Məhkəmə qərarları › İş №2-1(3-10)-51/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-51/2026

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(3-10)-51/2026 10.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı imtinasının və apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və iddiaçıya sağlamlıq dərəcəsinin və orqanizmin pozulması müəyyən edilməklə əlillik dərəcəsi təyin edilməsi və məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verdiyi və qəsdi qərəzçilik etdiyi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)-1107/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyini ilə bağlı imtinasının və apardığı qiymətləndirmənin əsassız hesab edilməsi və iddiaçıya sağlamlıq dərəcəsinin və orqanizmin pozulması müəyyən edilməklə əlillik dərəcəsi təyin edilməsi və məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verdiyi və qəsdi qərəzçilik etdiyi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra üzun sürən müalicə və müayinələr nəticəsində xəstəliyində düzəlmə, sümüklərin bitişməsi, çanağın düzəlməsi halı baş vermədiyindən ona daha öncə də təyin edilmiş diaqnoz üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən arayış təqdim edilmiş, həmin arayışda onun xəstəliyinin düzəlmədiyi, daha da ağırlaşdığı qeyd edilmiş, funksiya pozğunluğunun artdığı, xəstəlik kodunun 436.4 W33. 291.0. M21.0. M16.0. M16.5. R52.0. M24.5. R26.8. M62.5. M21.7. M42. M43. G54.1. M47.8.298.8 olduğu, L5-S1 səviyyəsində fəqərələrarası məsafənin daraldığı, ön aşağı abdominal və pelvik divarda çox sayda 12 mm kiçik ölçülü metal yad cisimlərin aşkar edildiyi qeyd edilmişdir. - Xəstəliyinin aparılan müayinə və müalicələrlə düzələn olmadığı səbəbindən əlillik təyini üçün Şəki Mərkəzi Rayon Xəstəxanasından yuxarıda qeyd edilən diaqnoz səbəbləri, xəstəliyin kodları ətraflı şəkildə qeyd edilməklə göndəriş verilmiş və əlillik təyini məsələsinə baxılması tələb edilmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən” imtina etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış; Diaqnozun mətni: Digər posttravmatik koksartrozlar, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış bərpa müalicəsi davam etdirilsin səbəbi ilə imtina verilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı; - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli məktubu və arayışı; - Şəki Mərkəzi rayon Xəstəxanası phş-nin göndəriş məktubu; - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-656/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı; - Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı; - Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkləmə-tibbi ekspertizası ekspertizası təyin edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 4039 nömrəli ekspert rəyi.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 dekabr 2025-ci il tarixli 2- 1(116)-1107/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbinin “məhkəmə qərarlarında göstərilənləri nəzərə almadan süründürməçiliyə yol verdiyi və qəsdi qərəzçilik etdiyi səbəbindən cavabdeh orqan barədə xüsusi qərardad qəbul edilməsi” hissəsində mümkün sayılmamışdır.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 dekabr 2025-ci il tarixli 2- 1(116)-1107/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ üzərinə xx.xx.2024-cü il tarixindən 1 il müddətinə İddiaçı orqanizmin funksiyalarının pozulmasının 40-50 faizi müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən edilir ki, Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. - Müəyyən edilmiş əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma 88 göndərişi tərtib edilmişdir. Cavabdehin 22 avqust 2024-cü il qiymətləndirmə tarixli Qərarına əsasən “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. - Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında “Məhkəmə Tibbi-Ekspertiza və X3” publik hüquqi şəxsinin 28 avqust 2025-ci il tarixli məktuba əlavə edilmiş ekspert rəyində aşağıdakılar qeyd edilmişdir : “31 iyul 2025-ci il tarixdə İddiaçı Birliyin Təkrar ekspertizalar şöbəsində TSEK nümayəndələri ilə birlikdə müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdə dediklərini bir daha təsdiq etdi. Hazırda şikayəti sağ ayağında ağrılardandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sağ bud sümüyünün köhnə bitişmiş sınığı (2010), metal lövhə ilə ostiosintez əməliyyatından sonrakı vəziyyət müşahidə edilir. Sağ aşağı ətrafda bükmə-açma köhnə bitişmiş sınığa (2010) görə aparılmış ostiosintez əməliyyatı ilə bağlı bir qədər məhduddur, atrofiya müşahidə edilmədi. Yerişi pozulub, çəliksiz sağ ayağını çəkərək yeriyir”. - İddiaçı barəsində tərtib olunmuş forma 88 göndərişində əsas diaqnoz M16.5 XBT koduna əsasən “Digər posttravmatik koksartrozlar, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” kimi müəyyən edilmişdir. Həmin diaqnozun müxtəlif qiymətləndirici əlamətləri mövcuddur ki, bu da OFP-nin müxtəlif dərəcələrinin müəyyən edilməsinə əsas verir. Həkim müayinəsi zamanı iddiaçının sağlamlıq vəziyyətində M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət.Yumşaq toxumalarda çox saylı yad cisimlər metal qəlpələr Sağ budun ön və arxa səthlərində çox saylı kelloid çapıqları.Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, valqus deformasiyası, metal lövhə ilə osteosintezi əməliyyatdan sonrakı vəziyyət.Sağ bud çanaq oynağının İİİ mərhələli koksoartrozu.Sol bud çanaq, oynağının İİ mərhələli kosoartrozu ağrı sindromu ilə.Sağ bud çanaq oynağının kontrakturası bükmə 160, açma tamdır. Sağ aşağı ətrafın 4 sm qısalığı, əzələ atrofiyası. Yerişin pozulması. Bel fəqərələrinin osteoxondrozu, spondilyozu, kökcük ağrıları ilə. Funksiya pozğunluğu” müəyyən edilmişdir. - Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mövcud sağlamlıq vəziyyəti, Forma 88-də qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” Meyarlarının 13.4.30-cu yarımbəndində qeyd edilmiş “bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla” xəstəliklərin əhatə dairəsinə uyğun olmuşdur - Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.30-cu bəndində “Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” Orqanizmin funksiyalarının pozulması faizi 40-50 göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 40-50 dərəcəsi və Orqanizmin funksiyalarının pozulması müddəti - 1 il əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. - Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaksiyasında) 13.4.30-cu bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 40-50 % aralığında təsbit edilmişdir. - Məhkəmə qeyd etmişdir ki, iddiaçının OFP-nin 40-50 % aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. - Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya əlilliyin müəyyən olunmasından imtina etməsi barədə 22 avqust 2024-cü il tarixli qərarı əsassız olmuşdur. İddiaçının barəsində tərtib edilmiş forma 88 göndərişi və onun sağlamlıq vəziyyəti qüvvədə olan Meyarlara Əlavəyə əsasən OFP-nin 40-50 % aralığında qiymətləndirilməli və müəyyən edilməlidir.

8. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)- 1107/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edir ki, iddiaçı barədə göndərişlərin rəsmiləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ambulator və stasionar müayinələr yetərli olmalıdır. - Belə müayinələr yetərli olmadığı təqdirdə göndərişdə qeyd olunan diaqnozun yarımçıq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir. - Həmçinin, İddiaçı sağlamlıq vəziyyətinin araşdırılması məqsədi ilə keçirilmiş Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 4039 nömrəli rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsinin sonuncu qiymətləndirilməsi zamanı “Diger posttravmatik koksartrozlar. Odlu silah yaralanması. Sağ bud-çanaq oynağı nahiyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” diaqnoz müəyyən edilsə də, şəxsin xx.xx.2025-ci il tarixdə hazırkı əyani müayinəsi zamanı sağ bud sümüyünün köhnə bitişmiş sınığı (2010), metal löhvə ilə ostiosintez əməliyyatından sonrakı vəziyyət, sağ aşağı ətrafda bükmə-açmanın köhnə bitişmiş sınığa (2010) görə aparılmış ostiosintez əməliyyatı ilə bağlı bir qədər məhdud olması müəyyən edilmiş, atrofiya izlənilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlığın imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də, xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər-hansı bəndinə şamil etmək mümkün olmamışdır. Sadalanan faktlardan aydın olur ki, məhkəmənin iddianın təmin edilməsi barədə qəbul etdiyi qərar əsassızdır. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir, şikayət imtina ilə eynilik təşkil edir və həmin hallar birinci instansiya məhkəməsində araşdırılaraq hüquqi qiymətini almışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə kollegiyasına elektron ərizə göndərərək yolunun uzaq olduğunu, ayağını atıb gəzə bilmədiyini, çətinlik çəkdiyini və bu səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, işə iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - 13.4. Hər iki aşağı ətrafın istənilən səviyyədə travmatik amputasiyası - 13.4.30. bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla – orqanizmin funksiyalarının 40 – 50 % pozulması; orqanizmin funksiyalarının pozulması müddəti – 1 il.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli qərarda iddiaçıya əlilliyin təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmişdir.

25. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, müayinə yetərli olmadığı təqdirdə göndərişdə qeyd olunan diaqnozun yarımçıq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir.

26. Kollegiya hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətində irəli sürdüyü arqumentlər-yəni iddiaçının göndərişlərinin rəsmiləşdirilməsi üçün ambulator və stasionar müayinələrin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tam olması və əlavə müalicələr aparılmadan qiymətləndirmənin həyata keçirilməməsi – işin faktiki halları və qanunvericilik tələbləri ilə uyğun gəlmir.

27. Göründüyü kimi, cavabdeh orqanın apellyasiya şikayətinin dəlili imtinanın dəlili ilə eynilik təşkil edərək iddiaçının əlavə müayinəyə ehtiyacının olması qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faiz müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Müəyyən edilmiş əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma 88 göndərişi tərtib edilmişdir. Cavabdehin 22 avqust 2024-cü il qiymətləndirmə tarixli Qərarına əsasən “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir.

29. Həmçinin, “Məhkəmə Tibbi-Ekspertiza və X3” publik hüquqi şəxsinin 28 avqust 2025ci il tarixli məktuba əlavə edilmiş ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “31 iyul 2025-ci il tarixdə İddiaçı Birliyin Təkrar ekspertizalar şöbəsində TSEK nümayəndələri ilə birlikdə müayinədən keçirilərkən xx.xx.2023-cü il tarixdə dediklərini bir daha təsdiq etdi. Hazırda şikayəti sağ ayağında ağrılardandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sağ bud sümüyünün köhnə bitişmiş sınığı (2010), metal lövhə ilə ostiosintez əməliyyatından sonrakı vəziyyət müşahidə edilir. Sağ aşağı ətrafda bükmə-açma köhnə bitişmiş sınığa (2010) görə aparılmış ostiosintez əməliyyatı ilə bağlı bir qədər məhduddur, atrofiya müşahidə edilmədi. Yerişi pozulub, çəliksiz sağ ayağını çəkərək yeriyir”.

30. Bundan əlavə, iddiaçı barəsində tərtib olunmuş forma 88 göndərişində əsas diaqnoz M16.5 XBT koduna əsasən “Digər posttravmatik koksartrozlar, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” kimi müəyyən edilmişdir. Həmin diaqnozun müxtəlif qiymətləndirici əlamətləri mövcuddur ki, bu da OFP-nin müxtəlif dərəcələrinin müəyyən edilməsinə əsas verir. Həkim müayinəsi zamanı iddiaçının sağlamlıq vəziyyətində M21.0 Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət.Yumşaq toxumalarda çox saylı yad cisimlər metal qəlpələr Sağ budun ön və arxa səthlərində çox saylı kelloid çapıqları.Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, valqus deformasiyası, metal lövhə ilə osteosintezi əməliyyatdan sonrakı vəziyyət.Sağ bud çanaq oynağının İİİ mərhələli koksoartrozu.Sol bud çanaq, oynağının İİ mərhələli kosoartrozu ağrı sindromu ilə.Sağ bud çanaq oynağının kontrakturası bükmə 160, açma tamdır. Sağ aşağı ətrafın 4 sm qısalığı, əzələ atrofiyası. Yerişin pozulması. Bel fəqərələrinin osteoxondrozu, spondilyozu, kökcük ağrıları ilə. Funksiya pozğunluğu” müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları, ekspert rəyi və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.30-cu bəndi əsasında qiymətləndirilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.30-cu bəndində bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla, yəni “Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Odlu silah yaralanması.Sağ bud çanaq oynağı nahiyyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət.Yumşaq toxumalarda çox saylı yad cisimlər metal qəlpələr Sağ budun ön və arxa səthlərində çox saylı kelloid çapıqları.Sağ bud sümüyünün boynunun qeyri düzgün bitişmiş sınığı, valqus deformasiyası, metal lövhə ilə osteosintezi əməliyyatdan sonrakı vəziyyət.Sağ bud çanaq oynağının İİİ mərhələli koksoartrozu.Sol bud çanaq, oynağının İİ mərhələli kosoartrozu ağrı sindromu ilə.Sağ bud çanaq oynağının kontrakturası bükmə 160, açma tamdır. Sağ aşağı ətrafın 4 sm qısalığı, əzələ atrofiyası. Yerişin pozulması. Bel fəqərələrinin osteoxondrozu, spondilyozu, kökcük ağrıları ilə. Funksiya pozğunluğu” halları üzrə qiymətləndirmə meyarları konkret müəyyən edilmişdir. Həmin meyarlara əsasən, bu hallarda orqanizmin funksiyalarının pozulması faizi 40-50%, müddəti isə 1 il olaraq nəzərdə tutulur.

33. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının diaqnozunun (əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsinin sonuncu qiymətləndirilməsi zamanı “Diger posttravmatik koksartrozlar. Odlu silah yaralanması. Sağ bud-çanaq oynağı nahiyəsinin ov tüfəngindən yaralanmasından sonrakı vəziyyət” diaqnozu) orqanizmin funksiyalarının pozulmasının 40 faizdən aşağı olmasına dair hər hansı mötəbər sübutlar da təqdim etməmişdir.

34. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir.

35. Belə ki, cavabdeh orqan özü də, iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyünü mübahisələndirmir, lakin müalicə günlərinin sayının yetərli olmaması, xəstənin əlavə ixtisaslaşdırılmış müalicəyə ehtiyacının olmasını bildirir. Bununla belə imtina əsası qeyrimüəyyən olmaqla müalicə günlərinin sayının, o cümlədən əlavə müalicəyə ehtiyacının nə qədər olması ilə bağlı cavabdeh orqanın mövqeyi qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, əlillik müəyyən olunarkən faktiki vəziyyət, yəni davamlı funksional pozuntu əsas götürülməlidir. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş tibb müəssisəsi əlavə müayinə və müalicə aparılacağı təqdirdə belə, diaqnozda göstərilən xəstəliklərin tamamilə aradan qalxmasını bildirməmiş, həmçinin ekspert rəyi ilə də iddiaçının müalicəni davam etdirsə də xəstəliklərinin aradan qalxması, tam reablitasiya olunmasını təsdiq edən halların olması öz təsdiqini tapmışdır.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə aradan qalxması mümkün olmayan diaqnoza münasibətdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə verilmiş imtina cavabı tamamilə əsassız olmuşdur.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

40. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

41. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

42. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

43. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

44. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 1 il müddətinə OFP-nın 40-50 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.

47. Göründüyü kimi, İddiaçı bugünə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, müvafiq xəstəliklərdən bugün də əziyyət çəkməsi iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnoz əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

48. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

50. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)-1107/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar