Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(3-10)-73/2026 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2- 1(116)-22/2024 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 mart 2024-cü il tarixli 2- 1(116)-22/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır.
2. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2-1(107)-326/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-22/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli 2-1(102)-2638/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.
5. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-22/2024 nömrəli qərarının izah edilməsinə dair ərizə təqdim edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-1(116)-22/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin qərardaddan apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-1(116)-22/2024 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını göstərsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-1(116)-22/2024 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
14. «Məhkəmə qətnаməsi hаqqındа» Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli, 4 №-li Qərаrının 14-cü bəndi: Qətnаmə аydın və dəqiq olmаdıqdа, həmçinin ziddiyyətli olduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) qətnаmənin məzmununu dəyişdirmədən onu izаh etməyə hаqlıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, qаnunverici qəbul edilmiş qərar аydın və dəqiq оlmаdıqdа, həmçinin ziddiyyətli оlduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) tərəfindən qərarın məzmununu dəyişdirmədən оnun izаh edilməsini nəzərdə tutmuşdur.
17. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını göstərsə də, yuxarıda qeyd olunan Əsasnaməyə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılmaq məqsədi ilə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ifadəsi əlavə olmadığından qərarın icra edilməsində çətinlik yaranmışdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
19. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
20. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
21. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1729/2025, 2-1(102)-3019/2025 saylı qərarları).
22. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarında iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi konkret və aydın şəkildə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, icra subyekti, habelə icra edilməli hərəkətin hüquqi mahiyyəti və məzmunu birmənalı müəyyən edilmişdir. Qərarda sənədlərin razılaşdırılmaq üçün göndərilməsi barədə ayrıca göstərişin yer almaması müəyyən edilmiş öhdəliyin mahiyyətini dəyişdirmir, onu qeyri-müəyyən və ya icrası mümkün olmayan hala gətirmir.
23. Beləliklə, siyahıların Nazirlər Kabineti ilə razılaşdırılması inzibati orqanın daxili prosedur qaydası olmaqla, qanuni qüvvəsini almış məhkəmə aktının icrası prosesinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosedur hərəkətləri cavabdehin üzərinə qoyulmuş əsas öhdəliyin icrası çərçivəsində həyata keçirilməli təşkilati tədbirlərdir və məhkəmə qərarının icrasına maneə kimi dəyərləndirilə bilməz.
24. Göründüyü kimi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı kifayət qədər aydın və dəqiq olmaqla qərarda hər hansı bir qeyri-müəyyənlik оlmаdığındаn ona əlavə izah verilməsinə zərurət qalmamışdır.
25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-1(116)-22/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2, 82, 87, 89 və 94.1-ci və MPM-in 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2-1(116)-22/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.