Məhkəmə qərarları › İş №2-1(3-10)-55/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-55/2026

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-55/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “15627,06 AZN vergi borcuna dair qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-1497/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “15627,06 AZN vergi borcuna dair qəbul edilmiş qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 14 yanvar 2026-cı il tarixli 2-1(116)-1497/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “15627,06 AZN vergi borcuna dair qəbul edilmiş qərarın ləğv edilməsi” barədə iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, inzibati işin araşdırılması və mahiyyəti üzrə hüquqi qiymətin verilməsi üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixinə məhkəmə iclasları təyin edilmiş, iddiaçıya qabaqcadan məhkəmənin yeri və vaxtı barəsində lazimi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixinə təyin edilmiş iclas iddiaçının iştirak etməməsi səbəbi ilə keçirilməmişdir. Sonuncu dəfə isə inzibati işin detallarının iddiaçı tərəfindən dəqiqləşdirilməsi zərurəti olduğundan xx.xx.2026-cı il tarixinə məhkəmə iclası təyin edilmiş və iddiaçıya məhkəmənin yeri və vaxtı barəsində əvvəlcədən lazimi məlumat göndərilmişdir. Məhkəmə iclası təyin olunan yerdə və vaxtda keçirilmiş, lakin yenə iddiaçı tərəfindən iştirakı təmin olunmamış və bu baradə məhkəməyə hər hansı məlumat verilməmişdir. - Məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab edilməlidir.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-1497/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edir ki, 30 oktyabr 2024-cü il tarixində Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 15627.06 AZN (on beş min altı yüz iyirmi yeddi manat altı qəpik) vergi borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə bütün zəruri sənədlərini və işlə bağlı sübutlarını əlavə etmişdir. xx.xx.2024-cü il tarixində onun iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixində sərəncam göndərilmişdir. Onun ünvanına heç bir məhkəmə sənədi gəlməyib, yəni o, bu prosesi elektron-məhkəmə sistemi vasitəsilə izləmişdir. Ümumilikdə iş üzrə 2 proses keçirilmişdir: xx.xx.2025 və xx.xx.2026-cı il. 2-ci məhkəmə prosesində isə yekun qərar qəbul edilmişdir. - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1497/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. - O, iddia tərəfi olaraq, Şəki İnzibati Məhkəməsinin bu yanaşması ilə razı deyildir və hesab edir ki, onun iddiasına baxılmalı idi. - Onun məhkəmə prosesində iştirak edə bilməməyinin isə obyektiv səbəbi olmuşdur. Belə ki, həmin ərəfədə onun biləyi qırılmış və əməliyyat olunduğuna görə əvvəlcə xəstəxanada, sonra isə evdə yataq şəraitində müalicə olunmuş, hal-hazırda da müalicəsi davam edir. Müalicə müddətində o, elektron məhkəmə sistemindən istifadə edə bilməmiş, məhkəmədən də hər hansı məktub və ya bildiriş gəlməmişdir. Odur ki, onun məhkəmə proseslərində iştirak edə bilməməyi üzürlü səbəblərdən baş vermişdir. - Hesab edir ki, iddianın geri qaytarılması üçün heç bir faktiki hal müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə bir qərardadla iki hüquqi nəticə yaratmışdır, yəni həm iddianı geri qaytarmış, həm də icraata xitam vermişdir. Hesab edir ki, belə olan halda iki ayrıca qərardad qəbul edilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

7. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-1497/2025 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılmasını üçün qaytarılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:

11. “M.Məmmədovun şikayəti əsasında AR İPM-nin 55-ci maddəsinin bəzi müddəalarının AR Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı

Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

15. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

16. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

17. Belə ki, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

18. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

19. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır.

20. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir.

21. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclaslarında iştirak etməməsini onun prosessual marağını itirməsi kimi qiymətləndirərək, iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir.

22. İlk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının tələblərinə riayət olunmamış, qərardadın nəticəvi hissəsində iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi əks olunsa da, onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmamışdır.

23. Kollegiya bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 55.3-cü maddəsinin tətbiqi avtomatik xarakter daşımamalı, məhkəmə tərəfindən əvvəlcədən iddiaçıya konkret və aydın tələb irəli sürülməlidir.

24. Həmin Qərarda vurğulanır ki, tələb xəbərdarlıq məqsədi daşımalı, iddiaçının davranışının hüquqi nəticələri ona açıq şəkildə izah edilməli, məhkəmənin ondan konkret olaraq nə tələb etdiyi göstərilməli, tələb hakim tərəfindən imzalanmalı və sübut oluna bilən qaydada iddiaçıya çatdırılmalıdır.

25. Eyni zamanda, tələbin yerinə yetirilməməsinin hüquqi nəticələri - iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi - qanunun müvafiq maddələrinə istinad edilməklə açıq şəkildə ifadə olunmalıdır.

26. Bundan əlavə, iddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər.

27. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu prosessual təminatları həyata keçirmədən, iddiaçıya rəsmi xəbərdarlıq göndərmədən iddianı geri götürülmüş saymış və icraata xitam vermişdir.

28. Bundan əlavə, iş materiallarında və iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi tibbi sənədlərdə onun əlinin sınması faktı təsdiqlənir ki, bu da məhkəmə iclaslarında iştirak etməməsinin üzrlü səbəbdən qaynaqlandığını göstərir.

29. Belə olan halda, məhkəmə iddiaçının məhkəməyə müraciət etmək hüququnun əhəmiyyətini nəzərə alaraq ona rəsmi və məlumat xarakterli xəbərdarlıq göndərməli, məhkəmə iclasında iştirak etmədiyi təqdirdə iddianın geri götürülmüş sayılacağı və iş üzrə icraata xitam veriləcəyi barədə əvvəlcədən qanunvericiliyin normalarına istinadən məlumatlandırmalı idi. Məhkəmə tərəfindən isə iddiaçıya yalnız məhkəmənin yeri və vaxtı barəsində əvvəlcədən məlumat göndərilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda tələbinə baxılmaqda israrlı olması nəzərə alınmalı, həmçinin iddiaçının məhkəmə iclasında iştirak etməməsinin nəticələri barədə ona dolğun məlumat verilməməsi və məhkəmənin prosessual yardım öhdəliyini yetərincə icra etməməsi qəbul olunmuş qərardadın hüquqi qüvvəsinə və legitimliyinə təsir edən əhəmiyyətli prosessual çatışmazlıq hesab edilməli və bu hal qərardadın ləğv olunmasına hüquqi əsas kimi qiymətləndirilməlidir.

31. Beləliklə, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi və əsaslandırılmış xəbərdarlıq edilmədən iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi prosessual normaların tələblərinə uyğun olmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

33. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

34. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-1497/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar