Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-60/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il 2-1(116)-2412/2024 nömrəli qərarına izah verilməsi tələbinə dair ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-2412/2024 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.
3. Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(107)-201/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır.
4. Daha sonra cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(107)-201/2025 nömrəli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-1972/2025 nömrəli qərarı ilə kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir.
5. Nəticədə qərar icra edilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 2412/2024 nömrəli qərarının nəticə hissəsinin izah edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 14 yanvar 2026-cı il tarixli 2-1(116)-2412/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarına izah verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilkdə şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsi müəyyən edilsə də, bu hal qanuni qüvvəsini almış məhkəmə aktının icrasına maneə yarada bilməz. - Belə ki, məhkəmə qərarında iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur və burada qeyri-müəyyən məqam mövcud deyil. Siyahıların Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması inzibati orqanın razılaşdırıldıqdan sonra verilməsi müəyyən edilsə də bu hal qanuni qüvvəsini almış məhkəmə aktının icrasına maneə yarada bilməz. Müvafiq veteran vəsiqəsini vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahıların razılaşdırması isə inzibati orqanın prosedur qaydasıdır və artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrasının tərkib hissəsi kimi qəbul edilməlidir. - Göründüyü kimi, hazırkı iş üzrə məhkəmə qərarında işin faktiki halları, əsaslandırılmış qanunvericilik normaları, məhkəmənin gəldiyi yekun nəticə, cavabdehin üzərinə hansı vəzifənin qoyulması və iddia tələbinin təmin edilməyən hissəsi tam və aydın şəkildə öz əksini tapmışdır. - Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə qərarına izah verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hal mövcud olmadığından, qərar kifayət qədər aydın və anlaşılan olduğundan məhkəmə qərarına izah verilməsindən imtina edilməlidir.
8. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2412/2024 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. - Beləliklə, məhkəmə, qərarın nəticəvi hissəsində İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını göstərsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2412/2024 nömrəli qərarına izah verilməsi tələbinə dair ərizəsinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.https://e-qanun.az/framework/46945 Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
15. «Məhkəmə qətnаməsi hаqqındа» Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli, 4 №-li Qərаrının 14-cü bəndi: Qətnаmə аydın və dəqiq olmаdıqdа, həmçinin ziddiyyətli olduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) qətnаmənin məzmununu dəyişdirmədən onu izаh etməyə hаqlıdır.
Apellyasiya şikayətinin mümkünlüyü
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. Belə ki, cavabdehin qərara izah verilməsinə dair ərizəsindən müəyyən edilir ki, məhkəmə, qərarının nəticəvi hissəsində İddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə qoyulduğu göstərilsə də, müvafiq Əsasnaməyə əsasən həmin ad və vəsiqənin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması məqsədilə göndərilməsi barədə ifadənin qərarda ayrıca əks olunmaması icra zamanı çətinlik yaratmışdır.
22. Məhkəmə kоllegiyаsı qeyd edir ki, qаnunverici qəbul edilmiş qərar аydın və dəqiq оlmаdıqdа, həmçinin ziddiyyətli оlduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) tərəfindən qərarın məzmununu dəyişdirmədən оnun izаh edilməsini nəzərdə tutmuşdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
24. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
25. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
26. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1729/2025, 2-1(102)-3019/2025 saylı qərarları).
27. Həmçinin mübahisələndirilən məhkəmə qərarında iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi konkret və aydın şəkildə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, icra subyekti, habelə icra edilməli hərəkətin hüquqi mahiyyəti və məzmunu birmənalı müəyyən edilmişdir. Qərarda sənədlərin razılaşdırılmaq üçün göndərilməsi barədə ayrıca göstərişin yer almaması müəyyən edilmiş öhdəliyin mahiyyətini dəyişdirmir, onu qeyri-müəyyən və ya icrası mümkün olmayan hala gətirmir.
28. Beləliklə, siyahıların Nazirlər Kabineti ilə razılaşdırılması inzibati orqanın daxili prosedur qaydası olmaqla, qanuni qüvvəsini almış məhkəmə aktının icrası prosesinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosedur hərəkətləri cavabdehin üzərinə qoyulmuş əsas öhdəliyin icrası çərçivəsində həyata keçirilməli təşkilati tədbirlərdir və məhkəmə qərarının icrasına maneə kimi dəyərləndirilə bilməz.
29. Göründüyü kimi, iş üzrə qəbul edilmiş məhkəmə qərarında işin faktiki halları, tətbiq olunmuş hüquq normaları, məhkəmənin gəldiyi yekun nəticə, cavabdehin üzərinə qoyulan konkret vəzifə tam, aydın və hüquqi baxımdan əsaslandırılmış şəkildə öz əksini tapmışdır. Qərarın məzmunu icra baxımından kifayət qədər müəyyən və anlaşılan olduğundan ona əlavə izah verilməsinə zərurət mövcud deyildir.
30. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-2412/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 1.2 və MPM-in 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli 2-1(116)-2412/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.