Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-82/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli **** nömrəli travma haqqında arayışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı Vasif oğlu ##.##.1999-cu il təvəllüdlü ##.##.2020-ci il tarixində Çaylı kəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin yaxınlığna düşməsi nəticəsində “Barotracma. Bədənin müxtəlif nahiyələrinin küt travması” diaqnozu ilə xəsarət almışdır
2. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin ##.##.2024-cü il tarixli **** nömrəli Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3- **/*-*- ***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla F 07.0.
3. ##.##.2025-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz: F07.0 Tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik və dissosiativ daxilolmalarla. F 62.0 Fəlakət keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, intihar fikirləri ilə. T 90.5, S 06.0 G 90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. T 70.0, H 93.3, H 90.3 Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağəreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən ##.##.2025-ci ildə “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmiş, ##.##.2025-ci il tarixdə 14 nəfər vətəndaşın, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspertizası Komissiyasına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Cavabdeh üzərinə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - o, müharibə veteranıdır. ## ######## 2020-ci ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Çaylı kəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində “Barotravma bədənin müxtəlif nahiyyələrinin küt travması” xəsarəti almışdır. İlkin tibbi yardım göstərdikdən sonra N nömrəli hərbi hissəyə, ##.##.2020-ci il tarixdə Mingəçevir ŞMX-nə göndərilmiş ##.##.2020-ci ildən ##.##.2020-ci il tarixədək “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” diaqonozu ilə stasionar müalicə olunmuşdur. Həmçinin müxtəlif vaxtlarda Respublika Psixiatriya Xəstəxanasında və Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Bildirir ki, ona xəstəliyinə görə 3-cü dərəcəli əlillik verilmiş ## ### 2025-ci ildə onun əlilliyindən “Əlillik əlaməti təyin edilmir” adı ilə əlilliyi dayandırılmışdır. Qeyd edir ki, onda üzvi mənşəli şəxsiyyətin davamlı pozuntusu, dissosiatov daxil olmalarla, intihara meyillilik. Postkontuzion sindrom. Depressiv pozuntu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi şəxsiyyətin dissosial pozuntusu vardır. Bildirir ki, o, ağır xəstədir. Tez-tez baş verən baş ağrıları onun əmək fəaliyyəti ilə məşğul olmağına imkan vermir. Ona 3-cü dərəcə əlillik verilərkən əmək qabiliyyətsiz olmağı göstərilmişdir. Belə olan halda onun əlilliyindən imtina edilməsinin hüquqi əsası yoxdur. Ona görə də cavabdehin üzərinə onun əlilliyinin müəyyən edilməsi vəzifəsi qoyulmalıdır.
9. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-nın ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (II QM) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla, intihara meyillilik. Postkontuzion sindrom. Qayıdan depressiv pozuntu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Şəxsiyyətin dissosial pozuntusu. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.barədə qərar qəbul edilmişdir. Müəyyən olundu ki, Mingəçevir şəhər sakini ##.##.1999-cu il təvəllüdlü İddiaçı (FİN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2025-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik və dissosiativ daxilolmalarla. Fəlakət keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, intihar fikirləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkontuzion sindrom. Qayıdan depressiv pozğunluq. Şəxsiyyətin dissosial pozğunluğu. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2025-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Vətəndaş hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı oturmaq istəməmiş, ayaq üstə dayanaraq özünü təqdim etmiş, özünə qapanmalardan, ətrafdakı insanlarla ünsiyyət qura bilməməsindən, yaddaşsızlıqdan, eşitmə zəifliyindən şikayətlənmişdir. Cəmiyyətə çıxa bilmədiyini, özünə qapanıq olduğunu, ünsiyyət qura bilməmədiyini, daima öz qaranlıq otağında qaldığını qeyd etmişdir. Əsəbi olduqda anlaqsız vəziyyətdə olduğunu, 6 aylıq övladına xəsarət yetirdiyini, hazırda övladının nevroloji dispanserdə qeydiyyatda olduğunu, bu səbəblə də övladını ona göstərmədiklərini bildirmişdir. Müddətdən artıq hərbi xidmətdə olsada, komandirlə dalaşıb ona şiddət göstərdiyi üçün tərxis edildiyini bildirmişdir. Psixi status: Zahirən səliqəli olmuş, otağa nümayişkarcasına daxil olmuş, dərman təsiri altında olması düşünülmüşdür. Oturmaq istəməmiş, narahat olması izlənilmişdir. Düşüncəsi aydın olmuş, müayinəyə tabe olmamışdır. Özünü “ağır psixi xəstə” kimi təqdim etsə də, mimika və emosional reaksiyalar arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı davranışı süni teatrallaşdırılmış, bəzən normal olduğunu, birdən özündən çıxdığını qeyd etmişdir. Yaddaşının zəif olduğunu bildirsə də, instrumental müayinələrin nəticəsində öz təsdiqini tapmamışdır. Emosional reaksiyaları qeyri-səmimi, vəziyyətinə uyğun izlənilməmişdir. Ümumi vəziyyətində psixiatrik simptomatika aşkar olunmamış, dərman adları və qəbulu barədə məlumat verə bilməmişdir. Ailəli və 2 övladı olduğunu bildirmişdir (yaşlarını bilmir). DMA-dan heyvan verilmişdir (3 inək). 2017-2019-cu il tarixlərində müddətli həqiqi hərbi xidmətdə, ##.##.2019-##.##.2021-ci il tarixlərində mahhxhq kimi xidmətdə olmuş, II Qarabağ Müharibəsində əsgər qismində iştirak etmişdir. Ordu sıralarından xidməti uyğunsuzluqla tərxis edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə, məişət adaptasiyası. Simulyativ tendensiyalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, cavabdeh Cavabdeh PHŞ-nin üzərinə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan Gəncə Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli *** nömrəli məktubuna istinadla qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixə kimi “F07.2 Postkontuzion sindrom, F60.2 Şəxsiyyətin dissosial pozğunluğu, F33 Qayıdan depressiv pozğunluq, F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə Gəncə şəhər Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxsi”-nin ##.##.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş **** nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İş materiallarında olan Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserinin ##.##.2025ci il tarixli *** nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı 2025-ci il ərzində ##.##.2024-##.##.2025-ci ildə Gəncə Psixiatriya Xəstəxanasında F07.2 diaqnozu, ##.##.2025-##.##.2025-ci ildə Şəki Psixiatriya Xəstəxanasında F07.0 diaqnozu, ##.##.2025-##.##.2025-ci ildə * saylı Respublika Psixiatriya Xəstəxanasında F07.0 diaqnozları ilə stasionar müalicələr almışdır. Buna əsasən yerli HPK şəxsdə F07.0 diaqnozu təyin etmiş və həmin diaqnozla TSEK-na göndəriş edilmişdir. Sonuncu stasionarlar və yerli HPK-nın qərarlarını nəzərə alsaq, F07.0 diaqnozu şəxsdə “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.1 bəndinə uyğun gəlir: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); insan orqanizminin funksiyalarının itirilmə faizi 35-60 % (2 il müddətinə). F07.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında orqanizmin funksiyalarının pozulması 31-60 faiz müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin ##.##.2025-ci il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqument gətirilməmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun əlillik əlaməti təyin etməməsi) formal mülahizələrə söykənən haldır. İddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bölməsində 7.6.2ci maddəsinin 7.6.2.1-ci bəndində F07.0 XBT kodu altında nəzərdə tutulur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **** nömrəli “Xəstəlik haqqında” Şəhadətnaməsində iddiaçıya qoyulmuş “F07.0 Tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixotik və dissosiativ daxilolmalarla. F62.0 Fəlakət keçirtdikdən sonrakı şəxsiyyətin davamlı dəyişikliyi, intihar fikirləri ilə. T90.5, S06.0, G90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əlillik səbəbi Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir.
13. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazla eyni dəlillərə istinad etməklə əsaslandırmış maddi hüquq normalarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmişdirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmışdırlar ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. İddiaçıya məxsus forma 88 göndərişinin status localis hissəsindən də aydın olur ki, iddiaçının bələdliliyi bütün növlər üzrə saxlanılmışdır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında “xxxx” publik hüquqi şəxsi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEKin) hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Cavabdeh PHŞ onun hüquqi varisi “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ ilə əvəz edilmişdir.
17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin sözügedən qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
tətbiq edilən hüquq
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. ...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
22. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ##.##.2025-ci ildə “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
28. Birinci instansiya məhkəməsi iddiaçıda orqanizmin funksiyalarının pozulmasının 35–60 faiz həddində müəyyən edilməsi barədə nəticəyə gəlmiş, həmin qərardan yalnız cavabdeh apellyasiya şikayəti vermişdir. Odur ki, hazırda cavabdehin şikayətinin dəlilləri çərçivəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılır.
29. İddiaçıya qoyulmuş F07.0 XBT kodlu üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2ci bəndində nəzərdə tutulmuşdur. Həmin bəndin 7.6.2.1-ci altbəndində iki il müddətində davam edən ağır, müalicəyə rezistent simptomların əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına və gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olması, eyni zamanda şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığı saxlanılsa da, bəzi hallarda, o cümlədən yüksək intihar riski zamanı kənar şəxsin köməyinə ehtiyacının yaranması qiymətləndirmə şərtləri kimi müəyyən edilmişdir. Bu halda orqanizmin funksiyalarının pozulması iki il müddətinə 35–60 faiz müəyyən edilir.
30. Mingəçevir Psixonevroloji Dispanserinin ##.##.2025-ci il tarixli tibbi göndərişində iddiaçıya üzvi şəxsiyyət pozuntusu (F07.0) diaqnozu qoyulmuş, həmçinin dissosiativ daxilolmalar və intihara meyillilik, postkontuzion sindrom, qayıdan depressiv pozuntu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişməsi və şəxsiyyətin dissosial pozuntusu göstərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **** nömrəli şəhadətnaməsində F07.0 diaqnozu tez-tez baş verən dekompensasiyalarla müşahidə olunan ağır dərəcədə ifadə edilmiş üzvi şəxsiyyət pozuntusu kimi qiymətləndirilmiş, psixotik və dissosiativ daxilolmalar və intihar fikirləri qeyd edilmiş, xəstəliyin ##.##.2020-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə səbəb əlaqəsi müəyyən edilmişdir.
31. İddiaçı 2022, 2023, 2024 və 2025-ci illərdə təkrar psixiatriya müalicələri almış, 2026-cı ilin aprelində yenidən Respublika Psixiatriya Xəstəxanasının gündüz stasionarına qəbul edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2026-cı il tarixli məlumatında qəbul etdiyi dərmanlara baxmayaraq iddiaçının psixi vəziyyətinin tez-tez dəyişməsi və bu səbəbdən xəstəxanaya müraciət etməsi göstərilmişdir.
32. İş üzrə alınmış məhkəmə-psixiatrik ekspertiza rəylərində iddiaçıda üzvi travma mənşəli şəxsiyyət pozuntusu təsdiq edilmişdir. Aparılmış əyani müayinə zamanı təfəkkür tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik, torpidlik, koqnitiv funksiyaların zəifləməsi, əhvalın dəyişkənliyi, emosional dayanıqsızlıq və qıcıqlara həssaslıq müəyyən edilmiş, rəyin tədqiqat hissəsində xəstəliyin tez-tez dekompensasiyalar, depressiv və dissosiativ daxilolmalar, intihar cəhdləri və özünəxəsarət davranışları ilə müşayiət olunduğu göstərilmişdir.
33. İddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş tibbi sənədlərdən görünür ki, o, ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə sol said nahiyəsinin çoxsaylı kəsilmiş yaraları ilə tibbi yardım almışdır. Təqdim edilmiş sənədlərlə həmin xəsarətlərin özünə qəsd nəticəsində yaranması müəyyən edilir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2026-cı il tarixli xəstəlik tarixindən çıxarışında intihar cəhdləri, özünü kəsmələr və koqnitiv funksiyaların enməsi ilə yanaşı iddiaçının aqressiv və impulsiv olması, tez qıcıqlanması, münasibətlərinin münaqişəli olması, özünə və ətrafdakı şəxslərə xəsarət yetirməyə meyillilik göstərməsi qeyd edilmişdir.
34. Bu sübutların 7.6.2.1-ci altbəndin dispozisiya şərtləri ilə müqayisəsi həmin şərtlərin iddiaçıya münasibətdə ödənildiyini göstərir. İddiaçının 2022–2026-cı illərdə təkrar müalicələr alması, lakin buna baxmayaraq vəziyyətinin sabitləşməməsi simptomların iki ildən artıq davam etməsini və müalicəyə rezistent xarakter daşımasını, təkrar dekompensasiyalar, özünəxəsarət halları və koqnitiv funksiyaların zəifləməsi isə simptomların ağır xarakter daşımasını təsdiq edir. Təfəkkürün ləngiməsi, torpidlik, koqnitiv zəifləmə, tez yorulma və emosional dayanıqsızlıq onun davamlı və məqsədyönlü əmək fəaliyyəti imkanlarının nəzərəçarpacaq dərəcədə azalmasını göstərir. Hazırkı qərardadın 33-cü bəndində göstərilmiş aqressivlik, impulsivlik, tez qıcıqlanma, münaqişəli münasibətlər və ətrafdakı şəxslərə xəsarət yetirməyə meyillilik ətrafdakılarla tez-tez problemlər yaranmasını təsdiq edir. Eyni zamanda təfəkkür və koqnitiv funksiyalardakı dəyişikliklər, tez yorulma, ünsiyyət və davranışa nəzarətdə olan çətinliklər gündəlik fəaliyyətin ardıcıl yerinə yetirilməsində əhəmiyyətli çətinliklər yarandığını göstərir. Həmin bənddə göstərilmiş təkrarlanan özünəqəsd və özünəxəsarət halları, habelə ekspertiza zamanı kəsik izlərinin müşahidə edilməsi yüksək intihar riski yarandığı hallarda kənar şəxsin müdaxiləsinə və köməyinə ehtiyacın mövcudluğunu göstərir. İddiaçının bələdliyinin və ümumi məntiqli mühakimə qabiliyyətinin saxlanılması isə bütövlükdə sərbəst yaşamaq bacarığının qalması qənaətini yaradır. Beləliklə, iş üzrə müəyyən edilmiş tibbi göstəricilər və ağırlaşmalar 7.6.2.1-ci altbəndin dispozisiya şərtlərinə uyğundur.
35. Cavabdehin əyani müayinədə iddiaçının vəziyyətini yüngül ifadəli üzvi şəxsiyyət pozuntusu və “simulyativ tendensiyalar” kimi qiymətləndirməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin müayinə iddiaçının konkret tarixdəki vəziyyətini əks etdirdiyi halda, 7.6.2.1-ci altbənd xəstəliyin iki il müddətində gedişinin və həmin dövrdə yaratdığı ağırlaşmalarının qiymətləndirilməsini nəzərdə tutur.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsində alınmış ekspert rəyinin yalnız anamnestik məlumatlara əsaslandığı göstərilmişdir. Apellyasiya icraatı zamanı isə iddiaçı barəsində yenidən məhkəmə-psixiatrik ekspertizası aparılmış, ekspert iş materiallarında olan tibbi sənədləri araşdırmış və iddiaçını əyani müayinə etmişdir. Kollegiya iddiaçının sağlamlıq vəziyyətinə apellyasiya icraatı zamanı alınmış yeni ekspert rəyi və işdə olan digər tibbi sübutların məcmusu əsasında qiymət verdiyindən, birinci instansiya məhkəməsində alınmış ekspert rəyinin yalnız anamnestik məlumatlara əsaslanması barədə dəlil məhkəmə qərarının ləğvi üçün əsas yaratmır.
37. İnstrumental müayinələrin olmaması barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, “Meyarlar”a Əlavənin 7.6-cı bölməsinin qeyd hissəsində MRT, EEQ və digər müayinələr üzvi patologiyanın obyektiv təsdiqinin mümkün üsullarına nümunə kimi göstərilmişdir. Hazırkı işdə iddiaçının ##.##.2020-ci ildə döyüşlər zamanı partlayış təsirinə məruz qalması və qapalı kəllə-beyin travması alması tibbi sənədlərlə təsdiq edilmiş, Mərkəzi Hərbi Həkim Komissiyası F07.0 diaqnozu ilə həmin hərbi travma arasında səbəb əlaqəsini müəyyən etmiş, üzvi travma mənşəli şəxsiyyət pozuntusu sonrakı psixiatriya müalicələrində və məhkəmə-psixiatrik ekspertiza rəylərində də təsdiqlənmişdir.
38. Apellyasiya icraatı zamanı ekspert qarşısında iddiaçının tibbi göndərişində göstərilmiş psixi pozuntular üzrə sağlamlıq vəziyyətinin “Meyarlar”a Əlavənin müvafiq altbəndlərində nəzərdə tutulan göstəricilər baxımından qiymətləndirilməsi, Respublika Psixiatriya Xəstəxanasının ##.##.2026-cı il tarixli məktubunda göstərilən halların tibbi sənədlər və əyani müayinə ilə təsdiq olunub-olunmaması, habelə təsdiq olunduğu halda həmin halların Meyarlarda nəzərdə tutulan hansı göstəricilərə uyğun olması barədə suallar qoyulmuşdur. Ekspert “Meyarlar”a Əlavənin konkret altbəndlərinin tətbiqi ilə bağlı suallara cavab verməmiş, lakin F07 diaqnozuna münasibətdə rəyin tədqiqat və nəticə hissələrində iddiaçının sağlamlıq vəziyyətinin həmin altbəndlərdə nəzərdə tutulan göstəricilərlə müqayisəsinə imkan verən tibbi məlumatları qeyd etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2026-cı il tarixli ** nömrəli qərarında maddi hüquq normasının tətbiqi şərtlərində olan qeyri-müəyyən hüquqi anlayışların konkret faktlara tətbiqi “qiymətləndirmə fəaliyyəti” kimi xarakterizə edilmiş və hüquqi baxımdan bir düzgün nəticənin mümkün olduğu belə qiymətləndirmənin məhkəmə tərəfindən tam həcmdə yoxlanıldığı göstərilmişdir. Hazırkı işdə xüsusi tibbi bilik tələb edən faktlar ekspert və ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müəyyən edilmişdir. Həmin tibbi faktların 7.6.2.1-ci altbənddə nəzərdə tutulan şərtlərlə müqayisəsi məhkəmə tərəfindən aparıla bilər. Buna görə ekspertin yekun hissədə müvafiq altbəndi göstərməməsi əlavə ekspertiza aparılması zərurəti yaratmamışdır.
40. Plenum Qərarında inzibati orqanın üzərinə konkret inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması üçün işin yekun qərar qəbul edilməsinə hazır olması tələb olunur. Hazırkı işdə toplanmış tibbi sənədlər və ekspertiza rəyləri 7.6.2.1-ci altbəndin tətbiqi üçün əhəmiyyətli halların müəyyən edilməsinə imkan verir və əlavə araşdırılmalı məsələ qalmamışdır.
41. Kollegiya əlavə olaraq qeyd edir ki, tibbi göndərişdə F07.0 diaqnozu ilə yanaşı F62.0 (F60.2) və F33 XBT kodlu diaqnozlar göstərilmişdir. Buna görə də ekspertiza təyin edilərkən birinci instansiya məhkəməsinin müəyyən etdiyi 35–60 faiz həddinin tibbi göndərişdə göstərilən diaqnozlardan hər hansı biri üzrə əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspert qarşısında həmin diaqnozların hər biri üzrə “Meyarlar”a Əlavədə nəzərdə tutulan göstəricilərlə bağlı suallar qoyulmuşdur. Apellyasiya icraatında alınmış ekspert rəyi və iş üzrə digər sübutlarla iddiaçıda “üzvi mənşəli şəxsiyyət pozuntusu (F.07.0)” diaqnozu və bu diaqnozun 7.6.2.1-ci altbənd üzrə qiymətləndirilməsinə əsas verən hallar müəyyən edilmiş, bununla da birinci instansiya məhkəməsinin müəyyən etdiyi 35–60 faiz həddinin tibbi əsası F07.0 diaqnozu üzrə təsdiqini tapmışdır. Həmin qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, digər diaqnozların eyni və ya daha yüksək faiz göstəricisinin tətbiqinə əsas veribverməməsinin əlavə araşdırılması apellyasiya baxışının hədləri daxilində zəruri olmamışdır.
42. Beləliklə, iddiaçının sağlamlıq vəziyyəti “Meyarlar”a Əlavənin 7.6.2.1-ci altbəndinin şərtlərinə uyğun olduğundan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.