və texniki pasportun verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli 2-1(116)-2514/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar