Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-69/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Göyçay Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Göyçay Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı, Göyçay Bələdiyyəsinin hesabına 144 AZN ödəniş edilmişdir.
2. Satılmış torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmiş, X2 kitabında ##.##.2007-ci il tarixdə 165 nömrə ilə uçota alınmışdır.
3. Iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən həmin müraciətə ##.##.2023-cü il tarixli imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmışdır, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Iddia ərizəsinin əsaslarına görə, iddiaçı, ünvan 1 saylı ünvanda yaşadığı mənzilin qarşısında yerləşən, uzun müddət istifadə etdiyi 239.4 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması barədə ərizə ilə Göyçay bələdiyyəsinə müraciət etmişdir. Göyçay şəhəri Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişdiyi yerdə, yaşadığı mənzilin qarşısında yerləşən 239,4 kv.m torpaq sahəsinin ayrılması barədə Göyçay bələdiyyəsinə verdiyi ərizə ilə əlaqədar səlahiyyətli şəxslərin iştirakı ilə ## #### 2007-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair akt tərtib edilərək, imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Göyçay rayonu Göyçay bələdiyyəsinin ## ######## 2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən ünvan 1 saylı ünvanda yaşadığı ictimai binanın yaxınlığında uzun müddət istifadədə olan 239,2 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair müvafiq ödəniş edərək, qəbzi bələdiyyəyə təqdim etdikdən sonra, ## ######## 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, yuxarıda qeyd olunan 239,2 mz torpaq sahəsi həyətyanı məqsədi ilə iddiaçıya satılmışdır. Müvafiq sənədləri təqdim etməklə, iddiaçı adına ## ###### 2007-cı il tarixdə 165 nömrə ilə uçota alınmış A seriyalı ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Həmin sənəddən də goründüyü kimi, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və həmin ərizə 2723005665 nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün zəruri sənədləri təqdim etməyinə baxmayaraq, sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından ## ###### 2023-cü il tarixdə imtina olunmuşdur.
8. Cavabdeh məhkəməyə təqdim etdiyi ##.##.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və sözügedən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil. ##.##.2007-ci il tarixli Torpaq sahəsinin seçilməsi Aktında torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması qeyd edilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.
9. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) # ####### 2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X3 Uçotu informasiya Sisteminə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. Iş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi ayrıldığı zaman 88 kv.m hissəsi Göyçay bələdiyyəsinin mülkiyyətində olmamışdır. Yəni, bələdiyyə səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır.Digər tərəfdən bələdiyyə mülkiyyətində olan 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlardır.Həmin kateqoriya torpaqların mülkiyyətə verilməsi isə qanunla istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin oluna bilməz.
11. Iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
apellyasiya instansiya məhkəməsindəki birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsinin üzərinə Göyçay bələdiyyəsinin # ######## 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı satılmış Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 239 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
13. Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
kassasiya instansiya məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər Göyçay bələdiyyəsinin və AR IN yanında ƏMDX-ın nümayəndələri inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası hazırki işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli, *- *(*-**)-**/**** nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli, *- *(*-**)-**/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.
tətbiq edilən hüquq
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2. Istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, habelə Ali Məhkəmənin hazırkı iş üzrə qərarında verdiyi hüquqi göstərişləri təkrar apellyasiya baxışında qiymətləndirərək aşağıdakı nəticəyə gəlir.
29. Iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Göyçay Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** saylı qərarı əsasında ona satıldığı bildirilən Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır.
30. Iş materialları ilə müəyyən edilir ki, Göyçay Bələdiyyəsinin ## ######## 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı İddiaçı yaşadığı binanın yaxınlığında uzun müddət istifadəsində olan 239,2 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi qərara alınmış, həmin torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmiş, iddiaçı tərəfindən bələdiyyənin hesabına 144 manat məbləğində ödəniş edilmişdir.
31. Cavabdeh orqan isə hüquqların dövlət reyestrində qeydiyyatından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsi elektron baza məlumatlarına əsasən çoxmənzilli yaşayış binasına bitişik ərazidə yerləşir və ümumi istifadədə olan torpaq sahəsi kimi müəyyən edilmişdir.
32. Işə təkrar baxılarkən Ali Məhkəmənin göstərişinə uyğun olaraq mübahisəli torpaq sahəsinin çoxmənzilli yaşayış binası ilə əlaqəsi, həmin binanın ümumi istifadəsində olan ərazisinə aid olub-olmaması istiqamətində araşdırma aparılmış, binanın layihəsi əldə edilməsi üçün aidiyyəti qurumlara sorğular verilmişdir.
33. Binanın layihəsinin əldə edilməsi mümkün olmasa da, kollegiya tərəfindən iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən satılmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılmışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin hüquqi rejimi Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsi və 59cu maddəsinin 1-ci hissəsinin müddəaları nəzərə alınmaqla qiymətləndirilməlidir.
35. Torpaq Məcəlləsinin 18.2-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarının tərkibinə yaşayış və ictimai tikinti massivlərində yerləşən bina, tikili və qurğuların altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri, ümumi istifadədə olan meydan, küçə, keçid, yol, park, xiyaban və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlərin yerləşdiyi torpaqlar, eləcə də şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri daxildir.
36. Iddia olunan 0,0239 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binasına aid torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi üçün onun yerləşmə vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır.
37. Iş materiallarında olan ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, mübahisəli 0,0239 ha torpaq sahəsi “Göyçay yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyəyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı”nda dövlət mülkiyyətinə aid çoxmərtəbəli binaların yerləşdiyi ümumi istifadədə olan ərazi kimi göstərilmişdir.
38. Iş materiallarında olan sxematik plandan görünür ki, iddiaçıya satılmış torpaq sahəsi Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən yaşayış binasına bitişikdir. Sxemdə yaşayış binasının ölçüləri 15x25 metr, mübahisəli sahə isə yol və piyada zolağı ilə sərhəddə yerləşməklə binanın sağ tərəfi boyunca 8 metr, yol istiqamətində 7 metr ölçüdə təsvir edilmişdir.
39. Belə olan halda iddia olunan torpaq sahəsi Torpaq Məcəlləsinin 18.2-ci maddəsi baxımından bələdiyyənin ehtiyat fondu torpağı kimi yox, çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi ümumi istifadə olan ərazisinin tərkib hissəsi kimi xarakterizə olunur.
40. Torpaq Məcəlləsinin 59.1-ci maddəsinə əsasən fərdi yaşayış və bağ evlərinin tikintisi məqsədilə torpaq sahələri vətəndaşların xüsusi mülkiyyətinə yalnız yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından əvəzi ödənilməklə verilə bilər. Buna görə də bələdiyyənin mübahisəli sahəni iddiaçının mülkiyyətinə vermək səlahiyyəti həmin sahənin bələdiyyənin ehtiyat fondu torpağı kimi müəyyən olunmasından asılı idi.
41. Hazırkı işdə iddia olunan torpaq sahəsi yerquruluşu planında dövlət mülkiyyətinə aid çoxmərtəbəli binaların yerləşdiyi ümumi istifadə ərazisi kimi göstərildiyindən Göyçay Bələdiyyəsinin həmin torpaq sahəsini Torpaq Məcəlləsinin 59.1ci maddəsi üzrə bələdiyyənin ehtiyat fondu torpağı kimi iddiaçının xüsusi mülkiyyətinə vermək səlahiyyəti olmamışdır.
42. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsində çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi birbaşa qadağan edilmişdir.
43. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsi də torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarının sahənin xüsusiyyətinə, torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun qəbul edilməsini tələb edir.
44. Torpaq sahəsi satılarkən qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Qanunun 10-cu maddəsinə görə təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl olunması məcburi idi. Qanunun 12-ci maddəsi isə torpaq sahələrinin ayrılması zamanı yaşayış məskəninin mövcud vəziyyətinin, baş planın, yerquruluşu sənədlərinin, qırmızı xətlərin və şəhərsalma reqlamentlərinin nəzərə alınmasını tələb edirdi.
45. Mübahisəli torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarının 1.1-ci bəndinə əsasən həmin normalar yaşayış məskənlərinin planlaşdırılması, tikintisi və abadlaşdırılmasına dair əsas tələb və qaydaları müəyyən edirdi.
46. AzDTN 2.6-1 4.14-cü bəndinə əsasən birinci mərtəbəsində mənzil olan yaşayış binaları qırmızı xətdən kənarda və ondan 6 metrdən az olmayan məsafədə yerləşdirilməlidir. Iş materiallarında olan sxematik planda mübahisəli torpaq sahəsinin yaşayış binasının yol istiqamətində yerləşən hissəsindən, yəni bina ilə yol və piyada zolağı arasında olan sahədən ayrıldığı görünür. Bu isə həmin sahənin yaşayış binası ilə yol infrastrukturu arasında saxlanmalı olan məsafəyə aid olmasını göstərir. Bələdiyyə həmin sahəni alqı-satqı predmeti kimi iddiaçının xüsusi mülkiyyətinə verməklə yaşayış binası ilə yol-piyada infrastrukturu arasında normativ olaraq saxlanmalı açıq sahəni nəzərə almamışdır.
47. Beləliklə, istinad olunan maddi hüquq normalarının birlikdə təhlili onu göstərir ki, Göyçay Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Buna görə də, sözügedən qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu yaradan hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz.
48. Kollegiya qeyd edir ki, torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olması, iddiaçının torpağın dəyərini ödəməsi və torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanması həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına səbəb olmur.
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair bələdiyyə aktları yalnız qanunla müəyyən edilmiş qaydada qəbul olunduqda hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə bələdiyyə tərəfindən qəbul edilmiş qərar isə qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş inzibati akt olmadığından birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
50. Etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi, tədqiq edilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmadığından etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.
51. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.