Məhkəmə qərarları › İş №2-1(3-10)-71/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-71/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-71/2026 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə aktına izah verilməsi barədə ərizəsi üzrə Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(116)-772/2024 nömrəli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-772/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi üzərinə qoyulmuşdur.

3. Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-772/2024 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il 2-1(107)-185/2025 nömrəli qərar ilə apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-772/2024 nömrəli qərarı icra edilməsi üçün xx.xx.2025-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-772/2024 nömrəli qərarına izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması göstərilsə də, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədilə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olunmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.

6. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(116)-772/2024 nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) ərizə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilkdə şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsi müəyyən edilsədə bu hal qanuni qüvvəsini almış məhkəmə aktının icrasına maneə yarada bilməz. Belə ki, məhkəmə qərarında iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur və burada qeyri-müəyyən məqam mövcud deyil. Siyahıların Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması inzibati orqanın dıqdan sonra verilməsi müəyyən edilsədə bu hal qanuni qüvvəsini almış məhkəmə aktının icrasına maneə yarada bilməz. Müvafiq veteran vəsiqəsini vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahıların razılaşdırması isə inzibati orqanın prosedur qaydasıdır və artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrasının tərkib hissəsi kimi qəbul edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmə qərarında işin faktiki halları, əsaslandırılmış qanunvericilik normaları, məhkəmənin gəldiyi yekun nəticə, cavabdehin üzərinə hansı vəzifənin qoyulması və iddia tələbinin təmin edilməyən hissəsi tam və aydın şəkildə öz əksini tapmışdır. Məhkəmənin qənaətinə görə hər hansı məhkəmə aktının izah edilməsi zərurəti o zaman yarana bilər ki, həmin məhkəmə aktında hüquqi terminlərin, ifadələrin yerində və qrammatik qaydalara uyğun işlədilməməsi, məhkəmə aktının tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməsin, nəticədə məhkəmə aktının icrasında çətinlik yaranmış olsun. Bununla da, məhkəmə aktında sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti yaransın.

8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini ilkin ərizədə qeyd edilmiş xüsusatlarla əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-ci maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5-ci maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” (2024-cü il 28 fevral tarixli, 11N №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə): ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3019/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarında aşağıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

20. İstinad olunan hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və qəbul edilmiş məhkəmə qərarının məqsədi iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsindən ibarətdir. Bununla bağlı qərarın nəticə hissəsində inzibati orqanın üzərinə qoyulmuş öhdəlik kifayət qədər aydın və birmənalı şəkildə ifadə olunmuşdur.

21. İnzibati orqan məhkəmə qərarını - onun son məqsədini nəzərə almaqla icra etməlidir. Sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması məsələsi isə aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, cavabdehin öz səlahiyyətləri çərçivəsində həll edilməlidir. Bu fəaliyyətin həyata keçirilməsi üçün məhkəmə qərarının izahına zərurət yoxdur. Yəni, cavabdeh orqan inzibati icraat mərhələlərini müstəqil şəkildə həyata keçirməli və son nəticəni – iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsini təmin etməlidir.

22. Odur ki, qərarın nəticə hissəsində “sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədilə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ifadəsi”nin ayrıca göstərilməməsi onun icrasına təsir etmir və qərarın məzmununda hər hansı qeyri-müəyyənlik yaratmır.

23. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş “məhkəmə qərarına izah verilməsi” ilə bağlı ərizəni təmin etməməklə düzgün qənaətə gəlmişdir. Buna görə də, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli, 2-1(116)-772/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsininin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar